Salyan Dövlət Kukla Teatrı yubileyini qeyd edir

 

Salyan Dövlət Kukla Teatrı son illər repertuarını zənginləşdirərək yeni-yeni tamaşalar səhnəyə qoyur. Hazırda teatrın repertuarında Firudin Ağayevin "Cırtdan və sehrbaz", Abdulla Şaiqin "Danışan gəlincik", Təzahür Mehdiyevin "Keçəlin toyu", Rafiq Mirzənin "Yetim Fatma" və başqa tamaşalar var.
Bu günlər teatr kollektivi fəaliyyətə başlamasının 35 illiyi ilə əlaqədar rayonun balaca sakinləri ilə görüşlərlə yanaşı, qonşu Biləsuvar və Cəlilabad rayonlarında qastrol səfərində də olmuşdur. Həmin rayonlarda teatr Rafiq Mirzənin "Yetim Fatma" tamaşasını göstərmişdir. Uğurlu keçən tamaşanın quruluşçu rejissoru Rafiq Mirzə, quruluşçu rəssamı Ceyhun Rüstəmbəyli, musiqi tərtibatçısı Rauf Həsənovdur. Əsas rollarda aktyorlardan Mədinə Ramazanova, Elnur Muradov, Rauf Həsənov, Aygün Muradova, Leyla Vəliyeva, Əlizamin Həsənli, Qalib Məlikov və başqaları çıxış edir.
Hər iki rayonda kollektivin çıxışları böyük maraqla qarşılanmışdır. Hazırda teatr kollektivi Sevinc Nuruqızının "Gəlincik" əsərinin məşqlərini aparır.

 

Azərbaycan.- 2008.- 20 aprel.- S. 8.