Məhərrəmova T.
“İndi
başqa arzularla yaşayıram”
Əməkdar artist Məsmə
Aslanqızı: "Artıq şahzadə olmaq yox,
real həyat haqqında
düşünməyə başlamışam"
Bir çox aktrisalar kimi pafosla
"səhnə mənim həyatımdır" və ya
"mən teatrsız yaşamaram" deməyi xoşlamır.
Deyir ki, çox sevdiyi teatr onun iş yeridir və o, hər
gün iş yerinə gəlir. Ancaq məsuliyyətini
heç vaxt itirmir. İşinə, oynadığı rollara
həddən artıq məsuliyyət və
məhəbbətlə yanaşır. Həm də bu
çəlimsiz, balaca boylu qızın sənətinə
qarşı özündən çox-çox
yüksəkdə duran inadkarlığı var. Belə
olmasaydı, çox aktrisaların əlinin uzanıq
qaldığı Ofeliyanı oynamazdı ki..
- Sonuncu dəfə sizi
"Hamlet" tamaşasından sonra "Körpüdən
mənzərə" və "Ərməğanlı
Ərməndər" tamaşalarında görmüşəm.
Ofeliya kimi klassik bir obrazdan sonra bu cür rolları oynamaq
sizə pilləkəndən bir pillə aşağı
düşmək kimi görünmürmü?
-
Qətiyyən... Ofeliyadan sonra bu cür rolları oynamaq
mənə çox asan görünür.
"Körpüdən mənzərə"
tamaşasında ilk dəfə idi ki, oynadığım rolun
bu qədər sözü var idi. Teatrda işlədiyim 13 il
ərzində belə rolum olmamışdı.
Məsuliyyəti də ağır idi.
- Ofeliyanı
oynamaqdan da çətin idi?
- Ofeliya rolunun öz
ağırlığı vardı. Bu obrazda
isə daha çox söz ağırlığı idi.
- Deyəsən,
daha "Hamlet"i repertuara salmırlar?
- Çox təəssüf ki,
üç ildir bu tamaşa repertuarda yoxdur. Halbuki
hər dəfə tamaşa oynanılanda anşlaqla
keçirdi. Tamaşanın repertuardan
çıxarılmasının səbəbini hələ
də başa düşə bilmirəm. Bu
tamaşa hazırlananda Fuad Poladov "Azdrama"ya
dəvət olunmuşdu. Məncə, bu
özü teatr üçün böyük bir
xoşbəxtlik idi. Ancaq ondan sonra onu
başqa tamaşalara dəvət etsələr də
gəlmədi. Mən Ofeliya obrazı
üçün çox darıxıram. Hərdən
içimdə çox boşluq hiss edirəm. Çox
istərdim ki, tamaşanın quruluşçu reyissoru
Azərpaşa Nemətov "Hamlet"i Aktyorlar Evinin
səhnəsində bərpa etsin və biz də gedib orada
oynayaq. Mən bu təkliflə ona
müraciət edəcəyəm. Ümumiyyətlə,
hazırda teatrda yaxşı, adamın ürəyini oynadan
ssenari yoxdur. Elə bir rol da yoxdur ki, onu
oynamaq üçün Maqbet müəllimə və ya
Mərahim Fərzəlibəyova müraciət edim. Ancaq Ofeliyanı oynamağı
arzulamışdım. İndi də bu
rola, bu obraza daxilimdə ehtiyac duyuram.
- Tez-tez
deyirlər ki, bütün teatrlar təmirdən sonra müasir
dünya teatrları səviyyəsində tamaşalar
təqdim edəcək. Sizin anlamda müasir teatr nə
deməkdir?
- Bu suala cavab verməyə
çətinlik çəkirəm. Müasir
teatr deyəndə onların nəyi nəzərdə
tutduqlarını deyə bilmərəm. Müasirliyi
hərə bir cür başa düşür. Kimi
müasirliyi çılpaqlaşma kimi qəbul edir:
"Əgər mən bu gün səhnəyə
çıxıb hansısa bir erotik səhnə
göstərirəmsə, demək, bu müasirdir". Kimisi müasirlik deyəndə avanqard tamaşalara,
kimisi müziklə üstünlük verir. Amma bilmirəm bu sadaladıqlarım Akademik Milli Dram
Teatrına nə dərəcədə uyğun gəlir?
Mənə elə gəlir ki, bu teatr öz
ənənəsini qoruyub saxlamalı və daha çox
klassikaya üstünlük verməlidir.
- Artıq 13 ildir
ki, səhnədəsiniz. Necə qərar
vermisiniz - siz teatrsız yaşaya bilərsinizmi?
- Əgər mən
atamın ölümünə dözmüşəmsə,
onun ayrılığı ilə barışmışamsa,
demək, teatrdan da ayrıla bilərəm. Hərçənd
belə bir fikrim yoxdur. Ancaq çoxları
deyir ki, mən səhnədən ayrılsam,
ölərəm, yaşamaram. Mən o
insanların səmimiyyətinə inanmıram. Onlar boğazdan yuxarı danışır. İnsan məcburiyyət qarşısında qalanda
hər şeyə dözür. Mən
də məcburiyyət qarşısında qalsam,
sözsüz ki, teatrdan ayrılaram.
- On üç il bundan əvvəl səhnəyə
çıxdığınız vaxtla bugünkü
səhnə arasında hansısa dəyişiklik varmı?
- Eyni həyəcan, eyni
məsuliyyət, eyni qorxu... Necə ki "Ah, Paris, Paris"
tamaşasında pərdə arxasında dayananda
ürəyimin döyüntülərini az
qala tamaşaçılar eşidirdi, yenə də eyni
şeyi hiss edirəm. Pərdə arxasında
dayanıb çıxışımı
gözləyəndə ürəyim yenə də eyni
həyəcanla döyünür. Sonra bu
həyəcan yavaş-yavaş səhnədə yoxa
çıxır. Bu, normal bir şeydir
və daha çox məsuliyyətdən irəli gəlir.
Ancaq mən səhnədə özümü balıq suda olan
kimi hiss edirəm.
- Siz
müxtəlif televiziyalarda ayrı-ayrı verilişlərin
aparıcısı olmusunuz. Bu günsə
uşaq verilişinin aparıcısısınız. Hesab elədiniz ki, uşaqların dilini daha tez tapa
bilərsiniz?
- Düzdür, mən "ABA"
kanalıda "Qızıl onluq", STV-də
"Kokteyl", "Lider"də "Əsgər
salamı", "Space"də "Meloman" verilişlərini
aparmışam. Amma ən böyük arzum
uşaq verilişi hazırlamaq idi. Dövlət
televiziyası ilə müqavilə bağladım və
üç ilə yaxındır ki, müəllifi və
aparıcısı olduğum "Bizim sinif" və
"Dərsə gedən bir uşaq" verilişlərinin
aparıcısıyam. Bir az ssenari
sarıdan çətinlik çəkirik. Çox
axtarmışıq, ancaq normal bir ssenarist tapa
bilməmişik. Ona görə də bəzən
veriliş maraqlı, bəzən də maraqsız
alınır. Ssenari zəif olanda uşaqlar zəif oynayır
və ya montayçı darıxır. Tamaşaçı
üçün də bezikdirici olur. Baxımlı veriliş
üçün ilk növbədə ssenari maraqlı
olmalıdır.
- Adətən bütün aktrisalar
Şekspirin qəhrəmanlarını oynamaq istəyirlər.
Sizsə bu arzunuza çatmısınız. Daha nə
arzulayırsınız?
- Bilmirəm,
nə üçünsə İlyas Əfəndiyevin
"Sən həmişə mənimləsən"
tamaşasında Nargiləni oynamaq istəyirəm. İlyas
Əfəndiyevin yubiley gecəsində həmin tamaşadan bir
parçanı oynamışam. Rəhmətlik Əlabbas
Qədirov isə Həsənzadəni oynayırdı. Bu rol
içimi o qədər oynatdı ki, o vaxtdan daxilimdə bu
rolu oynamaq arzusu yaranıb.
- Əgər bu tamaşa bərpa
olunsa, indi Həsənzadə rolunda kimi görmək
istərdiniz?
- Çox
istərdim ki, bu rolu Ramiz Novruzov oynasın. Gərək aktyora
da baxanda onu sevə, ürəklə bağlana biləsən.
Ramiz Novruzov çox gözəl insandır və teatrın
bütün kollektivi onu sevir.
- Olub ki, sizə verilən rolu
əlinizdən alsınlar?
- Olub, ancaq
mən yenə inciməmişəm, heç kəsi də
qınamamışam. "Xəcalət" tamaşasında
qaçqın ailəsinin övladı rolunu mənə
vermişdilər. Bir-iki ay məşq gedəndən sonra
dayandırıldı. Bir müddətdən sonra
gördüm ki, tamaşanın yenə məşqləri
gedir və mənim oynadığım rol başqa adama
həvalə olunub. Fikirləşdim ki, yəqin həmin rola
daha uyğun aktrisanı məsləhət biliblər. Ona
görə də başqaları kimi gedib
şikayətlənmədim.
- Bir dəfə demisiniz ki,
uşaqlıqda şahzadə olmaq istəmisiniz. Necə
bilirsiniz, rollarla bu arzuya çatmaq mümkündürmü?
-
Düzdür, demişdim. Hər yaşın öz arzusu var.
Əslində şahzadə yox, uşaqlıqda kinolara
baxıb həmin obrazlardakı kimi olmaq istəmişəm.
İndi elə düşünmürəm. Kino başqa
şeydir. Axı real həyatda hər istədiyinə nail
olmaq mümkün deyil. İndi artıq şahzadə olmaq
haqqında yox, real həyat haqqında düşünməyə
başlamışam. İndi başqa arzularla yaşayıram.
- Bu arzularınız yalnız
səhnə ilə bağlıdır?
- Səhnə
ilə də, şəxsi həyatımla da
bağlıdır. Artıq şəxsi həyatım
haqqında düşünməyin zamanıdır.
Bəlkə də çox gecikmişəm. Çünki 30
yaşım var. Şəxsi həyatım haqqında çoxdan
fikirləşməli idim.
- Axı
müsahibələrinizdə "ideal adam axtarıram"
deyirsiniz. Varmı ideal adam?
- Mən bir şeyi də başa
düşdüm ki, ideal insan olmur. Biz,
sadəcə, kimisə ideallaşdırırıq. Əgər sevirsənsə, həmin insan artıq
gözündə ideal olur. Onun mənfi
xüsusiyyətlərini görmürsən. Bəlkə
də kənardan baxan "Bu onun nəyinə aşiq olub"
- deyə düşünür. Əgər sevməsəydin,
sən də ondakı mənfilikləri görərdin.
Sevdiyin adam gözündə o qədər ideallaşır ki,
istər-istəməz onun bütün mənfi
cəhətlərinə, şıltaqlıqlarına
dözürsən.
- Ailə quracağınız
insanın sizinlə bir səhnədə olmasını
istərsinizmi?
-
Qətiyyən. Mənə elə gəlir ki, iki qoçun
başı bir qazanda qaynamaz.
- Birdən o sizi səhnədən
ayırmaq istədi, onda necə?
-
İnanmıram ki, ailə quracağım adam teatrdan uzaqlaşmağı
tələb etsin. Məni sevən adam hər halda
xoşbəxtliyimi istəməlidir və başa
düşməlidir ki, bu xoşbəxtliyin bir hissəsi
teatrla bağlıdır. Axı mən teatrda 13 il can
qoymuşam. O, mənim əməyimi
dəyərləndirmirsə, heç olmasa yetərincə
tamaşaçımın mənə olan dəyərini
qiymətləndirsin. Mən axı Əməkdar artistəm.
Keçən ilin may ayında Prezident mükafatına layiq
görüldüm. Heç olmasa, bu fəxri adı,
mükafatı mənə verən insanlara hörmət
etməlidir.
- "İncəsənət
çox qısqancdır. İnsan özünü
bütünlüklə ona həsr etməlidir ki,
sənətdə uğurlar qazansın" fikrində
israrlı olanlar var.
-
İncəsənət çox qısqanc ola bilər. O,
həm də çox vəfasızdır. Ona görə
də nə qədər ki mən gəncəm, istedadım
var, rol ala bilərəm. Bir müddət keçəndən
sonra - yəni gəncliyim məni tərk edəndən və eneryim
də tükənəndən sonra daha kənarda qalmalı
olacağam. Onda səhnəyə bəlkə məndən
də istedadlı qızlar çıxacaq, yaxşı rollar
onlara həvalə olunacaq. Kənarda hər şeyə əli
uzanıq qalmaqdansa, vaxtında şəxsi həyat haqqında
düşünmək lazımdır.
- Sənət aləmində ən
çox nəyə inanırsınız? Bəxtə,
şansa, yoxsa istedada?
-
Hamısına inanıram. Mənə elə gəlir ki, bunlar
hamısı bir-biri ilə bağlıdır.
Kaspi.- 2008.- 12-14 aprel.- S. 16.