Əfəndiyev T.

 

Ürəklərdə ucalan abidə

 

Müstəqil Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi hər birimizin qəlbində əbədi ünvan tapıb. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyətin, milli-mənəvi dəyərlərin himayədarı olmuşdur. Heydər Əliyevin mənəvi dəyərlərin qorunmasında Azərbaycan tarixinin unudulmayacaq səhifələrini yazan şəxsiyyətlərin qiymətləndirilib üzə çıxarılması istiqamətində göstərdiyi ardıcıl fəaliyyət misilsizdir. Heydər Əliyevin mədəniyyətə, incəsənətə, eləcə də bu sahədə çalışan insanların dəyərləndirilməsinə göstərdiyi diqqət əbədi bir proqramdır. Bu proqramın maddələri, bölümləri elə zəngindir ki, ondan istifadə etdikcə tükənmir, əksinə, daha geniş fəaliyyət üçün yeni imkanlar açır.
1969-cu ildən - ölkəyə rəhbərlik missiyasını yerinə yetirdiyi vaxtdan etibarən Azərbaycan xalqı Heydər Əliyevin simasında əsl liderini tapdı. Ulu öndərin
elə həmin ildə Azərbaycan dramaturqu Cəfər Cabbarlının anadan olmasının 70 illiyinin keçirilməsinə təşəbbüs göstərməsi, az sonra ədibin yubileyinin Moskvada İttifaqlar evinin Sütunlu salonunda təşkil olunması çox mətləblərdən xəbər verir. Bu, faktdır ki, Heydər Əliyevin respublikaya rəhbərliyə başlaması ilə bərabər Azərbaycan mədəniyyətinin yeni inkişaf mərhələsinin əsası qoyuldu. Təsadüfi deyil ki, tədqiqatçılar ötən əsrin 70-ci illərini "Azərbaycan mədəniyyətinin intibah dövrü" adlandırıblar. Həmin intibahı şərtləndirən yüzlərlə fakt var ki, onların əsl yaradıcısı, təşəbbüskarı, xeyir-dua verəni məhz Heydər Əliyev olub.
Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün bir kəlamı var: "Xalqa əfəndilik etmək yoxdur, xalqa xidmət etmək vardır, kim xalqa xidmət edə bilirsə, yalnız o, xalqa əfəndilik edə bilər". Bu kəlmələrin mahiyyətinə diqqət yetirilsə, onu məhz ümummilli lider Heydər Əliyevin fəaliyyətinə aid etmək olar. Bu da səbəbsiz deyildi. Bütün xarici ölkə siyasətçiləri dəfələrlə söyləyiblər ki, Heydər Əliyev qədər öz vətənini - doğma Azərbaycanı sevən ikinci bir liderə rast gəlinməyib. Buna görə də xalqın ürəyində Heydər Əliyevin abidəsi əbədi ucalmışdır.
Könüllərdə öz abidəsinə əbədi yer almış Heydər Əliyev bu məhəbbəti qazanmamışdan öncə Azərbaycanın çox məşhur simalarının, tarixi şəxsiyyətlərinin, ədib və şairlərinin həm heykəllərinin ucalmasına, həm də ev-muzeylərinin yaradılmasına, yubileylərinin keçirilməsinə, kitablarının nəşrinə şərait yaratdı.
1974-cü ildə Azərbaycan teatrının yüz illik yubileyi ilə əlaqədar Heydər Əliyevin geniş məruzəsi böyük əks-səda doğurdu. Azərbaycan teatrının bir əsrlik inkişaf yolu haqqında ulu öndər elə müəkəmməl, səriştəli və parlaq məruzə etdi ki, teatrşünaslar da, ömrünü-gününü bu sahəyə bağlamış sənətkarlar da, tamaşaçılar da, qonaqlar da heyrət içində qaldılar. Heydər Əliyev adi məruzəçi deyildi. Əsl teatrşünas, sənət bilicisi kimi danışırdı. Həm tarixin müəyyən məqamlarına toxunurdu, həm günün nailiyyətlərindən söz açırdı, həm də tərəqqiyə nail olmaqdan ötrü mədəniyyət xadimlərinin qarşısında yeni tələblər qoyurdu. Təsadüfi deyildi ki, biz həmin məruzədən bu günə kimi universitetimizdə dərslik vəsaiti kimi istifadə edirik. O ildən üzü bəri onlarla tədqiqat əsəri yaranıb, dərsliklər meydana çıxıb. Amma heç birində problemlər ulu öndərin həmin məruzədə toxunduğu kimi mükəmməl şərh edilməyib. Heydər Əliyev deyirdi: "Görkəmli mədəniyyət xadimləri Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov mədəniyyət tariximizdə ilk dərin şırım açaraq Azərbaycan teatr sənətinin toxumunu səpmiş, onun cücərtiləriniE şiddətli qasırğalardan hifz edib qorumuşdular. Azərbaycan teatrının beşiyi başında dayanan bu mütəfəkkirlər sənət, xalq naminə mərdlik, cəsarət, hünər və rəşadət göstərmişlər".
Dramaturqların, rejissor və aktyorların qarşısında mühüm vəzifələr qoyan ulu öndər teatr sənətinin estetik təsir gücündən, səviyyəsindən məzmunlu söz açaraq bildirirdi: "Teatr dərin düşüncələr, böyük hisslər, güclü dramatik vəziyyətlər yaratmalıdır. Əgər teatrımızın tarixinə nəzər salsaq, fərəhlə deyə bilərik: Azərbaycan dramaturgiyası həmişə böyük ictimai konfliktlərə, əhəmiyyətli mövzulara dərindən meyil edib. Teatr tamaşası həmişə bayrama çevrilib. Elə bir insan çətin tapılar ki, səhnə sənəti onun taleyində, dünyagörüşünün, estetik zövqünün formalaşmasında böyük rol oynamasın. Şübhə etmirik ki, incəsənətin formaları daim nə qədər zənginləşirsə-zənginləşsin, televiziya və kino nə qədər yayılır və kütləvi hal alırsa-alsın, cəmiyyət inkişaf etdikcə teatrın rolu da artacaqdır. Səhnənin bilavasitə tamaşa salonu ilə ünsiyyəti prosesinə əsaslanan, tamaşaçılarla birlikdə həyəcan keçirən teatr həyatın özü qədər əbədidir".
Heydər Əliyev hələ 34 il öncə təəssüf edirdi ki, tamaşa salonları heç də həmişə adamla dolu olmur. Ulu öndər bunun səbəbini həm bəzi pyeslərin və tamaşaların keyfiyyətində, həm də əsərlərin səhnə təcəssümünün forma və üsullarının daha rəngarəng olmasına imkan verən müasir texniki vasitələrə münasibətdə axtarmağın lazım gəldiyini qeyd edirdi. Həm mətbuatın, həm də pedaqoji ictimaiyyətin qarşısında bir vəzifə olaraq tapşırırdı ki, teatr sənəti düzgün təbliğ olunmalı, uşaqlara həm ailədə, həm məktəbdə bu sənətə məhəbbət yaradılmalıdır.
Elə bu kamil münasibətin və qayğının nəticəsində respublikanın müxtəlif bölgələrində qısa müddət ərzində 14-dən artıq dövlət teatrı yaradıldı. Ulu öndərin qayğısı nəticəsində yeridilən mədəniyyət siyasəti öz bəhrəsini verirdi. Münbit zəmin, əlverişli şərait nəticəsində dünya şöhrətli sənət adamlarının yetişməsi və hərtərəfli fəaliyyət göstərməsi sadəcə istedadın gücü deyildi. Həmin şəxsiyyətlər üçün məhz Heydər Əliyev tərəfindən yaşıl işıq yandırılmışdı. Xatırladaq ki, Azərbaycan o zaman sovet imperiyasının tərkibində kiçik bir respublika idi. Amma həmin vaxt on yazıçı, şair, memar, rəssam və müğənnimizin Sosialist Əməyi Qəhrəmanı kimi yüsək ad alması sadə bir iş deyildi. Bu nailiyyətlər o zaman Azərbaycana rəhbərlik edən ulu öndərin nüfuzunun, sənətə münasibətinin, ən başlıcası isə millətinə olan sevgisindən doğan qeyri-adi cəsarətinin nəticəsi idi. Müqayisə üçün deyək: o zaman Ukrayna kimi bir respublikanın cəmi iki Sosialist Əməyi Qəhrəmanı var idi. Qara Qarayev, Fikrət Əmirov, maestro Niyazi, Mirzə İbrahimov, Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza, Rəşid Behbudov, Mikayıl Hüseynov, Tahir Salahov kimi görkəmli insanların soyadlarının yanında yazılmış o fəxri ad hər bir azərbaycanlının ürəyində qürur hissi doğururdu. Heydər Əliyevin bu fədakarlığı sanki 1937-ci ildə köksünə yaralar vurulmuş Azərbaycanın repressiyalardan zillət çəkmiş ovqatına təskinlik gətirirdi. Cavidləri, Müşfiqləri gedər-gəlməzə aparan yollar ulu öndərin cəsarəti nəticəsində Azərbaycanın sənət aləminə indi də dünya şöhrəti, yeni fəxri adlar, mükafatlar gətirirdi. Tarixin müəyyən qaranlıq məqamları haqqında fikirləşəndə istər-istəməz Heydər Əliyevin həqiqətən misilsiz qəhrəmanlıq missiyasını ləyaqətlə yerinə yetirdiyinin şahidi olursan.
Hələ sovet dövründə ən cəsarətli ədəbiyyat Azərbaycanda yarandı. Yazıçılar tərəfindən cəmiyyətdə olan neqativ hallara kəskin ədəbi-bədii münasibət göstərildi. Sovet rejimində Azərbaycanda dissident ədəbiyyatının yaradılması Heydər Əliyevin uzaqgörənliyi və onun daxilən demokratik ruhlu şəxsiyyət olmasını təsdiqlədi. Bu faktı heç kəs inkar edə bilməz ki, Azərbaycan ədəbiyyatında ilk demokrat yazıçı əgər Mirzə Cəlildirsə, ilk demokrat ölkə rəhbəri də Heydər Əliyev olub. Rusiyada dissident ədəbiyyatına cəhd göstərənlər təqib edilirdi, təzyiqə məruz qalırdı, son anda ünvanı zindanlar olurdu. Azərbaycanda isə Heydər Əliyev belə ruhlu insanları həmişə himayə edirdi. Məsələn, Bəxtiyar Vahabzadə, Abbas Zamanov, Xəlil Rza Uluturk, İlyas Əfəndiyev, Anar və başqaları. Bəzi misallara fikir verək. Bəxtiyar Vahabzadə "Gülüstan" poemasını yazdı. Məzmunundan bəllidir ki, sovet dövründə bu cür müəllifi nə gözləyərdi. Amma onun xilaskarı Heydər Əliyev oldu. "Cənubi Azərbaycan" sözünə görə adamı ciddi cəzalandırardılar, amma professor Abbas Zamanov həm ədəbiyyata, həm də mətbuata "Cənubi Azərbaycan" mövzusu gətirdi. O da Heydər Əliyevdən dəstək alırdı. Xəlil Rzanın bütün fəaliyyəti məlumdur. Onun da kürəyində Heydər Əliyevin əli var idi. İlyas Əfəndiyev "Natəvan" pyesində müstəqil Azərbaycan ideyasından danışırdı. 1976-cı ildə bu pyes tamaşaya qoyulanda xalq artisti Amalya Pənahovanın (Natəvan) üzünü salona tutaraq: "Biz müstəqil Azərbaycanı mütləq görəcəyik!" nidası səslənəndə çoxu eyhamlı baxışlar ulu öndərə sarı boylanırdı. Onun sifətində isə qəribə bir razılıq və nur var idi. O gecənin müdhiş olacağı haqqında çoxları bədgüman idi. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev "Natəvan"a tamaşa edəndə o hadisəni xatırlatmışdı. Xalq yazıçısı Anarın 60 illik yubileyində ulu öndər bir qaranlıq məqama da işıq saldı: "Yaxşı yadımdadır. O vaxtlar Anar haqqında Azərbaycan MK-ya nələr yazıb göndərmirdilər? Pantürkistdir, sovet hökumətinin düşmənidirE Amma biz bunlara fikir vermədik".
Heydər Əliyev bu sözləri elə sadə və səmimi ifadə edirdi ki, sanki heç nə olmamışdı. Halbuki bu fikirlərin arxasında repressiyaya tuş gələ biləcək insan taleyi dayanırdı. Bu taleyi yaşayanlardan biri də Heydər Əliyev ola bilərdi. Ümummilli lider təkcə siyasi karyerasını, vəzifəsini deyil, həm də həyatını millətinin xoş gələcəyi uğrunda təhlükə altında qoymuşdu. Onu qalib edən də məhz bu keyfiyyəti və nüfuzu idi. Bugünkü dövlət müstəqilliyimizin əsası məhz 1970-ci illərdə qoyulub. Bunu sübut etmək üçün yüzlərlə misal gətirmək olar. Azərbaycan mədəniyyəti və incəsənəti həmişə Heydər Əliyev şəxsiyyətinin himayəsində olub.
Azərbaycan mədəniyyətinin müxtəlif sahələri üçün ixtisaslı kadrlar hazırlayan universitetin fəaliyyətinin genişlənməsində, çoxprofilli ixtisasların yaradılmasında, maddi-texniki bazasının möhkəmlənməsində ulu öndərin çox böyük xidməti var. Bu ali məktəbdə rəngkarlıq, heykəltəraşlıq, qrafika ixtisasları yox idi. Sovet dövründə bu ixtisaslar mütləq Moskva tərəfindən müəyyən edilirdi. Bu razılığı almaq da asan deyildi. Belə ziddiyyətli bir şəraitdə universitetdə həmin ixtisasların açılması yenə də Heydər Əliyevin köməyi nəticəsində mümkün oldu. Ötən müddət ərzində bu ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssislər yetişib, müəyyən uğurlar qazanılıb. İndi yerləşdiyimiz gözəl bina da Heydər Əliyevin göstərişi ilə universitetə verilib. Həmişə qayğımıza qalan, problemlərimizlə maraqlanan və onun aradan qaldırılması üçün tövsiyə və məsləhətlər verən Heydər Əliyev deyərdi: "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, bu xüsusiyyətlərin ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaradacaq, həmişə inkişaf edəcək".
1980-ci illərin ikinci yarısından 1993-cü ilə qədər olan dövrdə ziyalılar, böyük sənətkarlar maddi baxımdan çox acınacaqlı vəziyyətə d
üşmüşdülər. Ölkədə baş alıb gedən anarxiya, iqtisadi böhran bu insanları diqqətdən kənarda saxlamışdı. Ölkədə təkcə iqtisadiyyat deyil, mədəniyyət də sıradan çıxmaqda idi. Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtması bu qaranlığa bir aydınlıq gətirdi. Ulu öndərin ilkin olaraq xilas etdiyi, yaşaması, hərtərəfli fəaliyyət göstərməsi üçün şərait yaratdığı insanlar mədəniyyət xadimləri oldu. Prezident təqaüdü təsis edildi. İnsan əməyini qiymətləndirən meyarlar yaradıldı. Elmə, mədəniyyətə əsl qiymət verildi. Bütün zamanlarda olduğu kimi, Heydər Əliyev yenə də mənəvi ucalığın fövqündə dayanaraq xeyirxah əlini varlığından artıq sevdiyi xalqının ziyalılarına uzatdı. Ölkənin mədəni həyatında əsl dirçəliş baş verdi. Vaxtilə Azərbaycanı tərk etmiş ziyalılar, söz-sənət sahibləri, sənətkarlar vətənə qayıtdılar. Azərbaycan mədəniyyətinin vüsəti genişləndi. Beynəlxalq mədəni əlaqələrin yaradılması, xarici ölkələrdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, bir sıra yeniliklər ulu öndərin arzularını gerçəkləşdirdi.
Sevinirik ki, həmişə mədəniyyətimizin himayədarı kimi dəstəyinə arxalandığımız ulu öndərin ənənələri bu gün də yaşamaqdadır. Azərbaycan mədəniyyəti yenə də etibarlı əllərdədir. İstər ölkə Prezidenti İlham Əliyevin, istərsə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyətləri Azərbaycan mədəniyyətinin üfüqlərini daha da genişləndirdi. İndi Azərbaycan yazıçısının, bəstəkarının, rəssamının yubileyləri YUNESKO tərəfindən qeyd edilir. Tarixi abidələr YUNESKO-nun İrs siyahısına salınır. İncəsənət və musiqi xadimlərinin xoş sorağı dünyanın möhtəşəm konsert salonlarından gəlir. Azərbaycan bəstəkarı beynəlxalq "Sülh artisti" fəxri adına layiq görülür. Müxtəlif ölkələrdə Azərbaycan ili start götürür. Bütün bunlar bir daha təsdiqləyir ki, Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi və keçirmək arzusunda olduğu məqsədlər, məramlar dəyərli varislər tərəfindən həqiqətən də əbədi proqrama çevrilib. Bu proqramın həyatda gerçəkləşməsi Azərbaycan xalqına iftixar və yeni sevinclər gətirməkdədir.

Azərbaycan.- 2008.-25 aprel.- S. 4.