Məhərrəmova T.
"Özümə dünyadan
getmiş rəssam kimi baxıram"
Sakit Məmmədov, Əməkdar rəssam: "Zamandan çox qorxuram, tez gəlib keçir"
İnsan dünyaya göz açır və elə lap körpə çağlarından qoxuların, səs və rənglərin sehrinə düşür. Uşaqlıq çağlarının susmaq bilməyən əks-sədası
sonralar rəssamlığı
özünə peşə seçmiş sənət adamlarının yaradıcılığında, bədii axtarışlarında ömürlük yaşanır.
Bu gün 50 yaşını
qeyd edən Əməkdar rəssam, YUNESKO-nun Rəssamlar Birliyinin üzvü, tanınmış rəngkar Sakit Məmmədov da rəssamlığı özünə uşaqlıqdan sənət seçənlərdəndir.
- İlk dəfə rənglərə bağlılığınızı necə hiss etdiniz?
- Rəssamlıq elə bir sənətdir ki, öyrədilmir. Heç kəs deyə bilməz ki, kiməsə rəssamlığı öyrətmişəm. Rəsm çəkməyi öyrətmək olar, ancaq rəssamlıq Allah vergisidir. Əgər yanıma bir tələbə gəlirsə, deyə bilmərəm ki, o, hər hansı
bir rəngi necə görür. Mən yalnız rəsm çəkməyin qaydalarını öyrədə bilərəm. Əgər içindən gəlməsə, rəngi öyrədə bilmərik. Xoşuma gələn bir kompozisiya başqasının xoşuna gəlməyə bilər. Mən 10 yaşım olanda rənglərlə oynamağa başlamışam.
Nəslimizdə rəssam olmayıb. Atam balıqçı, anam evdar qadın olub. Pionerlər Evində dərnəkdə məşğul olandan sonra Əzim Əzimzadə adına Rəsaamlıq Məktəbinə, daha sonra Repin adına Leninqrad Rəssamlıq Akademiyasına daxil olmuşam. Akademiyanı "Lenin" təqaüdü ilə bitirmişəm. Diplom müdafiəmdən sonra komissiya üzvləri məni birbaşa SSRİ Rəssamlıq İttifaqına üzv seçdilər. Dərs demək üçün məni akademiyada saxlamaq istəyirdilər. Akademiyanın prezidenti Boris Sergeyeviç Uqarov: "Sən Bakıya getsən evin və başqa şəraitin olmayacaq. Ancaq burada qalsan, sənin üçün hər bir şərait yaradarıq" - deyə təklif edəndə, "Bakıda evim olmaya bilər, ancaq bilirəm ki, vaxt gələcək, hər hansı
bir küçə mənim adımı daşıyacaq"- deyə cavab verdim.
- Maraqlıdır, bu əminlik
sizdə haradan idi?
- Məndə uşaqlıqdan
hikkə, iddia olub. Məsələn, uşaq
vaxtı demişdim ki, böyüyəndə Roma
Papasının şəklini çəkəcəyəm.
Bu rəsmi çəkmək mənə
qismət oldu. Sonralar da qarşıma
qoyduğum məqsədlərə çatmışam. Düzdür, hər dəfə qarşıma
çoxlu maneə çıxıb. Deyərdim
ki, bu baxımdan mənim qədər çətinlik
çəkən ikinci rəssam olmayıb. Bu maneələri də mənim üçün
tanıdığım insanlar, yaxın yoldaşlarım
yaradıb.
- Uşaqlıq hikkənizdən
danışın: Roma Papasının şəklini
çəkməyə necə nail oldunuz?
- İtaliyada
keçirilən sərgidə iştirak etdim. Hətta
İtaliya adından Belçikada keçirilən
sərgiyə də qatıldım. Yəni
İtaliya rəssamları ilə bərabər mənim də
əsərlərim orada nümayiş olundu. Bundan sonra məni İtaliyada çox yaxşı
tanıdılar. Sonra İtaliya
qalereyasından Roma Papasının şəklini
çəkmək üçün sifariş aldım. Portreti çəkəndən sonra "Nə
üçün bu əsəri italyanların adından
verməliyəm" - deyə qısqanclıq yarandı.
Sonra əsəri dünya
azərbaycanlıları, daha sonra türk dünyası
adından təqdim etmək təklif olunsa da,
razılaşmadım. Mən əsəri
Azərbaycan dövləti adından təqdim etmək
istəyirdim. Təsadüf elə
gətirdi ki, əsər prezidentin Vatikana səfəri
zamanı Azərbaycan dövləti adından təqdim olundu.
Hazırda həmin əsər Vatikan
Dövlət Muzeyində saxlanılır.
- Əsərlərinizi
satanda hansı hissləri keçirirsiniz?
- Həmişə demişəm ki,
rəsm əsəri qız övladı kimidir. Onun taleyi
valideyni oğlan övladından da çox
maraqlandırır: əsər hara düşür, kimin evində,
hansı qalereyada saxlanılır və s. Biz bunu
həmişə diqqətdə saxlayırıq. Əgər mənim şəraitimdən daha
yaxşı bir şəraitdə saxlanılırsa, bu
məni sevindirir. Yox, əgər pis
şəraitdə saxlanırsa, bu məni sıxır.
- Əgər sirr deyilsə,
əsərlərinizi neçəyə satırsınız?
- Onu deyə bilmərəm. Ancaq
deyə bilərəm ki, Azərbaycanda mənim
satdığım qiymətə əsər satan
heç kəs yoxdur.
- Siz uşaqlıqda
qarşınıza məqsəd qoymuşdunuz ki, həm də
varlı rəssam olacaqsınız?
- Bu mənim üçün
şübhə doğurmurdu. Allah-təala
uşaq vaxtından mənim ruzimi verib. Ancaq
onu da deyim ki, mən əsəri varlı olmaq məqsədi
ilə satmıram. Sadəcə, ona
görə satıram ki, Azərbaycan rəssamının
əsəri dünya bazarında öz qiymətini tapsın.
O pulun hamısını alıb-almayacağım məni
maraqlandırmır. Məsələn, bir
əsərim Fransanın "Opera" qalereyasına
satılıb. Ancaq o pulun
müəyyən hissəsini almışam. Mənimçün sevindiricidir ki, əsərim
dünya bazarında o qiymətə çıxıb. Bu
baxımdan əsərlərim Mayami, Sinqapur, Tretyakov
qalereyalarında, Vatikan muzeyində, eləcə də Vladimir
Putin, Patrisiya Kaas, Monika Beluççi, Nursultan Nazarbayev,
İslam Kərimov, Ayda Pekan, İosif Kabzon, Valter Şmitt
və başqalarının şəxsi kolleksiyalarında
saxlanılır. Bir əsərim bu yaxınlarda
Roma Muzeyinə təqdim olunacaq. Dörd
əsərim "Sodbi" auksionuna verilib. Auksionun ekspertləri əsərlərimi
bəyəniblər və orada nümayiş
etdiriləcək. Bu auksionda ən
bahalı əsərlər satılır. Hər bir
rəssamın bundan böyük arzusu ola
bilməz.
- Şəxsi muzey yaratmaq
fikriniz necə yarandı?
- Bu, Azərbaycanda yeganə muzeydir
ki, sağlığımda yaratmışam. Üçmərtəbəli
muzeydə 100-ə yaxın əsərim nümayiş olunur.
Bu muzeyi ona görə yaratdım ki, Səttar
Bəhlulzadə, Mikayıl Abdullayev, Böyükağa
Mirzəzadə kimi bir çox görkəmli rəssamın
muzeyi yoxdur. Bu rəssamlardan 100 ildə bir
dəfə doğulur. Onların
emalatxanası muzey kimi saxlanmalıdır. Biz bunu
etməsək, gələcəkdə onların nə
əsərlərini tapa bilərik, nə də qürurla
deyə bilərik ki, bizdə Mikayıl Abdullayev, Tahir Salahov,
Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə kimi
rəssamlar olub. Bu şəxsiyyətlər
Azərbaycan rəssamlığının
yaradıcıları və ölkəmizi dünyaya
tanıtdıran insanlardır. Onlara laqeyd
yanaşmamalıyıq. Bu baxımdan
özümçün muzey yaratdım. Mən
özüm-özümə dünyadan getmiş bir rəssam
kimi baxıram.
- Azərbaycan
rəssamlığının bugünkü vəziyyəti
barədə nə deyərdiniz?
- Avropada belə bir qayda var: zəngin
insanları rəsm əsərləri almalarından
ötrü vergidən azad edirlər. Çünki
onlar mədəniyyətə xidmət edirlər. Çox istərdim ki, Azərbaycanda müasir
şəkil qalereyası olsun. Ölkəmizə
gələn insanar Şəhidlər Xiyabanını
ziyarət etdikləri kimi bu qalereyanı da gəzib
mədəniyyətimizlə
- Ümumiyyətlə, dünya
rəssamlıq məktəbləri ilə bir sırada
"Azərbaycan rəssamlıq məktəbi"
anlayışı mövcuddurmu?
- Dünyada hamı bir-birindən
öyrənir. Azərbaycanda da qandan,
xarakterdən və ya Xəzridən gələn
özünəməxsusluq sənətə keçib. Amma bəzilərinin rəssamlığı zəif
olsa da, milli atributlardan istifadə etməyə
çalışır. Mən bunu zəif
sənət hesab edirəm. Bu ona
bənzəyir ki, aktyor özünü bir aktyor kimi sübut
edə bilmir və nəticədə ləhcə ilə
danışıb insanları güldürür. Əsas odur ki, böyük fikir olsun.
- Hər bir rəssamın
əsərləri heç şübhəsiz,
təxəyyülünün məhsuludur. Necə
bilirsiniz, hər bir hissi, duyğunu kətana köçürmək
mümkündürmü?
- Əlbəttə,
mümkündür. Məşhur rus rəssamı Vrubelin gözəl bir
sözü var: "Əvvəlcə insanda böyük
professionallıq olmalıdır. Professionallıq
ruhu, ruh isə şəxsiyyəti ortaya
çıxarır". Əgər
desələr ki, Müslüm Maqomayev gözəl rəsm
əsərləri yaradır, hamımız inanacağıq.
Çünki o, şəxsiyyətdir. Və ya Rəşid Behbudov haqqında da eyni
sözlər deyilsə, inanarıq. Çünki
o da şəxsiyyət olub.
- Bu gün rənglərin
həyatınızda və iş prosesində
yaratdığı harmoniya nədən ibarətdir?
- Rəsm əsəri uşağın dünyaya gəlməsi kimi bir şeydir. Nə qədər əsərin nazı ilə oynayırsan, o əsər alınmır. Nə zaman ki, özünü o kətandan, rənglərdən güclü hiss edirsən, o sənə
tabe olur. Həmişə materialı özünə tabe etməyi bacarmalısan. Rəssam deyə bilməz ki, hansı rəsm mənim üçün daha sevimlidir.
Çünki bu gün mənim xoşuma gələn, sabah gəlməyə bilər. Ancaq hər bir əsər bir tarix olduğuna görə əzizdir. Sadəcə, xoşa gələn mövzu var. Məsələn, mən Adəm-Həvvanı çox çəkmişəm. Dünya rəssamlarından fərqli olaraq, ilk dəfə onları göbəksiz və tam çılpaq çəkmişəm. Bu əsəri bir çox ölkədə sərgiləmişəm və çox maraq doğurub.
- Yubileyinizi
təmtəraqlı qeyd edəcəksiniz?
- Təmtərağı heç vaxt sevməmişəm. Hətta elə olub ki, fərdi sərgim keçiriləndə özüm çıxış etməmişəm. Həmişə gözə girməməyə, bir qədər kənarda qalmağa çalışmışam. Amma çoxları elə hesab edir ki, çox aktiv adamam. Maneələr həmişə var, qıcıq yaratmaq lazım deyil.
- 50 yaş yaradıcı insan üçün nə deməkdir?
- Yaş təbiətə, kosmosa və ya kiməsə bağlı bir şeydir. İnsan yaşını bilmir. O elə bilir ki, dünən doğulub. Yaşımız bir göz qırpımında gəlib keçir. Amma bu gün 50 yaşdır. Mən heç bir vaxt dincəlməmişəm. Bu o demək deyil ki, dincəlmək üçün maddi imkanım yoxdur. Hansı
ölkədə istəsəm, gedib dincələ
bilərəm. Ancaq yayın bu istisində emalatxanamda işləyir və bundan zövq alıram. Gördüyüm işlərə görə özümü 70-80 yaşında hiss edirəm. Çünki zamandan çox qorxuram, tez gəlib keçir. Çox yaşamaq da istəmirəm. Əgər şəkil çəkə bilməyib bir nöqtəyə baxacağamsa, bu, yaşamaq deyil. Ona görə çox
çəkirəm.
Kaspi.- 2008.- 5 avqust.- S. 11.