Azərbaycan ilə Estoniya arasında əlaqələr təkcə siyasi müstəvidə deyil, iqtisadi mədəni sahələrdə uğurla genişlənir

 

Aprelin 2-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Estoniya parlamenti sədrinin müavini Kristina Oyulandla görüşmüşdür.
O.Əsədov demişdir ki, Azərbaycan ilə Estoniya arasında əlaqələr təkcə siyasi müstəvidə deyil, iqtisadi və mədəni sahələrdə də uğurla inkişaf edir. Bu işdə qarşılıqlı səfərlərin səmərəsindən danışan Milli Məclisin sədri özünün Estoniyaya, eləcə də bu yaxınlarda Estoniya iş adamlarının Azərbaycana səfərini xatırladaraq aparılan danışıqların bütün sahələrdə əlaqələrin inkişafına yaxşı töhfə verdiyini vurğulamışdır. O.Əsədov parlamentlərarası münasibətlərin dərinləşməsində dostluq qruplarının da rolunu xüsusi qeyd etmişdir.
Parlamentin sədri Estoniyada Azərbaycan diasporuna göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
Azərbaycana səfərindən məmnun qalan Kristina Oyuland ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini vurğulamış, Estoniyanın Azərbaycan ilə münasibətlərin dərinləşməsində maraqlı olduğunu bildirmişdir. Vitse-spiker Estoniya iş adamlarının sürətlə inkişaf edən Azərbaycana maraq göstərdiklərini demişdir. O, parlamentlərarası əməkdaşlığın əlaqələrin inkişafına yaxşı töhfə verdiyini vurğulamışdır.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Xalq qəzeti.- 2008.- 3 aprel.- S. 2.