Sarıyeva İ.
90 yaş – Nəsibə
Zeynalovasız
«Mən özümü
dünyanın ən xoşbəxt qadını hesab
edirəm, çünki mənim Azərbaycan dolusu oğlum
və qızım var». Bu fikir Azərbaycan xalq artisti,
dövlət mükafatı laureatı, «İstiqlal» ordenli,
görkəmli səhnə ustadı Nəsibə Zeynalovaya
məxsusdur. Nəsibə Zeynalova tamaşaçıları
güldürmək xatirinə çıxmırdı
səhnəyə.
O, ifasını, gülüşü, alqışı tamaşaçı ixtiyarına buraxırdı... Tamaşaçıları isə onu həm sevdi, həm əzizlədi, həm də onu əbədi olaraq yaddaşına həkk etdi. Hər birimizin ürəyində bir yer var, Nəsibə Zeynalovaya məxsusdur bu yer. Burada hər zaman bahardır - qışda da, payızda da bu gülşən solmur. Bu baharı nə təbiətin tufanları, nə də zamanın, tarixin acı küləkləri xəzana çevirə bilər.
Nəsibə Zeynalovanın
90 yaşı tamam oldu...
Şıxəli Qurbanov
adına Musiqili Komediya Teatrında - doğma evində ad
günü keçirdilər Nəsibə xanıma. 90 illik
yubileyi münasibətilə düzənlənən gecə
adına, sənətinə layiq olmasa da, tədbirin onun 60
ildən artıq fəaliyyət göstərdiyi,
səhnəsində ruhu dolaşan, hələ də
dəhlizlərində ayaq səsləri eşidilən Musiqili
Komediya Teatrında keçirilməsi, bəlkə də, onun
ruhuna rahatlıq verdi.
O, bu səhnədə
«Qaynana», «Ürək çalanlar», «Kəndimizin
mahnısı», «Hacıkərimin aya səyahəti»,
«Axırı yaxşı olar», «Beş manatlıq gəlin»,
«Şirin arzular», «Hicran» və s. tamaşalarda maraqlı, unudulmaz,
xatirələrə köçən obrazlar silsiləsi
yaradıb.
Tədbir öncəsi
tanınmış teatrşünas, professor İlham
Rəhimliyə yanaşdıq və ona «İIham
müəllim, Siz Nəsibə Zeynalova sənəti haqda
çoxlu sayda yazılar yazmısınız, onunla
ünsiyyətdə olmusunuz. Nəsibə xanımın
həyatının elə bir anı, məqamı olubmu ki, tamaşaçılar
üçün hələlik sirr olaraq qalır»
sualını verdik. İ.Rəhimli sualımızı
belə cavablandırdı: «Nəsibə xanımın
heç bir tərəfi tamaşaçılar
üçün sirr olaraq qalmadı. Ancaq
bu dünyadan bir az ürəyi
nisgilli getdi. Onun 80 illik yubileyi
keçirilmədi və
bu da ona
çox pis təsir etdi, ürəyinə toxundu. Mən onda iki
məqalə yazdım.
Məqələlərdən biri «Nə yaxşı
ki, Nəsibəmiz vardı» adlanırdı. Yazıdan sonra mənə zəng vurdu. Açığı,
birinci dəfə idi ki, Nəsibə
xanımın kövrəldiyini
görürdüm. Onun
kövrəlməsinin səbəbini
bilmədim. Mən Azərbaycan teatrında qadın aklrisaların içində Nəsibə
xanım kimi ikinci aktrisa tanımıram ki, sevilsin, şöhrət qazansın və əbədi olaraq zirvədə qalsın. O,
sənətə dramatik
aktrisa kimi gəlib. Şillerin «Qaçaqlar» faciəsində
oynayıb. Sonradan
1938-ci ildə Musiqili Komediya Teatrı yaradıldı, 1949-cu ildə
isə bağlandı. Qəribədir,
teatr bağlandıqdan sonra, hətta «Nizami» yay kinoteatrında
kassada bilet satmalı olanda da, heç zaman Nəsibə
xanım nikbinliyini itirməyib. Bu fakt onun
tərcümeyi-halında var. Nəsibə xanımdan
yazarkən buna ötəri toxunmuşam».
«Sən də mənə Molla İlham olacaqsan?»...
«Nəsibə xanımın elə gözəl yol yoldaşlığı vardı. Elə həssas adam idi, elə gözəl zarafatları vardı. Zarafatları elə tuturdu ki... Mənim tənqid yazan vaxtlarım idi, çox tənqid yazırdım. Bir dəfə Musiqili Komediya Teatrına gəldim, «Qaynana» tamaşası gedirdi. Direktorun lojasını açdırdım və pərdənin arxasında oturdum ki, məni aktyorlardan heç kəs görməsin, görüm necə oynayırlar. Səhnənin quruluşu elədir ki, oradan zalı görmək çox çətindir. Tamaşanın qızğın yerində bir də gördüm ki, Nəsibə xanım üzünü lojaya tutdu «sən də mənə molla İlham olacaqsan? Başını soxub pərdənin dalına, elə bilir ki, mənim xəbərim yoxdur» deyə pyesin içində improvizə etdi. Ancaq tamaşaçılar bilmədi ki, o kimə sataşdı. Bax, belə həssas adam idi. Fasilədə truppa müdiri Seyfulla Əmirov gəldi ki, Nəsibə xanım səni çağırır. İçəri girən kimi qışqırdı «nədir başını soxmusan içəri, elə bilirsən xəbərimiz yoxdur? Gəlmisən yenə bizi tənqid eləməyə?» O, tamaşalarda belə improvizələr çox edirdi. Misal üçün, «Qaynana»da «Allah molla Mütəllimə lənət eləsin» sözünü işlədir. Yalnız bir neçə adam bilirdi ki, molla Mütəllim onun həyat yoldaşı olub. Bir dəfə tamaşada gözü ona sataşır və tamaşada bu sözləri deyir». İlham Rəhimli Nəsibə xanım haqda çox fikirlər söylədi, onun sənətinin böyüklüyündən, şəxsiyyətinin ucalığından danışdı. Dedi ki, Nəsibə xanım təpədən-dırnağa səhnə adamı idi.
Səhnənin pərdələri açıldı. Səhnədən Nəsibə Zeynalovanın gülümsər portreti tamaşaçılarını salamladı, onların alqışlarına cavab verdi. Mərasimdə çoxlan danışdı, biri onun analıq qayğısından, o biri yol yoldaşlığından, başqa birisi unudulmaz və əbədiyaşar sənətindən danışdı. Onun barəsində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də söz açdı. Nəsibə xanımın 1917-ci ildə görkəmli teatr xadimi, tacir, var-dövlətmi xalqımızın mədəniyyəti və maarifi uğrunda xərcləyən Cahangir Zeynalovun ailəsində doğulduğunu bildirən nazir Nəsibə xanımın yaratdığı obrazları xatırlatdı. Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov isə N.Zeynalovanın yoxluğuna inanmadığını və onun ayaq səslərinin hələ də rəhbərlik etdiyi ittifaqın dəhlizlərindən gəldiyini dedi. Xalq artisti Yaşar Nuri Nəsibə xanımla atası Məmmədsadıq Nuriyevin əməkdaşlığına və Nəsibə xanımın onun sənət fəaliyyətində oynadığı rola toxundu, xalq artistilə bağlı dodaqqaçıran əhvalatları yada saldı. Digər xalq artisti Arif Quliyev çıxışında sənətə N.Zeynalovanın xeyir-duası ilə gəldiyini dedi. Xalq artisti Afaq Bəşirqızı Nəsibə xanımın xatirəsinə «Sənətkar ömrü» adlı mahnı ərmağan etdi. Gecədə Nəsibə xanımın çəkildiyi filmlərdən fraqmentlər, tamaşalardan səhnələr, habelə onun vaxtilə yaratdığı obrazlar başqa sənətkarların ifasında yenidən tamaşaçılara təqdim edildi.
Nəsibə Zeynalova tamaşaçılar üçün həmişə ölməzdir. O, hər gün, hər axşam, hər səhər çəkildiyi «Qaynana», «Ögey ana», «Mən mahnı qoşuram», «Bəyin oğurlanması», «Qəm pəncərəsi», «1001 qastrol», «Güllələnmə təxirə salınır», «Yuxu» və s. bədii filmlərdə yaratdığı obrazların qanadında bizə qonaq gələcək.
Adına, sənətinə layiq keçirilməyən 90 yaşın mübarək, Nəsibə Zeynalova!
Bakı xəbər.- 2008.- 24 aprel.- S. 15.