Cavadov S.

 

Lənkəranda soyqırımı qurbanlarının xatirəsinə ucalan abidə ziyarətgaha çevrilib

 

Lənkəran şəhəri inkişaf edir, abadlaşır. Tikinti meydançasını xatırladan bu cənub şəhərində tarixi keçmişimizə böyük diqqət qayğı göstərilir. Son illər burada tarixi abidələrin bərpası, əsaslı təmir olunması sahəsində mühüm işlər görülmüşdür. Şəhərin dəmir yolu vağzalı ərazisində isə yeni park salınmış orijinal üslubda abidə ucaldılmışdır. Bu, azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş abidədir.
Məlum olduğu kimi, 1918-ci ildə ermənilər Xəzər dənizi ilə gəmilərlə Lənkərana da gələrək əhaliyə divan tutmuş, qəddarlıqla südəmər körpələri belə, süngüdən keçirmişlər. Yaşlı nəslin nümayəndələri valideynlərindən eşidiblər ki, erməni daşnakları Lənkəran çayı boyu bütün kənd əhalisini qırıb-çatmış, onların başına olmazın müsibətlər gətirmişlər. Həmin vaxtlar öldürülmüş yerli adamların qanına boyanmış çayın qırmızı rəngdə axdığını da söyləyirlər. Lakin Lənkəran camaatı hiyləgər düşmənə qarşı mübarizə apararaq onların xeyli canlı qüvvəsini məhv etmiş, silah-sursatını ələ keçirmişdir. Bunu görən ermənilər gəmilərə minərək qaçmaq məcburiyyəti qarşısında qalmışlar.
Tarixi unutmamaq, onun acı həqiqətlərindən nəticə çıxarmaq, bu haqda mütəmadi şəkildə gənc nəsli məlumatlandırmaq indi daha böyük önəm kəsb edir. Bu baxımdan, Lənkəran şəhərində ucaldılmış abidə mühüm əhəmiyyətə malikdir. Qara rəngli abidə-kompleksdə keçən əsrin əvvəllərindən başlayaraq ermənilərin mərhələlərlə xalqımızın başına gətirdiyi müsibətləri göstərən şəkillər, bununla əlaqədar məlumatlar, ümummilli lider Heydər Əliyevin Prezident İlham Əliyevin dediyi fikirlər öz əksini tapmışdır. Buradakı bölümlərin birində oxuyursan: "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarımızın zəbti ilə müşahidə olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Yalnız XX yüzillikdə Azərbaycan xalqı dörd dəfə soyqırıma kütləvi insan tələfatı ilə nəticələnən deportasiyaya məruz qalmışdır (1905-1907, 1918- 1920, 1948-1953, 1988- 1993-cü illərdə)". Xocalı faciəsinin dəhşətləri kompleksdə ayrı-ayrı fraqmentlərdə əks olunmuşdur. Abidənin önündə ər, oğul, qardaş dağı görmüş hüznlü ana heykəli isə sanki dilə gələrək bizi heç olmasa bundan sonra erməni hiyləsinə aldanmamağa, şəhidlərimizin qanını yerdə qoymamağa, doğma torpaqlarımızı düşmən tapdağından azad etməyə səsləyir.
Bu gün abidə lənkəranlıların ziyarətgahlarından biridir. 31 Mart soyqırımı günlərində digər vaxtlarda şəhər əhalisi, məktəblilər, tələbələr buraya gəlir, soyqırımı qurbanlarının xatirəsini yad edirlər.
Abidə dəmir yolu vağzalının yaxınlığında inşa edildiyindən Bakıdan digər yerlərdən Lənkərana gələn qonaqlar da bu kompleksin önündən keçməli olurlar. Düşünülmüş surətdə belə bir məkanın seçilməsi, bizcə, az əhəmiyyət kəsb etmir. Ölkəmiz inkişaf etdikcə cənub mirvarisi olan Lənkərana gələn xarici turistlərin sayı ildən-ilə artmaqdadır. Deməli, xalqımızın haqq səsinin dünyaya çatdırılmasında bunun özü əyani təbliğat vasitəsidir.

 

Azərbaycan.- 2008.- 1 aprel.- S. 6.