"Azərbaycan
motivləri" sənədli filminin çəkilişləri
yekunlaşıb
Film
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi
ilə istehsal olunub
Azərbaycanın tanınmış rejissoru Ziya
Şıxlinski bir çox tarixi əhəmiyyət
kəsb edən filmləri ilə tanınmış, müsabiqə
və festivallarda yaradıcılıq nümunələri
uğur qazanmışdır. Onun
çəkdiyi filmlərin əsasında Azərbaycanın
tarixi, onun maddi-mənəvi dəyərləri üstünlük
təşkil edir ki, rejissor da bunları təbliğ etməklə,
ölkə haqqında qismən də olsa, təəssürat
yaratmış olur. Yay fəslinin olmasına baxmayaraq,
sənətkar bu gün də fəaliyyətini davam etdirməkdədir.
O, "Azərbaycan motivləri" filminin artıq montaj
işlərini başa vurmaq üzrədir. Ziya
Şıxlınski ilə əlaqə yaradıb filmin
çəkilişləri haqqında məlumatları
öyrənmək istərkən, o bildirdi ki, bu ayın
sonu "Azərbaycan motivləri"nin tamamlanma işləri
sona yetir. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin
sifarişi ilə çəkilən "Azərbaycan motivləri"
film beynəlxalq səviyyədə nümayiş olunacaqdır.
Belə ki, rejissor filmi tamamladıqdan sonra, dünyanın
bir çox dillərinə tərcümə ediləcək
və hədiyyə olunacaqdır. Ziya Şıxlınski
bildirdi ki, həmin film dekabrın 2-3-də keçiriləcək
Avropa Şurası Mədəniyyət Nazirlərinin
iclasında həmin film təqdim olunacaqdır.
"Azərbaycan motivləri"nin ssenari müəllifi
Rəhman Bədəlov, rejissoru Ziya Şıxlınski,
operatoru Adil Abbasovdur. Filmdə Azərbaycan şairi Nizami
Gəncəvi dövründən bu günümüzə
qədər olan klassik sənətkarların əsərlərinin
ekran həyatı yaşaması və musiqilərdə
səsləndirilməsi əsas olaraq göstərilmişdir.
Burada Müslüm Maqomayevin "Şah İsmayıl"
operasının yaranma tarixindən belə söz
açılır. Filmin çəkilişləri,
əsasən, Bakıda aparılmışdır. Biz
çalışmışıq ki, Bakının bütövlükdə
coğrafi mənzərəsini "Azərbaycan motivləri"ndə
əks etdirək. Qobustan, İçərişəhər,
Atəşgah, İncəsənət Muzeyi, Şirvanşahlar
Muzeyi və digər mənzərəli, tarixi
əhəmiyyət kəsb edən abidələr film boyu
təqdim olunur. Eyni zamanda, Gəncə, Şəki, Naxçıvan,
Qazaxla bağlı görüntülər də filmə
daxil olunmuşdur. Bu bölgələrin tarixini əks
etdirən abidələrə üstünlük verilmişdir.
Filmdə Azərbaycanın klassik musiqiçilərinin
Qara Qarayevin, Üzeyir Hacıbəyovun, Fikrət
Əmirovun əsərlərindən istifadə olunmuşdur.
Eyni zamanda, iki pianoçunun ifasında gözəl musiqi
nömrələri də səsləndirilir. Vaqif Mustafazadənin
kadr arxası "Düşüncə" və Murad
Hüseynovun ifasında "Sarı gəlin"
əsərləri təqdim olunur. Film "Yaddaş"
studiyası tərəfindən lentə alınmışdır.
Azərbaycan motivləri" sənədli film xarakteri
daşıdığından buradakı bütün
görüntülər reallıqlara əsaslanmışdır.
Bildiyimiz kimi, Ziya Şıxlinskinin
çəkdiyi filmlər Azərbaycan məkanından
çox-çox uzaqlarda öz qiymətini almışdır.
Belə ki, onun yaxın zamanda çəkdiyi "Həsrət
nəğməsi" filmi də uğur qazanmış
və Almaniyada bir neçə dəfə nümayiş
etdirilmişdir. Rejissorun sözlərinə görə,
təkcə bu il iki dəfə həmin filmin Almaniyada
təqdimatı olmuş və yaxın gələcəkdə
də alman sənətsevərlərin ixtiyarına veriləcəkdir.
Belə ki, Almaniyada Azərbaycan mədəniyyət
günləri bu ilin dekabrında sona yetdiyi zaman
"Həsrət nəğməsi" filmi nümayiş
ediləcəkdir. 13 dəqiqəlik film bütövlükdə
bir ideyanı gerçəkləşdirə bilmişdir.
Onun sözlərinə əsasən, bu film geniş
əks-səda doğurmuşdur. Rejissorun
sözlərinə görə, Almaniyanın Azərbaycandakı
səfirliyinə "Həsrət nəğməsi"
sənədli filminin bir nüsxəsi hədiyyə edilmişdir.
Ziya Şıxlinski söhbət əsnasında onu da
qeyd etdi ki, bu il Azərbaycan üçün əlamətdar
bir tarixi hadisələrlə zəngindir. Belə ki,
ümummilli liderimiz Heydər Əliyevin 85, Azərbaycan
Cümhuriyyətinin 90, Milli Ordunun 90 illik yubileyləri
təntənəli şəkildə qeyd olundu. Həm
də bu il Azərbaycanın türk ordusu tərəfindən
daşnaklardan təmizlənməsinin 90 illiyidir. Bildiyimiz
kimi, möhtərəm Prezidentimiz türk ordusunun
başçısı Nuru Paşanın 90 illik yubileyi
ilə əlaqədar olaraq Bakıda abidəsinin ucaldılması
ilə bağlı sərəncam imzalamışdır.
Bu abidə yaxın zamanda hazırlanacaq. Mən belə
bir təklif irəli sürmüşəm ki, 15 sentyabr
paytaxtımızda Bakı günü kimi qeyd olunsun. Bu
tarixə əsaslanan bir gün olduğundan rəsmi
şəkildə qeyd etməyimiz məqsədəuyğundur.
Eyni zamanda, həmin zamandan başlayaraq, paytaxt Bakıya
köçmüşdür. Gəncədə yerləşən
əsas aparıcı qüvvələr daşnak qüvvələr
təmizləndikdən sonra Bakıda toplaşmışdılar.
Ziya Şıxlinski türk ordusunun daşnaqlara qarşı
olan bu mübarizəsi nəticəsində erməni
terrorizminin törətdiyi amansızlıqlara son qoyulduqdan
sonra, Bakı sakit həyatını yaşamağa
başladığını bildirdi.
Səs.- 2008.- 7 avqust.- S. 12.