Qaliboğlu E.

 

Azərbaycan teatr sənətinin Kamal Xudaverdiyev səhifəsi...

Gözəl əməl daşıyıcılarınin xatirəsi həmişə ürəklərdə yaşayır, ölüm onlara dov gələ bilmir. İnsanın cismi gedir, əməli xalqın ruhuna, halına daxil olur, həmişəlik qalır.
Sənət insanın ideal arzularını mükəmməl ifadə edir, ona gerçəkliyin, şəraitin diktəsini aşmaqda, böyük, insani istəklərini gerçəkləşdirməkdə yardımçı olur. Tanınmış aktyor Kamal Xudaverdiyevin sənəti bu mənada ürəklərdə onun sənətkar olaraq izini qoydu.
O, mənim yaddaşımda özünəməxsus aktyor kimi qaldı. Xarakterindəki ciddilik rollarına da sirayət etmişdi. Ömrünün son illərində sifətindən pərişanlıq əskik olmazdı.
Son illər söhbət zamanı daha gənclik dövründəki kimi böyük arzularla yaşamadığını deyirdi
. Amma səhnədə oynamaq istədiyi rolları çox idi. Azərbaycanın peşəkar dramaturqlarından ciddi əsərlər gözləyirdi. Teatrların hərdən naəlac qalaraq məzmunsuz əsərləri səhnələşdirməsini hiddətlə qarşılayır, o cür tamaşalarda təklif olunan rollardan imtini etdiyini bildirirdi.
40 ildən çox idi ki, Akademik Milli Dram Teatrında çalışırdı. O, əsasən dramatik, faciəvi rollar yaratmışdı. Kinoda da yaddaqalan rolları vardı. "Alov", "Yurd yeri" çoxsaylı başqa televiziya tamaşalarında yaratdığı obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanmışdı. Acılı-şirinli, bəlkə daha çox əzablı günlər yaşamışdı. Yaradıcılığın heç bir sahəsində insan üçün asan yol olmur.
O, insanın çəkdiyi işdən gördüyü bəhrənin gözəlliyini həmişə yüksək dəyərləndirir, bəhrəsiz zəhmətin ziyandan başqa xeyri olmadığına möhkəm inanırdı. Deyirdi aktyor sənəti elədir ki, daim həyatda müşahidəçi olmalıyıq. Aktyor gördüyü hər bir hadisənin incəliklərinə, dərinliyinə varmalı, həyatda tiplər axtarmalıdır.
Kamal müəllim şəhərdə yolla gedəndə qəfil bir tipə rast gəlməyindən, onun üçün yeni olan xarakter barəsində saatlarla fikirləşməsindən söz açardı. Klassik əsərlərdə belə ümumiləşdirmələrin daha güclü olması səbəbindən bu tipli tamaşalarda oynamağa üstünlük verərdi...
Bir onu deyərdi ki, aktyor təkcə ölüm səhnəsini yaxşı oynaya bilmir. Səbəbini belə izah edərdi ki, ki, insan ölüb-dirilə bilmir. Yəni bilmir ki, necə öldü, sonra da həmin o başına gələni oynasın. Amma xəstə adamın obrazını təbii şəkildə oynamaq olur. Çünki elə bir insan yoxdur ki, xəstələnməsin: "Ümumiyyətlə, gərək aktyorun ürəyi olsun. Ürəyi olmayan aktyor böyük rollar yarada bilməz. Aktyor o dərəcədə sənətinə bağlı olmalıdır ki, ömrünün-gününün əsas hissəsini sənətinə versin".
Onun sənətinə möhkəm bağlılığı aşağıdakı qənaətlərindən aydınca görünür: "Yadımdadır ki, rəhmətlik anam can üstündə olanda Bəxtiyar Vahabzadənin tamaşasına ictimai baxış idi. Həmin əsərdə mənim rolum vardı, oynadım. Ertəsi gün anamı dəfn edib, yenə premyerada oynamışam. Aktyor iki-üç saatlıq tamaşa müddətində hadisəylə yaşamağı bacarmalıdır ki, müəllifin, rejissorun istədiyini verə bilsin. Əsl aktyor o məqamda özünü unudub başqalaşır". O, bu mənada səhnədə başqalaşmağı bacarırdı.
Kamal müəllim aktyorun əzbərçiliyini sevməzdi, həmişə rolu daxilən yaşamağın, duymağın tərəfdarı idi. İnanırdı ki, yalnız belədə böyük sənət nümunəsi yaratmaq mümkündür:
"Təkcə sözləri əzbərləməklə əsl aktyor olmaq mümkün deyil. Əgər tamaşa beş-on gün oynanılmırsa, əzbərçi aktyorun yadından oynadığı rolun sözləri tamamilə çıxacaq. Əksinə, əsəri, rolunu özününkü edən aktyor ildə bir dəfə həmin rolu oynasa belə, çaşmayacaq. Aktyor yaradıcılığının maraqlı olması üçün istər-istəməz eynilik çərçivəsindən çıxmalıdır".
Sənət həmişə dövrdən, zamandan üstün olmalıdır. Əsl böyük sənətin ülviliyinin, əbədi yaşarlılığının səbəbi bundadır.
Onun arzuları hərdən gerçəkliyin sərhədlərini çox aşırdı: "Kaş bütün dünyada insanların biri-birinə yadlığına son qoyulaydı. Hərdən oturub fikirləşirəm, dəhşət məni bürüyür. Təsəvvür edin ki, orta hesabla yetmiş il yaşayan insanın ömrünü günhesabına vuranda iyirmi bir min eləyir. Amma biz insanlar bu qədər müddət ərzində biri-birimizi didirik. Görəsən, bununla dünyada nəsə əldə edə biləcəyikmi? Özümüzlə aparacağıq?"
Özü demişkən, ömrü boyu kürsü iddiasında olmayan Kamal Xudaverdiyev Şekspirin "Kral Lir"ində Kral Lir obrazını yaratmışdı. Onun bu rolu necə məharətlə, özünəməxsus oynaması yaxşı yadımdadır: aktyor
hiddətlə kürsünü sürüyür, zənciri boğazına salır, faciəvi şəkildə ölürdü. O, rolu bütünlüklə duyduğu üçün belə təbii alınırdı. Deyirdi ki, əgər aktyor tamaşaçını düşündürə bilmirsə, bu, günahdır. Gərək tamaşaçını yaxşı mənada şübhələndirəsən, özüylə üz-üzə qoyasan. Qoy sonra da həmin tamaşaçı özünəinam səviyyəsinə gəlsin".
Deyərdi ki, aktyor rolu oynayan zaman sözün əsl mənasında başqalaşır: "Bax, o başqalaşma zamanı gərək ürəkdən ayrı cür istifadə edəsən. Şəxsən mənim üçün rolun müsbət, mənfisi yoxdur. Mənim aləmimdə rol var. O rolun timsalında bir insanın həyatı necə görünürsə, o cür yaşamaq missiyam var. Aktyor əlindəki materialdan ürəkdən istifadə etməyi bacarmalıdır. Gərək əvvəlcə həmin o materialı sənin ürəyin qəbul eləsin. Əlimə təzə bir mətn düşəndə onu birdən-birə qəbul edə bilmirəm. Həmin mətni özümünkü edənə qədər xeyli çəkir. Elə ki, həmin o obraz bütünlüklə mənə doğmalaşır, məhz bundan sonra onu tamaşaçıya göstərirəm".
Əbədi qaydadır, yaradıcı nəsillərin biri gedir, digəri gəlir. Kamal Xudaverdiyevin aktyorluğu Azərbaycan teatr kino sənətinin xüsusi bir səhifəsidir. İnanmaq gərək ki, bu yaradıcılıq səhifəsi dönə-dönə oxunacaq, yeni yaradıcı nəsillər onun sənətindən bəhrələnəcəklər

 

Xalq cəbhəsi.- 2008.- 25 aprel.- S. 14.