Həsənov H.
Ümummilli
liderimiz milli-mənəvi dəyərlərimizi məhv olmaq
təhlükəsindən xilas etdi
Bu gün nəinki
Azərbaycanın, bütün dünya
azərbaycanlılarının öyündüyü
Heydər Əliyev həmişə Azərbaycan ilə,
azərbaycanlı olmağı ilə fəxr edirdi. Hələ
SSRİ dövründə nüfuzu və şöhrəti
ilə ittifaq miqyasına sığmayan ümummilli liderimiz
Azərbaycan adlı bir məmləkəti
mərhələ-mərhələ dünyaya tanıtdı.
Onun zəngin mədəniyyətini, tarixini, milli dəyərlərini
başqa millətlərə çatdırmağa başladı.
Düzü bu idi ki, hələ o zamanlardan Azərbaycanı
Heydər Əliyevlə tanıyırdılar. Bu
adlar qoşa çəkilirdi. Əgər gürcülər
Stalin dövründən SSRİ xalqlarının
yaddaşında qalmışdısa, ermənilərin
apardığı təbliğat nəticəsində bir
qafqazlı obrazı formalaşmışdı. Doğrudur,
Qafqazı tanıyan, bu xalqlara bələd olan alimlər
yaxşı bilirdilər ki, ermənilərin Qafqaz
xalqlarına heç uzaq qohumluğu da yoxdur. Amma erməni
təbliğatı öz işini görürdü.
“Qafqazlıyam”, – deyəndə erməni, yoxsa gürcü
olduğumuzu soruşurdular. Heydər Əliyev Azərbaycan KP
MK-nın birinci katibi olandan sonra vəziyyət tamam
dəyişdi. “Bakıdanam, Azərbaycandanam”, - deyəndə
müsahibimiz dərhal Heydər Əliyevin adını
çəkirdi.
Məsələnin başqa tərəfi də
vardı. Vaxtı ilə Heydər Əliyevin ailəsində -
evində qonaq olmuş adamlar - təbii ki, onların
əksəriyyəti tanınmış
şəxsiyyətlər idilər - ideal bir Azərbaycan
ailəsindən, azərbaycanlı süfrəsindən
məhəbbətlə söz açırdılar. İlk
baxışda burada qeyri-adi heç nə yoxdur. Qonaq həmişə
əziz olub. Ancaq diqqət yetirsək görərik ki, burada
çox incə bir məqam var. Həmin “qonaqlar” Heydər
Əliyev ailəsinin qonaqpərvərliyindən
danışa-danışa Azərbaycan
adət-ənənəsini, Azərbaycan süfrəsini
təbliğ edirdilər. Bu isə, bütövlükdə
Azərbaycanın təbliği idi.
Ümummilli liderimiz birinci dəfə hakimiyyətdə
olduğu illərdə çox dəyərlərimiz
yenidən həyata “vəsiqə aldı”. Məsələ
bunda idi ki, 1969-cu ilə qədər dil məsələsi
üstündə, Novruz bayramının keçirilməsi
ilə bağlı çox ziyalılarımızın
başı “ağrımışdı”. Çünki onlar
imperiya siyasətinin əsl, gizli mahiyyətinə varmadan, milli
adət-ənənələrə SSRİ və respublika
konstitusiyalarının verdiyi imkanlar
çərçivəsində əməl etməyə
çalışırdılar. Amma bu millilik imperiyanın
sərt təpkisi ilə qarşılanırdı. İmperiya
belələrini müxtəlif yollarla əzirdi, milli
bayramların qeyd olunmasına isə ciddi qadağalar qoyulurdu.
Böyük öndər isə fərqli yol tuturdu.
Məsələn, tezliklə Azərbaycan cəmiyyəti
xəbər tutdu ki, Heydər Əliyevin ailəsində Novruz
bayramı çox yüksək, təmtəraqlı, adət-ənənəmizə
uyğun keçirilir. Məhz elə buna görə də
Novruz bayramını gizlində də keçirməkdən
ehtiyat edən məmurların da indi evində Novruz
xonçası bəzədilirdi. Beləliklə,
həmin illərdə tədricən respublikamızın
hər yerində bu bayram qeyd edilməyə başlandı. Gah
Yaz bayramı, gah Bahar bayramı, nəhayət, öz adı
ilə Novruz bayramı kimi adlandırılmağa
başlandı. Demə, bu iş üçün nə
qərar lazım imiş, nə də göstəriş.
Elə məsələlər vardı ki, o, doğrudan
da hüquqi sənəd tələb edir. Məsələn,
Azərbaycanın dövlət dilinin tətbiq edilməsi.
Doğrudur, bu məsələnin qanunda əks olunması bir
az gec oldu. Çünki, o zaman ayrılıqda bir respublika
məsələ qaldıra bilməzdi ki, mən Konstitusiyamda
belə bir dəyişiklik etmək istəyirəm. Buna 1978-ci
ildə şərait yarandı. Təbii ki, Moskvanın
göstərişi ilə Azərbaycan SSR Konstitusiyasında
dövlət dilinin rus dili olması təsbit edilməliydi.
Amma ümummilli liderimiz Heydər Əliyevin gərgin
zəhməti, nüfuzu hesabına Əsas Qanunumuzun 73-cü
maddəsində belə bir müddəa əksini tapdı:
“Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir”.
İmperiyanın tam ruslaşdırma siyasətinə
keçdiyi bir dövrdə bunu etmək həqiqətən
böyük qəhrəmanlıq idi.
Bu çətinliyi bir neçə məsələ
özündə şərtləndirirdi. Əvvəla imperiya
rəhbərləri Azərbaycan türklərinin
coşğunluğunu yaxşı bilirdi. Bilirdi
ki, yüz illərdən bəridir bu xalqın
torpağına, sərvətinə təcavüz edib,
istədiklərini ala bilsələr də, onların
yaddaşına təcavüz edə bilməyiblər. İndi
Konstitusiyada dövlət dilinin Azərbaycan dili kimi təsbit
olunması millətin oyanışının yeni mərhələsi
olacaqdı. Sonrası bilirdilər ki, son illər bu
məsələ Azərbaycanda artıq bir neçə
dəfə qabardılıb. Deməli, bu məsələ
bir-iki nəfəri yox, respublika ictimaiyyətini narahat edən
məsələdir. Nəhayət, 1970-1980-ci illər elə
bir dövr idi ki, Azərbaycan sürətlə inkişaf
edirdi. Milli ruh oyanmışdı. Belə ruhlu qabaqcıl
ziyalılar respublika rəhbəri Heydər Əliyev
tərəfindən müdafiə olunurdular. Odur ki, SSRİ-nin
türk respublikaları Azərbaycana, onun rəhbərinə
qibləgah kimi baxırdılar. Bu fikri sözgəlişi
gətirmədik. Rəsul Rzanın dəfn mərasimində
Orta Asiyadan gəlmiş nümayəndə
heyətlərindən birinin rəhbəri ümummilli
liderimizə belə demişdir: “Yoldaş Əliyev, biz
Azərbaycana qibləmiz kimi baxırıq. Bunu siz etdiniz”.
Ailədə də, cəmiyyətdə də belədir ki,
hər kəs rəhbərin sözünü,
göstərişini əsas götürür. Şagird,
tələbə müəlliminə bənzəmək
istəyir. Uşaq valideyninin, müəlliminin sözünü,
hərəkətini ən düzgün sayır. Odur ki, həmin illərdə Heydər Əliyevin
hər sözü, hərəkəti cəmiyyətdə
əksini tapırdı. 1970-ci illərdə Novruz bayramı
ərəfəsində Şıx çimərliyi
səmtində - “Dostluq” parkında iməcilik
keçirilərkən, Heydər Əliyev
yazıçıların yanına gəlir, onlarla
söhbətləşir, zarafat edir, deyib-gülür.
Şair Qabil soruşur:
- Yoldaş Əliyev, Siz azərbaycanca nə gözəl
danışırsınız!
Heydər Əliyev gülümsünüb, cavab verir:
- Qabil, sən niyə mənim rusca gözəl
danışmağıma təəccüb etmirsən,
azərbaycanca danışmağıma təəccüb
edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili
bilməliyəm! Eləcə də hamımız
bilməliyik!
O zaman bu söhbətin əks-sədası böyük oldu.
Xüsusən, Heydər Əliyevin iclaslarda təmiz
Azərbaycan dilində danışması dilini unutmuş
məmurları silkələdi. Odur ki, insanlar dövlət
idarələrinə müraciət edəndə artıq
sıxılmır, çəkinmir, öz dilində - Azərbaycan
dilində müraciət edirdilər. Bu isə
öz-özlüyündə milli ruhumuzu yüksəldirdi.
Heydər Əliyev öz xalqını
yaxşı tanıyırdı. Onun çılğın
nümayəndələrini, qanı coşanları
çəkib saxlayır, imperiyanın cəza maşınlarından
qoruyur, imperiyanın öz siyasəti ilə onun
dəyərlərini bərpa edir, cəmiyyətin ümumi
inkişafına nail olurdu.
Bu faktdır ki, işğalçılar həmişə
azərbaycanlıların hüquqlarını tapdayıblar,
sərvətlərini talayıblar, dilini, tarixini unutdurmağa
çalışıblar. Ancaq xalqımız bu qovğalardan
çıxıb. Onun mübarizlik ruhunu, azadlıq eşqini
söndürə bilməyiblər. Xalqımızın
böyüklüyü, yenilməzliyi də bundadır ki, bu
uzun illərdə tarixini, dilini, dinini, milli-mənəvi
dəyərlərini, onların saflığını qoruyub
saxlayıb. Əlbəttə, belə işlərdə
xalqın tarixi - qan yaddaşı mühüm rol oynayıb.
Sıxıntılar, təzyiqlər içində olsa da,
gənc nəslə kimliklərini aşılayıblar, bununla
da, tarixi və milli-mənəvi dəyərlərini
yaşadıblar. Qeyd etdiyimiz kimi, birinci
dəfə Azərbaycana rəhbərlik edəndə
Heydər Əliyev bu istiqamətdə çox böyük
işlər gördü. Amma ötən əsrin sonunda - müstəqilliyimizi
əldə edəndən sonra hakimiyyəti zəbt
edənlər bu dəyərləri qiymətləndirə
bilmədilər, daha doğrusu, onları başqa
məsələlər düşündürürdü, milli
ənənələri qoruyub-yaşatmaq gücündə
deyildilər. Xalqdan uzaq olan qüvvələr xalq
mənafeyini, tarixi və milli dəyərləri qoruya
bilməzdilər. Ancaq şüarçılıq vardı.
Bu isə laqeydlikdən betər idi. Nə böyüyün
yeri bilinirdi, nə kiçiyin. Nə ağsaqqal sözü
eşidilirdi, nə ağbirçəyə hörmət
qoyulurdu. Dövlətin idarə olunmasında da vəziyyət
beləydi. Müdafiə naziri və yaxud hansısa bir
hərbi hissənin komandiri Ali Baş Komandanın əmrini
eşitmirdi, hətta ona hədə-qorxu gəlirdi.
Aşağı dövlət strukturlarının
rəhbərləri Prezidentə “dərs” verir, ona tabe olmaqdan
imtina edir, itaətsizlik göstərirdilər. Odur ki, həm
dövlətçilik, həm də milli
ənənələr itirilirdi. Sonda isə Azərbaycanın
büsbütün məhv olmaq təhlükəsi yarandı.
1993-cü ilin iyun ayının əvvəlləri
ölkədə vəziyyət belə idi. Artıq
ölkəni xilas etmək ümidi itirilməkdəydi. Odur ki,
xalq özü öz başına çarə qılmalıydı.
Özünə rəhbər, lider seçməliydi. Bu
seçimdə xalqa müdrikliyi, qan yaddaşı
köməyə gəldi. Dövlət quruculuğu
təcrübəsi olan, Vətəninə qırılmaz
tellərlə bağlanan fədakar bir insanı - Heydər
Əliyevi təkidli tələblərlə hakimiyyətə
gətirdi. Gətirdi ona görə ki, əvvəlki
rəhbərlərində qorxaqlıq, biganəlik,
səriştəsizlik, vəzifəyə hərislik və
digər mənfi keyfiyyətlər görmüşdülər.
Xalq bilirdi ki, Heydər Əliyevi Vətənə
xidmətdən heç nə ilə qorxudub,
çəkindirmək olmaz. Xalq rəhbərdən
Azərbaycana qənim kəsilənlərə kəskin və
qətiyyətli cavab gözləyirdi. Prezident
Heydər Əliyev öz xalqına arxalanıb bunu etdi və
azərbaycançılıq ideologiyasını
formalaşdıraraq, hüquqi, demokratik dövlət
quruculuğuna başladı.
Ümummilli liderimiz dövlətdə vəzifə tutmaq
istəyən şəxslərin zəruri
keyfiyyətlərə malik olmasına xüsusi diqqət
yetirirdi: “Hər bir insan həyatda öz yerini
tapmalıdır. Hər bir insan öz yerini tapanda böyük
olur. Kim ki, öz biliyindən, bacarığından artıq
iddialar edir, o, həmişə məğlub olur”. Belə kəlamlar istər dövlətçilik
ənənələrində, istərsə dövlət
rəhbərinin kadr siyasətində, istərsə də
hər bir kəs üçün yüz illər sonra da
əsas götürüləcək meyarlardır.
Ümummilli liderimiz Heydər Əliyevə görə milli
ideologiyanın əsas komponentləri milli
dövlətçilik və milli-mənəvi
dəyərlərdir. Heydər Əliyev deyirdi: “Xalqı
həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən mənəvi
əsaslar daha üstündür”. Odur ki, öz ana dilini
bilməyən adamları şikəst adamlar
adlandırırdı.
Ümummilli liderimiz Heydər Əliyevin böyük səylə
inkişaf etdirdiyi məsələlərdən biri (milli
ideologiyanın tərkib hissəsi kimi)
azərbaycançılıq xətti idi. Böyük
azərbaycanlı qürurla bildirdi ki, “Azərbaycan dili bu
gün dərin fikirləri ən incə
çalarlarınadək olduqca aydın bir şəkildə
ifadə etmək qüdrətinə malik dillərdəndir.
Düşüncələrdəki dərinliyi,
hisslərdəki incəlikləri bütünlüklə
ifadə etmək kamilliyinə yetişə bilməsi üçün
hər hansı xalqa bir neçə minillik yaşaması
lazım gəlir. Azərbaycan dilinin bugünkü inkişaf
səviyyəsi göstərir ki, Azərbaycan xalqı
dünyanın ən qədim xalqlarındandır”. – Bu,
ümummilli liderimiz Heydər Əliyevin “Dövlət dilinin
tətbiqi işinin təkmilləşdirilməsi haqqında”
2001-ci il 18 iyun tarixli fərmanındandır. Böyük
öndərimizin imzaladığı hər bir sənəd,
dediyi hər bir fikir milli konsepsiyamızın
formalaşmasına xidmət edirdi. Azərbaycan
dilini dövlət müstəqilliyimizin mühüm
qarantlarından biri adlandıran ümummilli liderimiz deyirdi ki,
“həyatda uğur qazanmaq üçün
xalqımızın, millətimizin milli-mənəvi
dəyərlərinə sadiq olmaq lazımdır, bu
milli-mənəvi dəyərləri ümumbəşəri
dəyərlərlə birləşdirib, müasir
həyat tərzi keçirmək lazımdır”. Bu,
birdən-birə avropalaşmaq istəyənlərə cavab
idi. Milli-mənəvi dəyərlərdən uzaq düşənlər
həyatda heçliyə doğru gedənlərdir.
Müstəqillik qazanandan sonra Avropadan xəbərsiz
“avropalaşanlar” milli-mənəvi dəyərlərimizi
ayaqlar altına atırdılar. Bu tipli jurnalistlər də
parnoqrafiyanı təbliğ edən qəzetlər, jurnallar
buraxır, asan qazanc yolu tapırdılar. Bu yolla xalqın
yetişməkdə olan nəslin mənəviyyatına
güclü zərbələr vururdular. Soruşanda da
deyirdilər ki, biz “Avropa təmayüllüyük. Avropada
belə şeylər adi şeylərdir”. Sadə xalq isə
çaşıb qalırdı. Bu işdə yenə
Heydər Əliyev xalqın köməyinə gəldi:
“Ayrı-ayrı jurnallarda, qəzetlərdə parnoqrafiya
səviyyəsində fotoşəkillər nümayiş
etdirənlər nə düşünürlər? İndi
ən inkişaf etmiş Avropa ölkələrində,
Amerikada, başqa ölkələrdə belə şeylər
yoxdur. Vaxtilə, nə vaxtsa olubdur. Amma indi belə
şeylər yoxdur”.
Böyük siyasi xadim Heydər Əliyev Azərbaycanda
hakimiyyətə qayıdandan sonra milli sahibkarların
yetişməsinə hər cür şərait
yaradırdı. Onların inkişafına dövlət
qayğısı göstərilirdi. Ancaq bu imkan
və şəraitdən sui-istifadə edib, qanunsuz yollarla
zənginləşmək istəyənlər də
artırdı. Bilən də, bilməyən də yeni iqtisadi
münasibətləri özü bildiyi kimi izah edir, ancaq
milli-mənəvi və əxlaqi keyfiyyətləri bununla
uyğunlaşdıra bilmirdilər. Belə bir məqamda
Heydər Əliyev belələrinə çılpaq bir
həqiqəti xatırlatdı: “Bir
qütbdə həddindən artıq
zənginləşmiş, bəzi hallarda qanunsuz
zənginləşmiş, öz vəzifələrindən
sui-istifadə edərək zənginləşmiş,
harınlamış insanlar və onların övladları
eyş-işrət içərisindədir, o biri
tərəfdən, çadırlarda yaşayan insanlar
inildəyir, nə qədər əziyyətlər
çəkirlər”.
Müstəqilliyimizin ilk illəri bir çoxları
Azərbaycanın yenidən hansısa ölkənin
işğalı altında olacağını iddia edirdi.
Əsas səbəb kimi də onun balaca bir ölkə
olmasını irəli sürürdülər. Ümummilli
liderimiz onları da cavabsız qoymadı. Böyük bir
həqiqəti anlatdı belələrinə:
“Əgər hər hansı ölkənin xalqları öz
hüquqlarını anlayır və onları qoruya
bilirsə, o zaman ən kiçik dövlət belə ən
böyük məmləkət qədər güclü olur”.
Bunu ümummilli liderimiz həyatda da sübut etdi. Vətəndaşlarımızın hüquqi
savadlanması, sivil qanunların qəbul edilməsi, demokratik
inkişafda görülən nəhəng işlər
ölkəmizi böyük dövlətlərin
cərgəsinə çıxartdı. İndi
ölkəmizi dünya tanıyır, onunla
hesablaşırlar. İlk növbədə ona görə
ki, dövlətimiz beynəlxalq aləmdə öz
hüquqlarını müdafiə etməyi bacarır.
Çünki onun vətəndaşları da öz hüquqlarını
anlayır və müdafiə edə bilirlər. Bu,
ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.
Həmin siyasi kursu bu gün Azərbaycan Prezidenti İlham
Əliyev uğurla davam etdirir.
Gəlin etiraf edək ki, ölkə müxalifətini ən
çox himayə edən Heydər Əliyev olub. Onların
şıltaqlığına da həmişə
təmkinlə dözüb. Siyasi partiyaların mətbu
orqanlarının nəşriyyata olan külli miqdarda
borcları ucbatından fəaliyyətlərini dayandırmaq
təhlükəsi olanda Heydər Əliyev onların
köməyinə çatıb. Böyük öndər
sağlam müxalifətin tərəfdarı idi və
inanırdı ki, onlar dövlətin idarə olunmasında,
nöqsanların aşkarlanmasında əhəmiyyətli rol
oynayar. Ancaq ümummilli liderimiz bir müxalifəti qəbul
etmirdi: “Kim müxalifətdə durursa-dursun, ancaq
Vətəninə, xalqına, mənəviyyatına,
məsləkinə müxalifətdə durmasın”. Bu
kəlam müxalifətə göstərilən ən
düzgün yoldur. Bu şərtlərə
əməl edən müxalifət inkişaf edər,
cəmiyyətdə çəkisi olar.
Ümummilli liderimizin ölkəmizdə apardığı
geniş hüquqi islahatlar da milli-mənəvi
dəyərlərə, humanizm ənənələrinə
əsaslanırdı. “Dövlət iki şeydən sarsıla
bilər: günahkar cəzasız qalanda və
günahsıza cəza veriləndə”, - deyirdi Heydər
Əliyev. Hər bir hüquq işçisinə
xatırladırdı: “Ədalətsizliklə ədaləti
bərpa etmək olmaz”, “Rüşvətxoru, oğrunu
qəhrəman etmək, öz xalqına xəyanət
etməkdir”...
Bu gün nə qədər düşünürsən,
elə bir sahə tapmırsan ki, Heydər Əliyev
ayrı-ayrı çıxışlarında ona
toxunmasın, fikrini bildirməsin, məsləhət
verməsin, yol göstərməsin. Onun cild-cild kitablara
sığmayan nitqlərini oxuduqca, görürsən ki, az
qala, hər cümləsi bizim üçün
fəaliyyət proqramıdır. Bu Böyük İnsan
hər birimizi Azərbaycan üçün yaşamağa
çağırırdı, öyrədirdi.
Dövlətimiz bu dəyərlər üstündə
ucaldı, inkişaf etdi, qüdrətli bir ölkəyə
çevrildi. Bu gün həmin dəyərlər Azərbaycan
Prezidenti tərəfindən daha inamla həyata keçirilir.
Cəmiyyət saflaşır, möhkəmlənir,
azərbaycançılıq ideyası bütün
fəaliyyətimizdə meyara çevrilir.
Bəli, ümummilli liderimiz Heydər Əliyev 1993-cü
ildə Azərbaycanda hakimiyyətə qayıtmaqla
milli-mənəvi dəyərlərimizi özümüzə
qaytardı, onu məhv olmaq təhlükəsindən xilas
etdi. Bu, onun XİLASKARLIQ missiyası idi.
Xalq qəzeti.- 2008.- 11 aprel.- S. 3.