İbrahimxəlilov
A.
Artıq 15-20
ildir ki, bütün dünyada turizmin mədəniyyətlə
əlaqələndirilməsi tendensiyası gedir. Əvvəlcə Avropada, sonra isə
dünyanın hər yerində bu mövzu ilə
əlaqədar müxtəlif sorğuların
keçirilməsi ənənə şəklini almışdı.
Əksər sorğularda respondentlərə verilən suallar
bir-birinə oxşayırdı: “Turistlər təbii imkanlara,
iqlim və relyef gözəlliklərinə daha çox meyil
edirlər, yoxsa tarix-mədəniyyət
abidələrinə?” Əvvəllər bu iki istiqamətin
hər ikisinə meyil edənlərin sayı, demək olar ki,
eyni idi. Sonralar isə məlum oldu ki, tarix-mədəniyyət
abidələrinə maraq göstərənlər daha
çoxdur. Bəlkə də elə bu səbəbdən
dünyanın bir çox ölkələrində
mədəniyyət müəssisələrinin fəaliyyətini
bilavasitə turizmlə əlaqələndirərək
Mədəniyyət və Turizm Nazirliyi yaratdılar.
Xoşbəxtlikdən
bizim ölkəmizdə, xüsusən də Şəkidə
turistləri cəlb edəcək, maraqlandıracaq təbii
imkanlar da istənilən qədərdir,
tarix-mədəniyyət abidələri də. Dövlət və dövlət
başçımız da məhz bu amilləri əsas
götürərək Azərbaycanda turizmin inkişafına
daha böyük önəm verir. Bu sahəni inkişaf etdirmək
üçün dövlət heç nəyi
əsirgəmədiyi kimi özəl bölmə
təmsilçiləri də çoxsaylı layihələr
reallaşdırırlar. Şəki Şəhər
Mədəniyyət və Turizm Şöbəsi də
Mədəniyyət və Turizm Nazirliyi və Şəki
Şəhər İcra Hakimiyyətinin yaxından
köməyi ilə ölkədə gedən bu müsbət
tendensiyaya öz töhfəsini verir.
Qeyd edim ki,
Şəkidə Xan sarayı kimi möhtəşəm tarixi
abidə, Tarix Diyarşünaslıq Muzeyi, Mirzə
Fətəli Axundovun, Rəşid bəy Əfəndiyevin,
Sabit Rəhmanın ev muzeyləri, xalq tətbiqi sənət
muzeyi, “Kiş məbədi” tarixi abidəsi, Heydər
Əliyev muzeyi və digər görməli yerlər turist
və qonaqların böyük marağına səbəb
olur. Bundan başqa, müasir rəsm
qalereyamız da Şəkinin qonaqlarının daim üz
tutduğu ünvanlardan biridir. Turistlərin və
qonaqlarımızın daha çox maraqlandığı məkanlarımız
sırasında “Safari” turizm mərkəzi, “Narınqala”,
“Marxal”, “Karvansara”, “Gələrsən-görərsən”,
“Şəki-Saray”, “Cənnət bağı” və başqa
məşhur ünvanlar da vardır. Bu turizm və istirahət
mərkəzləri dünyanın bir çox
ölkələrindən olan turizm həvəskarlarını
daim cəlb edir. Lap yaxın gələcəkdə dağ
turizmi və qış turizmi obyektləri də
qonaqlarımızın ixtiyarına veriləcəkdir.
Bütün bunlarla yanaşı, Şəkini bütün dünyada
məşhur edən bu diyarın sənətkarlarıdır.
2700 illik
tarixə malik olan Şəkidə ulu
əcdadlarımızın yaratdığı,
məşğul olduğu xalq sənətkarlığı
nümunələri bu günədək qorunub
saxlanılmışdır və inkişaf
etdirilməkdədir. Hazırda
Şəkidə xalq tətbiqi sənətinin 18 növü
üzrə 300 nəfərdən çox sənətkar
fəaliyyət göstərir. Həmin
sənətkarlar əsasən şəbəkə,
təkəlduz, dulusçuluq, ağac və saxsı
məmulatları üzərində işləmə, daş
və gəc üzərində işləmə,
tikmələr, toxuculuq, xalçaçılıq,
misgərlik, zərgərlik, papaqçılıq,
tənəkəçilik, sandıqçılıq, musiqi alətlərinin
hazırlanması və bərpası, xarratlıq
sahəsində məşğul olurlar. Xalq sənəti
ustalarının yaradıcılığı daim diqqət
mərkəzində saxlanılır, onlar müxtəlif
tədbirlərə cəlb olunur, istər ölkəmizdə
və istərsə də xaricdə təşkil olunan
sərgilərdə fəal iştirak edirlər. Xalq
sənətkarlarının normal və məhsuldar
işləməsi üçün onlara əlverişli
şərait yaradılmasına xüsusi fikir verilir. Bu
yaxınlarda xalq sənətkarları üçün
“Yuxarı Baş” Tarix-Memarlıq Qoruğu ərazisində
yerləşən qədim tarix-mədəniyyət
abidəsində münasib yer ayrılmışdır. Xalq
tətbiqi sənəti növlərinə olan qayğı
və diqqətin artması bu sənət növləri
ilə məşğul olmaq istəyənlərin say
tərkibinə də müsbət təsir göstərir.
Təkcə 2008-ci ilin ilk 3 ayı ərzində Şəki
sənətkarlarının say tərkibi bu sahəyə
cəlb olunmuş yeni sənətkarlar hesabına 6
nəfər artmışdır.
Son illər
Şəkidə turizm infrastrukturunun yaradılması
istiqamətində məqsədyönlü tədbirlər
həyata keçirilir. Yeni
mehmanxanalar, kotteclər, turizm xidməti obyektləri, digər
sosial obyektlər inşa edilir. Körpülər tikilir, yollar
salınır. Şəhərdə geniş miqyasda
tikinti-abadlıq işləri aparılır. Meydan və
xiyabanlar öz simasını dəyişir,
gözəlləşir. Bütün bunlar, şübhəsiz
ki, Şəkiyə gələn turistlərin sayının
böyük sürətlə artmasına geniş imkanlar
açır. Son illərdə istər
respublikamızın ayrı-ayrı
bölgələrindən, istərsə də yaxın və
uzaq xaricdən bu şəhərə gələn
turistlərin say dinamikasına nəzər salsaq,
görərik ki, əgər 2004-cü ildə
Şəkiyə cəmi 2800 nəfər turist
gəlmişdisə, 2005-ci ildə bu rəqəm 6000
nəfərə, 2006-cı ildə isə 9000
nəfərə çatmışdır. Yola
saldığımız ildə isə hələ ki, 11500
nəfərdən çox turistin gəlişi qeydə
alınmışdır.
Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və
Şəki Şəhər İcra Hakimiyyətinin
Şəkidə turizmin inkişafı üçün
göstərdikləri böyük diqqət və
qayğı xüsusi olaraq qeyd edilməlidir. Şəhərdə turizm informasiya
mərkəzinin açılması Şəkinin turizm
məkanı kimi təbliği baxımından çox
mühüm əhəmiyyət kəsb edir. Rayonda
yeni turizm marşrutlarının yaradılması
sahəsində də tədbirlər həyata keçirilir.
Ən yaxın gələcəkdə XVIII əsr
tarix-memarlıq abidəsi olan Şəkixanovların
evində, XVIII-XIX əsrlərdə inşa olunmuş tarix
və mədəniyyət abidəsi olan Aşağı
Karvansaray binasında əsaslı bərpa işlərinin
başlanılması nəzərdə tutulur.
“Gələrsən, görərsən” qalasında isə
konservasiya aparılması planlaşdırılır. Rayonun
Fazil kəndində aparılan arxeoloji qazıntılar
zamanı burada insanların qədim yaşayış
məskəni — “təpəbaşı nekropolu” aşkar
edilmişdir. Bu nadir mədəniyyət abidəsində son
tamamlama işlər başa çatdırıldıqdan sonra
o, marşrut planına daxil ediləcəkdir.
Şəkidə
bu ilin əvvəlində turizm informasiya mərkəzinin
rəsmən fəaliyyətə başlaması bir
tərəfdən bu sahə üzrə məşğul olan
əlavə 4 nəfər üçün iş yeri imkanları
açmışsa, digər tərəfdən də
onların qüvvəsi ilə Şəkidə turizmin
inkişafına daha geniş vüsət verilməsinə
və bölgəmizə gələn turistlərin say
artımının ən azı 2 min nəfərə
qədər artırılacağına təminat verir. Şəki Mədəniyyət
və Turizm Şöbəsi Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi
münasibətilə tədbirlər planı hazırlamış,
həmin plan kollektivin 27 fevral 2008-ci il tarixdə
keçirilmiş seminar-müşavirəsində
müzakirə olunaraq təsdiq edilmişdir. Heydər Əliyevin
Azərbaycan dövləti və xalqı
qarşısındakı misilsiz xidmətlərinin, onun
nəsillərə örnək olan həyat və
fəaliyyətinin daha geniş miqyasda öyrənilməsi
və təbliği zəruriyyətini nəzərə alaraq,
bir sıra tədbirlər təşkil edilmişdir.
Ulu
öndərin xatirə muzeyinin yeni eksponatlarla
zənginləşdirilməsi yönümündə
təşkilati və əməli tədbirlər
görülmüşdür. Dahi siyasətçinin zəngin ideya
nəzəri və siyasi irsinin sistemli və ardıcıl
qaydada öyrənilməsinə olan sorğu və
tələblərin ödənilməsini təmin etmək
üçün İ.S.Nakam adına mərkəzi kitabxanada
hər ayın 12-nin “Heydər Əliyev irsinin təbliği
günü” kimi qeyd edilməsi
qərara alınmışdır. Cari il aprel ayının
sonuncu və may ayının birinci
öngünlüyündə “Heydər Əliyev haqqında
yazılmış bədii sənət nümunələrinin
ən yaxşı ifaçısı” üçün
ümumşəhər baxış-müsabiqəsi
keçirilmişdir. Rəşid bəy Əfəndiyev
adına tarix-diyarşünaslıq muzeyində Heydər
Əliyevin həyat və fəaliyyətinə həsr
olunmuş “Böyük ömrün salnaməsi” adlı iri
həcmli sərgi hazırlanmışdır.
Kitabxana
müəssisələrində, klublarda və
mədəniyyət evlərində Heydər Əliyevin anadan
olmasının 85 illik yubileyinə həsr olunmuş
elmi-nəzəri konfranslar, mühazirələr, dəyirmi
masalar, lektoriyalar keçirilmişdir. İ.S.Nakam adına mərkəzi kitabxanada “Heydər
Əliyev müstəqil Azərbaycan dövlətinin
memarıdır” sərlövhəli kitabxana plakatı
hazırlanmışdır. Eyni zamanda, may ayında
Şəki şəhərində Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85
illiyi münasibətilə “Müstəqil Azərbaycan
dövlətinin memarı” mövzusunda
teatrlaşdırılmış “Kitab bayramı”
keçirilmişdir.
Üç
saata yaxın davam edən bu bayram tədbirində Heydər
Əliyevin həyat və fəaliyyətinin müxtəlif
dövrlərindən, o cümlədən ulu öndərin
mədəniyyətə, ədəbiyyat və
incəsənətə böyük qayğı və
diqqətindən bəhs edildi. Sonra
isə kitabın keçdiyi tarixi inkişaf yolu haqqında
məlumat verildi. Xalqımızın ilk yazılı
abidələri və əlyazma kitabları bir daha
xatırlandı. “Kitab bayramı”nın proqramına həmçinin
müxtəlif nominasiyalar üzrə qaliblərin
mükafatlandırılması da daxil edilmişdi. Bütün nominasiyalar üzrə ilk yerin
sahiblərinə Şəki Şəhər İcra
Hakimiyyəti başçısının fəxri fərman
və qiymətli hədiyyələri, sonrakı yerləri
tutan qaliblərə isə Şəki Mədəniyyət
və Turizm Şöbəsinin fəxri fərmanları və
qiymətli hədiyyələri təqdim edilmişdir.
“Kitab
bayramı”nda Şəkinin müxtəlif idarə,
müəssisə və təşkilatları, o
cümlədən özəl strukturları təmsil edən
5000 nəfərdən çox adam iştirak edirdi.
Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan
olmasının 85 illiyi münasibətilə Şəkinin
meydan və xiyabanlarında bədii özfəaliyyət
kollektivlərinin geniş proqramda konsert və tamaşaları
təşkil olunmuşdur.
Kitabxana
müəssisələrində “Azərbaycan – yurdum
mənim!”, “Yurdum, yuvam, məskənimsən!”, “Azərbaycan II
dünya müharibəsi illərində”, “Müstəqil
Azərbaycanın müstəqil vətəndaşı olmaq
şərəf işidir”, “Müstəqil Azərbaycanın
Ailə və Nikah Məcəlləsi cəmiyyətdə
ailənin rolu, hüququ və vəzifələri haqqında
qanun toplusudur” mövzularında mühazirələr,
dəyirmi masalar və elmi-nəzəri konfranslar təşkil
edilmişdir.
Kitabxana
müəssisələrində həmçinin yeniyetmə
və gənclərin hərbi vətənpərvərlik
tərbiyəsi ilə bağlı “Torpaq – uğrunda
ölən varsa, Vətəndir!”, “Ataların yolu —
oğulların yoludur!”, “Qəhrəmanlıq
ölməzdir!”, “Vətən sizi unutmur!” mövzularında
sərgilər tərtib olunmuşdur. Klub
müəssisələrində “Anam mənim — Vətənim
mənim!”, “Vətən sizinlə fəxr edir!”,
“Müstəqilliyimiz əbədidir” mövzularında
ədəbi-bədii kompozisiyalar hazırlanmışdır.
Şəki Dövlət Rəsm Qalereyasında “Azərbaycan
Xalq Cümhuriyyətinin 90 illiyi” sərlövhəli
sərginin nümayişi uzun müddət davam etmişdir.
Artıq ikinci
ildir ki, Respublika Atçılıq Turizm Mərkəzində
ümummilli lider Heydər Əliyevin doğum günü
münasibətilə atüstü oyunlar və Prezident Kuboku
uğrunda çövkən milli oyunları keçirilir. Bu il may ayının 8-dən 10-dək
Daşüzdəki atçılıq turizm
mərkəzində 12 rayonun komandasının iştirakı
ilə ulu öndərin doğum gününə həsr
olunmuş atüstü oyunlar festivalı təşkil
edilmişdir. Festival şəkililərin parlaq
qələbəsi ilə başa çatmışdır. Bu
il iyun ayının 27-28-də şəhərimizdə
“Şəki — qədim sivilizasiyalar diyarı” devizi altında
beynəlxalq səviyyədə irimiqyaslı tədbir
həyata keçirilmişdir. Tədbirin
keçirilməsində əsas məqsəd Şəkinin
turizm potensialını təbliğ etməkdən ibarət
olmuşdur. Ölkəmizdə akkreditə olunmuş ondan
çox dövlətin səfirlərinin və
səfirliklərin əməkdaşlarının da iştirak
etdiyi bü möhtəşəm tədbir öz
orijinallığı və kütləviliyi baxımından
xüsusi əhəmiyyətə malik idi. Bir sözlə, biz
dövlətin göstərdiyi qayğı, nazirliyimizin və
şəhər rəhbərliyinin daimi dəstəyi ilə
Şəkinin turizm mərkəzinə çevrilməsini
təmin edirik.
Xalq qəzeti.- 2008.- 21
avqust.- S. 4.