Mükərrəmoğlu M.

 

Dünya öz rəngində olsaydı...

 

Ömrüm boyu rəssamların sənətinə həsəd aparmışam. Bilirsinizmi niyə? Ona görə ki, rəngkarlıq yeganə sənətdir ki, ona özgə müdaxilə yoxdur. Deyək ki, yaxşı ifaçı olmasa, yaxşı ssenarini istedadsız bir rejissor korlaya bilər. Amma rəssam çəkdiyi əsərlə tamaşaçısı ilə heç bir vasitə olmadan təmas yaradır. Başqa müdaxilələr heç mümkün də deyil. Məhz buna görə bu sənət sahiblərinə xüsusi hörmət və məhəbbətim var.
Bu gün 50 yaşı tamam olan Azərbaycanın əməkdar rəssamı Sakit Məmmədov haqqında bu yazıya başlayanda da qəlbimdən keçən ilk düşüncələr belə oldu.

Sakit Məmmədovla çoxdan tanışam. Az çox tərcümeyi-halına da bələdəm. Bilirəm ki, 1958-ci ildə Azərbaycanımızın gözəl və sərt təbiəti ilə seçilən Neftçala rayonunda dünyaya göz açıb. Uşaqlığı, necə deyərlər, “dəli Kür”ün sahillərində keçib. Sakit təbiətli, lakin elə uşaqlıqdan daxili aləmi istedadla dolu olan bu oğlanın məktəb illərində artıq rəssam olacağını müəyyənləşdirməsi təbii hal idi. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə gələndə isə Sakitin əsərlərindən onun gələcək taleyinin bu sənətə bağlanacağını düşünmək olardı. Sakit Məmmədov asta-asta böyük sənətə doğru gedirdi. Amma bu yol o qədər də hamar deyildi. Çox şeyləri öyrənmək lazım idi. Öz rəngində olmayan dünyanın rəng çalarlarını, onların ovqatını dərk etmək üçün böyük rəssamların əsərlərini dərindən öyrənmək çox vacib idi. Sakit isə bu yoldakı çətinliklərdən, əzab-əziyyətlərdən sanki həzz alırdı, gecə-gündüz ağ vərəqlərin sinəsində öz daxili dünyasının mənzərələrini yaradırdı.
Əzim Əzimzadə məktəbi güclü məktəb idi. Burada nə qədər məşhur rəssamlar dərs almışdılar. Sakit də ömrünün bu məktəbin divarları arasında keçən illərində öyrəndi, rəngləri “danışdırmaq” bacarığına yiyələndi.

Və bəlkə də, bu gün 50 yaşın kamillik çağından o illərə boylananda o vaxt çəkdiyi əsərlər bir az zəif, bəsit görsənir. Amma bu əsərlər böyük sənətə gedən yolun başlanğıcında öz müəllifini şöhrətləndirmişdi. Bilmirəm, Sakit o əsərlərindən heç saxlayırmı? Amma hər halda onlar bünövrə idi, böyük bir sənət binasının fundamenti idi. Doğrudan da, bu gün aydın hiss edirsən ki, Sakitin sənəti möhkəm özül üzərində qərar tutmuşdur və bu sənət əbədiyaşardır, onun özülü güclü istedad üzərində qurulmuşdur.

Hərdən düşünürəm ki, görəsən Sakitin əsərləri niyə bu qədər sevilir? Yəqin ona görə ki, bu əsərlərdə bəşəri hisslər güclüdür. Onlar bizə həyatımızın, taleyimizin görüb, duya bilmədiyimiz tərəflərini açıqlayır. Sakit çox məhsuldar rəssamdır. Onun əsərlərini saymaq da mümkün deyil. Çünki bu əsərlər indi dünyanın bütün guşələrinə səpələnmişdir, dünyanın ən məşhur qalereyalarında özünəməxsus yer tutur. Sakitin yaradıcılığının fəlsəfəsini açmaq üçün xüsusi tədqiqatlar aparmaq gərəkdir.

İ. Repin adına Rəssamlıq Akademiyası onun istedadına yeni vüsət verdi. Burada dərs aldığı Yevsey Yevseyeviç Moiseyenko tanınmış rəssam, gözəl müəllim idi. Sakit deyirdi ki, onun həyat və yaradıcılığında bu böyük sənətkarın çox mühüm rolu olub. Çox şeyləri öyrənib, Qərbin dünya şöhrətli rəssamları ilə yaxından tanış olub. Şərq isə onun elə qanında idi. Və bu gün Sakitin yaradıcılığında Şərqlə Qərbin harmonik sintezi də məhz bu fonda formalaşıb.

Mən bir neçə dəfə Sakitin rəssamların Bakıxanov küçəsində yerləşən binasındakı kiçik emalatxanasında olmuşam. Yarımçıq işlərini görmüşəm, tələbələri ilə həmsöhbət olmuşam. Onun şəxsiyyəti sənətini bir növ tamamlayır. Mülayim, sakit, mehriban və həssas bir insandır. Onunla həmsöhbət olanda adam həqiqətən daxilən zənginləşir. Olduqca təvazökar insandır. İlk tanışlıqdan elə bilirsən ki, uzun illər bu adamla dostluq etmisən. Bu hisslər, duyğular onun əsərlərində də aydın görünür.
Bu rəssamın əsərlərinin müvəffəqiyyətindən biri də ondan ibarətdir ki, o müasir və klassik üslubun sintezini yaradır. Onun elə əsərləri var ki, elə bil canlı təbiətin özüdür. Portretlərinə tamaşa edəndə elə bilirsən ki, bu insanları hardasa görmüsən, ətrafındakı insanlardandır.

O, rənglərin dilini yaxşı bilir. Onları istədiyi səmtə istiqamətləndirib, istədiyi, ürəyinin, qəlbinin diqtə etdiyi sənətə çevirə bilir. Onun fırçasından doğulan onlarla əsər indi Azərbaycanımız, onun füsunkar təbiəti haqqında dünyanın məşhur muzeylərininin tamaşçılarına çox şeylər danışır. Moskvanın, Sankt-Peterburqun, Almaniyanın, Avstriyanın, İsveçrənin, İsveçin, Türkiyənin, Çexiyanın, Polşanın, Macarıstanın, Belçikanın, ABŞ-ın muzeylərində Sakitin əsərləriylə qarşılaşmaq olar. Hətta Avropa Şurasının ofisində onun əsərlərinin daim eksponat kimi nümayişi adamda milli qürur hissi oyadır.

Sakit Məmmədovun əsərləri Süleyman Dəmirəlin, Vəhbi Qoçun, Paolo Pərvizin, İosif Kobzonun, Sandra Qartnerin, Elizabet Seltonun, Mc. Donald Volter Svimberqin, Sacit Katlandurun, Elçin Muradovun, Rza Nuriyevin, Okan Topanın, Elçin Orucovun şəxsi kolleksiyalarında saxlanılır. Onun əsərləri Sinqapurun “Opera” Qalereyasında nümayiş etdirilir və satılır.

Soydaşımızın özü isə bunları çox adi bir hadisə kimi qiymətləndirir. O heç vaxt bu müvəffəqiyyətləri ilə öyünmür.
Bu sənətkarın əsərlərində bir musiqili ruh yaşayır. Özü deyir ki, mən rəssam olmasam, bəlkə elə musiqiçi olardım. Boş vaxtlarında gitaranı götürüb həzin mahnılar ifa edir. Bu, rəssam üçün bəlkə də çox gərəklidir. Çünki musiqi istedadın cilalanması üçün yaxşı stimuldur.

Bu yazını qələmə alarkən əlimin altında Sakit Məmmədovun bir kataloqu var idi. Rəssam Elçin Orucovun giriş məqaləsi yazdığı bu kataloqda onun xeyli əsəri çap olunmuşdur. Onlardan bir neçəsinin adını sadəcə sadalamaq istəyirəm: “Qızımın portreti”, “Nüşabə”, “İtaliyalı qız”, “Güzgü qarşısında”, “Yaşasın İstanbul”, “Yorğun şəhər”, “Ad günü”, “Həzin musiqi”, “Suriyalı rəssam”, “Filosof”, “Melodiya”, “Adəm və Həvva”, “Yatmış mələk”, “Türk motivi”, “Leninqrad xatirələri”, “Rəfiqələr”, “Dədə Qorqud”, “Məhəbbət”, “Bayram axşamları”, “Arzu”, “Gün aydın”, “Şah İsmayıl Xətai”, “Gəncə sinfoniyası”, “Dəllək Əliş” və neçə-neçə digər qiymətli əsərlər. Bu əsərlərin hər biri rəssam təxəyyülündən süzülərək kətan üzərinə köçmüşdür. Onlarda çox güclü müasirlik var və biz bu əsərlərə tamaşa etdikcə daxili bir rahatlıq tapırıq. Düşünürük, bizi narahat edən suallara cavab tapırıq.

Sakit Məmmədovun portretlərində insanın fəlsəfəsi tapılır, personajların iç dünyasını asanlıqla oxumaq olur. Onlar bizim hər gün qarşılaşdığımız insanlardır. Amma biz rəssamın bu obrazlarda verdiyi fəlsəfəni bəzən heç ağlımıza da gətirmirik. Sakit duyğulu rəssamdır. Onun çox təmiz ruhu var. Rəssamın işlərində billur kimi təmiz duyğular yaşayır və bu əsərlər bizi həyata nikbin baxmağa səsləyir.

Azərbaycan rəssamlıq sənəti tarixində öz dəsti-xətti ilə seçilən rəssam Sakit Məmmədov ömrünün yarıdan çoxunu bütün ruhu ilə sevib-seçdiyi bu sənətə bağlayıb. Bu gün onun əsərləri Azərbaycanımızı, onun gözəl təbiətini bütün dünyada təbliğ edir. Bu əsərlərin hər biri bizim üçün qiymətlidir. Çünki yaşadığımız dünyada çox şeylər var ki, onları öz rəngində görə bilmirik. Axı, doğrudan da dünya öz rəngində deyil. Biz isə dünyanı yalnız rəssamların əsərlərində öz rəngində görürük. Sakit Məmmədov ömrünün 50 ilində bizə öz dünyasının rəngləri barədə çox danışıb və yəqin ki, hələ çox şeylər barədə danışacaq da...

 

Xalq qəzeti.- 2008.- 5 avqust.- S. 4.