Məhərrəmova T.
"Aktyora meydan lazımdır"
Sabah Akademik Milli Dram
Teatrında Bəxtiyar Vahabzadənin
"Özümüzü kəsən qılınc"
tamaşası oynanılacaq. Bir neçə ildir
ki, teatrın repertuarından düşməyən tamaşa
bu dəfə məhz Əməkdar artist Əli Nurun 60 illik
yubileyi şərəfinə repertuara salınıb. Tamaşada Qara Xaqan rolunun ifaçısı olan
aktyor benefisinə bu tamaşanın təsadüfi
seçmədiyini söyləyir. Səbəbini
söhbətindən biləcəksiniz.
- Teatrda yubileyiniz yalnız benefis
oynanılacaq "Özümüzü kəsən
qılınc" tamaşası ilə qeyd olunacaq?
- Teatrın direktoru Maqbet Bünyadov
məni çağıraraq Əbülfəs Qarayevin
yubileyimlə bağlı qərarı olduğunu və
mənim üçün təmtəraqlı yubiley
keçirmək istədiklərini bildirdi. Mən
razı olmadım.
- Niyə razı olmadınız?
- Əvvəla, ona
görə ki, mən Əməkdar artistəm. Hələ
özümü o səviyyədə görmürəm.
Digər tərəfdən, ruhən çox
cavanam. Dedim ki, sağlıq olsun, ömür vəfa
etsə, yubileyimi 70-80 yaşımda qeyd edərsiniz. Ona görə bir benefis tamaşa
oynanılmasını istədim. Tamaşadan
qabaq 20 dəqiqə rəsmi hissə olacaq.
- 60 illik ömrünüzün
teatrla bağlı illərinə nəzər salaq. Yollar çoxmu dolanbacdır?
- Bu 60 ildə həyatımda
çox zəngin rollar oynamışam. İncəsənət
Universitetini qurtaranda orada müəllim
saxlanılmışdım. Ancaq
Ağakişi Kazımov bizdə 4 ay kurs rəhbəri olandan
sonra məni Sumqayıt Teatrına apardı. O vaxt
Sumqayıt Teatrı çox məşhur bir teatr idi. Rza Əfqanlı, Barat Şəkinskaya,
Həsənağa Salayev, Leyla Bədirbəyli kimi
sənətkarlar həm də orda işləyirdilər.
Bu teatra gələn kimi mənə Cəfər
Cabbarlının "Solğun
çiçəklər"ində Bəhram rolunu
verdilər. Daha sonra teatrda
səhnələşdirilən tamaşalarda bütün
qəhrəman rolları oynadım. Ən
uğurlu rolum isə Mərahim Fərzəlibəyovun bu
teatrda hazırladığı Gennadi Boxerevin
"Poladəridənlər" tamaşası oldu. O
tamaşanı SSRİ-nin 100 teatrı
hazırlamışdı. Tamaşadakı
maksimalist gənc fəhlə obrazına görə mən
birinci yerə layiq görüldüm. Mənə
müxtəlif diplomlar, 4000 rubl dəyərində pul verildi.
1981-ci ilin 2 iyun tarixində "Sovetskaya
kultura" qəzetində Nina Verxovanın mənim haqqımda
böyük bir yazısı dərc olundu. Müəllif
yazırdı: "Bütün sovet teatrlarının
tamaşaları arasında ən güclü, müasir və
forma cəhətdən mükəmməl Sumqayıt
Teatrının "Poladəridənlər"idir. Həmin tamaşada aktyor Əli Nur bu obrazı
qeyri-adi səviyyədə ifa edir". Nina
Verxova eyni sözləri SSRİ Teatr Xadimləri
İttifaqının yığıncağında da
demişdi. Moskva Bədaye Teatrının baş reyissoru
Oleq Yefremov bu sözləri eşidib: "Ola bilməz ki, o
tamaşa bizimkindən güclü olsun" - deyə etiraz
edəndə müəllif: "Obraz sizinkindən çox
güclüdür" - deyə dillənib. Hətta
bu sözlər o zaman "Pravda" qəzetində dərc
olunmuşdu. Sonra Oleq Yefremov mənə
teleqrama göndərərək bir həftəliyə Moskvaya
dəvət elədi. Ancaq qastrol
səfərləri və işlərimlə əlaqədar
olaraq gedə bilmədim.
Sonrakı illərdə
də Sumqayıt Teatrının səhnəsində bir
sıra uğurlu rollarım oldu. Orda
işləyə-işləyə mənə teatrda direktor
vəzifəsini təklif etdilər. Nə
qədər etiraz eləsəm də, xeyri olmadı. 2
aylığa öhdəmə götürdüyüm
direktorluq vəzifəsi beş ilə
qədər çəkdi. 1986-cı ildə rəhmətlik
Səməndər Rzayev dünyasını
dəyişəndə "Azdrama"nın
tələbi ilə onun ştatına məni bura
keçirdilər.
- Akademik Teatrın
səhnəsində də Sumqayıt Teatrında olduğu
kimi, baş qəhrəmanları oynaya bildinizmi?
- Bu teatra gələn kimi İlyas
Əfəndiyevin "Şeyx Xiyabani" tamaşasında
polkovnik Şirzad rolunu mənə verdilər. Baxış
tamaşada iştirak edən Anar, Elçin Əfəndiyev,
Hüseyn Abbaszadə kimi yazıçılar İlyas Əfəndiyevi
təbrik edərək: "Çox sevinirik, nəhayət, bu
aktyor öz yerini tapdı və Akademik Dram Teatrına
gəldi" - deyə bildirdilər. Daha sonra
Məlik Dadaşovun oynadığı "Çahargah
fantaziyası" tamaşasında Mustafa rolunu oynadım.
Səhnəyə çıxan kimi
alqışlarla qarşılandım.
"Atabəylər" tamaşasında Hamlet
Xanızadənin rolunu - Nizami Gəncəvini, Bəxtiyar
Vahabzadənin "Fəryad" əsərində
Nəsimini, daha sonra rəhmətlik Səməndər Rzayevin
rollarını oynadım. Repertuarda rollarım
çox idi. Elə indi də rollarım
var. Hərdən mənə deyirlər ki, çox
oynayırsan. Ancaq aktyorun qəribə
həyatı var. Aktyorun faciəsi ondadır ki, o,
işlədiyi teatrdan asılı vəziyyətdədir.
O, reyissordan, teatrın rəhbərliyindən, nazirlikdən
asılıdır. Aktyoru
gözümçıxdıya da salırlar, ona barmaqarası
da baxırlar, vəd də verirlər, onu aldadırlar da.
Hərdən aktyorlar təhqir də olunur.
Aktyora aktyor kimi meydan lazımdır. Mən həmişə bütün
tədbirlərdə iştirak etmişəm. Ermənilər Topxana meşəsinə balta
çalan vaxtlarda respublikada keçirilən bütün
mədəni tədbirlərdə iştirak edirdim. Ancaq son zamanlar Mədəniyyət Nazirliyi
tərəfindən mənə qarşı qısqanclıq
oldu. Mən ancaq rol oynamaqla
kifayətləndim.
- İndicə dediniz ki,
aktyor asılı adamdır - onu
şöhrətləndirə də bilərlər,
alçalda da.
Siz hansılardansınız?
- Mən təhqir olunmuş aktyoram. Bu teatra gələndə böyük bir kitabça
buraxıldı. Həmin kitabçada
başda Hökumə Qurbanova, Sofya Bəsirzadə, Leyla
Bədirbəyli və başqa sənətkarlar olmaqla
aktyorların siyahısı dərc olunmuşdu. O
siyahıda mən də vardım. İndiki
nəsil aktyorlar - Xalq artisti olanlar, Prezident mükafatı
alanlar hamısı məndən sonra gəlirdi. İndisə mənim adım siyahıda ən
arxadadır.
- Müsahibənin
əvvəlində "Ad günümü
təmtəraqlı keçirmək istəmirəm"
sözlərinizi hardasa təvazökarlıq kimi başa
düşmüşdüm. Ancaq indi
danışdıqca bu qənaətə gəlirəm ki, bu
istəyiniz özünüzə qarşı
haqsızlıqla bağlıdır. Bu
qərarımda yanılmıram ki?
- Yox, yanılmırsınız. Elə ona görədir.
- Deyirlər ki, aktyorlar
səhnədə öz talelərini oynayırlar. Bu fikirlə razısınız?
- Aktyor olmağım alın
yazısıdır, bu məndən asılı deyil. Mən uzun illər İncəsənət
Universitetinin müəllimi işləmişəm. Aktyor sənəti özündə qalaraq
başqalaşmaq deməkdir. Teatra ilk
növbədə tamaşaçı lazımdır. Tamaşaçı cəlb etmək
üçün gözəl tamaşa olmalıdır. Gözəl tamaşa üçün isə
güclü aktyor truppası gərəkdir. Güclü aktyor truppası yığmaq
üçün yaxşı reyissor lazımdır ki,
onları seçə bilsin, şəxsi hisslərə
uymasın, xalqın sənətini yaşatsın. Bütün dünya teatrlarında belədir. Təəssüf ki, bizdə belə deyil.
- Söhbətin əvvəlində
ruhən cavan olduğunuzu dediniz. Sizcə insan
ruhunu cavan saxlayan nədir?
- Ruhun cavanlığı odur ki,
mən fiziki cəhətdən qüvvətli adamam. Mən yaxşı güləşçi
olmuşam. Bütün həyatımı
kitablara həsr etmişəm. Qastrol
səfərlərinə gedəndə hamı Moskvadan
şokolad alanda, Riqadan paltar gətirəndə, Sankt-Peterburqda
komisyon mağazalarına girəndə mən Bakıya kitablar
daşımışam. Elmin elə bir
sahəsi yoxdur ki, ordan xəbərsiz olum. Yəni
mən arif adamam.
- Onda belə çıxır ki,
bizim cəmiyyətdə arif adamlara yer yoxdur?
- Təəssüf! Mən bu
yaxınlarda cənab nazirlə görüşərkən ona
dedim ki, dünyanın bütün sivil
ölkələrində insana onun istedadı,
fəaliyyəti, əməyə olan ehtiraslı eşqi
ilə qiymət verirlər. Buna görə
insanlar dərəcələrə bölünür.
Çox təəssüf ki, bizdə belə deyil!
- 60 yaşdan danışaq. İllər tezmi gəlib keçdi?
- Hüseyn Arifin gözəl bir
sözü var:
Uşaqlıq quş kimi uçdu
əlimdən,
Cavanlıq car çəkib
köçdü elimdən,
Nə deyim, nə deyim öz
taleyimdən,
Bu nə qovhaqovdu, bu nə
qaçışdı.
Saçlara baxıram
hanı o saçlar?
İllərə baxıram
yaşım altmışdı...
Heç göz açmaq olmadı. İllər
quş kimi uçub getdi. Buddada deyilir ki,
insan uşaq kimi dünyaya gəlir və uşaq kimi də
dünyadan gedir. Allah-təala insanı
heçdən yaradır. Mənim 60
yaşım var. 40 ildir ki, hər gün başıma
gələcək işləri yuxuda görürəm.
Dünən yuxuda gördüm ki, 93 il
yaşayıram. Bu məndən asılı
deyil. Dost-tanış rəhmətə
gedəcəksə, onu da yuxuda görürəm. Bəzən buna kədərlənirəm. Məni tanıyan adamların hamısı bilir ki, bu
mənim faciəmdir. Allah insanların
ədalətsizliyini də görüb onları
cəzalandırır. Mənə
qarşı ədalətsiz olan insanların
hamısını Allah cəzalandırıb. Mən bunun şahidi olmuşam.
- Gerçəkləşməsə
belə, bir gün yuxularınızda
görmüsünüzmü, əməyinizə layiqli
qiymət verilsin?
- İran şairi Şəhriyar Tibb
İnstitutunda oxuyarkən bir fars
qızını sevirmiş. Qızı ona vermirlər.
O, ruhən sarsılır və institutdan uzaqlaşıb
Behcabadda yaşayır. "Behcabad xatirələri"nin hamısı da həmin qıza həsr
olunub. İllər ötür, həmin xanım
ərindən ayrılandan sonra Şəhriyarın
məhəbbətini dərk edir və hər gün
böyük şairə məktublar yazır. Şəhriyar qəbul etmir. Nəhayət,
xanım Təbrizə gəlir. Şəhriyar xanıma
belə bir şeir yazır:
Gəlmisən, canım sənə
qurban ola, indi niyə?
Düşmüşəm
əldən daha, ey bivəfa, indi niyə?
Nuşidarımsan, fəqət,
Söhrab ölüb, gec gəlmisən,
Eyləməz təsir ona
heç bir dəva, indi niyə?
Kaspi.- 2008.- 9 aprel.- S. 12.