“Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin
abidəsinin ucaldılması planı artıq həyata
keçirilir və düşünürəm ki, onun
xatirəsinin əbədiləşdirilməsi Rusiya və
Azərbaycan xalqları arasında dostluğun
möhkəmlənməsinin, qorunub saxlanmasının,
inkişafının və mədəni-iqtisadi
əməkdaşlığın mühüm bir
təzahürü olacaqdır”.
Bunu Rusiyanın Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov bildirmişdir. O qeyd etmişdir ki, Heydər Əliyevin abidəsinin Ulyanovskda ucaldılması
təşəbbüsünü ÜAK Ulyanovsk regional bölməsinin rəhbəri
İslam Hüseynov bölmənin üzvləri
adından Millətlər
Şurasında irəli
sürmüşdür. S.Morozov
demişdir: “Şura bu gözəl təşəbbüsü dəstəkləmişdir.
Abidəni Zasviyajsk rayonunda Jiqulyovskaya və Fruktovaya küçələrinin kəsişməsində
ucaltmaq qərara alınmışdır.
Oktyabr ayında abidənin ucaldılması və ətraf ərazinin abadlaşdırılması ilə
bağlı açıq
dinləmələr keçirilmiş
və xalqlarımız
arasında dostluq əlaqələrini inkişaf
etdirmək məqsədi
ilə bu ideyanı dəstəkləmək
təklif olunmuşdur.
Abidənin müəllifi
tanınmış heykəltəraş
Sergey Bobrakovdur. O, Yuri Qaqarinin Moskvadakı abidəsinin də müəlliflərindən
biridir. Abidə üzərində iş may ayında başa çatacaqdır.
Hündürlüyü təxminən
5 metr olacaq abidənin açılış
mərasimi 2008-ci ilin yayında, Azərbaycan nümayəndə heyətinin
iştirakı ilə
keçiriləcəkdir.
Ulyanovsk vilayətinin qubernatoru xatırlatmışdır
ki, onun 2006-cı ildə Azərbaycana səfəri
çox maraqlı, zəngin və yaddaqalan olmuşdur. O demişdir: “Bir sıra görüşlər
keçirdim. Prezident İlham Əliyev məni qəbul etdi. Bu görüşlər
Azərbaycan ilə Ulyanovsk vilayəti arasında sosial-iqtisadi, mədəni əməkdaşlığı
fəallaşdırmağa imkan verdi”.
S.Morozov vurğulamışdır
ki, Azərbaycan Respublikası hazırda Ulyanovsk vilayəti ilə ticarət dövriyyəsinin həcminə
görə MDB ölkələri
arasında dördüncü
yeri tutur. O demişdir: “Xalqlarımız
gələcəklərini sıx
əməkdaşlıq şəraitində
qururlar və biz tərəfdaşlarımızla
bütün istiqamətlərdə
qarşılıqlı surətdə
faydalı əməkdaşlığı
inkişaf etdirməyə
səy göstəririk.
Bunun üçün
hər cür şərait, o cümlədən Azərbaycan
diasporunun fəal mövqeyi var”. Sergey Morozov Azərbaycan diasporunun vilayətdə fəaliyyətini
yüksək qiymətləndirərək
bildirmişdir ki, İslam Hüseynovun başçılıq etdiyi
bu çoxsaylı milli diasporlardan biri Ulyanovsk vilayətinin iqtisadi və mədəni həyatında əhəmiyyətli
rol oynayır.
Vilayətin başçısı
demişdir: “Bu təşkilat azərbaycanlıları
birləşdirə, milli
ictimai təşkilatlarla,
habelə vilayətin dövlət qurumları ilə sıx əlaqələr yarada bilmişdir. Regionda xeyriyyəçiliyə xüsusi
diqqət yetirilir və 2008-ci il Ulyanovsk vilayətində mənəviyyat və xeyirxah işlər ili elan olunmuşdur.
Sevindirici haldır ki, Azərbaycan diasporu bu tədbirlərdə
real işlərlə
iştirak edir”.
Xalq qəzeti.- 2008.- 27 aprel.- S. 6.