Hacızadə A.

 

Sankt-Peterburqun Rusiya Milli Kitabxanasında “Heydər Əliyev. Şəxsiyyət və Zaman” kitabının ilk təqdimatı keçirilmişdir

 

Sankt-Peterburqda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar tədbirlər çərçivəsində tanınmış Azərbaycan yazıçısı və publisisti, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” kitabının ilk təqdimatı böyük uğurla keçmişdir. Mərasimi MDB Parlamentlərarası Assambleyasının Katibliyi və Saltıkov-Şedrin adına Rusiya Milli Kitabxanası təşkil etmişlər. Bu tədbir MDB-də və uzaq xarici ölkələrdə dahi lider Heydər Əliyevin yubileyinə həsr olunmuş irimiqyaslı aksiyalar silsiləsindən birincisi idi.
“Heydər Əliyev. Şəxsiyyət və Zaman” çoxcildli roman-tədqiqatı həm də müəllifin şəxsi təəssüratlarına və baxışlarına əsaslanan faktoloji, politoloji, tarixi əsərdir. Kitab geniş oxucu kütləsinə məlum olmayan faktlar, epizodlar, dərin təhlil və müəllif şərhləri ilə müşayiət olunan məxsusi informasiya ilə zəngindir. Yazıçının dahi liderlə şəxsi tanışlığı romana xüsusi emosionallıq və səmimilik verir.
Elmira Axundovanın kitabı polifonikdir, əsərdə əsas qəhrəmanın - Heydər Əliyevin obrazı ilə yanaşı, SSRİ-nin və Sovet Azərbaycanının tanınmış xadimlərinin portretləri də yer almışdır.
Rusiya Milli Kitabxanasının baş direktoru Vladimir Zaytsev təqdimat mərasimini açaraq bildirmişdir ki, E. Axundovanın kitabı Rusiyada böyük maraqla qarşılanacaqdır, çünki Heydər Əliyevin təkrarolunmaz və çoxşaxəli taleyi aktuallığını heç zaman itirməyəcəkdir. Rusiyada bu görkəmli insana daim hörmət və ehtiram bəslənilmişdir.
Müəllifi olduğu əsəri haqqında danışarkən Elmira Axundova vurğulamışdır ki, tale ona XX əsrin ən parlaq siyasətçilərindən biri olan bu dahi şəxsiyyətlə ünsiyyətdə olmaq xoşbəxtliyini nəsib etmişdir. O, xalqımızın ümummilli liderini “siyasət nəhəngi” adlandırmış Rusiya Prezidenti V.Putinin sözlərini xatırlatmışdır. Müəllif demişdir: “Heydər Əliyev zamanın və taleyin daim ehtiyac duyduğu, tarixin yeni mərhələsində, yeni siyasi və sosial-iqtisadi şəraitdə təbiətin ona bəxş etdiyi böyük liderlik potensialını həyata keçirməyə nail olmuş bir insan idi. XX əsrdə bu, bəlkə də heç kimə nəsib olmamışdı”. E.Axundova dahi şəxsiyyətin həyatının əsas məqamlarından danışaraq vurğulamışdır ki, kitabın növbəti cildi “Kreml beşilliyi” adlanacaqdır. Ümumilikdə bu irimiqyaslı sənədli roman-tədqiqat 6 cilddən ibarət olacaqdır.
MDB Parlamentlərarası Assambleyası Şurası baş katibinin müavini, Milli Məclisin MDB PAŞ-dakı nümayəndəsi Aydın Cəfərov bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri haqqında kitabın təqdimat mərasiminin Sankt-Peterburqda keçirilməsi rəmzi məna daşıyır, çünki onun taleyi Rusiyanın şimal paytaxtı ilə sıx bağlı idi, burada onun xatirəsi daim ehtiramla anılır. O, görüş iştirakçılarına Heydər Əliyevin Azərbaycanın müasir tarixindəki rolundan, habelə Elmira Axundovanın yaradıcılıq fəaliyyətindən danışmışdır. Xüsusi vurğulanmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirir, inkişaf xətti yeridir. A. Cəfərov demişdir: “Heydər Əliyevin Azərbaycanda 1993-cü ildən həyata keçirdiyi siyasət davam etdiriləcəkdir. Bu, ölkəmiz üçün çox vacibdir, keçmişdə çox çətinliklər, o cümlədən qeyri-sabitlik, vətəndaş müharibəsi, iqtisadi böhranla üzləşmişdik. Bütün bunları geridə qoymaq üçün xeyli vaxt və səy tələb olunurdu. Buna görə də əsas məqsədimiz sabitliyi və Heydər Əliyev xəttini qoruyub saxlamaqdır”.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov ölkəmizdə dövlətçiliyin yaranmasında, Sankt-Peterburqda çoxsaylı və nüfuzlu Azərbaycan diasporunun birləşməsində Heydər Əliyevin rolundan danışmışdır. O vurğulamışdır ki, Azərbaycanda çox rəhbərlər olmuşdur, ancaq yalnız Heydər Əliyev öz dühası və böyük siyasi istedadı sayəsində milli lider ola bildi. Sankt-Peterburqda azərbaycanlıların milli-mədəni muxtariyyətinin sədri Vaqif Məmişov bildirmişdir ki, dahi lider Heydər Əliyev haqqında kitabın təqdimatının Sankt-Peterburqda keçirilməsi Azərbaycan diasporunun nümayəndələri üçün əlamətdar hadisədir. İndi təkcə soydaşlarımız deyil, Rusiya oxucusu da görkəmli siyasi xadimin həyat və fəaliyyəti barədə daha ətraflı məlumat ala biləcəklər.

Rusiyalı qonaqların - RF Yazıçılar İttifaqının Sankt-Peterburq bölməsinin sədri Boris Orlov, şairə Liliya Nəsibulina, MDB PA-nın ekspert-təhlil idarəsinin rəis müavini Konstantin Pşenko və başqalarının çıxışları da çox maraqlı və məzmunlu idi. Çıxış edənlər E. Axundovanın kitabını keçmiş sovet məkanında tarixi publisistika sahəsində yenilik və Rusiyanın şimal paytaxtının mədəni həyatında böyük hadisə kimi dəyərləndirdilər.
Tədbirdə iştirak edən Sankt-Peterburq Qanunvericilik Məclisinin nümayəndələri, tanınmış yazıçılar, şairlər, universitetlərin rektorları, ədəbi-bədii nəşrlərin rəhbərləri, şərqşünas alimlər, iri sahibkarlar, aparıcı ali məktəblərin tələbələri və aspirantları kitabın müəllifi Elmira Axundovaya və tədbirin təşkilatçılarına təşəkkür edərək romanın növbəti cildlərini gözlədiklərini bildirdilər.

 

Xalq qəzeti.- 2008.- 2 aprel.- S. 3.