Məhərrəmova T.

 

Bu bahar ümidli olmadı

 

Kamal Xudaverdiyev yubileyində sakit bir rol oynamaq arzusuna da çatmadı

 

"Əsl sənətkarın yeri əbədiyyətdir" deyirlər. Əbədiyyətə qovuşmaq üçünsə ilahi istedad, bir sənətini candan artıq sevmək, əzizləmək, onun yolunda bütün əzablara qatlaşmaq, məhrumiyyətlərə dözə-dözə yaşamaq yaratmaq gərəkdir. İstedadıyla həmişə narahat, daim axtarışda olan Xalq artisti Kamal Xudaverdiyev belə sənətkarlardan idi.

Onun haqqında çox danışmaq, çox yazmaq olar. Peşəkar aktyorluğundan tutmuş, xarakterindəki inadkarlığa qədər. Heç şübhəsiz, bu, mərhumun sənət dostları, onunla işləyən aktyor reyissorların üzərinə düşən bir missiya, son insani borcdur. Belə vida sözləri ilə çox güman ki, qəzet səhifələrində, televiziya ekranlarında tanış olacaqsınız. Mənsə dörd il bundan əvvəl ondan aldığım müsahibənin bəzi məqamlarını yenidən gündəmə gətirmək istədim. Onu bir daha olduğu kimi canlandırmaq naminə. Çünki adına istedad deyilən elə bir nəsnə var ki, sahibini ölməyə qoymaz, daim cavan, daim canlı saxlar xatirələrdə.

Onun bir insan olaraq özü kimi sadə maraqlı tərcümeyi-halı var. Kamal Xudaverdiyev Bakıda doğulub. Uşaqlığı çətin keçib. Müharibə qurtaranda 7 yaşı vardı. Orta məktəbdə oxumağına ara verib işləyərək ailəyə kömək etməyə çalışıb. İşləyə-işləyə gecə məktəbinə daxil olub. Uşaqlığından söz düşəndə: "Çətinliklər olsa da, istər uşaqlıq, istərsə gənclik dövrüm bu günümə nisbətən mənalı keçib. Ümumiyyətlə, mənim həyat yolum mənalı olub. Çünki çətinliklərdən qorxmamışam. Uşaqlıqdan zəhmətkeş olmuşam. 13 yaşımdan fəaliyyətə başlamışam" - deyə danışırdı.

23 yaşında məktəbi qurtaran gənc instituta qəbul olunub. 1957-58-ci ildə xam torpaqlarda çalışan, 10 il fəhlə işləyən K.Xudaverdiyevin yolu günlərin birində teatra düşüb. Teatra da kor-koranə gəlməyib. Hələ məktəbdə oxuyanda istirahət günləri bircə tamaşa da ötürməyib. Əlindəki son qəpiyini xərcləyərək "Azdrama"da, GTT- olan bütün tamaşalara gedib. Səhnədə korifeyləri görüb. Bir Allah vergisi olan istedadı köməyinə çatıb. Bu teatrların səhnəsindəki tamaşalara baxdıqca qəlbində gizli bir arzu oyanıb: aktyor olmaq arzusu. Özü müsbət qəhrəmanlara oxşamaq istəyib.

Qəribədir, daxilən xarakterinə dramatik-faciəvi rollar yaxın olsa da, səhnəyə ilk dəfə qədəm qoyanda bəxtinə komediya oynamaq düşüb. İlk rolu Sabit Rəhmanın "Yalan" əsəri əsasında Tofiq Kazımovun quruluş verdiyi tamaşada olub. Sonra yavaş-yavaş "Hamlet"də, "Məhv olmuş gündəliklər"də, "Orlean qızı"nda, ,"Söz yarası"nda, "Kəndçi qızı"nda, "Kral Lir"də, "Xurşudbanu Natəvan"da, "Şah Edip"də b. tamaşalarda qəlbinə yaxın olan dramatik rollar oynayıb. Hər dəfə obraza girdikcə "Oynadığım personaya tam yaxın olmasam, obraz məndə alınmır. Obrazın keçirdiyi hissləri keçirə bilməsəm, demək, onun öhtəsindən gələ bilməyəcəyəm" - deyə düşünüb. İşlədikcə teatra ürəkdən bağlanıb. Sənətinin fanatına çevrilib. Vaxt keçə-keçə aktyor "Azərbaycanfilm" kinostudiyasında "İstintaq davam edir", "Sonuncu müsahibə", "Dağlarda döyüş", "Nəsimi", "Adanı özünlə apara bilməzsən" , "Dədə Qorqud" s. filmlərdə obrazlar yaratdıqca "Mənim aləmimdə gərək aktyor həyatda müşahidəçi olsun. O, hər şeyi müşahidə eləməlidir. Həm aktyor çox vaxt təkcə ölümü düzgün oynaya bilmir. Kim necə istəyir oynayır. Çünki insan bir dəfə ölüb qurtarır. Qalanlarını - ağırlığı, xoş günü gərək hiss edəsən. Hiss eləməsən, oynaya bilməzsən. Yox, əgər pambığın, eyş-işrətin içində böyüyürəmsə, ağır günləri necə hiss edə bilərəm? Xəstəliyi keçirəsən gərək" qənaətinə gəlib.

Hər dəfə müsahibələrində: "Mən bu sənətə gələndə pul xətrinə gəlməmişəm. Yadıma gəlir ki, ilk dəfə burda 40 manat maaş almışam. Sonra olub 60, 70 manat yavaş-yavaş qalxıb... Yəni bura varlanmaq üçün gəlməmişəm, sənətə gəlmişəm. Mən özümü bu sənətin fanatı sayıram. Elə bil teatr mənimçün dənizdir, mənsə özümü burda balıq kimi hiss edirəm" sözlərini təkrarlamaqdan yorulmurdu. O, bu sözləri pafos, yalançı canfəşanlıq xatirinə söyləmirdi. Kamal Xudaverdiyev doğrudan da sənətinin fanatı idi. Hər dəfə səhnəyə çıxdıqca onda yaşamaq, yaratmaq hissi artırdı. "Əgər aktyor hiss eləsə ki, bu mənim tavanımdır, onunla qurtarmalıdır. Hiss eləsə ki, bundan yuxarı gedə bilməz, səhnəyə vida deməlidir" sözləri onun sənət şüarına çevrilmişdi.

Həyatda bəxtə o qədər inanmayan aktyor sənətdə hər şeyi zəhməti ilə qazanmışdı - fəxri adı da, tamaşaçı məhəbbətini , ömrünün sonlarına az qalmış layiq görüldüyü prezident təqaüdünü . Hərdən sənət yoluna nəzər salıb: "Aşağı qiymət olub ki, yuxarı olmayıb. Zəhmətimdən aşağı qiymətimi veriblər, yuxarıya əlləri gəlməyib. Əlbət, ona görə bəxtim yoxdur" təəssüfünü dilə gətirirdi.

Kamal Xudaverdiyevi 40 ildən artıq çalışdığı, özünün doğma evi bildiyi teatrın vəziyyəti narahat edirdi. Teatra tamaşaçı məhəbbətinin azalması, repertuar siyasətinin düzgün qurulmamasını, aktyorlara göstərilən qayğısızlığı ürək ağrısı ilə dilə gətirirdi: "Biz tamaşaçıları arxamızca aparmalıyıq. Amma biz düşmüşük tamaşaçının arxasınca. Biz tamaşaçıları düşündürə bilmirik, onları əyləndiririk. Düşünən tamaşaçı repertuara baxıb seçim edir. Bizdə günah çoxdur. Biz tamaşaçıları cəlb edə bilərik. İlk növbədə bizə qayğı olsun; sifarişlər olsun; repertuarın seçilməsi lazımdır; teatrın siması olmalıdır. Teatr simasından uzaqlaşıb. Tamaşanın başlanmasına az qalmış yuxarıdan baxıb görürəm ki, zal açıldı uşaqların hamısı içəri girdi".

Səhnədə həmişə mübariz olan aktyor həyatda o qədər mübariz olmadığını etiraf edirdi. Ona görə həyatın ağrı-acısını unutmaq üçün elə həmişə səhnədə olmaq istəyirdi. Səhnə onun üçün həm təsəlli məkanı idi.

Kamal müəllimin qəlbində uşaqlıq gənclik illərinin insanlarına qarşı dəyişməyən bir məhəbbət vardı. Həmin insanlardan söhbət açanda gözləri dolar, kövrələrdi. Dəyişən zəmanəni, başqalaşan insanları gördükcə qəlbindəki xiffət hissini kədərlə dilə gətirirdi: "Cəmiyyətin özündə çox dəyişiklik var. Çox vaxt kənarda özümüzə düşmən axtarırıq. Mən hərdən düşmənlərə qibtə edirəm. Bizim eləmədiyimiz şeyləri onlar edirlər. Nədir bu? Pul bizi başdan eləyib? Əvvəllər hörmət, izzət vardı. Balaca bir uşaq mən boyda kişiyə yaxınlaşıb: "Əmi, kibritin, papirosun var?" - deyə soruşa bilərdimi? İndi isə "dayı, bir dənə siqaretindən olar?" - deyə soruşurlar. İnsanlar niyə belə dəyişdi? Bilmirəm, içəridə yatmış kin-küdurət birdənmi oyandı!? Keçmişdəki xanlıqlar kimi parçalandıq elə bil..."

Kamal Xudaverdiyevi bir çox aktyor həmkarından fərqləndirən təkcə sənətə olan yanğısı deyildi, həm xasiyyətindəki ötkəmliklə bərabər mübhəmlik idi. O, tənhalığı sevirdi. Səs-küylü məclisləri xoşlamırdı. Geriyə baxmağa, keçmişi ilə oturub söhbətləşməyə adət etmişdi. Orda onun uşaqlıq gənclik illəri vardı. Bir yaz vaxtı bulvara çıxmaq, dəniz sahilində gəzişmək, özü ilə baş-başa qalmaq onun vərdişinə çevrilmişdi. Baharın gəlişi ilə birgə sahil boyu bitən sarı güllərin çiçəklənməsini həsrətlə gözləyirdi. Uşaqlıq xatirələri ilə bağlı o güllər ona yaman doğma idi. Aktyor yaz aylarını insanlar üçün ən ümidli fəsil hesab edirdi: "Bəlkə bu dəfə yaxşı oldu!" - deyə fikirləşirdi. Bu təsəllini təkcə öz həyatı üçün istəmirdi. Ümumən xalqı üçün, həyatı qədər sevdiyi teatrın tərəqqisi üçün arzulayırdı. Ancaq heyif ki, həsrətlə gözlədiyi bu yaz onun üçün uğurlu olmadı. bulvara çıxıb bir-birinə sarmaşan sarı çiçəkləri görə bildi, 10 gündən sonra qeyd edəcəyi yubileyini. Ürəyində bir arzu da qaldı - yubileyi üçün sakit bir rol oynamaq arzusu...

 

Kaspi.- 2008.-25 aprel.- S. 12.