Tofiq H.

"Arşın mal alan" 4 dildə tamaşaya qoyulub

 

ADU-nun tələbələri gözəl ifaları ilə tamaşaçı rəğbətini qazanıblar

 

Bu günlərdə yolum Azərbaycan Dillər Universitetinə (ADU) düşmüşdü. Ali təhsil ocağının 60 illik yubileyinə ciddi hazırlıq işlərinin aparıldığının şahidi oldum. Məlumat aldım ki, ADU-da 35 kafedra, 672 professor-müəllim, o cümlədən 17 elmlər doktoru, 8 elmlər namizədi, dosent, 25 elmlər namizədi, 200 nəfər baş müəllim, 11 nəfər elmlər namizədi-müəllim, 150 müəllim tələbələrə elmin sirlərini öyrədir. Universitetdə 3 ixtisas üzrə elmi şura fəaliyyət göstərir. Universitetdə filologiya kafedrasının dosenti, p.e.n. Vidadi Bəşirovla görüşdük. O bildirdi ki, universitetdə tələbələrin iştirakı ilə ölməz Ü.Hacıbəyovun "Arşın mal alan" tamaşası üç dildə göstərilib.

Ü.Hacıbəyov "Arşın mal alan" komediyasının timsalında dünya dramaturgiyasında bənzərsiz bir nümunə yaradıb. Bu əsərdə klassik dramaturgiyaya xas olan konflikt, mənfi-müsbət obrazlar, qütblər yoxdur. Burada sevən, bir-birinə qovuşmaq istəyən insanların zamanla, məişətlə, adət-ənənələrlə bağlı yaranmış situasiyalarda düşdüyü vəziyyət və bu vəziyyətlərin doğruluğu sağlam gülüş yaradır.

Bu tamaşanın başqalarından fərqi və gözəlliyi, həm də özəlliyi ondadır ki, tamaşa universitetin tələbələrinin ifasında 4 dildə - ingilis, fransız, alman və ispan dillərində oynanılır. Ümid edirik ki, bu tamaşa onu seyr edənlərdə xoş təəssürat yaradacaq.

Tamaşa əvvəlcə ingilis dilində göstərilib. Tələbələrdən Gülnar Əbilova (Cahan xala), Faiq Həsənovun (Əsgər bəy), Ramal Bəylərovun (Vəli) obrazları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Fransız dilində tamaşa tələbələrdən Gülçöhrə rolunda Rəmziyyə Əzizovanın, Telli rolunda Rəxşanə Quliyevanın, Soltan bəy surətinin canlanmasında Maya Şükürovanın yaratdıqları obraz lakonik təsir bağışladı. Əsgər bəyi öz manerasında təqdim edən Nuranə Hüseynovanın, Cahan xala obrazında Aygün Əhmədovanın, Asya rolunda Təranə Əliyevanın maraqlı səhna oyunları salonda əyləşənlərdə xoş rəğbət hissi yaratdı.

"Arşın mal alan"ın alman dilində səhnə həyatına tələbə oyunu ilə can verən Səbuhi İsmayılov Vəli, İntiqam Əmirov Soltan bəy, Elgün Nəcəfov Süleyman, Sevinc Mirmehdiyeva Gülçöhrə, Şəms Qarayeva Asya, Gülnar Əbilova Telli rollarını gözəl ifa xüsusiyyətləri ilə tamamladılar.

Tamaşanın ən maraqlı məqamı isə onun ispan dilində nümayiş olunması idi. İspan dilində Aysel Cəbiyeva Vəli, Milana Əliyeva Telli, Elnarə Aydınova Asya, Ülkər İsgəndərova Cahan xala, Arif Qarayev Soltan bəy, Azər Abbasəliyev Süleyman, Kamil Zeynalov Gülçöhrə parlaq çox cazibədar rol nümayiş etdirdilər.

Bizi sevindirən bir də o oldu ki, bu tamaşanın hazırlanmasında xüsusən rejissor işi, səhnə dinamikası, tələbə seçimi, musiqi və rəsm tərtibatını tələbələrdən Nurlana Nəsibova, Rəna və Günel xanımın və ingilis dili fakültəsinin dekanı f.e.n. Leyla Xanbutayevanın gərgin əməyi var idi.

Vidadi müəllim sonda bizə bildirdi ki, ümid edilə bilər ki, universitetin 60 illik yubileyinə həsr edilmiş bu maraqlı tamaşalar həm tələbə-aktyorların, həm də tamaşaçıların yaddaşında ən unudulmaz bir hadisə kimi uzun müddət yaşayacaqdır.

Biz də inanırıq ki. ADU-nun pedaqoji kollektivi və tələbələrinin əməyi ila universitetin 60 illik yubilevi təntənə ilə qeyd ediləcəkdir.

 

Azad Azərbaycan.- 2008.- 9 aprel.- S. 7.