Arifə

 

Milli Kitabxanada 31 mart qırğınına aid sərgi açılıb

 

Dünən M.F.Axundov adına Milli Kitabxanada 1918-ci il soyqırımını əks etdirən kitab, jurnal və qəzet materialları əsasında "31 mart Azərbaycanlıların soyqırımı günüdür" adlı sərgi təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Vaqif Abışovun 1917- 1918-ci illərdəki hadisələri əhatə edən "Azərbaycanlıların soyqırımı" adlı kitabının təqdimatı da gerçəkləşib. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq milli qırğından 90 il keçməsinə baxmayaraq, mart hadisəsinin Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoyduğunu qeyd edib. Bu mövzuya aid dərc olunan kitabların elektron versiyasının artıq hazırlandığını və ictimaiyyətə təqdim olunduğunu deyən direktor Azərbaycan xalqına qarşı törədilmiş erməni vəhşiliyini dünya xalqlarına çatdırmaqda kitabxananın xüsusi rol oynadığını vurğulayıb.
   Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi Fikrət Babayev 31 mart qırğını barədə dünya ictimaiyyətini geniş məlumatlandırmaq istiqamətində son zamanlar təsirli işlər görüldüyünü diqqətə çatdırıb.
   Professor Vaqif Arzumanlı on minlərlə əhalinin soyqırım qurbanı olduğunu, ermənilərin törətdiyi qırğın nəticəsində təkcə Bakı şəhərində 15 minə yaxın müsəlmanın öldürüldüyünü bildirib. O, erməni vəhşiliklərinin Bakıyla məhdudlaşmadığını, Şamaxı, Quba, Lənkəran və başqa bölgələrdə də müsəlman əhalinin öldürüldüyünü söyləyib: "Tarixdən ibrət götürən millət hər zaman uğur qazanır. Bizsə laqeydliyimiz ucbatından öz tariximizdən ibrət götürməmişik, tariximizin qan səhifəsini unutmuşuq. Bundan sonra belə olmamalıdır". V.Arzumanlı Vaqif Abışovun "Azərbaycanlıların soyqırımı" kitabının aktuallığını, gələcək nəslin tarixi sənədlər əsasında ərsəyə gələn belə kitablara ehtiyacı olduğunu diqqətə çatdırıb.
   Tarixçi Lətifə Məmmədova Azərbaycanın müstəqillik, dövlətçilik ideyalarına ağır zərbə vurmaq məqsədilə törədilmiş 31 mart soyqırımının tarixinin dərindən araşdırılmasının və erməni vəhşiliyinin mahiyyətinin dünyaya çatdırılmasının vacibliyindən danışıb.

 

525-ci qəzet.- 2008.- 1 aprel.- S. 7.