Vəzirov C.

               125 yaşlı Naxçıvan teatrı

 

125 il bundan öncə qədim Naxçıvan torpağında bir yay günündə Zaviyyə məhəlləsində dövrün mütərəqqi ziyalılarından biri olan Hacı Nəcəf Zeynalovun evində Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyası tamaşaya qoyulmuşdur. 1883-cü il may ayının 15-də tamaşaya qoyulan bu ölməz komediya Naxçıvan teatrının təvəllüd tarixinə çevrilmişdir.
Mirzə Fətəli Axundovun bir ölməz komediyasının tamaşaya qoyulmasında Eynalı bəy Sultan, Mirzə Sadıq Qulubəyov, Əbülqasım Sultanov, Paşa ağa Sultanov və başqa ziyalılar əsl mənada fədakarlıq göstərdilər. Və bu tamaşadan ruhlanan ziyalılar bir-birinin ardınca Mirzə Fətəlinin "Lənkəran xanının vəziri", "Xırs quldurbasan", "Hacı Qara" pyeslərini də tamaşaçılara göstərdilər.
1889-cu il mart ayının 27-də naxçıvanlı Mirzə Alməmməd Xəlilovun evində "Müsyö Jordan və Dərviş M
əstəli şah" komediyası tamaşaya qoyuldu (Bu əsər ikinci dəfə idi ki, oynanılırdı - C.V.). Əsərdə əsas rolları ifa edirdilər: Müsyö Jordan - Cəlil Məmmədquluzadə, Hatəm xan ağa - Əliqulu Sultanov, Məstəli şah - Mirzə Ələkbər Süleymanov, Şahbaz bəy - Ə.Şeyxov, Şərəfnisə - M.Xəlilov, tamaşanın rejissoru - Mirzə Cəlil və Eynalı bəy Sultan, suflyoru isə M.Xəlilov idi.
Naxçıvan teatrının fədailəri neçə-neçə çətinliklərə və məhrumiyyətlərə rast gəlsələr də, irəliyə, gələcəyə doğru inamla baxırdılar. Böyük yazıçı Ə.Haqverdiyevin müdrik bir kəlamını yada salmaq istərdik: "Artistliyin yolları ağır və tikan ilə doludur. Ayağa batan tikanların ağrılarına davam edib, mərdanə getməyin axırda işıqlı bir mənzilə yetməyi şübhəsizdir".
1889-cu ildə böyük ziyalı Məmməd Tağı Sidqinin rejissorluğu ilə N.B.Vəzirovun "Ev tərbiyəsinin bir şəkli" pyesi göstərildi.
Tamaşada Böyükxan Naxçıvanlı, Y.Kəngərli, Ə.Şeyxov, Ə.Sultanov iştirak edirdilər. Elə buradaca qeyd etməyi lazım bilirəm ki, N.B.Vəzirovun "Müsibəti-Fəxrəddin", "Pəhlivanani zəmanə", "Sonrakı peşmançılıq fayda verməz", "Daldan atılan daş topuğa dəyər", "Yağışdan çıxdıq yağmura düşdük" pyesləri uzun illər Naxçıvan teatrının repertuarında özünə əsas yer tutmuşdur. Ə.B.Haqverdiyevin pyeslərinə həmişə geniş meydan verilmişdir. Onun "Bəxtsiz cavan", "Dağılan tifaq", "Pəri cadu" pyesləri Naxçıvan teatrına şöhrət və hörmət gətirirdi.
Naxçıvan teatrının yaranma tarixindən və onun bədii mənzərəsindən söhbət açanda böyük maarifçi Cəlil Məmmədquluzadənin adını çəkməmək qeyri-mümkündür. Mirzə Cəlil Naxçıvan teatrının banilərindən biridir. Onun ölməz pyesləri - "Ölülər", "Anamın kitabı", "Dəli yığıncağı" tragikomediyaları 124 illik teatrın ən məzmunlu və ən qiymətli tamaşalarından biri olmuşdur və bu gün də həmin əsərlər səhnədə yaşayırlar.
1917-ci ildə ölməz sənətkar Rza Təhmasibin rejissorlu
ğu ilə "Ölülər" əsəri tamaşaya qoyuldu və Naxçıvanın mədəni həyatında böyük sensasiyaya səbəb oldu. "Ölülər" Naxçıvan teatrının səhnəsində görünməmiş uğur qazandı. Qüdrətli aktyor Rza Təhmasibin və şair Əliqulu Qəmküsarın böyük məharətlə yaratdıqları İsgəndər və Şeyx Nəsrullah obrazları Azərbaycan teatr tarixinə qızıl hərflərlə yazıldı. Qeyd etmək lazımdır ki, Naxçıvan teatrının təşəkkülündə Rza Təhmasibin böyük xidmətləri olmuşdur. "Ölülər", "Arşın mal alan", "Dağılan tifaq", "Bəxtsiz cavan" kimi tamaşaların uğuru, ilk növbədə Rza Təhmasibin adı ilə bağlıdır. Bu tamaşaların rəssamı böyük istedad sahibi Bəhruz bəy Kəngərli olmuşdur.
Qüdrətli sənətkar Rza Təhmasibin böyük bir xidməti də ondan ibarət olmuşdur ki, o, Naxçıvan səhnəsinə qız və qadınların cəlbində də xüsusi yanarlıq göstərmişdir. Məhz onun və görkəmli Azərbaycan yazıçısı Rəşid bəy Əfəndiyevin təşəbbüsü ilə 1917-ci ildə (12 noyabr cümə günü) Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası tamaşaya qoyulmuşdur. Ən yaddaqalan hadisə bu idi ki, tamaşada iştirak edən ifaçıların hamısı qız və qadınlar olmuşdur. Hətta kişi rollarını da məhz qadınlar oynamışdır. Bu hal Azərbaycan teatr tarixində ən qiymətli və unudulmaz səhifələrdən biridir.
Naxçıvan teatrının formalaşmasında böyük əməyi olanlardan biri də Səməd Mövləvidir. O, ötən əsrin 20-ci illərinin əvvəllərində həmişəlik olaraq Təbrizdən Naxçıvana gəldi. Onun gəlişi opera və musiqili komediyaların oynanılmasına güclü təkan verdi. S.Mövləvi Naxçıvan teatrında Məcnun, Kərəm, Aşıq Qərib, Sərvər, ƏsgərE kimi zəngin musiqili rolları gözəl ifa etmişdir.
Naxçıvan teatrı iki istiqamətdə - həm romantik, həm də realist səpgidə formalaşmağa başlayırdı. Hüseyn Cavidin və Cəfər Cabbarlının pyesləri Naxçıvan teatrına yeni sənət ruhu gətirirdi. Ümumiyyətlə, qeyd etmək istərdim ki, Hüseyn Cavidin, Cəfər Cabbarlının əksər əsərləri Naxçıvan teatrının repertuarında xüsusi mərhələ təşkil etmişdir. Bir çox adlı-sanlı aktyorların, rejissorların - Səməd Mövləvinin, İbrahim Həmzəyevin, İsa Musayevin, Əyyub Haqverdiyevin, Zəroş Həmzəyevanın, Zemfira Əliyevanın, Vaqif Əsədovun, Kamran Quliyevin, Həsən Ağasoyun, Rza Xudiyevin, Yasəmən Ramazanovanın bir sənətkar kimi ərsəyə gəlməsində H.Cavidin və C.Cabbarlının dərin mündəricəli səhnə əsərlərinin böyük əhəmiyyəti olmuşdu.
Müqtədir sənətkarımız, xalq artisti Sidqi Ruhulla 1931-1933-cü illərdə Naxçıvan teatrının direktoru və baş rejissoru işləmişdir. Onun uğurla tamaşaya qoyduğu "Otello", "Qaçaqlar", "Pəri cadu", "Dağılan Tifaq", "Bəxtsiz cavan", "Fərhad və Şirin" tamaşaları özünün professional həlli ilə diqqəti cəlb etmişdir. Ümumiyyətlə, Sidqi Ruhullanın Naxçıvan teatrının inkişafında, aktyorların yetişməsində böyük xidmətləri olmuşdur.
1937-ci ildə Mirzə İbrahimovun "Həyat" pyesinin tamaşaya qoyulması muxtar respublikanın mədəni həyatında əlamətdar bir hadisəyə çevrilmişdir. Bu uğurlu tamaşadan sonra 1939-cu ildə Həsən Əliyevin tamaşaya qoyduğu "Vaqif" mənzum pyesi diqqəti çəkdi. İbrahim Həmzəyevin, İsa Musayevin, Səməd Mövləvinin, Mirhəsən Mirişlinin, Xədicə Qazıyevanın, Firuzə Əlixanovanın, Əyyub Haqverdiyevin, Abbas Quliyevin, Ruxsarə Ağayevanın, Əyyub Abbasovun və başqalarının hər iki tamaşada ifa etdikləri rollar gözəl ifaçılıq manerası ilə xoş təəssürat yaratdı.
II Dünya müharibəsi illərində Naxçıvan teatrının repertuarında qəhrəmanlıq və vətənpərvərlik ideyalı əsərlərə böyük meydan verməkl
ə tamaşaçılara nəcib hisslər aşılanırdı. Səməd Vurğunun "Fərhad və Şirin", Rəsul Rzanın "Vəfa", Zeynal Xəlilin "İntiqam", Məmməd Hüseyn Təhmasibin "Aslan yatağı", Konstantin Simonovun "Vətən oğlu", Şekspirin "Otello", Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" pyesləri müharibə illərinin ən gözəl, ən samballı tamaşaları idi.
Naxçıvan teatrı Şekspirin, Şillerin, Hüqonun, Holdonin, Lope de Veqanın və başqa Qərb dramaturqlarının zəngin mənəviyyatlı səhnə əsərlərinə də dönə-dönə müraciət etmişdir. Bu tamaşaların quruluşçu rejissorları Sidqi Ruhulla, İsmayıl Hüseynov, Həsən Ağayev, Yusif Yulduz, Səməd Mövləvi, İbrahim Həmzəyev, Baxşı Qələndərli, Vəli Babayev, Vaqif Əsədov, Əliqismət Lalayev və başqaları gözəl tamaşa yaratmaq üçün, sözün əsl mənasında, yaradıcı axtarışların fövqündə dayanmışlar.
Naxçıvan teatrında yeniliyə həmişə güclü meyl olmuşdur. Bu meyl Baxşı Qələndərlinin, Vəli Babayevin, Vaqif Əsədovun, Əliqismət Lalayevin, Kamran Quliyevin quruluşlarında daha çox diqqəti cəlb etmişdir. Xüsusən ötən əsrin 70-80-ci illərində Naxçıvan teatrının bədii həyatında ciddi dönüş yaranmışdır. Repertuara daxil edilən əsərlərə qismən nəzər salsaq, bunu aydınlığı ilə görə bilərik.
Anarın "Adamın adamı", Rüstəm İbrahimbəyovun "Yaşıl qapı arxasında", "Kabinet əhvalatı", İmran Qasımovun "Nağıl başlandıE" və başqa yazıçıların əsərlərindən hazırlanmış tamaşalar özünü əxlaqi-etik problemi, müasirlik duyğusu, ən başlıcası isə maraqlı rejissor təsiri və yaddaqalan aktyor oyunu ilə diqqəti çəkir. Qeyd etmək lazımdır ki, milli yazarlarımızla bərabər dünya, rus və qardaş xalqların dramaturqlarının pyeslərinə də geniş meydan verilirdi. Belarus Andrey Makayenonun "Tribunal", qazax Oralxan Bokayevin "Yetkinlər", gürcü Georqi Midivaninin "Konsulu oğurladılar", qırğız Çingiz Aytmatovun "Fudzi dağında qonaqlıq"E tamaşaları da ayrı-ayrı rejissorlar tərəfindən uğurla tamaşaya qoyulmuşdur.
Ötən əsrin 70-80-ci illərində diqqəti cəlb edən mühüm c
əhətlərdən biri də bu idi ki, o illərdə Naxçıvan teatrı türk dramaturgiyasına geniş meydan verirdi. Bu sahədə əməkdar artist, mərhum rejissor Vəli Babayevin xidmətləri danılmazdır. 1968-ci ilin sonunda mərhum sənətkar Vəli Babayev Nazim Hikmətin Vera Tulyakova ilə birlikdə yazdığı "Kor padşah" pyesini tamaşaya qoymuşdur. Bundan sonra Vəli Babayev Nazim Hikmətin "Bayramın birinci günü", Rəşad Nuri Güntəkinin "Dodaqdan qəlbə", Orxan Kamalın "Yad qızı", İbrahim Oflasoğlunun "Dəli İbrahim" tamaşalarına quruluş vermişdir. Naxçıvan teatrında rejissor Əsgər Əsgərovun hazırladığı Nazim Hikmətin "Qəribə adam" və Əziz Nesinin "Ölən adam" tamaşaları da böyük maraqla qarşılanmışdır.
125 yaşlı Naxçıvan teatrının tarixinə nəzər salanda biz orada Səməd Vurğunun, Süleyman Rüstəmin, İslam
Səfərlinin, Cabbar Məcnunbəyovun, İlyas Əfəndiyevin, Sabit Rəhmanın, Əyyub Abbasovun, Zeynal Xəlilin, Mirzə İbrahimovun, Mehdi Hüseynin əsərlərinə də geniş meydan verilməsinin şahidi oluruq. Bu dramaturqların səhnə əsərləri müxtəlif illərdə ayrı-ayrı rejissorlar tərəfindən uğurla tamaşaya qoyulmuşdu. Sabit Rəhmanın "Toy", "Xoşbəxtlər", "Aydınlıq", "Nişanlı qız", "Əliqulu evlənir" kimi səhnə əsərləri Naxçıvan teatrının bədii salnaməsinə xüsusi cazibədarlıq gətirən tamaşalar olmuşdur.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baxşı Qələndərlinin Naxçıvan teatrındakı 20 illik fəaliyyəti teatrın həyatında mühüm mərhələ olmuşdur. Sankt-Peterburqda ali rejissorluq təhsili alan Baxşı Qələndərli uzun illər İrəvanda fəaliyyət göstərən Azərbaycan Dövlət Dram teatrının baş rejissoru olmuşdur. İrəvan teatrında Baxşı Qələndərlinin hazırladığı bir çox tamaşa yüksək qiymətə layiq görülmüşdür. 1964-cü ildən 1985-ci ilə qədər Baxşı Qələndərli Naxçıvan teatrında fəaliyyət göstərmişdir. Xeyli müddət teatrın bədii həyatına başçılıq etmişdir. Onun tamaşaya hazırladığı Kəmalə Ağayevanın "Məhsəti", B.Lavryonovun "Hücum", S.Vurğunun "Vaqif", C.Cabbarlının "Solğun çiçəklər", H.Cavidin "Şeyx Sənan" və başqa əsərləri özünün zəngin rejissor yozumu ilə böyük diqqət çəkirdi. Bu tamaşalarda Baxşı Qələndərli özünün yüksək peşəkarlığını uğurla nümayiş etdirirdi.
Qədim sənət məbədinin tarixini araşdırarkən burada fəaliyyət göstərən böyük rəssamlar nəslinə rast gəlirsən. XX əsrin onuncu illərində Naxçıvan teatrında tamaşaya hazırlanan əsərlərin əksəriyyətinin quruluşçu rəssamı böyük Azərbaycan boyakarı Bəhruz bəy Kəngərli olmuşdur. Bu tamaşalar sırasına "Ölülər", "Pəri cadu", "Dağılan tifaq", "Bəxtsiz cavan", "Hacı Qara", "Müsibəti-Fəxrəddin"E kimi klassik əsərlər daxildir.
Sonrakı illərdə Adil Qazıyev, Şamil Qazıyev, Əyyub Hüseynov, Məmməd Qasımov, Yuran Məmmədov, Mircəlil Seyidov, Sabir Qədimov, Məmmədli İsmayılov, Hüseynqulu Əliyev, Əbülfəz Axundov, Səyyad Bayramov, Əli Səfərli Naxçıvan teatrında ayrı-ayrı vaxtlarda quruluşçu rəssam işləmişlər. Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Məmməd Qasımov 30 ildən artıq fasiləsiz olaraq Naxçıvan teatrının baş rəssamı işləmişdir. 105 tamaşanın quruluşçu rəssamı olan Məmməd Qasımov özünün yüksək peşəkarlığı ilə fərqlənirdi.
125 yaşlı Naxçıvan Teatrının fəaliyyətində bəstəkarlar da mühüm rol oynamışlar. Xüsusən də bu sahədə Naxçıvanda fəaliyyət göstərən bəstəkarlar teatrla sıx əlaqə saxlamışlar. Ənvər Hüseynov, Adil Kəngərli, Səfər Rəcəbli, Məmməd Cavadov, Məmməd Ələkbərov, Rəşid Məmmədov, Ramiz Mirişli, Nəriman Məmmədov, Yusif Əsgərov, Şəmsəddin Qasımov, Əkrəm MəmmədovE Naxçıvan teatrında tamaşaya qoyulan əsərlərə maraqlı musiqilər yazmışlar.
Azərbaycan dövlət müstəqilliyini qazanandan sonra Naxçıvan teatrının sənət mənzərəsində yeni axtarışlar meydana çıxdı. Teatr son illərdə repertuar tərkibinə xüsusi diqqət yetirir. Son ildə Naxçıvan teatrı səkkiz dəfə Türkiyə Respublikasına, onun ayrı-ayrı bölgələrinə qastrol səfərlərinə çıxmışdır. Türkiyədə qastrolda olan Naxçıvan teatrı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "O olmasın bu olsun", "Arşın mal alan" musiqili komediyalarını uğurla türk tamaşaçılarına göstərmişdir. Yeri gəlmişkən, qeyd edək ki, Naxçıvan teatrında musiqili əsərlərə çox geniş meydan verilmişdir. 1910-cu ildən ta bu günə kimi Azərbaycan bəstəkarlarının - Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Ər və arvad", "O olmasın bu olsun", "Arşın mal alan", Zülfüqar Hacıbəyovun "Aşıq Qərib", "Evliykən subay", "50 yaşında cavan", Fikrət Əmirovun "Gözün aydın", Səid Rüstəmovun "Beş manatlıq gəlin", "Durna", Ağası Məşədibəyovun "Toy kimindir", Süleyman Ələsgərovun "Ulduz", "Özümüz bilərik", "Olmadı elə, oldu belə", Vasif Adıgözəlovun "Boşanaq-evlənərik", Emin Sabitoğlunun "Hicran" və başqa bəstəçilərimizin ayrı-ayrı opera və operettaları Naxçıvan teatrında böyük uğurla tamaşaya qoyulmuşdur.
Müstəqillik illərində Naxçıvan teatrı öz fəaliyyətində ciddi dönüş yaratmaqla milli klassiklərə - H.Cavidin, M.F.Axundovun, C.Məmmədquluzadənin, N.Nərimanovun, İ.Əfəndiyevin, çağdaş yazarlar - N.Həsənzadənin, Elçinin, K.AğayevanınE yaradıcılığına dönə-dönə müraciət etmişdir.
Xalq artisti Kamran Quliyevin, əməkdar artistlər Yasəmən Ramazanovanın, Rövşən Hüseynovun uğurlu rejissor işləri, Əbülfəz Axundovun, Hüseynqulu Əliyevin, Səyyad Bayramovun quruluşçu rəssam kimi fəaliyyətləri tamaşaların baxımlı olmasına güclü təkan vermişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi barədə xüsusi sərəncam imzalamışdır. Sərəncamda deyilir: "Naxçıvan Dövlət Musiqili Dram Teatrı bütün fəaliyyəti boyu maarifçilik düşüncəsinin daha geniş dairədə yayılmasına çalışmış, xalqın mədəni intibahı, milli oyanışı və gənclərin milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyəsi işinə layiqli töhfələr vermişdir. Naxçıvan teatrı yüksək hazırlığa malik kadrları ilə ölkəmizdə teatr ənənələrinin daha da zənginləşməsi işində yaxından iştirak etmiş və mədəniyyətin ümumi tərəqqisi naminə diqqətəlayiq xidmətlər göstərmişdir".
125 yaşlı sənət ocağı m
üstəqillik yollarında inamlı addımlarını atır. Bu addımlarda qətiyyət, sağlam mövqe və prinsipial xətt vardır. Yaxın Şərqin ən qocaman sənət ocaqlarından biri olan Naxçıvan teatrı daim axtarışdadır.

Azərbaycan.- 2008.- 13 aprel.- S. 5.