Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin XXIX Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan

idmançılarına ilk qələbələr münasibətilə

təbriki

 

Əziz idmançılarımız!

Pekində qazandığınız ilk qələbələrə görə Sizi öz adımdan və bütün mədəniyyət və turizm ictimaiyyəti adından səmimi qəlbdən təbrik edirəm, Sizə bundan sonrakı yarışlarda da bu cür nailiyyətlər arzu edirəm!

İnkişaf edən dünyamız dövlətlərarası münasibətləri böyük mədəniyyət salonları ilə yanaşı, həm də beynəlxalq idman arenalarında tənzimləmək kimi sivil bir yol tutmuşdur. Bütün dünya ölkələri artıq öz gücünü bu meydanlarda nümayiş etdirir, nəyə qadir olduğunu beynəlxalq ictimaiyyətin gözü qarşısında sərgiləyr. Hər bir ölkənin idman sahəsindəki uğuru onun cəmiyyətin digər sahələrində də inkişaf etməsi deməkdir. Bu mənada Sizin Pekində göstərdiyiniz şücaət ümumən Azərbaycanın qələbəsi, Azərbaycanın gücü deməkdir.

Ölkəmizdə idmanın, xüsusilə də Olimpiya idman növlərinin inkişafı heç şübhəsiz ki, cənab prezidentimiz İlham Əliyevin adı ilə də bağlıdır. O, uzun müddət prezidenti olduğu Milli Olimpiya Komitəsinə bu gün də rəhbərlik edir və təbii ki, Sizin qələbələrinizdə onun da danılmaz əməyi vardır.

Olimpiadanın ilk günlərindən xalqımıza böyük sevinclər bəxş etdiyiniz üçün Sizi bir daha ürəkdən təbrik edir, Sizə yeni-yeni qələbələr arzulayıram!

Bütün Azərbaycan Sizinlədir!

12 avqust 2008-ci il

 

Mədəniyyət.- 2008.- 14 avqust.- S. 2.