Qaliboğlu E.

 

Gözdən əlil məşhur rəssamlarımız

 

Bir gözlə mürəkkəb, çoxfiqurlu əsərlər yaratmaq hər rəssamın işi deyil

 

Rəssamlıq mahiyyətin ifadəsidir. Əgər musiqidə dünyanın, həyatın, təbiətin, insanın mahiyyətinin ifadəsini səslər vasitəsilə, ədəbiyyatda söz vasitəsilə duyur, görürüksə, rəssamlıqda bu, rənglərin mənalı vəhdəti ilə gerçəkləşir. Yüzillərdən bəridir ki, dünyada əsrarəngiz bir sənət kimi yaşayan, elmi-texnika müqayisəyə gəlməz səviyyədə inkişaf etsə , əksinə, dəyəri gündən-günə artan rəssamlıq sənətinin təzə üfüqləri hələ qarşıdadır. Rəssam üçün isə gözün necə əhəmiyyətli olduğu gün kimi aydındır. Bu səbəbdən yəqin ki, məcazi mənada işlədilən "rəssamın dörd gözü olmalıdır" məsəlində belə demək mümkündürsə, bir şişirtmə yoxdur. Maraqlıdır ki, Azərbaycanın dörd məşhur rəssamı həyatları boyu bir gözlə kifayətlənməli olublar. Bu sənətkarlarımız bir gözlə Azərbaycan rəssamlığının gözəl örnəklərini yaradıblar. Onlar respublikanın xalq rəssamları Böyükağa Mirzəzadə, Mikayıl Abdullayev, əməkdar rəssam Əyyub Məmmədov Əbdülxalıqdır.

Böyükağa Mirzəzadənin yeddi yaşında ikən sağ gözü tutulub, rəssam bütün ömrü boyu sol gözünün ümidinə qalmalı olub. Çoxuşaqlı ailədə böyüdüyündən yaşayışları çətin imiş, ona görə balaca Böyükağanın məktəb yaşı çatanda onu dərsə aparmaq belə yada düşməyib. Çıxılmaz durumda qaldığından ilk dəfə məktəbə təkbaşına getməli olub. Məktəbdə ondan soyadını soruşublar, bilməyib. Məcbur olub, babasının adını soruşublar. O da "Mirzağa" deyə cavab verib. Beləcə balaca Böyükağanın soyadı dəyişib olur "Mirzəzadə". Əslində isə rəssamın soyadı Salamov idi. Ağlı söz kəsəndə isə rəssam soyadını "Mirzəzadə" kimi yazdırıb. Böyükağa Mirzəzadənin sənətə gəlişi maraqlıdır. Yeddinci sinfi bitirdikdən sonra sənədlərini Tibb Texnikumuna vermək istəyib. Ancaq məhəllələrindəki Muxtar adlı bir tələbə rəssamın təkidilə rəssamlıq məktəbinə üz tutur. Rəssam o vaxta kimi bir dənə olsun, şəkil çəkməyibmiş, rəssamlıq olduğunu bilmirmiş. Muxtar ona deyib ki, gəl Rəssamlıq Məktəbinə gedək. O da gedir, qəbul olunur. Rəssamlıq Məktəbinə girəndə karandaş tuta bilməyən Böyükağa Mirzəzadə sonradan özünə çox tələbkar yanaşıb, gecə-gündüz üzərində işləyib, çalışıb, gözlənilməz bir istedada yiyələnib. Moskvada təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdıb, milli rəssamlarımızın yetişməsində böyük görüb.

Azərbaycan boyakarlığında öz yolu olmuş əməkdar rəssam Əyyub Məmmədov da uşaqlıqdan bir gözünü itirib. O, 1936-1941-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyub. Tələbəlik illərindən ciddi yaradıcılığa başlayan Ə.Məmmədov rəssamlığın bütün janrlarında gözəl əsərlər yaradıb. Üstəlik, bir gözünün olmasına baxmayaraq, rəssam könüllü olaraq 2-ci Dünya Savaşına yollanıb, salamat geri qayıdıb. Ə.Məmmədov 1946- ildə Surikov adına Moskva Rəssamlıq İnstitutuna daxil olub. Altı illik təhsildən sonra doğma yurda qayıdıb, Rəssamlıq Məktəbində dərs deyib, uzun illər həmin məktəbin direktoru olub. Rəssamın əsərlərində zəngin rəng çalarları var. Rəssamlar özləri deyirlər ki, bir gözlə mürəkkəb, çoxfiqurlu əsərlər yaratmaq hər rəssamın işi deyil. Ə.Məmmədovun "Çoban Qədir Bağırovun portreti" əsəri SSRİ dövründə Sovet rəssamlarının ABŞ-da düzənlənən sərgisində yüksək dəyərləndirilmişdi.

Hamının yaxşı tanıdığı, indi aramızda olmayan xalq rəssamı Mikayıl Abdullayevin gözlə bağlı problemi isə hələ lap uşaqlıqdan başlayıb. Onun xatirələrində bu mövzu qırmızı xətlə keçir. Bir yaşı olanda yuxudan ayılıb, anasını səsləyib. Yerimək istəyəndə ayağı yerdəki xalçanın saçağına ilişib, xalçanın üzərindəki yeddilik lampanın üzərinə yıxılıb, əlləri, gözləri yanıb. Bir ildən çox hər iki gözü görməyib. Həkimlərə aparıblar, faydası olmayıb. Günlərin bir günü dillənib ki, o nədir, orada parıldayır? Evdə hamı sevindiyindən ağlayıb. Mikayıl Abdullayev uşaqlıqdan şəkil çəkməyə başlayıb. Anasının da ara-sıra şəkil çəkməyi varmış. Anası çəkər, Mikayıl da ona baxıb həvəslənərmiş. Rəssamlıq Məktəbinə sənəd verəndə sağlamlıq haqqında kağız istəyirlər. Gənc Mikayıl həkim baxışından keçir. Soruşurlar ki, hansı məktəbə gedirsən, deyir Rəssamlıq Məktəbinə. Gözündəki çatışmazlığı görüb "neqoden" yazırlar. Evə gəlir, qardaşı deyir ki, işləri korlamısan, başa salır ki, "ne"ni poz, "qoden" qalsın. Mikayıl Abdulayev bir tikə çörək götürür, "ne" hissəsini pozur, sənədlərini məktəbə verib qəbul olunur. Həmişə bir gözü görən mərhum rəssam hər zaman bu gözünə minnətdar olduğunu deyirdi. Ömrünün son illərində yaradıcılıqdan qalmayan böyük sənətkar 12 faiz görmə bacarığının olduğunu deyirdi onu da yetərli sayırdı. Həmişə deyərdi ki, rəssama daha çox daxili göz gərəkdir.

Onu tez-tez dəniz kənarında görmək olardı.

Gözdən əlil başqa bir rəssamımız Əbdülxalıq olub. Onun vergili bir rəssam olmasını çağdaşları yaxşı xatırlayırlar. Gözəl rəng vurmaq bacarığı varmış, əsərlərinin özünəməxsusluğu ondadır ki, tamaşaçı böyük bir aləmə düşə bilir. O, işlədiyi mövzu ilə bağlı hər şeyi verməyə çalışırdı bunu bacarırdı. Bu baxımdan möhtəşəmi qəhrəmanımız Babək Xürrəmdinə həsr olunmuş "Xalq qəhrəmanı" əsəri çox dəyərlidir. Əsərdə saysız obrazlar var onların hər biri sanki diridir, bu dirilik əsərin dinamikliyini artıran başlıca cəhətdir. Yeri gəlmişkən, Azərbaycan rəssamlarına Babək Xürrəmdin, eləcə Səttarxan, Xiyabani, Pişəvəri ilə bağlı daha ciddi, yeni əsərlər yaratmalarını arzulayırıq.

 

Xalq cəbhəsi.- 2008.- 26 avqust.- S. 14.