Qəhrəmanov
Ə.
Naxçıvanda teatr milli-tarixi
zərurətdən yarandı
XIX
əsrdə Azərbaycanın hər yerində olduğu kimi
Naxçıvan da iqtisadi, siyasi və mədəni həyatda
baş vermiş ciddi dəyişikliklər
nəticəsində yeni inkişaf mərhələsinə
daxil oldu. Bu
dövrdə Avropa ilə Şərq arasında gedən
ticarətdə Naxçıvanın vasitəçilik rolu
oynaması, bir çox nümayəndələrinin Rusiya
və Avropanın şəhərlərini gəzmələri
və onların əhali arasında apardıqları
söhbətlər xalqın mədəni
dirçəlişinə, maarif və mədəniyyətinin
inkişafına təsir göstərdi.
1837-ci ildə Naxçıvan və 1851-ci ildə Ordubad
şəhərlərində rus-tatar (rus-Azərbaycan —
Ə.Q.), az sonra Naxçıvan və Ordubad
qəzalarının iri kəndlərində də rus-tatar
məktəbləri açıldı. 1873-cü ildə
Naxçıvan və Ordubadın 58 məktəbində 1332
şagirdin təlim-tərbiyəsi ilə 73 nəfər
müəllim məşğul olurdu. Bu
məktəblər vasitəsilə Naxçıvan və
Ordubad qəzalarının qabaqcıl adamları dünya
xalqlarının mədəniyyəti, ədəbiyyatı,
tarixi ilə tanış olur, nəticədə ictimai-siyasi,
fəlsəfi-estetik fikirlərin Azərbaycanda yayılması
üçün münasib şərait yaranırdı.
1838-ci ildə yerli şairlərin, maarifpərvər
adamların təşəbbüsü ilə Ordubad
şəhərində
"Əncüməni-şüəra" ədəbi
məclisi yaradılır. Müəyyən fasilədən
sonra 1863-cü ildə bu məclis yenidən fəaliyyətə
başlayır və ətrafına görkəmli
ziyalılardan Məmməd Tağı Sidqi, Hacı ağa
fəqir, Əhməd ağa Şəmi, Usta Zeynal
Nəqqaş, Məşədi Həsən Dəbbağ,
Hacı Hüseyn Bikəs və başqalarını
toplayır. Məclisdə
ədəbiyyata, maarifə dair söhbətlər
aparılır.
Əsl teatr meydana gəlməmişdən çox-çox
əvvəl Naxçıvan və Ordubad
şəhərlərində əhali arasında
kütləvi əyləncələr, teatrlaşmış
səhnəciklər göstərilirdi. Belə
tamaşalar əsasən Bahar bayramı — Novruz
şənliklərində Naxçıvan və Ordubad
şəhərlərinin küçə və
meydanlarında, böyük kəndlərin əksəriyyətində
təşkil olunurdu. Bu tamaşalarda
günün ən vacib məsələləri — siyasi-ictimai
hadisələr də öz əksini tapırdı.
Meydançalarda oyunbazların ağzından ən yeni
xəbərləri eşitmək olurdu. Şekspirin dediyi kimi,
"Həqiqəti həmişə
küçələrdə eşitmək olar", ancaq
heç kəs ona fikir vermir. Oyunbazlar ciddi bir
hadisəyə öz meyxanalarında kinayəli yanaşır,
bunu eşidən tamaşaçılar bu və ya başqa
ictimai hadisələrə öz münasibətini aydınlaşdıra
bilirdi. Buna görə də ruhanilər və hakimlər
oyunbazlara qarşı daim mübarizə aparır, onların
işini şeytan əməli hesab edirdilər.
Naxçıvan teatrının yaranması o zaman
Naxçıvanda maarif-məktəb və
mədəniyyətin inkişafı, qabaqcıl,
tərəqqipərvər ziyalı kadrların yetişməsi
ilə sıx surətdə bağlı idi.
Naxçıvan ziyalıları içərisində öz
biliyinə, bacarığına və
təşkilatçılığına görə
Eynəli bəy Sultanov (1866-1935) fərqlənirdi. Eynəli bəy Sultanov hələ 1882-ci ildə
öz evində "Ziyalılar cəmiyyəti"
təşkil edir, qabaqcıl adamlarla, savadlı
gənclərlə, məsləkdaşlarla əlaqə
saxlayır. Şəhərin bütün
tərəqqipərvər, açıq fikirli adamlarından
Paşa ağa Sultanov (1849-1902), Mirzə Cəlil Mirzəyev
(Şürbi) (1874-1915), Mirzə Ələkbər
Xəlilov(1862-1896), Əsəd ağa Kəngərli,
Qurbanəli Şərifov (1854-1917), Baxşəli ağa
Şahtaxtlı, Nəsrulla Şeyxov (1863-1921) və başqalarını
həmin cəmiyyətə cəlb edir. Eynəli
bəy Sultanovun təşkilatçılığı və
rəhbərliyi altında "Ziyalılar
cəmiyyəti"ndə dövrün ictimai-siyasi, qadın
azadlığı məsələləri müzakirə
edilir, yeni məktəblər, kitabxanalar açmaq qərara
alınır, elmi-ədəbi mübahisələr
keçirilirdi. Burada Puşkin, Tolstoy,
Belinski, Dobrolyubov kimi görkəmli rus yazıçı
və şairlərinin də əsərləri oxunur,
tərcümə edilir və fikirləri üzərində
elmi mübahisələr aparılır, xalqı qəflət
yuxusundan oyatmaq üçün hər cür səy
göstərilirdi.
Dövrün tərəqqipərvər,
açıq fikirli ziyalılarından Məhəmməd
ağa Şahtaxtlı (1846-1931), Qurbanəli Şərifov
(1854-1917), Məhəmməd Tağı Sidqi (1854-1903),
Cəlil Məmmədquluzadə (1869-1932), Eynəli bəy
Sultanov (1866-1935), Mirzə Əlməmməd Xəlilov
(1862-1896), Mirzə Ələkbər Bəyalı oğlu
Süleymanov (1862-1921), Mirzə Məmməd
Zamanbəyov və başqalarının
təşəbbüsü və səyi nəticəsində
1883-cü ildə Naxçıvanda ilk dəfə olaraq
"Müsəlman incəsənəti və dram
cəmiyyəti" (R.Nəcəfov. Uzun
bir xatirə. "Dan ulduzu" jurnalı. 1928, ¹ 12) adlı bir
ədəbi cəmiyyət yaradılır. Şəhərin
tərəqqipərvər, yeni fikirli adamları
cəmiyyətin fəaliyyətinə kömək
etsələr də, o dövrdə ruhanilər, hökumət
məmurları onlara yaxşı münasibət
bəsləmirdilər.
Yazıçı, şair, dramaturq, publisist,
tərcüməçi, pedaqoq, teatr xadimi, teatr
tənqidçisi Eynəli bəy Sultanovun fəaliyyəti
Azərbaycan teatr tarixində ən gözəl
səhifələrdən birini təşkil edir. Onun qaynar,
çoxcəhətli fəaliyyəti və fədakarlıqla
dolu həyatı Naxçıvan teatrının yaranma və
təşəkkülündə çox
əhəmiyyətli olmuşdur. Eynəli
bəy Sultanov həmməsləklərini öz
ətrafında toplamağı, gənclərin qəlbində
incəsənətə sönməz məhəbbət alovu
yandırmağı, xalqına vətənpərvərlik
hissləri aşılamağı bacarırdı.
1883-cü ildə Cəlil Məmmədquluzadə və onun
naxçıvanlı həmyaşıdları Qori seminariyasında tələbə ikən,
Eynəli bəy Sultanov təhsilini başa vurub doğma
şəhərinə qayıdır, lakin burada əvvəlki
həyat tərzinin hökm sürdüyünü,
ətalət və xurafatın həmyerlilərini
əsrlərin mürgüsündə
saxladığını görür və böyük həvəslə huşyar dostlarından Paşa
ağa Sultanov, Mirzə Ələkbər Süleymanov,
Qurbanəli Şərifov, Nəsrulla və fərəculla
Şeyxov qardaşları (Nəsrulla və fərəculla
Şeyxovlar şair Əliqulu Qəmküsar Nəcəfovun
dayılarıdır — Ə.Q.) ilə birlikdə ilk
mədəni tədbirlərin həyata
keçirilməsində əvəzsiz rol oynayır. Eynəli
bəy Sultanov və dostlarının bu
təşəbbüsü, fəaliyyəti Cəlil
Məmmədquluzadəni də ruhlandırır. Böyük
demokrat yay tətilində Naxçıvana gələrkən
görür ki, onun gənc ziyalı dostları artıq yenilik
toxumunu səpmişlər. Buna görə də o,
dostlarının səy və təşəbbüslərini
alqışlayır. Cəlil Məmmədquluzadə
təhsilini başa vurub Naxçıvana qayıtdıqda
Eynəli bəy Sultanovla görüşür, onun dərin
biliyi, yüksək mədəniyyəti Mirzə Cəlili
valeh edir. O, Eynəli bəy Sultanovu köhnəliyə
qarşı mübarizədə özünün ən
yaxın silahdaşı hesab edir və onunla birlikdə
fəaliyyətə başlayır. Bu münasibətlə
böyük demokrat yazır: "Mən
darülmüəllimini qurtaran zaman Naxçıvanda
özümdən artıq huşyar dostlarıma rast gəldim.
Mənim səsimə səs verən sindaşlarımdan
qabaqca əzizim Eynəli Sultan oldu".
E.Sultanov və C.Məmmədquluzadə Naxçıvan
teatrının yaradılmasında əsas rol
oynayırdılar. Faktlardan aydın görünür ki,
Naxçıvanda teatrın əsasının 1883-cü
ildə qoyulması ilk peşəkar dünyəvi
Azərbaycan teatrının yaradılmasının 10
illiyinə təsadüf edir. Bu tarixi sübut edən bir
sıra mənbələrə nəzər salmaq
məqsədəuyğundur. Belə ki, o
dövrdə Naxçıvanda fəaliyyət
göstərən "Naxçıvan müsəlman
incəsənəti və dram cəmiyyəti"nin
nümayəndələri M.F.Axundovun "Müsyö Jordan
və Dərviş Məstəli şah" əsərini
tamaşaya hazırlamış və İrəvana, xalq
məktəbləri inspektoru Tselovalnikova
aşağıdakı məzmunda teleqram
göndərirlər:
"Naxçıvandan İrəvana teleqraf
1883-cü ilin 11 aprelində qəbul edildi.
Xalq məktəblər inspektoru Tselovalnikova.
Naxçıvan müsəlman (şiə) dram
sənəti həvəskarları tərəfindən may
ayında acların xeyrinə, 1848-ci ildə nəşr
edilmiş "Çadust" kitabından teatr tamaşası
göstərməyə icazə vermək haqqında
səadətli qubernator yanında vəsatət etməniz rica
olunur.
Fayfi (İmza:)"
Teleqrama razılıq alındıqdan sonra tamaşa 1883-cü
ilin may ayında Hacı Nəcəf Zeynalovun evində
göstərilir.
Aparılan tədqiqat aydınlığı ilə sübut
edir ki, 1883-cü ilin may ayının 15-də M.F.Axundovun
"Müsyö-Jordan və Dərviş Məstəli
şah" əsərinin tamaşası ilə
Naxçıvan teatrının təməli qoyulur. Bundan sonra
yerli müəllimlər "Kəl döyüşü"
və "Üsuli-çədid" adlı iki vedovildə
yazıb (1885) tamaşaya qoymuşlar. "Qafqaz"
qəzetinin 23 avqust 1886-cı il tarixli nömrəsində
yazılır ki, çərşənbə axşamı,
avqustun 12-də məktəb səhnəsində gənc
müsəlman müəllimləri cəmiyyəti
üzvlərinin iştirakı ilə tatar (Azərbaycan —
Ə.Q.) dilində tamaşa göstərilmişdir. Axundovun "Müsyö-Jordan" komediyası
və "Görünməyən şal" vedovili
oynanılmış, tamaşadan hasil olan pul yoxsul
şagirdlərin xeyrinə sərf olunacaqdır
Bundan başqa ikinci bir sənəd isə "Novoye
obozreniye" qəzetinin 10-22 noyabr 1884-cü il
nömrəsindəki məlumatdır. Orada da qeyd edilir
ki, bu ilin maslyannoy həftəsində (fevralın 2-ci
yarısında — Ə.Q.) Naxçıvan şəhər
məktəbinin inspektoru Nikolayevin təşəbbüsü
və həvəskarların iştirakı ilə xeyriyyə
məqsədi üçün rus dilində tamaşa
göstərilmişdir. Bu göstərilən tamaşa
E.Sultanovun "Tatarka" ("Azərbaycan qadını"
— Ə.Q.) əsəri idi.
Eynəli bəy Sultanovun "Tatarka"
əsərinin rus dilində oynanılmasının əsas
səbəbi o dövrdə ruhanilərin, çar senzor
idarəsinin Azərbaycan dilində yaxşı
əsərlərin yoxluğunu bəhanə gətirməsi,
hər vəchlə tamaşaların oynanılmasına mane
olmaları idi. Odur ki, Eynəli bəy Sultanov
"Tatarka" əsərini rus dilində yazır və bir
növ yeniliyə can atan gənclərin köməkliyi
ilə rus dilində tamaşaya qoyur.
Akademik İsa Həbibbəyli Eynəli bəy Sultanovun
"Tatarka" pyesi ilə bağlı fikrini belə ifadə
edir: "Doğrudan da XIX əsrin ikinci yarısında
qadın taleyi ilə bağlı bu cür hadisələr
Azərbaycan milli məişəti üçün
səciyyəvi idi... "Tatarka" pyesi də milli
Azərbaycan mühiti və məişətindən
doğmuşdur". Pyes tamaşaya qoyularkən
Sənəm rolunu Əbülqasım Sultanov, Nisə rolunu
Rəhim Xəlilov, Pəri rolunu Nəsrulla Şeyxov,
Ağaşərif rolunu Mirzə Ələkbər Süleymanov
oynamışdılar.
1884-cü ildə əyalət teatrında rus dilində
göstərilən bu komediya həm Naxçıvan
teatrının tarixini, həm də Azərbaycan-rus
ədəbi əlaqələrini öyrənmək
üçün maraqlı materialdır. Eynəli bəy
Sultanovun müasirlərindən Ə.Sultanov yazır: "Eynəli
Sultanovla məni yaxınlaşdıran Naxçıvan
səhnəsi olmuşdur. O, olduqca tərəqqipərvər
bir şəxs idi. Dövrün xüsusiyyətləri ilə
əlaqədar olaraq səhnə aləmində çətinliklərə
qarşı yorulmadan çalışır, əmələ
gələn çətinlikləri nəyin bahasına
olursa-olsun, aradan qaldırırdı. O, bizə həm artistlik,
həm də rejissorluq edirdi. Biz ondan çox şeyi
öyrəndik".
Eynəli bəyin bu dövr fəaliyyəti təkcə teatr
tamaşaları təşkil etmək, ədəbi
məclislərdə yeni, qabaqcıl fikirləri təbliğ
etməklə məhdudlaşmır. O, eyni zamanda bədii
yaradıcılıqla da məşğul olur. 1892-ci ildə
dostu Əsəd ağa Kəngərli ilə birlikdə gizli
mətbəə təşkil edir. Burada ictimai-siyasi
məzmunlu bəyannamələr çap etdirir.
Onların bu işindən xəbər tutan Naxçıvan
xanları ədibi ələ verirlər. Gizli
mətbəə müsadirə olunur. Bundan sonra qəza
rəisinin göstərişi ilə Eynəli bəy təqib
olunur. "İnqilabi fikirlər təbliğ etməkdə
təqsirləndirilib" nəzarət altında
saxlanılır. Nəhayət, 1908-ci ildə
vətənindən sürgün edilir.
O dövrdə çar senzurası nəinki
Naxçıvanda, hətta Azərbaycanda milli
məktəblərin təhsisinə, ana dilinin
tədrisinə, milli dildə qəzet və jurnalların
nəşrinə hər vasitə ilə qadağa qoyur, mane
olmağa çalışırdı. Naxçıvanda da
göstərilən müvəffəqiyyətli tamaşadan
narahat olan çar çinovnikləri hər vasitə
ilə onun göstərilməsinə mane olurdular. Lakin bütün manelərə, qadağalara
baxmayaraq, şəhərin açıq fikirli
ziyalıları dilimizi, tarix və
ədəbiyyatımızı geniş təbliğ edir, yeni
üsullu məktəblər təsis edirdilər. 1887-ci
ildə ziyalıların yaratdıqları "Xeyriyyə
cəmiyyəti"nin təşəbüsü və
köməkliyi ilə Naxçıvanda "Üsuli-cədid"
məktəbi açılır. Yeni açılmış
məktəbə şagird cəlb etmək, yoxsul
şagirdlərə yardım etmək məqsədilə
ziyalılar Mirzə Fətəli Axundovun "Molla İbrahim
Xəlil kimyagər" komediyasını Hacı Nəcəf
Zeynalovun evində tamaşaya qoyurlar.
Məktəbi yaşada bilmək və yoxsul
uşaqları məktəbə cəlb etmək
üçün "Müsəlman incəsənəti
və dram cəmiyyəti"nin təşəbbüsü
ilə 1887-ci il sentyabr ayının 2-də Naxçıvan
şəhər məktəbinin ana dili və
şəriət müəllimi Mirzə Sadıq
Qulubəyovun vəsatəti ilə M.f.Axundovun "Molla
İbrahim Xəlil kimyagər" komediyası
oynanılır. Cəlil Məmmədquluzadə
— Molla İbrahim Xəlil, Mirzə Ələkbər
(Bəyalı oğlu) Süleymanov — Şeyx Saleh,
Məmməd Tağı Səfərəlibəyov — Molla
Həmid, Mirzə Əliməmməd Xəlilov — Hacı
Kərim Zərgər, Mirzə Əhməd Hüseynov —
həkim Ağazaman rollarını oynayırlar.
Tamaşaya rejissorluğu Cəlil Məmmədquluzadə
və Mirzə Əliməmməd Xəlilov,
süfliyorluğu isə Mirzə Sadıq Qulubəyov edir. Hacı Nəcəf Zeynalovun zalında oynanılan bu
tamaşadan toplanılan 22 manat 50 qəpik pul Naxçıvan
şəhər deputatları kassasına verilir . Tamaşa
böyük müfəvvəqiyyətlə keçir və
bu xəbərlər az müddətdə ətraf
kəndlərə yayılır.
Tamaşadan sonra 1887-ci il sentyabr ayının 25-də
şəhər deputatı Starova Naxçıvan
şəhər məktəbinin ana dili və
şəriət müəllimi Mirzə Sadıq Qulubəyovun
vəsatəti ilə raport verirlər.
Raport:
"Məlum edirik ki, şəhər
müəllimlərinin təşəbüsü ilə
şəhərin birinci hissəsində olan Hacı
Nəcəf Zeynalovun salonunda şəhərdə oxuyan yoxsul
şagirdlərin nəfinə tamaşa
göstərilmişdir. Əldə edilmiş 22 manat 50
qəpik kassaya təhvil verilmişdir. Bu
tamaşada iştirak edənlər: Əsgər
Şeyxhüseyn oğlu, Əkbər Molla Bəyalı
oğlu, Mirzə Məmməd Musarza oğlu,
Məmmədtağı Səfərəli oğlu,
Ələkbər Məmmədqulu oğlu cəmiyyət bu
adamlara öz təşəkkürünü bildirir."
Bu mədəni hadisə şəhər
mollalarının, hacılarının və
kərbalayılarının xoşuna gəlmir, tezliklə
onun yığışdırılmasını tələb
edirlər. Hökumət dairələri tərəfindən
teatr tamaşalarının göstərilməsi qadağan
edilir.
Naxçıvan mühitində mətbuat və
teatrın fədakar carçılarından biri olan
Əliməmməd Xəlilov Naxçıvan teatrında
rejissor və aktyor kimi fəal iştirak etmiş, teatr
təşkilatçısı olmuşdur. Əliməmməd
Xəlilov Naxçıvanda "Qafqaz" qəzetinin
təmsilçisi funksiyasını yerinə yetirmişdir.
Həmin qəzetdə Naxçıvandan
verilmiş xəbərlər və məlumatların
əksəriyyəti onun tərəfindən
yazılmışdı. Onun "Qafqaz" qəzetindən
alınaraq "Tərcüman" qəzetində dərc
edilmiş bir məqaləsində milli maarifçilik
hərəkatında məktəbin, teatr və
ədəbiyyatın rolu yüksək
qiymətləndirilmişdir. Akademik İsa Həbibbəyli
çox haqlı olaraq göstərir: "Çox ehtimal ki,
Naxçıvanda ilk teatr tamaşasının
göstərilməsi haqqındakı məlumat da onun
qələmindən çıxmışdır".
Bütün bunlara baxmayaraq, zaman öz işini görür,
Naxçıvan ədəbi-mədəni mühiti durmadan
öz axarına düşür. Naxçıvanın
mədəni dirçəlişində bir çox
ziyalılarla yanaşı, görkəmli pedaqoq
Məhəmməd Tağı Sidqi də yaxından iştirak
edir. Həyatın əsas amalını
vətənə və xalqa xidmətdə görən və
bu məqsəd uğrunda mübarizə aparan
Məhəmməd Tağı Sidqi xalqın maarifsizlikdən
çəkdiyi əziyyəti görür, nəyin
bahasına olursa-olsun, ana dilində bir məktəb təsis
etməyi qarşısına məqsəd qoyur. Hacı
ağa fəqir, Hüseyn Soltan Kəngərli, Hüseyn
İsmayılov, Salman Əsgərov kimi ziyalıların
köməyi ilə 1892-ci ildə Ordubadda ilk milli anadilli məktəbini
açıb ona "Əxtər" adını verir.
Məhəmməd Tağı Sidqi elmsiz,
savadsız çadra örtən qız uşaqlarının
da halına yanırdı. Qız və qadınları
zülmət "səltənətində"
saxlayanları, onlara kölə-kəniz münasibəti
bəsləyənləri, onların təhsili qeydinə
qalmayanları tənqid edirdi. Qız və
qadınların azadlığı məsələsini
irəli sürən Sidqi 1896-cı ildə ilk "Qız
məktəbi"ni təsis edir. On nəfər qızın
təhsili ilə məşğul olur. Bu, bir qrup köhnə
fikirli, dar düşüncəli, cəhalətpərəst
ruhanilərin xoşuna gəlməsə də, Sidqi
inadından dönmür.
Böyük demokrat, yazıçı Cəlil
Məmmədquluzadə Məhəmməd Tağı Sidqinin
məktəbşünaslıq və Azərbaycan maarifi
səhnəsində göstərdiyi misilsiz xidmətləri
yüksək qiymətləndirərək yazmışdı:
"Sidqinin vətənimizə etdiyi qulluğun qədrini
bilməkdən ötrü lazımdır müqabilə
etmək camaatımızın savad və maarif aləmində
olan indiki əhvalı ilə on il bundan əqdəm olan
halətini. Tərəqqi çox görünür.
Əgər söyləsək ki, bu tərəqqinin onda
doqquzuna bais məhz Sidqidir. İnsafdan və
həqiqətdən bilmərrə uzaq olmaz".
"Tərcüman" qəzeti 1898-ci ildə
öz səhifələrində Məhəmməd
Tağı Sidqinin məktəb və maarifçilik
sahəsindəki fəaliyyətini
işıqlandırırdı. Bu qəzetə
Naxçıvan haqqındakı xəbərləri
Məhəmməd Tağı Sidqinin yaxın dostu
Cümşüd bəy (Paşa oğlu)
Sultanov yazırdı. "Tərcüman" qəzetində
Cümşüd bəyin “Naxçıvandan məktub”
adlı yazısında bldirilir:
"Naxçıvanın uyezdnaçalniki Slavoçinski
Batum okruquna dəyişdirildyi üçün
Naxçıvanı tərk edir. Yerli ziyalılar onu yola salmaq
üçün ziyafət vermək məqsədilə 300
manat pul yığmışlar . Lakin Slavoçinski bu
ziyafəti qəbul etməmiş və yığılan
pulları Naxçıvan məktəbinə uşaqların
nəfinə vermişdir... Vidalaşanda
məzkur məktəbin müəllimləri Məşədi
Təği əfəndi ilə Süleymanovu
("Məktəbi-tərbiyə"nin rus dili müəllimi
Mirzə Ələkbər Süleymanov nəzərdə
tutulur — Ə.Q.) qucaqlayıb öpüb getdiyi
cümləyə pək təsir etdi. Məktəbə
öz kassasından 200 ruble qədər ianə vermiş idi
".
Məhəmməd Tağı Sidqinin Azərbaycan maarif və
mədəniyyətinin inkişafında göstərdiyi
xidmətlər bu faktlarla yekunlaşmır. Naxçıvan
ziyalılarının ən görkəmli
nümayəndələrindən Məhəmməd
Tağı Sidqi və Qurbanəli Şərifov 90-cı
illərdə qəzet nəşr etdirmək fikrinə də
düşürlər. Onlar Peterburqda yaşayan
və müsəlman xeyriyyə cəmiyyətinin katibi
vəzifəsində işləyən Əbdürrəhim
bəy Haqverdiyevə (1870-1933) müraciət edir, ondan
məsləhət alırlar.
Əbdürrəhim bəy Naxçıvan
ziyalılarının bu nəcib
təşəbbüsünü alqışlayır və
bu dövrdə Naxçıvan şəraitində
mətbuatın mühüm rolundan bəhs edərək
Qurbanəli Şərifova yazır: "Sidqi qəzet
barəsində yazmışdı. Əgər o, mümkün
olsa, qəzet üçün məbləğ cəm etsin.
Məsləhət görürəm gəlsin Peterburqa, mən
icazəni alaram. O, özü də qəzetin naşiri ola
bilər". Əbdürrəhim bəy Haqverdiyev
Naxçıvan ziyalılarına kömək əlini uzatsa
da, onlar maddi çətinlik qarşısında qalaraq,
fikirlərindən daşınırlar.
Naxçıvan ziyalıları bir yazıçı kimi
Əbdürrəhim bəy Haqverdiyevi sevirdilər. Onun hər
hansı bir əsərini səbirsizliklə gözləyir,
alıb oxuyur və müzakirə edirdilər. Buna görə
ədib yeni yazdığı əsəri mütləq onlara
göndərir, əsər haqqında onların fikrini
bilmək istəyirdi. Odur ki, 1899-cu ildə
Peterburqda ayrıca kitabça şəklində nəşr
olunmuş "Dağılan tifaq" faciəsinin ilk
nüsxəsini Qurbanəli Şərifova göndərir, iki
min nüsxədən ibarət olan bu kitabın bir
hissəsinin Naxçıvanda yayılmasını onlardan
xahiş edir.
Naxçıvan ziyalıları "Dağılan tifaq"
əsərinin ilk nüsxəsini alan kimi əsəri
tamaşaya qoyurlar. Tamaşanın əsas
təşkilatçıları Məhəmməd Tağı
Sidqi və Eynəli bəy Sultanov olur. Ümumiyyətlə,
Məhəmməd Tağı Sidqi Naxçıvanda
göstərilən tamaşaların hazırlanmasına da
çox əmək sərf edirdi. Onun teatr sənətinin
inkişafında əvəzsiz xidmətləri olmuşdur.
Odur ki, böyük dramaturq Cəlil Məmmədquluzadə
yazırdı: "Allah şahiddir ki, Sidqinin
vətənimizə varid olmağı şəhərimizin
mədəniyyət və maarif tarixi üçün
mühüm fəqərə oldu".
Məhəmməd Tağı Sidqinin teatr
fəaliyyətindən xəbər tutan İrəvan
quberniyasının xalq məktəblər direktorluğu
Sidqiyə yazdığı 20 iyul 1901-ci il tarixli xüsusi
məktubunda təşəkkür edir. 1894-cü ildə
Mirzə Cəlilin və Məhəmməd Tağı Sidqinin
təşəbbüsü ilə Mirzə fətəli
Axundovun "Molla İbrahim Xəlil kimyagər"
komediyasının tamaşaya qoyulması qərara
alınır. Bu münasibətlə də İrəvan xalq
müfəttişliyindən icazə almaq üçün
1894-cü il sentyabr ayının 16-da aşağıdakı
məzmunda teleqram göndərilir: "Naxçıvan
müsəlman incəsənəti və dram
cəmiyyəti" yoxsul şagirdlərin xeyrinə olaraq
teatr tamaşası verilməsinə icazə vermənizi
xahiş edir".
Teleqrama razılıq cavabı alındıqdan sonra Cəlil
Məmmədquluzadənin rejissorluğu ilə
Naxçıvan şəhərində Mirzə Fətəli
Axundovun "Molla İbrahim Xəlil kimyagər"
komediyasını tamaşaya qoyduğunu böyük ədib
öz xatirələrində yazırdı: "Miladi tarixin
1894-1895-ci illərdə Naxçıvanda bən də onların
içərisində teatro oynayırdıq. Bu oyunun
mənfəəti kasıb şagirdlər üçün
idi". Naxçıvanda o vaxt
səhnədə göstərilən pyeslər Mirzə
fətəli Axundovun "Hacı Qara",
"Müsyö-Jordan və Dərviş Məstəli
şah", "Molla İbrahim Xəlil kimyagər"
komediyası barəsindədir ki, bu gün o pyesi biz
həvəskarlar həmən səhnədə mövqeyi
tamaşaya qoyduq... O saat camaat dükan-bazarı
bağlayıb şəhərin mötəbər mollası
Tağının yanına cəm olurlar. Qərar qoyurlar ki,
naçalnikə şikayət edib belə
nümayişlərin bundan sonra qadağan edilməsini iltimas
etsinlər".
Ruhanilər teatro oyunlarının göstərilməsinin
qadağan olunmasını tələb edirlər və
məqsədlərinə nail olurlar. Beləliklə,
"Naxçıvan müsəlman incəsənəti və
dram cəmiyyəti"nin tamaşa göstərmək
təşəbbüsü ruhanilərin müqaviməti
nəticəsində ikinci dəfə qadağan edilir. Bu gərgin müqavimət və təqiblərə
rast gələn Məhəmməd Tağı Sidqi, Eynəli
bəy Sultanov, Cəlil Məmmədquluzadə və
başqaları həvəsdən düşmürlər.
Əksinə, onlar hər hansı yolla olursa-olsun, teatr
tamaşaları təşkil etmək üçün öz
mübarizələrini davam etdirirlər. Məhəmməd
Tağı Sidqi, Cəlil Məmmədquluzadə
tamaşaların göstərilməsini davam etdirmək
üçün onlara köməklik göstərməsini
Rəhim xandan xahiş edirlər. Əvvəlcə bu
işə razılıq verməyən Rəhim xan onların
qarşısında çox çətin bir şərt qoyur
ki, xana məxsus olan zalı "yüngülcə"
təmir etdirdikdən sonra yalnız bir dəfə onun
nəzarəti altında tamaşa göstərilə bilər.
Başqa çıxış yolu olmayan teatr
həvəskarları xanın uçub-dağılmış
xaraba zalını təmir etmək kimi ağır
şərtinə razı olurlar. Zalı təmir edib
qurtarırlar. Sonra stol, skamya, səhnə ləvazimatı
alıb həvəskarlardan ibarət aktyor dəstəsi
düzəldirlər. 1895-ci ilin mart ayında Mirzə
fətəli Axundovun "Müsyö-Jordan və
Dərviş Məstəli şah" komediyasını
tamaşaya qoyurlar. Tamaşanın rejissoru Məhəmməd
Tağı Sidqi idi. Müsyö Jordan rolunu Cəlil
Məmmədquluzadə, Dərviş rolunu qardaşı
Ələkbər Məmmədquluzadə və Süleyman
bəy rolunu Rzaqulu Nəcəfov (1885-1937, Əliqulu
Qəmküsarın qardaşı) oynayır. Sonralar
həmin zalda bir neçə tamaşa da göstərilir ki,
bu tamaşalardan yığılan pulun bir hissəsi, yəni
25 faizi Rəhim xana verilir. 1890-cı illərdə teatr
tamaşaları Rəhim xanın, Mirzə Əliməmməd
Xəlilovun, Məşədi Əlibəy Zeynalovun və Mehdi
ağanın xüsusi evlərində, Hacı Vəli
ağanın karvansarasında təşkil olunur.
Məlum həqiqətdir ki, Naxçıvan
teatrı 1890-cı ildən sonra Eynəli bəy Sultanovun
(1866-1935), Cəlil Məmmədquluzadənin (1869-1932),
Məmməd Tağı Sidqi Səfərovun (1854-1903)
təşkilatçılığı, hüquqşünas
Paşa ağa Sultanovun (1849-1902), Fərəculla Şeyxovun,
Mirzə Ələkbər Süleymanovun (1862-1921), Mirzə
Əlməmməd Xəlilovun (1862-1896),
Mirzə Sadıq Qulubəy oğlu (1823-?), Qurbanəli
Şərifovun (1854-1917), Mirzə Əliqulu Novruzovun,
Baxşəli ağa Şahtaxtlının, Mirzə
Məmmədqulu Novruzovun, Mirzə Əhməd Musa oğlu
Hüseynovun, Nəsrulla Şeyxovun (1863-1921), Mirzə
Ələkbər Məmmədquluzadənin (1872-1922),
Əsgər Şeyx Hüseyn oğlunun, Böyükxan
Naxçıvanlının (1871-?), Yaqub Kəngərlinin,
Mirzə Məmməd Zamanbəyovun,
müəllimlərdən Mirzə Cəlil Mirzəyev —
Şürbinin (1873-1915), Mirzə Əbülqasım Sultanovun
(1866-1916), Sadıq Xəlilovun (1866-1905) və digər yeni
fikirli ziyalıların köməkliyi ilə daha da inkişaf
etmiş, xalqın maariflənməsində,
mədəni səviyyəsinin yüksəlməsində
müstəsna rol oynamışdır.
Ədəbiyyat qəzeti.- 2008.- 18
aprel.- S. 6-7.