İbrahimova S.

 

Biz sənət adamları təzədən formalaşmalıyıq

 

Şeyx Əbdül Mahmudbəyovun fikrincə, nəhəng

xalq olduğumuzu sübut etmiriksə, günah özümüzdədir

 

Azərbaycan mədəniyyətinin zənginliyindən hər zaman ağızdolusu danışılsa da, bu gün sanballı mədəniyyət nümunələrinə hər zaman rast gəlmək olmur. Bu qənaətdə olanlardan biri kinoreyissor Şeyx Əbdül Mahmudbəyovdur.

 

- Bu gün mədəniyyət aləminin demək olar ki, bir çox sahəsində sanballı mədəniyyət nümunələrinin yaranmamasının əsas səbəbi nədir?

- 40 ildən çoxdur ki, reyissorluq sənəti ilə məşğulam. Mümkün olduqca bütün dünyanı gəzmişəm və lazım olan bütün təhsili almışam. Onu deyə bilərəm ki, bu gün Azərbaycanda mədəniyyətlə bağlı bütün sahələrdə məsuliyyətsizlik, özfəaliyyətçilik, mənəm-mənəmlik və təsadüfi hallar baş alıb gedir. Birincisi, bu işin elmi qurulmalıdır. Elmi, milli ruhu, vətənpərvərliyi olmayan və bütün bu işləri daxildən bilməyən insanlar sənət yarada bilməzlər. Hər şeydən əvvəl gərək insan seçdiyi peşənin bilicisi ola. Sonra əgər ağlın və savadın varsa, onu ortaya qoyasan. Bütün bunlara sahib olmadan meydana böyük sənət qoymaq mümkün deyil. Bütün bunlar isə tədris ocaqlarından başlanır. Mən bizim ictimaiyyətin və dövlətin də bildiyi bir həqiqəti ürək ağrısı ilə bir daha təkrarlayıram ki, bizim kino, teatr, sənət və mədəniyyətlə bağlı müəsissələrimizdə tədris yenidən qurulmalıdır. Düşünürəm ki, bunlar hamısı yeni formatda, ən azı dünya standartlarına cavab verə biləcək şəkildə qurulmalıdır. Tam məsuliyyətimlə deyirəm ki, bu gün Azərbaycanda fəaliyyət göstərən televiziyalarda ən azı dünya standartlarına orta və daha yüksək səviyyədə cavab verəcək texniki imkanlar var.

Məsələ peşəkar yanaşmaq və qoyulan məsələləri peşəkar şəkildə xalqa çatdırmaqdadır. Əgər biz şəxsi maraqlara deyil, sənətə xidmət etmək istəyiriksə, ən azı bu sahədən övladlarımız üçün çörək pulu qazanırıqsa, hesab edirəm ki, insan gərək yediyi çörəyə belə yanaşmasın. Bu sahədə çalışan insanlar şəxsi maraqlarını bir kənara qoyub ciddi işlə məşğul olmalıdırlar. Lazım gələrsə, dünya təcrübəsindən də istifadə etmək olar. Belə işlər görülərsə, Azərbaycanın kompleks şəkildə inkişaf etməsinə şərait yaranar. Biz sənət adamları da təzədən formalaşmalı və öz imkanlarımızı peşəkar səviyyədə qurmalıyıq.

- Sovet dövründə yetişən mütəxəssislərin yüksək imkanlara sahib olduğu hər zaman vurğulanır. Bu insanlardan yeni sənətçilər nəslinin formalaşmasında istifadə etmək olarmı?

- Təəssüflər olsun ki, o dövrdə sənət sahəsində yüksək biliklərə yiyələnən insanlar artıq çox yaşlanıb. Ən azı o dövr bizim ən cavanımız üçün 45-50 yaşında tamamlanıb. Artıq üstündən 20 ilə yaxın vaxt keçib və onlar 70 yaşı haqlayıb. Dünyasını dəyişənlər də çoxdur. Onlar doğrudan da xalqın tarixini, mədəniyyətini, mənəviyyatını yüksək səviyyədə bilən insanlardır. Amma onların imkanlarından istifadə olunmur. Çünki ildırım sürətilə bizim cəmiyyətimizi parçalayan şou-biznes, "təqlidçilik" artıq ciddi sənəti də kölgədə qoyub. Dediyiniz o insanlar da kölgədə qalıb. Kino sənəti, ümumiyyətlə, yaradıcılıq sahəsi elədir ki, orada hər zaman ağıllı, müdrik insanlar yetişmir. Onlara diqqət və qayğı lazımdır. Təvazökarlıqdan uzaq olsa da, artıq yaşı 60-ı ötən bir insan kimi onu deyə bilərəm ki, mən mükəmməl təhsil görmüşəm, böyük təcrübəm var və azdan-çoxdan vətənpərvərlik hissini qoruyub saxlamışam. Artıq 15 ildir ki, mən kənarda qalmışam. Nə qədər cəhd göstərirəm, təkliflər verirəmsə də, əsla təsiri olmur. Hərdən belə düşünürəm ki, bizimkimilər lazım deyil, bu milləti elə-belə qaç-qov maraqlandırır. Belə olanda canavarın da qarnı tox olur, qoyunlar da salamat qalır, pullarını qazanırlar və milləti də rüsvay edirlər. Bu haylı-küylü şou-biznes və s. insanları əqli inkişafdan geri qoyur. Bizlər hər şeyin xarici mahiyyəti ilə kifayətlənirik. Bunların daxili fəlsəfəsinə fikir verilmir. Uzaq keçmişimiz yaddan çıxır.

- Bu prosesin yaranmasında günahı kimdə axtarmaq lazımdır? Xalqın başını qatan yalançı "sənətkarlar"da, aldananların özündə, yoxsa bütün bunlara şərait yaradan digər qüvvələrdə?

- Təəssüf edirəm ki, bu, düşünülmüş prosesdir. Mən sizə dünyada çox az insana bəlli olan bir faktı deyim. Faşist Almaniyası süquta uğrayanda Avropada yaşayan bütün imkanlı və ağıllı adamlar qaçıb Amerikaya yığılmışdı. Müharibə Avropada fəlakətlərə yol açmış və istər-istəməz bəzi qüvvələri dağıtmışdı. Yaranan irili-xırdalı dövlətlər öz müstəqilliklərinə nail olurdular. O zaman Amerika kəşfiyyatının şefi Alen Dales o vaxtkı Amerika prezidentinə məxfi bir sənəd təqdim edir. Zaman-zaman dünyanı idarə edən kadrarxası mafioz qüvvələr artıq Amerikada cəmiyyətlərini bərpa etmişdilər, milyardlara sahib idilər. Onların proqramında göstərilirdi ki, nə qədər ki, yaranan dövlətlər formalaşmayıb, onları itaətdə saxlamaq lazımdır. Bunun üçün artıq müharibə lazım deyil. Qara qüvvələr müharibəni etdirirlər. Söhbət cismani müharibədən deyil, əxlaqi-mənəvi müharibələrdən gedir. Bu proqramda deyilir ki, milyardlar xərcləyib yeni dövlət yaradan xalqların arasına nifaq salmaq lazımdır. Onları qədim köklərindən uzaqlaşdırmaq lazımdır. Onları kütləvi şəkildə əxlaqsızlığa, mənəviyyatsızlığa, ədabazlığa cəlb etmək lazımdır. Min cür illüziyalar təşkil edib onları düşünən beyindən məhrum etmək lazımdır. Sənəddə göstərilir ki, xüsusilə müstəqillik qazanmış təbii sərvətlərlə zəngin, geosiyasi baxımdan əlverişli olan müsəlman dövlətləri diqqətdə saxlanılmalıdır. Bu gün biz həmin planlı şəkildə həyata keçirilən prosesin faciələrini yaşamaqdayıq. Bu gün bizim televiziyalarda təşkil olunan eybəcər təbliğatlar, 5 manat xatirinə hay-küyə gedən verilişlər, sarı bulvar qəzetləri və s. buna xidmət edir. Biz planlı surətdə olmasa da, hansısa bir qara qüvvənin təşkil etdiyi tələyə düşmüşük. Mən bu haqda artıq təbil zəngi çalıram və dövlətə də müraciət edib deyirəm ki, heç bir senzuradan qorxmaq lazım deyil. Bu gün senzuraya qarşı çıxanlar mənəviyyatsız adamlardır. Onlar istəyirlər ki, su bulansın və onlar da bulanıq cəmiyyətdə qızıl balıqlarını tutsunlar.

- Qeyd etdiyiniz sahələrdə baş verən "hücumlar"ın qarşısını almaq üçün hansı addımları atmaq lazımdır?

- Qanundan onu pozan adam qorxur. Dövlət də ailədir. Ailənin öz qanunları olmasa, özbaşınalıq baş alıb gedər. Burada ölçü-biçi, əxlaq qanunları olmalıdır. Əxlaqi-mənəvi kimliyimizi, mədəniyyətimizi, tariximizi qorumaq üçün mütləq ölçü lazımdır.

- Müəyyən qadağalar qoymaqla bu proseslərin qarşısını almaq mümkündürmü?

- Mənim ustadım həmişə deyirdi ki, insan psixologiyası qadağa qoyulan şeyə daha çox maraq göstərir. Zarafatla deyirdi ki, vaxtında Leylini Məcnuna versəydilər, millət də minillərlə dizinə döyüb ağlamazdı. Hər şeyə yanaşma tərzi dəyişməlidir. Əvvəla, mədəniyyətimizin xilas olması üçün elə ciddi problemlərimiz yoxdur. Tanrı Azərbaycana o qədər zəngin mədəniyyət, qədim tarix bəxş edib ki, bizim hər şeyimiz var. Artıq dünyada böyük balıqların kiçikləri udması prosesi gedir. Baş verən hadisələr də bunların tərkib hissəsidir. Heç nəyə prinsipial şəkildə qadağa qoymaq lazım deyil. İnsanların milli düşüncə tərzi, vətənpərvərlik hissi formalaşmalıdır. İnsanlar özlərini dərk etməlidirlər. Xüsusilə bər-bəzək arxasınca qaçan gənclərimiz üçün seçim şansı yaratmaq lazımdır. Yəni alternativi seçmək imkanları yaradılmalıdır. Bizim imkanlarımız var ki, çox geniş şəkildə zəngin dəyərlərimizi ortaya qoyaq. Saatlarla kimin-kimə nə etməsi ilə bağlı olan şouların qarşısında özfəaliyyət səviyyəsində olmayan layihələr ortaya qoymaq lazımdır. Mən 1998-ci ildə Azərbaycan televiziyalarına bu haqda əhatəli şəkildə işlənilmiş layihə göndərmişəm. O layihənin başında o vaxtlar Əli Fəhmi, Xudu Məmmədov, Ədil İsgəndərov, Ziya Bünyadov, Fərman Kərimzadə dururdu. Təəssüflər olsun ki, bu gün Azərbaycan televiziyalarında o mövzularda işlənən verilişlər çox bayağı səviyyədə olur. Bu özü bizi həmin müqəddəslikdən bir az da uzaqlaşdırır. Çünki bu tərəf çox bər-bəzəkli və təmtəraqlıdır. Yeniyetmə və gənclər üçün bu şeylər süni də olsa, cənnətdir. Alternativ tərəf əyani faktlar, təmkin ortaya qoyanda dünya səviyyəsində düşünə bilməyən valideynlər, gənclər üçün seçim şansı yaranar. Onlar yaxşını, pisi öz gözləri ilə görməlidir. Bu iş heç bir top, tüfəng, güllələmə olmamaq şərtilə həyata keçirilməlidir. Bir də bu gün bizim televiziyalarımız, kütləvi informasiya vasitələrimiz iqtisadiyyatımız və digər sahələr kimi inkişaf etməlidir.

- Azərbaycan mədəniyyətinin zənginliyi hər zaman vurğulanır, amma buna baxmayaraq, bizlər əvvəllər rus, indi isə Qərb mədəniyyətinin nümunələrini təqlid etməyə çalışırıq. Bunun səbəbi nədir?

- Azərbaycan dünyanın inkişaf mərkəzlərindən biridir. Elmi baxımdan da sübut olunub ki, bura günəş sistemi ilə əlaqəsi olan bir məkandır. Bu gün bizim əlimizdə konkret olaraq mədəniyyətimizin zənginliyi ilə bağlı yazılı abidələrimiz var. Məsələn, "Dədə Qorqud" kimi bir abidə birdən-birə formalaşmayıb. Mən 1994-95-ci ildə iki dəfə İraqda olmuşam. Orada Amerika arxeoloqları və dünyanın ilahiyyatçı alimləri ilə görüşlərim olub. Amerika alimləri biləndə ki, mən Azərbaycandanam, dedilər ki, Urmiya gölü ətrafında olan qazıntılardan yeni qayıdıblar. Onlar mənə əllərində olan konkret faktlardan danışdılar. Alimlər oradan qədim saxsı qablar tapmışdılar və onlara 8 min il yaş qoymuşdular. Həmin qabların üstündə çox aydın şəkildə ansambl şəkli var idi. Mən o vaxt gəlib bu sözləri deyəndə, burada mənə dedilər ki, sən yenə xalqın tarixinə yalan sözlər deyirsən. Amma bizim bir alimimiz də İranda olanda həmin əşyaları gözləri ilə görüb. Bizim belə zəngin mədəniyyətimiz ola-ola, bunların hamısını ortaya qoymuruqsa, bütün dünya ictimaiyyətinə çatdırmırıqsa, nəhəng xalq olduğumuzu sübut etmiriksə, deməli, günah bizim özümüzdədir.

 

 

Kaspi.- 2008.- 7 avqust.- S. 15-16.