Qaraqızı U.
Ayaz
Salayev: "Azərbaycan kinosunun dünya səviyyəsinə
çıxması üçün hərtərəfli
şərait var"
Bir neçə il əvvələ qədər
adı çəkilən kimi ətrafında böyük
səs-küy yaranan Ayaz Salayevi müəyyən
qüvvələr Azərbaycan
tamaşaçısının gözündən salmaq
istəsələr də, buna nail ola bilmədilər. Maneçilik sadəcə ondan
ibarət oldu ki, dünya kinosunu yaxından izləyən
və onun ən xırda detallarını belə
mənimsəyən rejissor bütün bilgilərinə rəğmən,
nə az, nə də çox, düz 18 il kinodan ayrı
qaldı. Təbii ki, söhbət tammetrajlı bədii sənət nümunələrindən ayrı
düşməkdən gedir.
Bir neçə ay əvvəl isə
eşidəndə ki, Ayaz Salayev yenidən iş
başındadır, yeni bir filmin çəkilişinə
hazırlaşır, doğrusu, bu məni heç də
təəccübləndirmədi. Çünki
Ayaz Salayevin böyük kinoya yenidən gəlişini
gözləyənlər arasında mən də varam.
"Əsl ağsaqqallar hələ
beşikdədir"
- Kino tarixini, ümumiyyətlə isə dünya
kinosunu necə bilməniz hamıya məlumdur. Ancaq yaradıcı fəaliyyəti boyunca
sadəcə bir film çəkərək milyonların
könlünü fəth etmək o qədər də asan
məsələ deyil. Sanki onlarla film çəkərək
tamaşaçılara təqdim etmisiniz...
- Etiraf edim ki, sözləriniz məni sevindirdiyi qədər
də təəccübləndirdi, çünki mənə
belə gəlir ki, tamaşaçı məni "Retro"
kino proqramının aparıcısı kimi tanıyır.
Ancaq hesab edirəm ki, çəkdiyim filmlər sənət
nümunəsi olaraq çox önəmlidir və buna
görə də bu filmlərin müəllifi kimi tanınmaq
mənim də haqqımdır.
- Tammetrajlı olmaq şərtilə sadəcə bir
film -"Yarasa" filmini çəkdiniz və bir filmlə
çox söz dediniz. Bu uğuru
əvvəlcədən görürdünüz?
- Yox, uğuru əvvəlcədən görmək çox
çətindi, sadəcə, məni maraqlandıran o idi ki,
məni narahat edən bu əhvalatı mütləq
çəkməliyəm. Hazır materialı burda bəzi
adamlara göstərsəm də, onların hər biri bu
işi tənqidlə qarşılayaraq məni bir növ
ruhdan saldılar. Ancaq Berlin festivalında artıq başqa bir
mənzərə ilə qarşılandım.
- Kaset vasitəsilə həmin festivaldan bir neçə
fraqmentə baxdığım üçün filmin necə
yüksək səviyyədə
qarşılandığını bilirəm. Zənnimcə,
psixoloji məqamlar o illərdə Azərbaycan
tamaşaçısı üçün yeni olduğundan,
belə filmləri həzm etmək də bir qədər
çətinlik yaradırdı...
- Fikrinizlə
şərikəm. Ancaq illər keçdi və bu illərin
nəticəsidir ki, artıq psixoloji məqamlar Azərbaycan
tamaşaçısı üçün daha böyük
maraq kəsb etməyə başlayıb. Artıq yeni bir
nəsllə üzbəüzük. O nəsl ki, onlar yeni
kinonu, yeni mədəniyyəti, ümumiyyətlə isə
yeni olan hər bir şeyi çox gözəl qəbul edir.
Hərdən mənə elə gəlir ki, vaxtından tez
doğulmuşam, mən indi cavan olmalıydım.
Çünki indiki nəsllə- onların
dünyagörüşü ilə, onlarla apardığım
fikir mübadiləsində özümü daha çox rahat
hiss edirəm.
- Sizcə, indiki nəslin üstün
cəhətləri nədədir?
- İndiki nəsl istər bizdən əvvəl,
istərsə də bizim nəsllə müqayisədə
qat-qat sağlam fikirli, sağlam
düşüncəlidirlər. Çox vaxt yaşlı nəsl gənc
nəsli danlayaraq onu böyük-kiçik saymamaqda təqsirləndirir. Ancaq mən bu fikirlə razı
deyiləm və düşünürəm ki, əsl
ağsaqqallar hələ beşikdədir.
SSRİ, eyni zamanda o dövrün ideologiyası qeyri-təbii
bir şeydi. 70 il bu imperiyanın tərkibində olmaq bizi
çox geri qoydu. Biz sanki hansısa ənənələri
-qırılan ipləri, qırılan telləri indi davam
etdiririk.
Bu,
məsələnin bir tərəfi. Ən əsası
isə, mənə elə gəlir ki, tarixi yaratmaq
lazımdır. Tarixə nəzər salmaq yox, tarixə
xidmət etmək yox, yeni tarixi yaratmaq lazımdır. Xalq kimi
qüdrətli olduğumuz qədər də gəncik.
Zənnimcə, bundan çəkinmək lazım deyil, əksinə,
bunun güclü tərəflərini ön plana
çəkib onlara əsaslanmalıyıq. Bu baxımdan
"Yarasa" filmini çəkildiyi ildə (1995-ci il)
qəbul etməyənlər bir qədər balaca idi. İndi
onların hər biri yetişib, müəyyən yaş
təcrübəsi qazanıb. İndi onlar peşəkar
tamaşaçılardı.
"... Ymidverici ssenarilər yoxdu"
- Yəqin mənimlə razılaşarsınız ki,
tamaşaçı başa düşmədiyi, həzm
edə bilmədiyi filmə "zəif" damğası
vurur. Məsələn,
"Yarasa" filmindəki psixoloji məqamları duymayanlar
filmə "zəif" damğası vurmuşdular.
Qəribəsi odur ki, insan oğlu duymadığı, başa
düşmədiyi hər bir şeyi zəif adlandırır.
Heç özlüyünüzdə müşahidə etmisinizmi
ki, başa düşmədiyiniz hər hansı bir işə
"zəif" damğası vurasınız və yaxud
əksinə, sadəcə geri çəkiləsiniz?
- Mən başa düşməyəndə, geri
çəkilirəm və çalışıram ki,
öyrənim. Bilirsinizmi, həyat
bizim təsəvvürlərimizdən qat-qat zəngindir.
Çox vaxt təsəvvür etdiklərimizlə həyatda
qarşılaşa bilmirik, çünki həyat özü
sürprizlərlə doludur. Mən müəyyən yaşa
qədər keçmişlə yaşayırdım. Gənc
olmağıma baxmayaraq xatirələr məni bir an olsun
tərk etmirdi. Ancaq illər keçdi və təbii ki,
illərin mənim dəyişməyimdə böyük rolu
oldu. Mən o fikirlə razıyam ki, dəyişmək eyib
deyil, ancaq dəyişiklikdən qaçmağı eyib
sayıram.
- Dəyişiklik, dəyişmək
yaxşıdır, ancaq baxır necə. Zənnimcə, 70 il tərkibində
yaşadığımız bir imperiyanın
üstündən bir göz qırpımında xətt
çəkərək ona sadəcə "nöqsanlı
dövr" kimi baxmaq da doğru olmazdı. Hər halda o
dövrün yaxşı cəhətləri də olub və
həmin cəhətləri
indiki dövrə gətirmək olar.
- Mən belə güman edirəm ki, SSRİ
dövrünün ən yaxşı cəhəti təhsil
sisteminə böyük önəm verilməsi olub. Təhsil pulsuz və geniş idi.
Məsələn, mən Moskvada Kinematoqrafiya İnstitutunda
təhsil almışam. Bura yalnız institut kimi deyil, eyni
zamanda, beynəlxalq humanitar ocaq kimi fəaliyyət
göstərirdi. Orda xarici ədəbiyyat, dünya
ədəbiyyatı, təsviri sənətlə
tanışlıq insanda müəyyən bir
dünyagörüşünü
formalaşdırırdı. Ancaq indi vəziyyət başqadır,
təhsil pulludur. Mən bir vaxtlar Qərb Universitetində
dərs demişəm. Təsəvvür edin ki,
tələbələr həm oxuyurdular, həm də
işləyirdilər. Belə bir şəraitdə yaşayan
tələbə hansı dünyagörüşünə
malik olacaq, hansı biliyə sahib olacaq, bax bunu demək
çətindir.
- İcazənizlə söhbəti ssenari
qıtlığı məsələsinə
yönəltmək istərdim. Təbii
ki, siz kinostudiyanın nəzdində fəaliyyət
göstərən münsiflərin tərkib hissəsində
olduğunuz üçün hazırda nə
dərəcədə qənaətbəxş ssenarilərin
olub-olmaması məsələsini yaxından izləyirsiniz.
Ssenarilər çoxluq təşkil etsə də, az qala
bütün yaradıcılar ssenari qıtlığından
gileylənir.
- Mən deməzdim ki, ssenarilər çoxluq
təşkil edir, əksinə, ssenari çox azdı. Tam məsuliyyətlə
deyirəm, hazırda Azərbaycan kinosunun dirçəlişi
üçün, Azərbaycan kinosunun dünya
səviyyəsinə çıxması üçün
hərtərəfli şərait var. Əfsuslar olsun ki, bu
fürsətdən istifadə edən yoxdu. Ölkəmizin sərvəti çoxdu, elə
ölkəyə neftdən gələn gəlirləri
demək kifayətdir ki, necə imkanlarımızın
olması tamamilə aydınlaşsın. Təbii ki, dövlət
tərəfindən kino üçün də böyük
məbləğlər ayrılıb, ancaq ümidverici
ssenarilər yoxdu. Yeni yazar qüvvələr də
hələ ki, yaranmır, varsa da, meydana çıxmır.
Ancaq inandırım sizi ki, vaxt gələcək bu
günün həsrətini çəkəcəyik.
"Biz nəsl mübarizə apararaq
özümüzü təsdiq edə bildik"
- Maraqlıdır, necə bir ssenari
axtarırsınız ki, Azərbaycan kinosunu heç olmasa,
dünya kino səviyyəsinə çıxarmağa
səsləsin?
- İlk növbədə onu qeyd edim ki, mən ədəbi
əsərlərin ekranlaşdırılmasının tam
əleyhinəyəm. Tarixi
şəxsiyyətlər haqqında çəkilən
filmlərin tam əleyhinəyəm.
Orijinal
əhvalatların tərəfdarıyam. Çünki
təcrübə göstərir ki, dünya kinosunda klassik
əsərlərin ekranlaşdırılması arasında
şah əsərlər çox azdı.
- Zənnimcə, sizin kimi düşünənlər
azdı. Yəni,
inanmıram ki, orijinal əhvalatlar üzərində qurulan
filmlərlə çoxluq maraqlansın?
- Təbii. Ancaq kino müstəqil sənət
növüdür. Bir vaxtlar kinoda Həsən Seyidbəyli,
Tofiq Tağızadə, Arif Babayev, Şamil Mahmudbəyov kimi
rejissor nəsli bir kənara çəkildilər və
həmin ərəfədə kinoya ədəbiyyatçılar
təcavüz etdi.
- Əgər səhv etmirəmsə, bu proses
1974-cü illə 1984-1985-ci illər arasında baş verib...
- Yalnız onu deyə bilərəm ki, ad
çəkməkdən uzağam. Həmin
ərəfədə kinoya bir gəlir mənbəyi kimi
baxıldı. Kino şəxsən mənim sevdiyim bir
sənət növüdür. Mən kino işinə
müqəddəs yanaşıram. Mən belə güman
edirəm ki, ssenarist daima rejissorun yanında olmalı, onu hiss
etməlidir.
- Təbii ki, rejissor ümumi görüntüdən
çıxış edərək rejissor ssenarisində
hər hansı bir dəyişikliyi və yaxud da
əksinə, əlavəni edir ki, bu zaman ssenarist onun
yanında olmaqla sadəcə, fikrini
dəstəkləməlidir.
- Tamamilə doğrudur.
- Söhbət əsnasında qeyd etdiniz ki,
münsiflər heyətinə təqdim olunan ssenarilər
qənaətbəxş olmasa da çoxluq təşkil edir. Bəlkə münsiflər heyəti bir
qədər insaflı olsa, ssenarilər arasından
yaxşılarını seçə bilərlər?
- Ən dəhşətlisi odur ki, təsadüfi
adamlar artıq ömrünü kinoya həsr edib.
- Belələri gənc nəslə imkan
verməyəcək...
- Necə ki, bizə imkan verməyib bizi
çürüdürdülər. Ancaq
biz nəsl mübarizə apararaq özümüzü
təsdiq edə bildik. Təəssüf ki, gənc nəsl
arasında talantlısı az olduğu kimi, mübarizləri
də azdır. Buna baxmayaraq, ruhdan düşmədən
gözləyirik və inanırıq ki, bu dövrün də
öz yaradıcı qüvvələri yetişəcək.
Son söz əvəzi: Ayaz Salayevlə kinostudiyada
görüşdüyüm zaman o, yeni filminin
üzərində hazırlıq işləri aparırdı.
Artıq
yaradıcı heyəti müəyyənləşdirilən
filmin çəkiliş, montaj, səsləndirmə
işləri bir neçə aya qədər başa
çatacaq. Ən maraqlısı odur ki, filmin
çəkilişləri
başlamamış adı artıq bir çoxlarını
yerindən oynadıb. Bunun nəticəsidir ki, rejissor filmin
adını dəyişdirməyə üstünlük verib.
Ancaq bu hələ hər şey demək deyil.
Tamaşaçılar, hazır olun, Ayaz Salayev qəribə
əhvalatları ilə yenə də
görüşünüzə gəlir.
Ekspress.- 2008.- 16-18 avqust.-
S. 19.