Rüstəmli N.
Ümummilli liderimizin
xatirəsinə layiqli töhfə
Əməlləri
ilə əbədiyaşarlıq qazanmış ölməz
Heydər Əliyevin 85 illik yubileyinə hər kəs öz
töhfəsini verməyə çalışır. Bu
münasibətlə Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin nəşr etdiyi "Heydər Əliyev
və mədəniyyət" kitabı üç cilddən
ibarətdir. Layihənin rəhbəri Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayevdir. Kitabın
tərtibçiləri Sevda
Məmmədəliyeva və Teymur Əhmədov, redaktoru
Lətifə Məmmədovadır.
Azərbaycanın milli-mənəvi və əxlaqi
dəyərlərinin ümumbəşəri ideyalarla
zənginləşdirilməsində Heydər Əliyevin
misilsiz xidmətləri
olmuşdur. O, Azərbaycan xalqının
qəhrəmanlıqlarla dolu tarixi
keçmişinə, zəngin mənəvi dəyərlərinə,
maddi-mənəvi irsinə, incəsənətinə
qayğı ilə yanaşmışdır. Ümummilli
liderimiz Azərbaycan mədəniyyətinin hamisi olmuşdur.
O, xalqın mənəviyyatını zənginləşdirən,
onu bütün dünyada tanıdan milli
mədəniyyətimizin hərtərəfli
inkişafını, yüksəlişini daim izləyib, ona
ən ümdə vəzifəsi kimi baxırdı.
Azərbaycan
mədəniyyətinin ən böyük nailiyyətləri
ictimai-siyasi və dövlət xadimi, sözün əsl
mənasında böyük ziyalı Heydər Əliyevin
adı ilə bağlıdır. Məhz buna görə
də ulu öndər Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrü mədəniyyətimizin
tarixində yeni intibah dövrü adlandırmaq olar.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin
mədəniyyət sahəsində yorulmaz fəaliyyətini
əks etdirən üçcildliyin birinci cildində dahi
şəxsiyyətin ölkə rəhbərliyinə
gəldiyi 1969-cu ildən 1982-ci ilə qədər və
1993-1996-cı illərdə Azərbaycan
mədəniyyətinə, incəsənətinə, kinosuna,
ədəbiyyatına, memarlığına, turizm
sahəsinə və s. böyük qayğısını
səciyyələndirən materiallar xronoloji
ardıcıllıqla toplanmışdır.
Bu
sənədlərdə ölkəmizdə həmin
dövrün ictimai həyatında baş vermiş
mədəni yüksəlişin ümumi mənzərəsi,
eyni zamanda ulu öndərin mədəni irsə və
ənənəyə münasibəti, milli mədəniyyətimizin
ayrı-ayrı sahələri haqqında fikirləri dolğun
əksini tapmışdır.
Kitaba Heydər
Əliyevin istər Sovet hakimiyyəti illərində Azərbaycana
rəhbərliyi dövründə, istərsə də
müstəqil Azərbaycan Respublikasının Prezidenti
seçildiyi ilk illərdə sənət adamları, yazıçılar
və elm xadimləri ilə çoxsaylı
görüşləri zamanı çıxışları,
nitqləri və dəyərli tövsiyələri daxil
edilmişdir.
Üçcildliyin
birinci cildi Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin 85 illik yubileyi haqqında Azərbaycan
Respublikası Prezidentinin sərəncamı və
respublikamızın Mədəniyyət və Turizm naziri
Əbülfəs Qarayevin giriş sözü ilə
açılır.
Toplunun ikinci cildində
ulu öndərimizin 1997-1998-ci illərdə
mədəniyyətimizlə bağlı yığıncaq
və tədbirlərdəki müraciətləri,
çıxış və müsahibələri,
təbrikləri toplanmışdır.
"Hər bir xalq
öz mədəniyyətinə görə tanınır.
Yüksək mədəniyyətə malik olan xalq
həmişə inkişaf edəcək", - deyən
Heydər Əliyev ölkə mədəniyyətinin dünya
arenasına çıxması, onun yüksək
səviyyədə nümayiş və təbliği
üçün əlindən gələni əsirgəmir,
bu sahənin adamlarının yaradıcılıq
qabiliyyətlərinin artırılması məqsədilə
bütün lazımi tədbirləri həyata keçirirdi.
Elə bir sənət adamı yox idi ki, onun diqqət və
qayğısından kənarda qalsın.
Ümummilli lider
Heydər Əliyevin mədəniyyətin müxtəlif sahələrinə
dair mülahizələri, sənət barədə
düşüncələri, onun mədəniyyətimizə
vurğunluğunu, təəssübkeşliyini, eyni zamanda
ədəbiyyatımızın, incəsənətimizin
dərin bilicisi, xiridarı və
tərənnümçüsü olduğunu əyani
nümayiş etdirirdi.
Kitabın
üçüncü cildi Heydər Əliyevin Azərbaycana
rəhbərliyinin 1999-2003-cü illərini əhatə edir.
Oxuculara təqdim olunan bu cilddə Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin bu illərdə
ədəbiyyat, mədəniyyət, incəsənət, elm,
din və idman xadimləri ilə görüşləri,
müsahibələri, tövsiyələri, milli-mənəvi
dəyərlərə verdiyi yüksək qiymət
barədə materiallar toplanmışdır. Ulu öndər
Heydər Əliyevin incəsənət xadimləri ilə
hər bir görüşü əlamətdar və tarixi
hadisəyə çevrilirdi. Belə görüşlərdən
hədsiz mənəvi zövq alan ümummilli liderimiz deyirdi:
"Xalqımızın incəsənət,
mədəniyyət sahəsindəki nailiyyətləri
Vətənini, millətini sevən hər bir azərbaycanlı
üçün iftixar mənbəyidir. Mən bununla daim
fəxr etmişəm".
Qeyd edək ki,
gözəl tərtibatla, yüksək poliqrafik icrada
nəşr olunmuş bu toplu vətənini, xalqını
dərin məhəbbətlə sevən hər bir
azərbaycanlının masaüstü kitabı olmağa
layiqdir. Üçcildlik sanballı "Heydər Əliyev
və mədəniyyət" kitabı böyük
dövlət xadiminin irsini tədqiq edən və
öyrənənlər üçün zəngin
mənbədir.
Respublika.- 2008.- 30 aprel.- S. 10.