Abdulla A.

 

O, sabah Kvazimodanı da oynaya bilər

 

Rasim Balayev: «Bir dəfə seriala çəkildim, sonra baxanda özümə nifrət elədim söz verdim ki, bir belə kommersiya filmlərinə çəkilməyim»

 

Onun adı çəkiləndə yaddaşlarda cəngavər Babək, böyük Nəsimi canlanır. Amma bu rolların arxasında tanıyanların sevimlisi sözünün ağası, mübariz bir insan dayanır. O çox fərqlidir, həm rollarında, həm həyatında. O doğrudan da çox fərqlidir. Həmkarlarından çoxundan fərqli yanı etiraz etməyi bacarmasıdı.

 

Əvvəli 8 avqust sayımızda

 

- Ölkə prezidenti Azərbaycan kinosu günlərində kinomuzun inkişafı üçün vəsait ayrılması barədə fərman verdi. Sizcə, bu axsamaqda olan kinomuzun inkişafına yaxşı təkan verə biləcəkmi?

- Ümumiyyətlə, Azərbaycan kinosunda çatışmayan çox nəsnələr var. Yəqin ki, bunların hamısı nəzərə alınacaq. Bu, kino sənətinin inkişafına təkan verəcək məncə. Bayaq da dedim ki, arada ölkədə baş verən hadisələrlə bağlı kinomuzda boşluq yarandı. Kino sənəti isə ardıcıllığı sevir. Burada sənətkar olmaq üçün hər şeyi lap xırdalıqdan, aşağıdan başlamaq lazımdır. Işləyə-işləyə öyrənməlisən. Aradakı boşluq isə bu estafeti qırdı. Bundan əlavə bəzi sənətkarlarımız dünyasını dəyişdi. Bir gün, beş gün yox, 6 il işsiz qalmaq mümkün deyil. Kino işçiləri məcbur olub başqa sahələrə üz tutdular. Yəqin ki, bu qırılmış ardıcıllıq yenidən bərpa olunacaq. Amma professionalların yetişməsi üçün uzun illər lazımdır.

- Sovet dövründə çəkilən filmlərimiz var ki, sizin dediyiniz o profsionallıq özünü göstərir. Amma bu filmlərdə təbliğ olunan sovet ideologiyası hər şeyi korlayır. Bəs bu gün çəkilən filmlər hansı ideologiyaya xidmət edəcək?

- Indi çəkilən filmlərdə əsas məqsəd həyatı olduğu kimi göstərməkdir. Onu da deyim ki, bəziləri özlərini xarici rejissorlara bənzətmək istəyir, sonda mənasız bir şey alınır. Hər bir millətin özünəməxsusluğu var. Bunu bilmək lazımdır. Bizim qarşımızda dayanan əsas məqsəd isə Azərbaycan kinosunu dünya bazarına çıxarmaqdır. Bunun üçün yüksək professionallıq, müasir avadanlıq və maraqlı mövzu lazımdır. Elə mövzu seçmək lazımdır ki, bu ingilisə də, almana da, fransıza da maraqlı olsun. Son 20 ildə ermənilər, bizi istəməyənlər azərbaycanlıları bütün dünyada vəhşi, adamyeyən kimi qələmə verdilər.

- Bayaq dediniz ki, tragikomik obraz yaratmaq istəyirsiniz. Ağlıma bir fikir gəldi. Yəqin ki, məmləkətimizdəki bu qədər qanunsuzluqlar, insan haqlarının pozulması, şəhərdəki basırıq, tıxaclar və illərlə içinizdə yığılıb qalan etiraz dalğası sizi bu fikrə gəlməyə məcbur edib.

- Insan bəzən ətrafında yaranmış situasiyalara, bürokratizmə, insanların bir-birinə diqqətsizliyinə etiraz etmək istəyir. Məni tanıyanlar bilir ki, içimdə komizm də, tragizm də var. Sırf müsbət qəhrəmanlar üçün yaradılmamışam. Sabah Kvazimodanı da oynaya bilərəm. Yəni mən xarakterik aktyoram.

- Bu məmləkətdə sizi daha çox narahat edən nədir?

- Müəyyən çətinliklər, problemlər var ki, bu hamı kimi məni də narahat edir. Yerində olmayan adamlar var ki, insanları incidirlər.

- Rasim Balayevi çoxları həm də ona görə sevir ki, bu adam özünə və sənətinə hörmət edir. Kommersiya filmləri meydana gələndən sonra bizim çoxsevilən aktyorlarımız özlərini bərbad günə qoydular. Məsələn, bir tamaşaçı kimi mənim üçün Yaşar Nuriyev “Adam ol” filminə qədər sənətçidir. Amma bu filmdəki şit, mənasız roluna görə, o, çoxlarının yaddaşından silindi.

- Insan illərlə yığdığı qətrə-qətrə adı-sanı bir anın içində itirə bilər. Adı qazanmaq çətindirsə, onu saxlamaq ondan da çətindir. Mənə də kommersiya filmlərinə çəkilməyə dəvətlər gəlir. Bir dəfə bir seriala çəkildim, sonra baxanda çox utandım, özümə nifrət etdim və söz verdim ki, bir də belə filmlərə çəkilməyim. Düzdür, bir ara evdə maddi sıxıntı da oldu. Amma dözdüm və sonra sevindim ki, nə yaxşı ki, dözmüşəm.

- Azərbaycan kinosu kimi jurnalistikası da bərbad gündədir. Yəni burada da kommersiya ilə məşğul olmayanlar maddi sıxıntı içində yaşayırlar. Yəqin ki, tutulan, günahsız yerə həbs edilən jurnalistlərin taleyi sizi də narahat edir?

- Doğrusu siyasətə qarışmıram. Bir hadisəni xatırladım. Adını çəkmək istəmədiyim bir jurnalist mənim haqqımda o qədər hədyan yazdı ki... guya mən vəzifə düşkünüyəm, nə bilim pul hərisiyəm. Beynimdən keçdi ki, o, jurnalisti tutum döyüm.

- Ola bilməzdi ki, siz onu məhkəməyə verəsiniz? Qanunla böhtan yazdığını sübut edərdiniz.

- Məhkəmə nədir, bir də məhkəməyə get-gəl. O, ağzına gələni desin, mən deyim. Ona kişi kimi iki yumruq vurardım, bəs edərdi. Sonra baxıb gördüm ki, heç yumruğa da layiq deyil, əskik bir adamdır, əhəmiyyət vermədim. Elə fikir verməməyim daha yaxşı oldu. Jurnalist gərək obyektiv olsun. Ancaq düzdür, bu obyektivlik bəzən onların özünə də çətin başa gəlir. Hədyandansa, hər şeyi olduğu kimi ortaya çıxaranda daha təbii, daha gözəl olur.

 

Azadlıq.- 2008.- 9 avqust.- S. 12.