Mirzəliyev C.
Azərbaycan Teatrı – 135
İstedad üstəgəl
zəhmət
O, səhnədə
oynamaq üçün təkcə öz fitri
bacarığından istifadə etmir, həm də aktyorluq
sənətinin texnikasına yiyələnir, öz
bədəninə, səsinə, mimikasına hakim
olmağı öyrənir. Əlbəttə, bunsuz rolun daxili
zənginliyini açıb göstərmək mümkün
deyildir. O, öz yaradıcılığında həyəcan,
emosionallıq, təxəyyül, intonasiya zənginliyi, ilham,
improvizə və təcəssüm etdirmək qabiliyyətini
cəmləşdirir. O, həm də öz qəlbi və
hissləri ilə tamaşaçıları düşünməyə
vadar edir.
Haqqında söz açmaq istədiyimiz Xasıyev Nadir Şənbə oğlu 1961-ci il dekabrın 21-də Ağsu rayonunun Keşdiməz kəndində doğulub. 1969-cu il sentyabrın 1-də əlinə çanta alıb dərsə getdiyi gün elə bil dünən olubmuş. Teatr sənətinə, musiqiyə həvəs onda nə vaxt yaranıb; keçən əsrin 60-cı illərindən bəri ömrünün səhifələrini xəyalından keçirir. 7-8 yaşı olanda özünə qoyun dərisindən saqqal düzəltdiyi, başına motal papaq qoyub əlinə əsa götürdüyü din xadimi, kənd ağsaqqalı babası İzzətulla kişinin obrazını yaratdığı günləri xatırlayır. Onu da xatırlayır ki, bu "səhnə quruluşuna" görə atasının sərt baxışları ilə qarşılaşmışdı.
Nadir bu məzəmmətdən sonra "səhnəsini" anasının təndirxanasına köçürdü. O, burada ən çox sevdiyi "Gözəlim sənsən" xalq mahnısını təkrar-təkrar oxuyardı. Məhəllə uşaqları, qonum-qonşular onu həvəslə dinləyərdilər. O vaxt Nadirin konsert tamaşaları sanki onu böyük səhnəyə doğru aparırdı.
Keçən əsrin 70-ci illəri Azərbaycan kinosu və teatrı üçün yeni bir dövr idi, inkişaf dövrü. Həmin illərdə Ağsuda böyüyüb boya-başa çatan Səməndər Rzayev, Rasim Balayev, Mikayıl Mirzəyev kimi gənc istedadların nümunəsi uşaq yaşlarından incəsənətə böyük maraq göstərən Nadirə də bir təkan oldu. O, 1979-cu ildə - Ağsu rayonundakı Bico kənd orta məktəbini bitirdikdən sonra sənədlərini M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun musiqili komediya aktyorluğu şöbəsinə verdi. Böyük sənətkarlar Lütfüyar İmanov, Rəhilə Cabbarova və başqaları onu imtahana çəkdilər. Nadir o biri imtahanları da müvəffəqiyyətlə verdi, çoxdan bəri arzusunda olduğu məqsədinə çatdı, tələbə oldu.
1981-ci ildə Opera və Balet Teatrında mimans aktyoru kimi fəaliyyətə başladı. Tələbə gənc üçün bu böyük etimad, böyük sənətə doğru atılan uğurlu addım idi. O, 1982-ci ildə artıq teatrın xorunda çalışırdı. O vaxt teatrın direktoru işləyən xalq artisti, professor Azər Rzayev Nadirin gələcəyinə inanır, ona xüsusi qayğı ilə yanaşırdı.
Nadir Xasıyev hələ tələbəlik illərində "Arşın mal alan" operettasında Əsgər obrazını və obrazın vokal partiyasını, sonra S.Ələsgərovun "Ulduz" tamaşasında Möhsün obrazını uğurla ifa etmişdi. Bu tamaşaya baxan SSRİ xalq artisti Mehdi Məmmədov demişdi:
- Möhsünü oynayan oğlan çalışsa gələcəkdə yaxşı aktyor ola bilər.
Gənc aktyor Nadir Xasıyev 1984-cü ildə institutu bitirdikdən sonra həyatını Opera və Balet Teatrı ilə bağlamaq istəsə də, şəhərdə daimi qeydiyyatda olmadığı üçün buna nail ola bilmədi. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına dram aktyoru kimi işləməyə göndərildi. Bir müddətdən sonra hərbi xidmətə çağırıldı. Hərbi hissədən qayıdıb yenidən əvvəlki iş yerində fəaliyyətini davam etdirdi. Sumqayıt teatrındakı 10 illik səhnə fəaliyyəti onun üçün bir məktəb oldu.
SSRİ xalq artistləri Lütfiyar İmanov, Xuraman Qasımova, Fidan Qasımova və başqa böyük sənətkarlarla bir səhnədə olmaq, müxtəlif rollarda məharətlə çıxış etmək gənc aktyoru daha da ruhlandırdı.
S.S.Axuhdovun
"Tamahkar" əsərində
İmran, C.Məmmədquluzadənin
"Ölülər" tamaşasında
İsgəndər, N.Hikmətin "Bayramın birinci
günü" tamaşasında Camal, "Qınamayın
məni" tamaşasında Sərkar və başqa
obrazları uğurla ifa etdi.
Ölməz bəstəkarımız S.Ələsgərovun "Subaylarınızdan görəsiniz" tamaşası gənc aktyorun sənət-səhnə həyatında dönüş yaratdı. 1992-ci ildə bu tamaşanın premyerasında iştirak edən S.Ələsgərov axırda Nadiri bağrına basıb dedi:
- Mən bilməzdim ki, Sumqayıt teatrında mənim əsərimi ifa edən belə bir səs var. Oğlum, sənin səs imkanların da, aktyorluq qabiliyyətin də, səhnə görkəmin də mənim çox xoşuma gəldi. Sənə məsləhət görürəm ki, bundan sonrakı səhnə fəaliyyətini Musiqili Komediya Teatrında davam etdirəsən. Sənin yerin ordadır. Teatrın direktoru Qəzənfər Topçiyevə deyərəm. Yaxşı olar ki, Musiqili Komediya Teatrında işləməklə bərabər, həm də konservatoriyada da təhsil alasan...
Süleyman müəllimin dedikləri əvvəlcə gənc aktyora əlçatmaz zirvə kimi göründü. Ancaq o, bu zirvəni öz istedadı və zəhməti ilə fəth edə bildi. Musiqili Komediya Teatrına gedib Qəzənfər Topçiyevin qəbulunda oldu. Bir neçə gündən sonra bədii şura qarşısında bir neçə vokal əsəri ifa etdi. Sorğu-sual yaxşı keçdi, Süleyman müəllimin təklifi nəzərə alındı.
Beləliklə, Nadir Xasıyev 1993-cü ilin aprel ayında Musiqili Komediya Teatrının solisti oldu. Burada Süleyman müəllimin iki əsərində baş qəhrəman obrazlarını ifa etdi. "Özümüz bilərik"də Zəfər, "Subaylarınızdan görəsiniz"də Fəqan obrazlarını. 1994-cü ildə Nadir Xasıyev Musiqi Akademiyasında təhsil almaq istəyini şöhrətli müğənni, vokal kafedrasının müdiri Xuraman xanım Qasımovaya bildirdi. Xuraman xanım onu dinlədikdən sonra:
- Gözəl səs tembrin, geniş səs diapozonun var. Mən razı qaldım. Ancaq kafedra əməkdaşları qarşısında da imtahandan keçməlisən.
Nadir Xasıyev imtahandan da uğurla keçdi, Musiqi Akademiyasının vokal şöbəsinə qəbul olundu. O, burada dünya klassiklərinin bir çox əsərlərini konservatoriyanın böyük konsert zalında ifa etdi. 1998-ci ildə Nadir Musiqi Akademiyasını opera müğənnisi ixtisası üzrə bitirdi. Burada təhsil illərində teatrda da fəaliyyətini davam etdirdi.
"Qızıl toy"da Azər, "Hələlik"də Mürsəl, "Qızılgül"də Etibar, "Hərənin öz ulduzu"nda Qan Əlibala, "O olmasın, bu olsun"da Sərvər, "Nəğməli könül"də Ramazan, "Məhəbbət oyunu"nda Camal, “On min dollarlıq keyf”də Dayıoğlu, “Səhnədə məhəbbət”də Rüstəm, "Qısqanc ürəklər"də doktor Emil, "Milyonçunun dilənçi oğlu"nda milyonçu Senator, "Aldın payını, çağır dayını" tamaşasında tərs Tahir və başqa obrazları məharətlə oynadı.
İstedadlı sənətkar Nadir Xasıyevin səhnə taleyinə - Hacıbaba Bağırov, Səyavuş Aslan, Afaq Bəşirqızı, İlham Namiq Kamal kimi böyük sənətkarlarla tərəf-müqabil olmaq qismət oldu.
...Nadir Xasıyevin övladları onun sənət yolunu davam etdirirlər. Böyük oğlu Səməd Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Hazırda atası ilə birlikdə Musiqili Komediya Teatrında çalışır. Kiçik oğlu Elay həmin universitetin musiqili teatr aktyorluğu şöbəsinin birinci kursunda təhsil alır.
Tanınmış
aktyor Nadir Xasıyev deyir:
- 25 ildən çoxdur ki, professional teatr səhnəsindəyəm. Düşünürəm ki, daha qüdrətli, daha zəngin, daha sanballı səhnə obrazlarım
hələ qabaqdadır.
Onu da deyim
ki, uğurlu obrazlar yaratmaq üçün aktyordan istedadla yanaşı, həm
də gərgin zəhmət, gərgin məşqlər tələb
olunar. Bu məşqlərin
sayəsində rəngarəng
insan xarakterləri yaratmaq mümkündür.
Mən də buna çalışıram.
Mədəniyyət.- 2008.- 3 aprel.-
S. 12.