Mürvətqızı S.

 

Opera Balet Teatrı mənim sənət məbədimdir

 

Hazırda Türkiyədə çalışan istedadlı vokalçı Tər­lan Şahbazov vətəndə fəaliyyət göstərmək arzusundadır

 

Opera müğənnisi Tərlan Şahbazov 2000-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Bir neçə il respublikamızın müxtəlif mədəniyyət ocaqlarında -Akademik Opera Balet, Musiqili Komediya teatrlarında, Dövlət Filarmoniyasında çalışıb. 2005-ci ildən qardaş Türkiyədə yaşayan orada fəaliyyət göstərən həmyerlimizlə redaksiyamızda görüşüb söhbətləşdik. Səhnə fəaliyyəti yaradıcılıq planları ilə maraqlandıq.
   - Gənclərin əksəriyyəti asan saydıqları daha tez populyarlığa aparan şou-biznesə müraciət edirlər. Siz nəyə görə məhz bu çətin məsuliyyətli sahəni seçdiniz?
   - Azərbaycanda opera-vokal sənətinin güclü köklərə söykənən ənənələri var. Bülbül bu sənəti muğamla uzlaşdıraraq klassik operanı bizə daha da sevdirib. Eləcə Firidun Mehdiyev, Zemfira Zeynalova kimi sənətkarlar mənə bu sənəti sevdiriblər. Məşhur opera müğənnisi Pavarottinin ifasının vurğunu olmuşam. Bütün bunlar sənət seçimimə təsirsiz ötüşməyib.
   - Özünüzü kimin tələbəsi hesab edirsiniz?
   - Bülbül məktəbinin davamçısı Firidun Mehdiyev həm müəllimim, həm həyatda yolgöstərənim olub. Bütün müəllimlərimə minnətdaram ki, bu bəşəri klassik sənəti mənə incəliyinə qədər öyrədib, sevdiriblər. Mən həmişə özümü onlara borclu hesab edəcəyəm. Sənətdə ilk addımlarımı Opera Balet Teatrının səhnəsində atmışam. Baxmayaraq orada əsasən ikinci dərəcəli rolları ifa etmişəm, amma özümü çox xoşbəxt hesab edirəm ki, bu teatrdan pərvazlanmışam. Opera Balet Teatrı mənim sənət məbədimdir. Orada "Koroğlu", "Vaqif", "Natəvan" kimi operalarda çıxış etmişəm.
   
- Sizcə, niyə bu gün opera musiqisini məhdud sayda insan dinləyir? Az-az sənətçilərin bu sahəyə üz tutması operanın digər musiqilərdən daha az sevilməsinə görədir, yoxsa başqa səbəblər var?
   - Müəyyən mənada bu fikirlə razıyam. Amma opera müğənnilərimiz az olsa da, çox səviyyəli sənət nümayiş etdirən səhnə fədailərimiz var. Əli Əsgərov, Şahlar Quliyev, Fidan Hacıyeva, Həsən Ənami başqaları bu qəbildəndir. Sadəcə olaraq, təbliğatdan çox şey asılıdır. Bu gün bəzi televiziya kanalları radiolar tamaşaçının zövqünü korlayan bayağı mahnılar, estrada adlandırdıqlarının, əslində isə ara mahnılarının səsləndirilməsi, dolayısı ilə təbliğilə məşğuldurlar. Acınacaqlı cəhət burasıdır ki, sponsorlar da belələrinə dəstək verir, ciddi sənət onları maraqlandırmır. Opera musiqisini adətən ziyalı təbəqə, incə zövqlü insanlar dinləyirlər. Onların da sayı elə çox deyil.
   - Niyə Azərbaycanda yox, Türkiyədə fəaliyyət göstərməyi qərara aldınız?
   - Azərbaycan tarixən mədəniyyətin yüksək inkişaf etdiyi ölkə olub. Lakin etiraf edək ki, teatrlarımızda məvacibin azlığı sənətçiyə istədiyi sərbəstliyi vermir. Əlbəttə, hər zaman arzulayıram ki, vətənimə qayıdıb, normal yaşayıb, burada fəal yaradıcılıqla məşğul olum. Bir cəhəti unutmaq olmaz ki, sənətkar əsl sənət nümunəsi yaratmaq üçün bütün əlavə qayğılardan azad olmalıdır. Türkiyəyə üz tutmağımın səbəbi 2005-ci ildə qardaş ölkədən aldığım təklif idi. Təklifi dəyərləndirdim orada Beşulduzlu oteldə ansamblla birgə çalışıram. Eyni zamanda yaradıcılıqla məşğul oluram. Türkiyənin "Kanal D" "TRT-1" televiziyaları ilə əməkdaşlıq edirik. Yaxınlarda məşhur televiziya aparıcısı aktyor Sumer Tılmacla bərabər layihə həyata keçirəcəyik.
   - Opera səhnəsində hansı partiyaları ifa etmək istərdiniz?
   - Çox istərdim ki, "Vaqif"də Qacarı, Leonkovallanın "Payatsı" operasında Kanyo obrazını oynayım. Ümid edirəm ki, gələcəkdə arzumu reallaşdıra biləcəyəm.
   

525-ci qəzet.- 2008.- 12 aprel.- S. 32.