Azərbaycan-Türk Mədəniyyət Dərnəyi
beynəlxalq mükafata
layiq görülüb
Azərbaycan diasporunun formalaşması,
təşkilatlanması, inkişafı, ölkəmizin
həqiqətlərinin təbliğindəki
xidmətlərinə görə, Hollandiyadakı Azərbaycan-Türk
Mədəniyyət Dərnəyi də "Qobustan" beynəlxalq
mükafatına layiq görülmüşdür.
"Qobustan"
beynəlxalq mükafatı 2007-ci ildə Azərbaycan
diasporunun fəaliyyətinin qiymətləndirilməsi, bu
sahədə xidmətləri olan insanların əməyinin
dəyərləndirilməsi məqsədilə təsis
olunmuşdur. Mükafat, əsasən, Azərbaycan və
türk diasporu təşkilatlarının birgə
fəaliyyəti istiqamətində göstərdiyi
səylərə, Azərbaycan diasporunun inkişafındakı
xidmətlərinə, eləcə də, xalqımızın
haqq səsinin dünya ictimaiyyətinə çatdırılması
sahəsində işinə görə ayrı-ayrı diaspor
təşkilatlarının rəhbərlərinə,
həmçinin, kütləvi informasiya vasitələrinin
nümayəndələrinə verilir.
Hollandiyada 20 ilə
yaxın fəaliyyət göstərən
Türk-Azərbaycan Mədəniyyət Dərnəyinin
adı laureatlar sırasında birinci yerlərdə
olmuşdur. Mükafat Dünya Azərbaycan və Türk
Diaspor Təşkilatları Əlaqələndirmə
Şurasının Berlin konfransında dərnəyin
sədri, əslən Türkiyənin İqdır
vilayətindən olan İlhan Aşkına təqdim
edilmişdir.
İlhan Aşkın bu
mükafatı aldığı günü öz
həyatının və rəhbərlik etdiyi
təşkilatın fəaliyyəti dövrünün ən
əziz və şərəfli günü olduğunu
bildirmişdir. Bu mükafat Azərbaycan hökuməti
tərəfindən Azərbaycan diasporuna verilən ən
böyük qiymətdir. Dərnəyin belə bir yüksək
mükafata layiq görülməsi Azərbaycan
dövlətinə, onun hazırkı siyasətinə
inamı artırır, gələcəkdə yaxşı
işləməyə ruhlandırır.
İlhan Aşkın
Hollandiyada Azərbaycan səfirliyinin açılmasını
da tarixi hadisə kimi qiymətləndirmiş və səfirliklə
diaspor təşkilatlarının vahid bir məqsədə -
Azərbaycan dövlətçiliyinə xidmət etdiyini bildirmişdir.
Dərnək rəhbəri demişdir ki, Haaqadakı binalardan
birinin üzərində "Azərbaycan Respublikasının
səfirliyi" sözlərini oxuyan hər bir türkün qəlbində
məğrurluq hissi baş qaldırır. Azərbaycan
diasporunun fəallığının artması, müxtəlif
diaspor qurumları arasında əməkdaşlığın
inkişaf etdirilməsi səfirimiz Fuad İsgəndərovun xüsusi
önəm verdiyi ən vacib məsələlərdəndir. Səfirin
diaspor təşkilatlarının bütün
tədbirlərində fəal iştirakı həyata
keçirdiyimiz tədbirlərin siyasi çəkisini artırır,
birlik duyğularımızı qüvvətləndirir.
Səs.- 2008.- 12 aprel.- S. 12.