Gənc istedadların ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş müsabiqəsi davam edir

 

Aprelin 25-də Bülbül adına xüsusi musiqi məktəbində gənc ifaçıların ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilmiş I Respublika müsabiqəsinin birinci turunun ikinci mərhələsi başlanmışdır. Xatırladaq ki, birinci mərhələ martın 28-dən aprelin 18-dək bölgə məktəblərinin şagirdləri arasında keçirilmişdir.

Məktəbin direktoru, musiqişünas, fəlsəfə elmləri namizədi Nigar Cərulla qızı tədbiri açaraq qeyd etmişdir ki, sözügedən müsabiqə həyatı boyu dövlətimizin gələcəyinin qayğısına qalmış, gənc istedadları qiymətləndirmiş, onlar ücün böyük sənətə yol açmış bir İnsanın - ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlamətidir.

Nigar xanım demişdir ki, bölgələrdə keçirilmiş müsabiqə çoxlu gənc istedad, o cümlədən vokalçı, tar və kamança ifaçısı üzə çıxarmışdır. Müsabiqə mövcud çatışmazlıqları da üzə çıxarmağa kömək etmişdir. Məsələn, Salyanda kamança müəllimlərinin sayı azdır. Bütün bu məsələlər yaxın vaxtlarda həll ediləcəkdir.

Aprelin 25-də Nigar Balayeva, Qəmər Mahmudzadə, Fəridə Məmmədova, Rəbiyyə Mədətova, Gülər Ağayeva, Müşviq Məmmədov və başqalarının çıxışları olmuşdur. Aprelin 26-da isə Rəna Novruzbəyli, Lalə Məmmədova, Natəvan Quliyeva, Vurğun Vəkilov, Mədinə Ağayeva, Fərəh Tağızadə və başqaları çıxış edəcəklər.

Birinci turun ikinci mərhələsi aprelin 30-da başa çatacaqdır.

 

Respublika.- 2008.- 26 aprel.- S. 8.