"Azərbaycan 2008: inkişafa
doğru"
Moskva Karneqi
Mərkəzində ölkəmizlə bağlı konfrans
keçirilir
Moskva Karnegi Mərkəzi
və Azərbaycan Prezidenti yanında Strateji Təhqiqatlar
Mərkəzinin təşkilatçılığı
ilə dünən Moskvada "Azərbaycan 2008: inkişafa
doğru" adlı iki günlük konfrans başlayıb. APA-nın Rusiya bürosunun məlumatına
görə, konfransda çıxış edən
Azərbaycanın Rusiyadakı
səfiri Polad Bülbüloğlu ölkəmizə
həsr olunmuş konfransın təşkilinə
görə Karneqi Mərkəzinə minnətdarlıq
edib. Konfransın birinci hissəsində
2008-ci ilin Azərbaycana
geosiyasi və geoiqtisadi baxımdan nə verəcəyi barədə çıxışlar
edilib, müzakirələr
aparılıb.
Bu
mövzuda Azərbaycan Prezident Aparatı siyasi təhlil və
informasiya təminatı şöbəsinin müdiri Elnur
Aslanov, Postsovet Məkanında İctimai-siyasi Proseslərin
Öyrənilməsi İnformasiya-analitik Mərkəzinin
direktor müavini Aleksey Vlasov, Rusiyanın 1-ci kanalında
"Sudite sami" verilişinin aparıcısı Maksim
Şevçenko çıxış ediblər. Onlar Azərbaycanın siyasi və iqtisadi inkişafı, Cənubi Qafqaz və Xəzər regionunda yeri, Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətləri
barədə fikirlər
səsləndiriblər. Natiqlər yaxın
gələcəkdə enerji
resurslarının qiymətinin
düşməsi, Azərbaycanın
Rusiya ilə Avropa arasında körpü olması, Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə nizamlanmasının vacibliyi
və digər məsələlərə toxunublar.
Çıxışlarda Azərbaycanın
Rusiya ilə Gürcüstan münasibətlərində mövcud
problemlərin həllində
də körpü rolunu oynaya biləcəyi
vurğulanıb.
Seksiyanın gedişində Azərbaycanda
rus dilinin mövcud durumu məsələsi müzakirə
olunub. Çıxış
edən natiqlər Azərbaycanın ali və orta məktəblərində
rus sektorlarının
fəaliyyət göstərdiyini,
ölkədə çoxsaylı
rus icma və diasporunun fəaliyyət göstərdiyini
vurğulayıblar. Böyük
Britaniyanın qeyri-hökumət təşkilatlarından
birinin rəhbəri olan Denis Samut
çıxışında Azərbaycan iqtisadiyyatının
inkişaf mərhələlərini
təhlil edib, həmçinin Dağlıq
Qarabağ münaqişəsinə
toxunub. O, istər konfrans iştirakçılarının,
istərsə də dünya ictimaiyyətinin bu problemin həllinə
həssaslıqla yanaşmasının
vacibliyinə toxunub. Konfransda müzakirə olunan məsələlər
sırasında Rusiya telekanallarının Azərbaycanda
yayımının dayandırılması,
iki ölkə arasında siyasi və mədəni münasibətlər də
olub. Konfrans iştirakçıları Azərbaycanda
milli, dini və mədəni azlıqların hüquqlarına
xüsusilə hörmətlə
yanaşıldığını vurğulayıblar.
525-ci qəzet.- 2008.- 5 aprel.- S. 2.