Quliyev Ə

Mehdi Məmmədov-90

 

Sənətkarın son tamaşası

 

SSRİ xalq artisti, sənətşünaslıq doktoru, professor M.Məmmədov Azərbaycan teatr sənətində fenomenal rejissor, cazibali aktyor, tədqiqatçı-alim, pedaqoq, tənqidçi və tarixçi kimi şöhrət qazanmışdır. Qeyd etməliyik ki, teatr sahəsində belə geniş yaradıcılıq imkanlarına nıalik olan incəsənət xadimi keçmiş Sovetlər İttifaqında olmamışdır.

M.Məmmədovun yaradıcılığı çoxşaxəlidir. Onun quruluş verdiyi tamaşalar, yazdığı əsərlər, çap etdirdiyi kitablar, dolğun məzmunlu saysız-hesabsız elmi məqalələr, resenziyalar geniş tədqiqat predmeti olmağa layiqdir. İnanırıq ki, bütün bunlarla əlaqədar gələcəkdə dəyərli işlər görüləcəkdir. Biz isə böyük sənətkarın anadan olmasının 90 illiyi münasibəti ilə bir vaxt şahidi olduğumuz "İblis" tamaşası haqqında bəzi qeydlərimizi oxucuların diqqətinə çatdırmaq istəyirik.

1983-cü il martın 14-də Akademik Milli Dram Teatrında «İblis» tamaşasına baxış oldu. Baxışdan sonra keçirilən müzakirədə akademik M.Cəfər, əməkdar mədəniyyət işçisi Q.Məmmədli, professor A.Zamanov və başqaları tamaşa haqqında fikirlərini söylədilər.

M.Cəfər tamaşa üzərində böyük zəhmət çəkildiyini, onun müvəffəqiyyətli olduğunu qeyd etdi.

Q.Məmmədli dedi: "Mən bu tamaşanı 20-ci illərin “İblis”i ilə müqayisə etmək istəmirəm. Bunu etmək lazım deyil və olmaz. Bu tamaşanın bir çox səhnələri yenidir, təsirlidir...

Tamaşa Cavidin 100 illiyinə qiymətli töhfədir.

"A.Zamanov: "Mütəfəkkir Cavidlə mütəfəkkir M.Məmmədov birləşib əzəmətli tamaşa yaratmışlar... Mən bura gələndə bərk narahat idim. Ancaq tamaşaya baxandan sonra razı qaldım".

Doğrudan da, "İblis» tamaşasının uğurlu alınmasında onun quruluşçu rejissoru Mehdi Məmmədovun böyük xidməti vardı. Bundan əvvəl tamaşaçılar görkəmli rejissorun yüksək sənətkarlıqla hazırladığı «Canlı meyit», «Xəyyam», «İnsan», «Dəli yığıncağı» tamaşalarına baxmışdılar. Bu tamaşalar həm rejissorun yaradıcılıq tərcümeyi-halında, həm də Azərbaycan teatrının tarixində möhkəm yer tutan sənət inciləridir.

Qeyd edək ki, «İblis» kimi dərin məzmunlu, mürəkkəb formalı, fəlsəfi bir əsəri tamaşaya qoymaq hər rejissorun hünəri deyildi. Məlumdur ki, ötən əsrin 20-ci illərində bir neçə dəfə tamaşaya qoyulandan sonra həmin pyesi yenidən səhnələşdirməyə rejissorların çoxu cəsarət etmirdi. Çünki «İblis»i tamaşaya qoymaq üçün yalnız rejissor sənətindən baş çıxarmaq azdır. Eyni zamanda rejissordan Cavid fəlsəfəsinə dərindən bələd olmaq, poetika məsələlərini, xüsusilə, əruz vəznini yaxşı bilmək tələb olunur. .

Səhnədə obraz yaradarkən şeirlə təbii danışmaq (oxumaq yox, məhz danışmaq!), bu cür danışığı bir işə çevirmək, fikri, hissi, hərəkəti şeirlə, özü də əruz vəznində yazılmış şeirlə ifadə etməyi bacarmaq olduqca çətin məsələdir. Bunu adi şeir oxunuşu ilə, hətta şerin ən yaxşı bədii qiraəti ilə də eyniləşdirmək olmaz. Tamaşaya baxdıqca, aktyorların oyununu izlədikcə hiss edir və fərəhlənirdin ki, rejissor böyük yaradıcılıq axtarışları nəticəsində həmin tələblərin öhdəsindən məharətlə gəlmiş, aktyorlar Cavid pyesinin formasını saxlamaqla onun ideya məzmununu təcəssüm etdirməyə nail olmuşdular.

Bu tamaşada Mehdi müəllimin rejissor kimi sənətkarlığının səciyyəvi cəhətlərindən biri də onun kütləvi səhnələri ustalıqla qurmaq bacarığı idi. Düzdür, sənətkarın əvvəlki quruluşlarında da biz bunu görmüşdük.

Lakin «İblis» tamaşasında kütləvi səhnələrin obrazlı şəkildə həlli, xüsusilə, təsirli idi. Tamaşanın əvvəlində - proloqda müharibənin qorxunc səslərindən həyəcanlanan kütlənin bütün səhnə boyu qruplaşaraq (həmin səhnədə 50-yə yaxın aktyor iştirak edirdi) bir yerdən başqa yerə keçməsinə, baş verəcək təhlükədən gizlənmək üçün özünə yer axtarmasına, insanların gah bir-birinə yaxınlaşması, gah ayrılmasına, uşaqların, böyüklərin, qadın və kişilərin müxtəlif istiqamətlərdə hərəkətinin ahəngdar şəkildə bir-birini əvəz etməsinə; birinci hissənin sonunda top, güllə səsləri eşidilən zaman «tavan»ın kütlənin başına enərkən məhv olmaq təhlükəsindən vahimə içində yerə oturmasına, tamaşanın finalında yenə də kütlənin iblisin üzərinə bir yerdə hücum etməsinə həyəcansız baxmaq olmurdu. Bütün bu və digər səhnələr rejissor fikrinin təcəssümünə xidmət etdiyi üçün ifadəli idi. Tamaşanın əvvəlində Mələk yaralanmış uşağı görüb fəryadla «iblisəmi uymuş bəşəriyyət?» deyə sual etdikdə səhnədə olanların hamısı xorla «iblisəmi?» sualını həyəcanla təkrar edirdi. Bununla rejissor sanki demək istəyirdi ki, onlar qarşılarına tamaşa boyu bu suala cavab vermək məqsədini qoymuşlar. Doğrudanmı, yer üzündəki fəlakətlərin, müharibələrin, faciələrin səbəbkarı insanm özündən təcrid edilmiş, müstəqil mövcud olan iblisdir?

Tamaşanın sonunda kütlə iblisin üstünə hücum çəkib onu məhv etmək istərkən iblis yox olur. Buradan belə bir nəticə çıxırdı ki, iblis adında bir canlı varlıq, real şəxs yoxdur! Bəs iblis nədir? Tamaşada bu suala belə cavab verilirdi:

İblis nədir?

- Cümlə xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir?

Ya insana xain olan insan nədir?

- İblis...

Rejissor «Ya insana xain olan insan nədir?» misrasını əlavə etməklə tamaşanın emosional təsir gücünü daha da artıraraq demək istəyirdi ki, iblisi insandan kənarda axtarmaq əbəsdir. İblislik, eybəcərlik insanın özündədir, onun əməllərindədir.

Quruluşçu rejissorun çəkdiyi ən böyük zəhmət, əlbəttə ki, aktyorlar üzərində olmuşdur.. Ən böyük zəhmət ona görə deyirik ki, Mehdi müəllim hər rolu iki, bəzən də üç aktyorla işləmişdi. İnsafən də ifaçıların hamısı ona tapşırıqları vəzifənin öhdəsindən əsasən bacarıqla gəlirdi. İblis rolunun ifaçılarından tutmuş ən kiçik rolları oynayan aktyorlar haqqında mətbuatda müsbət rəylər dərc edildi. 1984-cü ildə tamaşanın quruluşçu rejissoru SSRİ xalq artisti M.Məmmədov, quruluşçu rəssamlar E.Məmmədov, N.Bəykişiyev, rolların ifaçıları xalq artistı M.Şeyxzamanov, xalq artisti R.Məlikov, əməkdar artist S.İbrahimova, əməkdar artist V.Fətullayeva, əməkdar artist H.Xanızadə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görüldülər. Sənətkarın son uğurlu «iblis» tamaşası aktyorlarımızın yaradıcılığının zənginləşməsində, onların inkişafında və püxtələşməsində irəliyə doğru mühüm addım oldu.

 

Mədənəiyyət.- 2008.- 12 aprel.- S. 6.