Mükərrəmoğlu M.
“Sənət
əsəri idraka yol açmalıdır”
Bu sözlər böyük
sənətkar, xalq artisti, professor Mehdi Məmmədova
məxsusdur
Təbiətcə
çox sakit, təmkinli insan olan Mehdi Məmmədovda
aydınca hiss olunan ziyalı görkəmi var idi. Astadan
danışar və həmsöhbətini asanlıqla öz
təsir dairəsinə salmağı bacarardı.
Tərifdən xoşu gəlməzdi, həmişə də
qəzetlərə müsahibə verməkdən
qaçardı. Şəhərdə tək
dolaşmağı xoşlayardı. Elə bilirdin ki, həmişə
fikir içindədir. Qaşqabaqlı adam təsiri
bağışlayırdı. Bunlar xalq arstisti, professor Mehdi
Məmmədovun yalnız zahiri əlamətləri idi.
İçində isə özgə bir dünya
yaşayırdı. Daxili dünyasının zənginliyi onun
rollarında, quruluş verdiyi tamaşalarda özünü
büruzə verərdi.
Mehdi Məmmədov 1918-ci ildə Şuşada papaqçı
ailəsində dünyaya gəlmişdi. Buranın
gözəl, ürək açan, füsunkar təbiəti
balaca Mehdinin ruhunda özgə bir aləm yaratmışdı.
Sonradan atası, papaqçı Əsədulla kişi
dolanışıq ucbatından Bakıya köçür. Balaca
Mehdi orta təhsilini burada alsa da, teatra həvəsi onu bir an
belə rahat buraxmırdı. Və günlərin birində
dostu Gündüzlə İşçi Teatrına gəlir.
Burada rejissor Həbib İsmayılovla görüşür.
Bu görüş təsadüfi xarakterli olsa da balaca Mehdinin
gələcək taleyində çox əhəmiyyətli rol
oynadı. Belə ki, o həyat yolunu dəqiqləşdirdi
və 1935-ci ildə təhsil almaq məqsədilə Moskvaya
yollandı. İşçi teatrında xeyli rollar
oynamışdı, böyük sənət adamları
ilə tanış olmuşdu. Burada sənət
dərslərindən elə bir çətinlik
çəkməsə də, dil öyrənmək sarıdan
xeyli problemlə qarşılaşdı. Ancaq bu da
ötəri çətinlik idi və Mehdi müəllim
tezliklə qabaqcıl tələbələr sırasına
çıxa bildi. O, tələbəlik illərindən
Stanislavski sisteminin elmi-nəzəri əsaslarını
öyrənməyə böyük həvəs
göstərdi.
Burada bir məqamı xatırlatmaq istərdim. Mən
özüm də universitetdə təhsil aldığım
1973-cü ildə Teatr Xadimləri İttifaqının
təşkil etdiyi kursda Mehdi müəllimin K. S. Stanslavski
ilə bağlı mühazirəsinin
dinləyicilərindən olmuşam. O, vaxt Mehdi
müəllimin Stanislavskiyə həsr etdiyi “Böyük
vətəndaş, dahi sənətkar” kitabı yenicə
çapdan buraxılmışdı. Və mənim jurnalist
fəaliyyətim də həmin tədbir haqqında
məlumatın ”Azərbaycan gəncləri” qəzetində
dərc olunması ilə başlamışdı.
Əlbəttə, bunları xatırlatmaqla onu demək
istəyirəm ki, Mehdi Məmmədov təkcə rejissor,
aktyor kimi yox, həm də gələcəyin alimi kimi
yetişirdi. O, dünya və Azərbaycan teatr tarixini,
teatrın estetik mahiyyətini öyrənir və bu
istiqamətdə tədqiqatlar aparırdı.
Amma o rejissor sənətinə yiyələnmişdi və
Moskva teatr məktəbi onu əsl rejissor kimi də
yetişdirmişdi.
İlk debütü isə Məmmədhüseyn Təhmasibin
“Bahar” pyesi oldu. Onun seçdiyi bu əsərə ilk
dəfə rejissor Ələsgər Şərifov quruluş
vermişdi və o heç çəkinmədən
əsəri yeni quruluşda hazırladı. Elə ilk
tamaşadan da Mehdi müəllimin yaradıcılıq
istiqaməti müəyyənləşdi. Onun əsas
mövzusu insan və onun taleyi idi. Bu bəşəri mövzu
əslində olduqca mürəkkəb, çətin və
hətta bəzən sonu görünməyən bir
mövzudur. Lakin Mehdi müəllim özünü
hazırlamışdı və elə ilkin tamaşasında
da insan münasibətlərini psixoloji mübarizənin
mərkəzinə çəkmişdi. Mehdi Məmmədovun
yaradıcılığının ilkin dövrü Birinci Dünya
müharibəsinin ağrılı illərinə
düşmüşdü. Nəzərə alsaq ki, o ilk
tamaşasını 1940-cı ildə nümayiş
etdirmişdi, sonrakı illərin çətinliyi aydın
hiss edilər.
Kirovabad (Gəncə) Dövlət Dram Teatrında
çalışdığı ilk illər onlarla
səhnə əsərinə quruluş verdi. O, bu teatrın
rejissoru, həm də bədii rəhbəri idi.
Müharibə dövründə Gəncə teatrında
əsasən vətənpərvərlik mövzusunda
tamaşalar göstərilirdi. Mirzə İbrahimovun “Madrid”,
Zeynal Xəlilin “İntiqam”, Molyerin “Vasvası xəstə”,
Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun”, Cəfər
Cabbarlının “Od gəlini”, Səməd Vurğunun “Vaqif”,
N.Filippovanın “Partizan Kostya”, Mehdi Hüseyn və İlyas
Əfəndiyevin “İntizar”, Zeynal Xəlilin “Qatır
Məmməd” kimi əsərlərini məhz bu illərdə
tamaşaya qoydu. Bu tamaşalarda rejissor öz
dəst-xəttini formalaşdırdı. Ancaq onun elmə olan
həvəsi getdikcə artırdı. Moskvada aspiranturaya
girmək istəyirdi. Lakin o Bakıya qayıtdı və Teatr
İnstitutunun rejissor sənətkarlığı
kafedrasında müəllim kimi fəaliyyətə
başladı. Müharibədən sonra o həm də M.
Əzizbəyov adına Akademik Dram Teatrında rejissor kimi
çalışmağa başladı. Rejissor
yaradıcılığının böyük bir
dövrü bu teatrla bağlı oldu. On il ərzində bu
teatrda 12 pyes tamaşaya qoymuşdu. Amma 1953-cü ildə
Azərbaycan Dövlət Opera və Balet Teatrında
“Sevil”ə quruluş verdi və bu tamaşa böyük
müvəffəqiyyətlə nümayiş etdirildi. O,
sonralar bu teatrda baş rejissor da təyin olunmuşdu. Bir
müddət bu teatrda çalışan rejissor 1960-cı il
oktyabr ayının 22-də yenidən Akademik Dram Teatrında
baş rejissor kimi qayıtdı. Onun adı yenidən bu teatrın
afişalarında görünmyə başladı. Hüseyn
Mehdinin “Alov”, M. İbrahimovun “Kəndçi qızı” tamaşaları
o dövrdə ən çox tamaşaçı toplayan
səhnə əsərləri oldu.
Sonradan bir müddət o, S.Vurğun adına Rus Dram
Teatrında baş rejissor kimi də
çalışmışdı.
Mehdi müəllim elmi işini davam etdirmək arzusunda idi.
1963-cü ildə Azərbaycan Dövlət Universitetinin
estetika-etika kafedrasına professor təyin olundu. 1987-ci ildə
doktorluq dissertasiyasını uğurla müdafiə edən
professor Mehdi Məmmədov elə həmin il “Canlı meyit”in
məşqlərinə başladı.
Çox işləyirdi. Dərs deyirdi, sonra
məşqlərə gəlirdi. Amma yorulmaq bilmirdi. Sonra
yenidən İncəsənət İnstitutuna qayıdan
professor burada kafedra müdiri təsdiq olundu. Rejissorluqdan, aktyor
sənətindən, dramaturgiyadan dərs də deyirdi.
M. Əzizbəyov adına Akademik Dram Teatrında onun
səhnəyə qoyduğu əsərlərə
həmişə böyük tamaşaçı axını
olardı. Dəfələrlə bu tamaşalarda iştirak
etmiş və Mehdi müəllimin tamaşadan sonra
sürəkli alqışlarla qarşılanmasının
şahidi olmuşam.
Mehdi müəllimin “Qısa estetika lüğəti”, “Teatr
düşüncələri” kitabları həmişə
stolüstü kitablarım olub. Ümumiyyətlə, o,
teatrın estetik dəyərini yüksək
qiymətləndirir və əslində insanın daxili
gözəlliyini bütün dəyərlərdən
üstün qiymətləndirirdi. Bizə belə gəlir ki,
onun estetik görüşləri ayrıca bir tədqiqatın
mövzusudur. Əslində onun kitablarında bu
görüşlərin mahiyyətini tapmaq
mümkündür. Mehdi müəllim əsl mənada filosov
rejissor idi. O, dünyanın, zamanın, insanların
problemlərini yaşayırdı və bu
yaşantılarını da quruluş verdiyi
əsərlərə gətirirdi. O, təkcə rejissor kimi
deyil, həm də aktyor kimi teatrımızın inkişafına
yaxından köməklik göstərmişdir.
Onun oynadığı rollarda klassik üslub daha aydın
nəzərə çarpdırdı. O, Xəyyamı da
oynamışdı, Petrosu da. Öz quruluşunda olan
“Xəyyam” və “Meşşanlar” tamaşalarındakı bu
rolları əsl aktyor oyunları idi. O, obrazın bütün
daxili dünyasını açmağa
çalışır, tərəf-müqabilini də buna
sövq edirdi. Onun aktyor yaradıcılığında bir
ekran qəhrəmanı da var. 1959-cu ildə rejissor Rza
Təhmasibin ekranlaşdırdığı “Onu
bağışlamaq olarmı?” filmində Mehdi Məmmədov
cinayət axtarışı əməkdaşı Qaya rolunda
çəkilmişdi. Bu təmkinli, öz peşəsini
sevən milis polkovnikinin həyata keçirdiyi uğurlu
əməliyyat nəticəsində öz bacısının
qatili tapılır. Mehdi müəllim bu obrazı o
qədər ustalıqla ifa edir ki, tamaşaçı
həqiqətən onun oyun tərzinə heyran qalır.
Çox əfsus ki, kinematoqrafçılarımız bu
böyük sənətkarın istedadını kino
sahəsinə yönəldə bilmədilər və Qaya
onun kinoda yeganə rolu oldu.
Mehdi Məmmədovun yaradıcılığı milli
teatrımızın inkişafında əhəmiyyətli rol
oynamışdır. Onun yaradıcı irsi söz yox ki, neçə-neçə
tədqiqat əsərlərinin mövzusu olacaq. Çünki
Mehdi müəllimin milli teatrımızdakı
xidmətləri hədsizdir. O, nəinki rejissor kimi, həm də
nəzəriyyəçi alim kimi teatrımızın elmi
əsaslarının yaradılmasına böyük
töhfələr vermişdir.
Bu gün bu nəhəng sənətkarın
yetişdirməsi olan onlarla rejissor və aktyor müstəqil
Azərbaycanımızın mədəniyyətinin
inkişafının xidmətində dayanmışdır.
Mehdi Məmmədovun 90 illik yubileyi ərəfəsində
söz yox ki, onun xatirəsinə həsr olunan
tədbirlər, elmi konfranslar keçiriləcək və
xalqımızın mədəniyyət tarixində öz yeri
olan bu müqtədir sənətkar böyük məmnunluqla
yad ediləcək.
Və son olaraq onu demək istəyirəm ki, nə
yaxşı Mehdi müəllimin bizə çox
dəyərli kitabları qalıb. Onun kitabları arasında
ən qiymətli monoqrafiyası olan “Teatr
düşüncələri”ni oxuyun və onda sizdə də
Mehdi müəllimin böyük alim, istedadlı rejissor,
həm də bacarıqlı bir aktyor olduğuna əminlik
yaranacaq.
Xalq qəzeti.- 2008.- 10 aprel.- S. 7.