Əliyev Q.

 

Azərbaycançılıq ideologiyasının banisi

 

Heydər Əliyev: "Mən fəxr edirəm ki, azərbaycanlıyam"

 

Azərbaycan xalqı qədim tarixə, zəngin mədəniyyətə malikdir. Xəzərin sahillərində yerləşən, Qərblə Şərqin qovuşduğu bir məkan olan Azərbaycan qədim dövrlərdən təkcə tükənməz təbii sərvətlər mənbəyi və neft diyarı kimi yox, həm də böyük tarixi şəxsiyyətlər, elm, mədəniyyət və incəsənət xadimləri yetirən bir məmləkət kimi tanınmışdır. Qədim dövrlərdən başlayaraq bugünümüzə kimi Azərbaycan xalqının gözəl adət-ənənələrini, milli-mənəvi dəyərlərini, etnik psixoloji xüsusiyyətlərini özündə yaşadan və birləşdirən bir baxışlar sistemi kimi azərbaycançılıq ideologiyası yaranmış və formalaşmışdır. Babək, Koroğlu, Qaçaq Nəbi, Mehdi Hüseynzadə kimi qəhrəmanlarımız, Nizami, Füzuli, Nəsimi, Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd Vurğun, Nəsirəddin Tusi, Yusif Məmmədəliyev, Bəhmənyar kimi dahi şair və yazıçılarımız, Cavanşir, Məhəmməd Cahan Pəhləvan, Şah İsmayıl Xətai, Nəriman Nərimanov, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov kimi dövlət xadimlərimiz azərbaycançılıq ideyalarının yaranmasında, formalaşmasında, qorunmasında və yayılmasında mühüm rol oynamışlar.

Azərbaycançılıq ideologiyası XX əsrin ikinci yarısında özünün daha dinamik və yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu, bilavasitə XX əsrin ikinci yarısından başlayaraq dövlət və siyasət səhnəsinə çıxmış, özünün titanik fəaliyyəti ilə dünya siyasətinin korifeylərindən birinə çevrilmiş, zəmanəmizin görkəmli ictimai-siyasi və dövlət xadimi, böyük tarixi şəxsiyyət və dünya azərbaycanlılarının ümummilli lideri olan Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olmuşdur.
1969-cu il iyul ayının 14-də Azərbaycan rəhbəri seçilən Heydər Əliyev sonrakı 34 illik fəaliyyəti dövründə Azərbaycan xalqının və millətinin şanını, şöhrətini, qürurunu
və iftixarını bütün dünyaya tanıtmış və dünyanın ən böyük azərbaycanlısı və dünya azərbaycanlılarının ümummilli lideri adını qazanmışdır.

Dünya şöhrətli siyasətçi olan Heydər Əliyev siyasi həyatın və dövlət qurulucuğunun digər sahələrində olduğu kimi, azərbaycançılıq ideologiyasının formalaşmasında və inkişafında da misilsiz xidmətlər göstərmişdir.

Bəs azərbaycançılıq ideologiyasının formalaşmasında Heydər Əliyevin oynadığı özünəməxsus rol nədən ibarətdir?

İlk növbədə Heydər Əliyevin uzun müddət dövlət idarəçiliyi sistemində fəaliyyət göstərən bir tarixi şəxsiyyət kimi əldə etdiyi nailiyyətlər bütün dünyada "Azərbaycan" və "azərbaycanlı" sözlərinin mahiyyətini, dəyərini və tutumunu xeyli artırmışdır. Heydər Əliyev dünya siyasətində mühüm rol oynayan və o dövrdə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə bərabər səviyyədə götürülən SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində 20 il fəaliyyət göstərdikdən, Azərbaycan DTK-nın sədri olduqdan və həmin sistemdə ilk azərbaycanlı olaraq general-mayor hərbi rütbəsi aldıqdan sonra, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi və 14 il bu ağır vəzifədə işləyərək SSRİ-nin o zaman geridə qalmış aqrar bir respublikası olan Azərbaycanı həmin dövrdə qabaqcıl və inkişaf etmiş bir respublika səviyyəsinə gətirib çıxardıqdan sonra və ən nəhayət, yenə də dünyada ilk azərbaycanlı kimi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü kimi bütün türk-müsəlman dünyasının təmsilçisi olaraq bu mühüm dövlət və partiya postunda Azərbaycan dövlətini və xalqını bütün dünyada tanıdandan və şöhrətini bütün dünyaya yayandan sonra iftixar hissi ilə belə demişdir: "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, azərbaycanlıyam".

Bütün dünyanın nəzərində Azərbaycan xalqı dahi elm, sənət, mədəniyyət xadimləri yetirən bir xalq olmaqla bərabər, həm də böyük siyasətçi və dövlət xadimi yetirə bilən bir xalq imici qazandı. Və o zaman SSRİ-nin bir çox regionlarında azərbaycanlılara adətən qara fəhlə və yaxud bazarda alver edən xalq kimi baxan insanların da baxışlarında köklü dəyişikliklər baş verdi. Heydər Əliyev öz varlığı və siyasi fəaliyyəti ilə bütün dünyada olan azərbaycanlılara hörmət və ehtiram qazandırdı. Onun azərbaycançılıq qarşısında ən böyük xidmətlərindən biri məhz bundan ibarətdir.
Bundan əlavə, Heydər Əliyev azərbaycançılıq ideologiyasının elmi-nəzəri bazasının müasir dövrün tələbləri əsasında formalaşmasında da mühüm rol oynamışdır. Heydər Əliyev demişdir: "Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xalqımızın, dövlətimizin bugünü və gələcəyi ilə bağlı olmalıdır. Bu ideologiya bütün xalqın, dövlətin mənafeyinə uyğun olmalı, müxtəlif sosial təbəqələrin, siyasi partiyaların bir ideya ətrafında birləşməsinə yol açmalıdır".
Başqa sözlə, "kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın" deyərək o, bütün azərbaycanlıları vahid bir ideya ətrafında birləşməyə, milli birliyə çağırırdı.

Heydər Əliyev milli ideologiyamızın əsasını təşkil edən azərbaycançılıq ideologiyasının əsas prinsiplərinin "dövlətçilik" və "milli vətənpərvərlik"dən ibarət olduğunu dəfələrlə vurğulamışdır. Onun söylədiyi "Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir, dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır" fikri hər bir azərbaycanlının qəlbinə hakim kəsilmişdir.
Ümummilli liderimiz Heydər Əliyev müxtəlif yığıncaqlardakı çıxışlarında dəfələrlə vurğulamışdır ki, bizim büt
ün təbliğatımız, bütün dövlət orqanları Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hissləri yaratmalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, o, milli mənafeyi şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun. Heydər Əliyevin söylədiyi bu fikirlər hansısa şairin, yazıçının, alimin və yaxud dövlət işçisinin haradasa söylədiyi fikirlər deyil, bu, ömrünün 50 ildən çoxunu dövlət işində işləmiş və yuxarıda söylənilən prinsipləri öz siyasi fəaliyyətində əsas qanun kimi götürmüş dünya şöhrətli bir şəxsiyyətin həyat fəaliyyətinin əsasını təşkil edən prinsiplərdir. Heydər Əliyevin Vətəni sevməsi adi bir vətəndaşın öz vətənini sevməsi demək deyildir. Bu, bütün ömrünü canından artıq sevdiyi Vətəninə həsr etmiş tarixi bir şəxsiyyətin sevgisidir: "Mən fəxr edirəm ki, azərbaycanlıyam" kəlamı Heydər Əliyevin dilindən səsləndikdən sonra dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da öz milli mənşəyini, azərbaycanlı olduqlarını gizlətmədən, iftixar və qürur hissləri ilə bəyan etməyə başladılar. Dahi rəhbərin "Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir, sarsılmazdır" kəlamı da bu gün bütün dünya azərbaycanlılarının mübarizə simvoluna çevrilib. Heydər Əliyevin milli qeyrətindən və vətənpərvərliyindən qaynaqlanan bu fikir bizim gələcəyə inamımızı artırır, bizi mübarizələrə səsləyir və zaman-zaman da səsləyəcəkdir. Heydər Əliyevin azərbaycançılıq ideologiyasının bütün sahələrinə daxil olan hər bir məsələ ilə əlaqədar fəaliyyətilə bağlı cild-cild kitablar yazılmışdır və bundan sonra da yazılacaqdır.

İlk növbədə Azərbaycan xalqı və milləti ilə bağlı onun göstərdiyi xidmətə nəzər salaq. 70-ci illərə qədər Azərbaycan xalqı əsasən kənd yerlərində yaşayan, kustar əkinçiliklə, qoyunçuluq-maldarlıqla, xırda sənətkarlıqla və ticarətlə məşğul olan bir xalq idi. 70-80-ci illərdə Azərbaycanın bütün şəhər və kəndlərində sistemli və məqsədyönlü şəkildə işə salınan saysız-hesabsız zavod və fabriklər bütün əhalini nizam-intizamlı, bilikli və təhsilli, sənaye əsaslı əməyə cəlb etdi. Respublikamızda nizam-intizam möhkəmləndi, cinayətkarlıq xeyli azaldı və qeyri-sağlam həyat tərzinə imkan və şərait qalmadı. Azərbaycan xalqı keçmiş SSRİ məkanında və dünyada işgüzar, əməksevər xalq imici qazandı. Əhalinin sosial tərkibində köklü dəyişiklik baş verdi. Sənaye müəssisələrində işləyən fəhlələrdən, texniklərdən, mühəndislərdən, ustalardan və s. ibarət böyük sosial qruplar formalaşdı.
Heydər Əliyevin Azərbaycan xalqının təhsillənməsi, maariflənməsi və savadlanması istiqamətində apardığı düşünülmüş siyasəti
təqdirəlayiq idi. Bütün rayonlarımızda və kəndlərimizdə saysız-hesabsız məktəblər, uşaq bağçaları, klub və mədəniyyət evləri, kinoteatrlar, kitabxanalar və s. kimi mədəni-maarif müəssisələri və ictimai-iaşə obyektləri tikildi. Azərbaycan xalqının böyük bir hissəsini təşkil edən əmək adamlarının, fəhlə və kəndlilərin balaları yüksək səviyyədə orta təhsil alaraq Heydər Əliyevin birbaşa rəhbərliyi, qayğısı və nəzarəti, "Qoy ədalət zəfər çalsın" devizi altında apardığı siyasətin nəticəsində ali məktəblərə qəbul olundular. Təkcə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ali məktəblərinə seçilib göndərilməsi (hər il 800-900-a qədər ən savadlı, qabiliyyətli azərbaycanlı gənclər yola salınırdı) siyasəti ilə onun azərbaycançılığa etdiyi xidməti heç nə ilə ölçmək olmaz. Bu gün həmin gənclər həm müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda, həm də bütün dünyaya səpələnərək bir çox sahələrdə böyük fəaliyyət göstərirlər. Azərbaycanlı neftçi ailələrinin Qərbi Sibirə, Tümenə və keçmiş SSRİ-nin digər müxtəlif regionlarına göndərilməsinin arxasında da böyük siyasət dayanırdı. Bu siyasət özlüyündə dünyada Azərbaycan diasporunun yaranmasında və formalaşmasında mühüm rol oynamışdır.
Sovetlər Birliyi tərkibində olduğumuz zamanlarda Azərbaycan şampan şərabının sədası Fransa sərgilərindən, Ağdam, Şamaxı çaxırlarının, Tovuz, Göyçay, Kəpəz, Gəncə konyaklarının şöhrəti Kremldən gəlir, SSRİ elitasının süfrəsini bəzəyirdi.
SSRİ Xalq təsərrüfatı malları sərgisində hər il yüzlərlə növ məhsul Azərbaycan emblemi ilə nümayiş etdirilirdi. Azərbaycan əməkçiləri 12 il dalbadal Ümumittifaq sosializm yarışının qalibi kimi bütün dünyada əməksevər xalq imici qazanmışdı. Hər il SSRİ iqtisadiyyatına 200-dən artıq sənaye məhsulları göndərilirdi. Azərbaycan üzümçülərinin, pambıqçılarının, tütünçülərinin, meyvə-tərəvəzçilərinin şöhrəti bütün dünyaya yayılırdı. SSRİ dağıldıqdan sonra biz keçmiş SSRİ miqyasında bir çox sahələrdə, o cümlədən də neft maşınqayırması sahəsində olan mövqelərimizi itirdik. Sovet İttifaqının müxtəlif ərazilərində, Qərbi Sibir, Tümen, Uzaq Şərq kimi neft-qaz rayonlarında əsas neft qazma-kəşfiyyat işlərini aparmış, Azərbaycanın neftçi alimləri, eləcə də Xəzər dənizinin Türkmənistan, Qazaxıstan və Rusiya sektorlarında aşkar edilən bütün neft və qaz yataqlarını Azərbaycan neftçi alimləri, geoloqları, fəhlələri aşkar etmişdilər. Azərbaycan neft maşınqayırması məhsulları ilə bütün SSRİ məkanını təmin edirdi. Azərbaycan Neft və Kimya Akademiyası bütün SSRİ-ni, Afrikanı, Yaxın və Orta Şərq ölkələrini neftçi alim və mütəxəssislərlə təmin edirdi. Həmin institutun yetirməsi Eduard Duş Santuş Həbəşistan Respublikasının Prezidenti seçilmişdi.
SSRİ-nin dağılması ilə sadalanan nailiyyətlərin bir çoxunu Azərbaycan Respublikası itirdi, bu, özlüyündə xarici dövlətlərlə respublikamızın iqtisadi, siyasi və mənəvi əlaqələrinin zəifləməsinə və beynəlxalq aləmdən təcrid olunmasına gətirib çıxardı. Azərbaycan Respublikası 1988-1993-cü illərdə beynəlxalq aləmdə ancaq ərazisində müharibə gedən, qeyri-stabil inkişaf edən, iqtisadiyyatı geriləyən və tənəzzül edən bir respublika imici qazandı.
1993-cü il 15 iyunda ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə bütün bu geriləmələrə son qoyuldu. İlk öncə Azərbaycan neftinin əvvəlki şöhrətini qaytarmaq, onun zəngin neft və qaz ehtiyatlarına dünyanın aparıcı dövlətlərini və şirkətlərini cəlb etmək xətti götürüldü. 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi"ndə dünyanın 8 qabaqcıl ölkəsinə məxsus olan 11 transmilli şirkət iştirak edirdi. Daha sonra qısa zaman kəsiyində dünyanın 15 aparıcı ölkəsinə məxsus olan 33 şirkəti ilə 20-dən artıq beynəlxalq əhəmiyyətli neft müqavilələri bağlandı ki, bu müqavilələrin nəticəsində 30 il müddətinə Azərbaycan neft sənayesinə 100 milyard ABŞ dollarından artıq vəsait qoyulması və 4 milyard tondan çox neft çıxarılması nəzərdə tutulurdu.
Ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti nəticəsində hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsi nəticəsində qısa müddət ərzində Bakı-Novorossiysk və Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri çəkilmişdir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Batumi-Qars dəmir yolunun, Yeni İpək yolunun çəkilişinə başlanması ilə Azərbaycan dünyanın nəzərində yenidən öz tarixi şöhrətini bərpa etdi. Bu gün Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətlərinin cərgəsində özünə yer almışdır. Azərbaycan neftinin şan-şöhrəti bərpa olunmuş, onun qeyri-rəsmi pasportu rolunu oynayan "Odlar yurdu" "neft ölkəsi" adı ilə yenidən dünyanın nəzərini cəlb etmişdir. Bir sözlə, ümummilli liderimiz Heydər Əliyevin yeni neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan yenidən dünyada tanınmış və məşhurlaşmışdır.
Ümummilli liderimiz müasir dünyada idmanın oynadığı rolu düzgün dəyərləndirərək Azərbaycan idmanının dirçəlməsi, ölkəmizdə olimpiya hərəkatının başlaması üçün də təxirəsalınmaz tədbirlər görülməsinin vacibliyini vurğulayaraq demişdir: "İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur".
Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçilmiş, nəticədə qısa zaman ərzində Azərbaycanda idman və olimpiya hərəkatı böyük vüsət almış, dünya idmanı sırasında layiqli yer tutmuşdur. Azərbaycan 2013-cü ildə Beynəlxalq Yay Olimpiya Oyunlarına ev sahibi olmaq təşəbbüsü ilə çıxış etmişdir. Artıq bunun üçün hər cür şərait var. Əgər bu, baş tutarsa, Azərbaycan Respublikasının dünyada nüfuzunun nə qədər artacağını təsəvvür etmək çətin deyil.
Heydər Əliyevin azərbaycançılıq ideologiyası qarşısında xidmətlərindən biri də keçmiş SSRİ-nin Moskva, Sankt-Peterburq, Ulyanovsk, Rostov, Taqanroq kimi şəhər və vilayətlərində Azərbaycanla bağlı abidələr qoyulması, elm və incəsənət xadimlərinin yubileylərinin keçirilməsi, Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarına heykəllərin qoyulması, küçə və meydanlara adların verilməsi sahəsində göstərdiyi xidmətdir. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov.İKP MK Siyasi Bürosu üzvü kimi Moskvada fəaliyyət göstərərkən Nizami Gəncəvinin "Xəmsə"sinin Moskvada çap edilməsi, Qara Qarayevin SSRİ Bəstəkarlar İttifaqının katibi, Tahir Salahovun SSRİ Rəssamlar İttifaqının birinci katibi kimi fəaliyyəti, Fikrət Əmirovun "Min bir gecə" baletinin bütün İttifaq televiziyası ilə göstərilməsi, "Nizami", "Dədə Qorqud", "Babək", "Nəsimi" və digər milli ruhlu tarixi bədii filmlərin SSRİ ekranlarına çıxması, xarici ölkələrə səfərlər zamanı azərbaycanlıların da nümayəndə heyətlərinin tərkibinə daxil edilməsi Heydər Əliyevin bu ideologiya sahəsində göstərdiyi xidmətlər sırasındadır.
Müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən Heydər Əliyevin təşkilatçılığı ilə Bakıda Məhəmməd Füzulinin 500 illiyinin, "Dədə Qorqud" dastanının 1300 illiyinin dünya səviyyəsində qeyd olunması, dünya şöhrətli musiqiçi M.Rostropoviçin Azərbaycana dəvət olunub dəfələrlə konsertlərinin təşkil edilməsi, xarici səfərlərdə dünyanın Vaşinqton, Paris, London, Tokio, Roma, Moskva və s. böyük şəhərlərində neft müqavilələrinin imzalanmasıyla dünyanın diqqətini Azərbaycana yönəltməsi onun azərbaycançılıq ideologiyasına verdiyi layiqli xidmət nümunələridir. Heydər Əliyev Siyasi Büro üzvü kimi Moskvada fəaliyyət göstərərkən Azərbaycan mədəniyyəti ilə bağlı tədbirləri tez-tez təşkil edir, özü şəxsən həmin tədbirlərdə digər dövlət xadimləri ilə bərabər iştirak edir, tabeliyində olan qurumların rəhbərlərini də bu işə şəxsən cəlb edirdi. Bu onun milli vətənpərvərlik hisslərinin yüksək olmasından, öz xalqına və millətinə nə qədər bağlı olmasından xəbər verirdi.
Azərbaycan dilinin dövlət dili statusu alması, onun bir ünsiyyət vasitəsi kimi bugünkü səviyyədə inkişaf etməsi, qrammatik elmi əsaslarının yaradılması, latın qrafikinə keçilməsi məsələləri də Heydər Əliyevin birbaşa xidməti sayəsində mümkün olmuşdur.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi sovet hakimiyyəti dövründə o, qədim tarixi adlarımızın, milli ziyalılarımızın qorunub-saxlanmasında mühüm xidmətlər göstərmişdir. O zaman Heydər Əliyevin təşəbbüsü ilə Kirovabadın bir hissəsində Yeni Gəncə qəsəbəsi salındı. Şəhərin köhnə hissəsi iki inzibati rayona bölündü. Şəhərin qədim hissəsi olan bir rayona Kəpəz adı, digər bir rayona isə Nizami adı verildi.
Milli ziyalılarımızın qorunması sahəsində Heydər Əliyevin göstərdiyi xidmətlər Azərbaycanda milli oyanışın baş verməsinə, milli ruhun dirçəlməsinə səbəb olurdu. Heydər Əliyev uzaqgörənliklə sanki SSRİ-nin yaxın gələcəkdə dağılacağını görürmüş kimi ziyalılarımızı hər cür təzyiqlərdən məharətlə qoruyurdu. Bir zaman "Gülüstan" poemasını yazan Bəxtiyar Vahabzadə dövlət mükafatı alaraq Azərbaycanın xalq deputatı seçilməklə toxunulmazlıq statusu qazandı. Ziya Bünyadov Azərbaycanın Rusiya tərkibinə daxil olmasının 150 illiyi tamam olarkən müstəmləkəyə çevrildiyimiz tarixi özümüzə bayram etdirərək guya Azərbaycanın çar Rusiyası tərkibinə könüllü daxil olduğunu yazan alimlərə cavab olaraq bildirmişdi ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü deyil, zorakılıqla daxil edilmişdi, daha doğrusu, çar Rusiyası Azərbaycanı işğal etmişdi. Həmin dövrdə Ziya Bünyadov da məhz Heydər Əliyevin qayğısı sayəsində dövlət mükafatı almışdı. 70-80-ci illərdə keçmiş SSRİ rəhbərlərindən heç biri milli məsələyə, milli hisslərə Heydər Əliyev qədər dərin bələd olmamış və diqqət göstərməmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı və dövləti, eləcə də azərbaycançılıq ideologiyası qarşısında göstərdiyi çox mühüm əhəmiyyətli məsələlərdən biri də Azərbaycan diasporunun inkişaf etdirilməsi və təşkilatlandırılması olmuşdur. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş, on illərlə başqa millət və xalqların içərisində yaşayaraq öz milli-mənəvi dəyərlərinə yadırğamış olan dilini, dinini, adət-ənənələrimizi unutmaq dərəcəsinə gələn minlərlə soydaşımızın yenidən bir araya gəlməsi üçün Heydər Əliyev kimi dünyada tanınan şəxsiyyətə ehtiyac var idi.
Maraqlıdır ki, xaricə axının statistikasına görə XX əsrin 60-70-ci illərinə qədər Azərbaycan Respublikası və azərbaycanlılar aşağı yerlərdən birini tuturdular. Buna səbəb kimi azərbaycanlıların öz vətəninə, torpağa, əkin-biçinə bağlılığını, habelə həmin dövrdə Azərbaycanın əsasən geridə qalmış aqrar kənd təsərrüfatı ölkəsi olmasını, azərbaycanlıların isə təhsil səviyyəsinin aşağı olmasını, rus və başqa Avropa dillərini zəif bilmələrini göstərmək olar. Məhz 70-80-ci illərdə Azərbaycan Respublikasının coşqun sosial-iqtisadi inkişaf sürəti götürməsi, ölkədə sənayeləşmənin, aqrar-sənaye komplekslərinin inkişaf etdirilməsi və hər il minə qədər ən savadlı Azərbaycan gəncinin SSRİ-nin qabaqcıl təhsil mərkəzlərinə oxumağa göndərilməsi nəticəsində bütün SSRİ məkanında güclü Azərbaycan diasporunun təşkilatlanması və inkişafı üçün zəmin yarandı.
Eyni zamanda məhz Heydər Əliyevin birbaşa rəhbərliyi və qayğısı sayəsində Azərbaycanda 70-80-ci illərdə milli özünüdərkin yüksəlişi başlandı. Yazıçı və şairlərin əsərlərində, milli ruha, millət və xalq anlayışlarına, Azərbaycan dili ilə bağlı məsələlərə önəm verildi. Heydər Əliyevin hakimiyyətinin sovet dövründə dünya azərbaycanlılarının təşkilatlanması, onlarla Azərbaycan arasında əlaqələrin qurulması istiqamətində xeyli iş görüldü.
Xaricdə yaşayan həmvətənlərimizlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin yaradılması həmvətənlərimizin birliyinə xidmət edən mühüm bir addım idi.
Məhz bütün bunların nəticəsində 80-ci illərin sonlarında SSRİ-nin dağılması ərəfəsində Azərbaycan xalqının yüksək milli-azadlıq ruhu özünü qabarıq şəkildə büruzə verdi. 1989-cu ilin 31 dekabr günündə o taylı-bu taylı azərbaycanlılar Azərbaycan-İran və Azərbaycan-Türkiyə sərhədi boyunca uzanan tikanlı məftilləri söküb bir xalqın ikiyə bölünməsinə etiraz edərək öz həmrəyliklərini bildirdilər. Bu, Azərbaycan tarixində ən əhəmiyyətli hadisələrdən biri idi. Azərbaycanlıların nümayiş etdirdikləri bu milli həmrəylik dünyanı lərzəyə saldı.
1991-ci il dekabr ayının 16-da o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən Heydər Əliyev 31 dekabr gününün Azərbaycan tarixinə milli həmrəylik günü kimi daxil olmasının təşəbbüskarına çevrildi. Naxçıvan MR Ali Məclisinin sessiyasında Heydər Əliyevin təşəbbüsü əsasında milli həmrəylik və birlik gününün təsis olunması ilə bağlı qərar qəbul edildi. Qərarda deyilirdi: "Çoxəsrlik zəngin tarixə malik olan Azərbaycan öz inkişafının müxtəlif mərhələlərində dəfələrlə xarici istilaya məruz qalmış, onun torpaqları zəbt edilmiş və parçalanmış, dövlət müstəqilliyi və suverenliyi əlindən alınmışdır..."
Qərarda göstərilirdi ki, Naxçıvanda təşkil olunan "Sərhəd hərəkatı" Azərbaycanın ikiyə bölündüyü 150 ildən artıq bir dövr ərzində ilk dəfə olaraq Arazın o tayında, bu tayında olan həmvətənlərin ünsiyyətini yaratdı. 1989-cu il dekabrın 31-i dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi. Odur ki, 31 dekabr gününün hər il geniş qeyd edilməsi təklifi irəli sürüldü.
Müstəqillik dövründə Heydər Əliyev azərbaycançılığın bayraqdarı olmuş, müstəqil dövlətimizin simvolu olan üçrəngli bayrağımızı BMT-nin, Avropa Şurasının və digər beynəlxalq təşkilatların və dövlətlərin ən görkəmli yerlərində qaldırmış və Azərbaycanın himnini dəfələrlə səsləndirmişdir. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında sivil, hüquqi, demokratik, dünyəvi bir respublika kimi tanınır və böyük perspektivlərə malik bir ölkə kimi qəbul edilir.
Müstəqil Azərbaycan Respublikasının Prezidenti olduqdan sonra artıq daha böyük səlahiyyətləri olan Heydər Əliyev xaricdə məskunlaşmış soydaşlarımızla əlaqələri dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Dünya azərbaycanlılarının əsl həmrəyliyinin yaradılması yolunda 1997-ci il dekabrın 27-də Respublika sarayında keçirilən toplantı əsas addımlardan biri oldu. Həmin toplantıda ümummilli liderimizin dərin məzmunlu çıxışında deyilirdi: "Biz - bu torpaqda yaşayan azərbaycanlılar başqa ölkələrdə yaşayan soydaşlarımız haqqında həmişə düşünmüşük, onlarla əlaqə yaratmaq istəmişik və onlarla həmrəyliyimizi bildirməyə çalışmışıq... Bugünkü müstəqil Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının dayağıdır və bütün dünya azərbaycanlıları üçün örnəkdir...
Azərbaycan xalqı, Azərbaycan milləti yaşayıb, yaşayır və yaşayacaqdır!"
Heydər Əliyev dünya azərbaycanlılarının tarixi Vətənlə hərtərəfli münasibətini, milli özünəməxsusluğunu qorumağı, diasporlararası əlaqələri genişləndirməyi və xaricdə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsini çox önəmli hesab edirdi. 2001-ci ilin 9-10 noyabrında Dünya azərbaycanlılarının Bakıda keçirilmiş I qurultayı dünya azərbaycanlılarının vahid ideya - azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməsi yolunda əhəmiyyətli bir addım oldu.
2002-ci ilin 5 iyulunda Prezident Heydər Əliyevin fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması Azərbaycan diasporunun formalaşmasında və təşkilatlanmasında müstəsna əhəmiyyət kəsb etdi. Komitə qısa müddət ərzində dünya azərbaycanlılarının həmrəyliyinə, soydaşlarımızın mənəvi birliyinin yaradılmasına əhəmiyyətli təkan verdi.
Azərbaycan Prezidentinin və Azərbaycan dövlətinin dünya azərbaycanlılarının həmrəyliyini öz siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsinin daha bir bariz nümunəsi Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı ictimai-siyasi şöbəsinin nəzdində xaricdə yaşayan azərbaycanlılarla iş üzrə sektorun yaranmasıdır. Bu qurum Azərbaycan diasporunun inkişafına dövlət qayğısını nümayiş etdirən növbəti addımdır.
2002-ci il dekabr ayının 27-də Heydər Əliyev Azərbaycan diasporunun tam formalaşması və təşkilatlanması yolunda növbəti bir əhəmiyyətli addım atdı. "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu qanun xarici ölkələrdə yaşayan soydaşlarımız qarşısında çox geniş perspektivlər açdı və onların Azərbaycanın mənafeyi ətrafında daha sıx birləşməsinə şərait yaratdı.
Ümummilli liderimiz Heydər Əliyevin başladığı bu nəcib işi indi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Azərbaycan diasporunun inkişafı və möhkəmlənməsi müasir dövrümüzdə də öz aktuallığını saxlayan əsas məsələlərdən biridir. Prezident İlham Əliyev Rusiya, Qazaxıstan, Türkiyə, Ukrayna, Gürcüstan, Moldova, Özbəkistan və digər ölkələrə səfərləri zamanı Azərbaycan diasporunun üzvləri ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diasporunun əldə etdiyi mühüm əhəmiyyətli nailiyyətlərin sırasında 2004-cü ilin oktyabrında Moskvada Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə keçirilən Ümumrusiya Azərbaycanlıları Konqresinin II qurultayını, 2006-cı il mart ayının 16-da Bakıda keçirilən Dünya azərbaycanlılarının II qurultayını və 2007-ci il noyabr ayının 17-19-da yenə Bakıda keçirilən Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayını qeyd etmək olar.
2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya azərbaycanlılarının I qurultayında Heydər Əliyev bəyan etdi: "Dünyada yaşayan bütün azərbaycanlıların bir Vətəni vardır, o da Azərbaycandır". O, bütün dünyada yaşayan 50 milyondan çox azərbaycanlını vahid ideya ətrafında birləşərək milli birliyə çağırdı. "Azərbaycan xalqı qəhrəman xalqdır. Biz ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik. Xalqımız çoxəsrlik tarixində milli mənliyini, Vətənini qoruyub-saxlamağa qadir olduğunu dəfələrlə sübut edibdir" deyən Heydər Əliyevin ən böyük arzusu, niyyəti və məqsədi Dağlıq Qarabağ problemini həll etmək, Azərbaycanın işğal olunmuş ərazilərini işğaldan azad etmək idi. O, dəfələrlə vurğulamışdı ki, "biz nəyin bahasına olursa-olsun, lazım gələrsə son damla qanımıza qədər vuruşaraq torpaqlarımızı azad edəcəyik".
Tale imkan versəydi, Heydər Əliyev, şübhəsiz ki, həlli yollarını aydın gördüyü bu problemi də Azərbaycanın ərazi bütövlüyünün qorunub-saxlanması şərtilə həll edəcək, tarixi torpaqlarımızı erməni işğalından azad edəcəkdi. Əfsus ki, bu tarixi missiya ümummilli liderimiz Heydər Əliyevə nəsib olmadı. Lakin müdrik dövlət xadimi Dağlıq Qarabağ probleminin və Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün bütün siyasi, iqtisadi, hərbi və mənəvi bazanı yaratmışdır. Onun müəyyən etdiyi düzgün xarici siyasət və bünövrəsini qoyduğu, qurub-yaratdığı güclü Azərbaycan Respublikasının bu gün dünyada olan nüfuzu, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin Prezident olduğu müddətdə atdığı uğurlu addımlar bu ümummilli problemin də tezliklə həll olunacağını deməyə və azərbaycanlıların milli qürurunun tapdalanmayacağına inam yaradır. Heydər Əliyev təsadüfən söyləməmişdir: "...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Azərbaycan.- 2008.- 11 aprel.- S. 3.