Qadir T.
Bu gün milli kinomuzun
bayramıdır
110 yaşlı Azərbaycan kinosu
yeni inkişaf mərhələsinə qədəm qoyub
Bir əsrdən
artıq yaşı olan Azərbaycan milli kino sənəti
yaşadığımız tarixi əks etdirən və milli
mentalitetimizin dolğun təsvir olunduğu "Neft və milyonlar
səltənətində" ekran işindən başlayaraq
"Arşın mal alan" kimi şedevr filmlər də
daxil olmaqla əlamətdar hadisələrlə böyük
inkişaf yolu keçib. Bəzi mənbələrdə
Azərbaycan kinosunun yaranma tarixi rejissor B.Svetlovun 1916–cı
ildə çəkdiyi "Neft və milyonlar
səltənətində" filmi ilə hesablanır. O
dövrdə SSRİ–nin tərkibində olan millətlərin
hər biri üçün yeganə tarix mövcud idi. 1919–cu
ildə sovet hökuməti Rusiyada kinematoqrafiya və fotoqrafiya
müəssisələrinin milliləşdirilməsi
üçün dekret imzaladı ki, həmin tarix də son
illərə qədər sovet kinosunun yaranışı kimi
qeyd olunurdu. Lakin milli kinoşünaslar Azərbaycan kinosunun
yaranmasının 1898–ci il avqustun 2–nə təsadüf etdiyi
qənaətindədirlər. Bu rəqəm milli kinomuzu
dünya kinosundan cəmi bir neçə yaş geridə
qoyur. Bir əsrdən artıq müddət ərzində
Azərbaycan kinematoqrafiyası – milli rejissorlar, aktyorlar,
operatorlar yetişdirib, dövrün və zamanın
həqiqətlərini əks etdirən maraqlı filmlər
ekranlaşdırıb.
Milli kinonun keşməkeşli
tarixi...
...Amma ötən 110 ildə
Azərbaycan kinosunun başı bəlasız da
ötüşməyib. Ümumiyyətlə, kinomuzun
tarixi müxtəlif zaman kəsiyində, dövrün
özünə uyğunlaşdırılaraq,
dəyişdirilib. XX əsrin əvvələrindən
başlayaraq Bakıda yerli materiallar əsasında
çəkilən xronikal lentlərin göstərilməsi
barədə mətbuatda xəbərlər dərc edilib. Belə ki, "Kaspi" qəzetinin 1898–ci il 17 iyun
tarixli sayında dərc edilmiş informasiyada Bakı foto
dərnəyinin xeyriyyəçilik məqsədi ilə
mayın 31–də Mixaylov bağında xalq gəzinti
təşkil etdiyi, yığılan pulların yarısının
məhsul qıtlığından
zərərçəkənlərə, yerdə qalanını
isə dərnəyin inkişafına sərf olunacağı
deyilirdi. Bu tədbir "Şəhər Bağında Xalq
Gəzintisi" adı altında lentə alınaraq,
nümayiş etdirilib.
XlX əsrin 90–cı
illərindən başlayaraq dünya neftinin yarısını
istehsal edən Bakı artıq Zaqafqaziyanin
mədəniyyət mərkəzi kimi tanınmağa
başlanıb. Fransalı fotoqraf A.M.Mişon da öz
növbəsində Bakıda fotoatelye və nəşriyyat
açıb. Fotoqrafiya sahəsində elmi
biliklərin qızğın təbliğatçısı
A.M.Mişon Bakı mənzərələrini, neft
mədənlərini və burada baş verən
yanğınları, neft emalını böyük
məharətlə çəkərək silsilə
şəkillər miras qoyub ki, həmin şəkillər
və neqativləri dövlət arxivində
saxlanılır. Hər neqativin üzərində
"A.M.Mişon" və neqativin çəkiliş tarixi
yazılıb. "Bibiheybətdə Neft Fontanı
Yanğını" və "Balaxanı Neft
Mədənində Fontan" xronikal filmləri bu gün
də Beynəlxalq Kino Arxivləri Federasiyasında saxlanılır.
Milli kinoda milli inkişaf
yolu...
Dahi Üzeyir Hacıbəyovun
"Arşın mal alan" operettası
1916–cı ildə ekranlaşdırılıb və 1917–ci il
yanvarın 3–də "Forum" kinoteatrında nümayiş
olunub. Bu, Üzeyir bəy
yaradıcılığına Azərbaycan kinosunun ilk
müraciəti idi. "Arşın mal alan"
keçmiş sovetlər dönəmində Dövlət
mükafatına layiq görülən ilk milli filmdir. 1956–ı ildə Üzeyir bəy
yaradıcılığının ən gözəl
nümunələrindən olan "O olmasın, bu olsun",
daha sonra "Leyli və Məcnun" əsəri
ekranlaşdırıldı. Ötən əsrin
sonlarına yaxın yazıçı Anarın ssenarisi
əsasında isə dahi bəstəkarın həyat və
yaradıcılığından bəhs edən "Üzeyir
Hacıbəyov: Uzun ömrün akkordları" filmi
Azərbaycan musiqi tarixinin böyük bir salnaməsinə
çevrildi.
1920–ci illərdə
Azərbaycan Foto–Kino İdarəsinin təsis edilməsi,
birinci dövlət kinofabrikinin açılması, aktyor
və rejissor studiyalarının təşkili, sənədli
və elmi–kütləvi filmlərin istehsalı milli kino
sənətinin formalaşmağa başlanmasının bariz
nümunəsi sayıla bilər. Sonrakı
illərdə cizgi kinosunun əsasının qoyulması,
respublikada ilk səsli filmin ekranlara buraxılması və
filmlərin Azərbaycan dilində səsləndirilməsi,
yeni uğurlu kino əsərlərinin yaradılması
Azərbaycan kinosunun təşəkkül
tapdığını göstərirdi. Bu
dövrdə Azərbaycan kinostudiyasında çəkilən
bir sıra filmlər xarici ölkələrdə də
rəğbətlə qarşılanıb. İkinci
dəfə ekranlaşdırılan "Arşın mal alan" filmi ayrı–ayrı dillərə
dublyaj olunaraq, dünyanın müxtəlif
guşələrində böyük
müvəffəqiyyətlə nümayiş etdirilib.
Sovetlər İttifaqında kino
sənətindən dövlət ideologiyasının
təbliğatçısı kimi istifadə edilsə də,
etiraf etmək lazımdır ki, Azərbaycanda kino yaradıcılığı
işi həmin dövrdə təşəkkül tapıb.
Azərbaycan kinematoqrafiyası məhz, o
illərdə sistemli fəaliyyəti sayəsində
getdikcə öz imkanlarını artıraraq, ciddi
sənət nailiyyətləri qazanıb. Kinomuzun
yeni inkişaf mərhələsinə qədəm qoyduğu
bu dövrdə ssenarist, rejissor, operator, rəssam
kadrlarının bir neçə nəsli yetişib və
milli özünəməxsusluğu ilə seçilən
koloritli, parlaq ekran əsərləri yaradılıb.
Azərbaycan kinosu tarixinin əsl
yetkinlik dövrü sayılan 1960–1980–ci illərdə isə
kino salnaməmizin unudulmaz səhifələrini təşkil
edən və artıq mədəniyyətimizin qızıl
fonduna daxil olan tarixi filmlər, ölməz
"Kitabi–Dədə Qorqud" eposunun motivləri
əsasında "Dədə Qorqud" filmi yaradılıb,
digər görkəmli əsərlər
ekranlaşdırılıb, müasir mövzulu və
sənətkarlıq baxımından diqqətəlayiq
filmlər çəkilıb.
1991–ci ildən etibarən
dövlətin vahid kino sistemi dağılmağa
başladı ki, bu da Azərbaycan kinematoqrafiyasını ciddi
çətinliklərlə üz–üzə qoydu. Keçid
mərhələsində ciddi problemlər yaşamasına
baxmayaraq müstəqillik dövründə Azərbaycan kinosu
öz yaradıcılıq potensialı sayəsində
qısa vaxt ərzində müəyyən uğurlar
əldə etməyi bacardı.
...Müasir dövrdə milli kino
sənətinin yeni inkişaf mərhələsi 1993–cü
ildən hesablanır. Məhz, 1993–cü ilə
qədər incəsənətin bu vacib sahəsi,
sözün əsl mənasında, məhv olmaq
təhlükəsi ilə üzləşmişdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə milli kinomuzun da
üfüqündə günəş doğdu. Bu sahədə ən mühüm uğurlardan biri
"Kino haqqında" Qanunun qəbul edilməsi oldu. Bununla dövlət kinematoqrafın hüquqi
bazasını yaratmış oldu. Qeyd
edək ki, MDB ölkələri arasında Rusiyadan sonra
yalnız Azərbaycanda belə bir qanun qəbul edilib.
Azərbaycanda kino çəkilişlərinə
dövlətin qoyduğu vəsait hər il
daha da artmaqdadır. 2007–ci ildə bu
sahəyə 3 milyon 300 min manat vəsait ayrılıb.
Bu vəsaitə uyğun olaraq əvvəllər 3–4 ildə
cəmi 1–2 bədii film ekranlaşdırılırdısa, son
5–6 il ərzində 15 bədii film, həmçinin, bir
neçə sənədli və cizgi filmləri
çəkilib.
Azərbaycan Respublikasının
dövlət başçısı İlham Əliyev
Azərbaycan milli kinosunun respublikamızın mədəni
həyatındakı əhəmiyyətini və gələcək
inkişaf perspektivlərini nəzərə alaraq 2007–ci il fevralında "Azərbaycanda kino
sənətinin inkişaf etdirilməsi haqqında"
növbəti sərəncam imzaladı ki, bu sərəncam da
kinomuzun maddi–texniki bazasının
möhkəmləndirilməsinə yeni bir təkan vermiş
oldu. Ölkə başçısının
imzaladığı sərəncamda kino sahəsində
məsələlərin həlli kompleks şəkildə
qoyulur. Yəni, kinostudiyanın
binasının ən müasir tələblərə cavab
verən formada yenidən qurulması, ən yeni texniki
avadanlıqlarla təchiz edilməsi, kadr siyasətinin
həyata keçirilməsi və digər bu kimi mühüm
məsələlər öz əksini tapıb. Bundan sonra, xarici kinorejissorların respublikamızda
kino çəkilişləri aparmaları və digər
məsələlər öz həllini tapmaqdadır.
Bundan başqa, sərəncamdan irəli gələrək
"Azərbaycanfilm" kinostudiyasının maddi–texniki
bazasının müasir kino texnikası
tələblərinə uyğun texnoloji avadanlıqla
təchiz edilərək, dünya standartlarına uyğunlaşdırılması,
respublikamızda kinoteatrlar şəbəkəsinin yenidən
qurulması, o cümlədən, mövcud kinoteatr
binalarında təmir–bərpa işlərinin aparılması
və sair bu kimi işlər də uğurla həyata
keçirilməkdədir. Dünyanın aparıcı kino
şirkətlərilə müştərək filmlərin
istehsalı da nəzərə alınmaqla, "Azərbaycan
kinosu 2008–2018–ci illərdə" Dövlət
Proqramının qəbul olunması ilə yanaşı,
"Nizami" kinoteatrında müasir tələblərə
cavab verən xidmət və texniki şəraitin
yaradılması, Azərbaycan Dövlət Film Fondunun yeni binasının
inşası kimi mühüm işlərdə başlanıb
və artıq başa çatmaq üzrədir. Qeyd edək ki, Nizami kinoteatrı yalnız kinoteatr
şəklində deyil, həm də tarixi bir abidə kimi
qorunacaq.
Uğurlar və problemlər...
İnkişaf
dövrünün ilk illərindən Azərbaycan öz kino
sənətini dünya miqyasında nümayiş etdirib,
müxtəlif beynəlxaq festivallarda uğurla iştirak
edərək, mükafatlara sahiblənib. Milli kinonun
inkişafı yönündə çalışanların
əməyinin dəyərləndirilməsi üçün
1991–ci ildə Azərbaycan Kinematoqrafçıları
İttifaqı tərəfindən "Qızıl
Çıraq" Milli Kino Mükafatı təsis edilib.
Maliyyə problemləri ucbatından üç il
sonra mükafatın verilməsi dayandırılıb, ki,
sonradan bərpası da yalnız 2003–cü ildə
mümkün oldu. İnkişaf etmiş əksər
ölkələrdən olan kino xadimlərini və
kinematoqrafçıları Odlar yurdu Azərbaycanda bir araya
toplayan, bu il isə onuncu yaşını qeyd edən
"Şərq–Qərb" Beynəlxalq Bakı
kinofestivalı da milli kinomuzun inkişafında özünəməxsus
töhfələr bəxş etməkdədir. Dünya
kinosunun incilərini Azərbaycan tamaşaçısına
çatdıran festival, həm də dünya
kinematoqrafçılarının diqqətini milli kinomuza
yönəltməyə xidmət edir. Kino
sahəsində əldə olunan uğurlarla bahəm, bəzi
problemlər hələ də qalmaqdadır. Kinoşünasların fikrincə, hazırda kinomuzun
əsas problemlərindən biri dublyaj işidir. Problemin həlli yalnız dublyajın
mərkəzləşdirilmiş qaydada və ixtisaslı
kadrlar tərəfindən həyata
keçirilməsindədir. Bundan sonra,
prokat problemi gəlir ki, zamanla bu məsələnin də
çözüləcəyinə ümid bəslənilir.
Milli kinomuzun musiqi ahəngi...
Böyük ekrana ayaq
açan, tamaşaçılarla vizual görüşə
gələn bədii əsərlər və ssenarilərin
qəlblərə daha həlim şəkildə yol
tapmasında musiqinin rolu əvəzsizdir. Bu baxımdan
da, dünya kino praktikasına nəzər salındıqda
görünür ki, filmdə musiqinin mövzu ilə
aktuallığı və uyğunluğuna böyük
önəm verilir. Ekran işində hansısa bir obrazı
açmaq məqsədilə filmin leytmotivi
tapılmalıdır. Filmdə bir və ya daha artıq
leytmotivin olması da normaldır. Bu bir növ filmdən
asılı olan amildir. Milli kinomuzda
musiqi–bəstəkar üslubunun formalaşması böyük
rol oynayıb. Məhz kino spesifikası
ilə ünsiyyətdə yeni dramaturji prinsiplər, ifadə
vasitələrinin parlaqlığı, musiqi
intonasiyasının tutumluluğu kimi cəhətlər
formalaşıb. Bəstəkarlarımızın
kinomusiqisi sahəsində aktiv fəaliyyəti 30–cu illərdən
hesablanır. Daha öncələr də
Bakıda çəkilən filmlərin nümayişi
müxtəlif xarakterli musiqilə müşayiət edilib.
Amma, musiqi fonu – milli musiqi həm Azərbaycan
musiqi ansamblı, müğənni–xanəndələr,
eləcə də, Avropa üslublu musiqi – pianoçuların,
simli ansamblların çalğısı ilə
yaradılıb.
İlk musiqi nümunəsi
kimi dahi Ağarza Quliyevin quruluşunda ekranlaşdırılan
Niyazınin "Almaz" filminə yazılan musiqini
göstərmək olar. Bundan sonra, Səməd Mərdanovun 1939–cu
ildə çəkdiyi "Kəndlilər"də xalq
musiqisi nümunələrinə geniş yer ayrılıb.
1934–cü ildə ekranlaşdırılan "Azərbaycan
İncəsənəti" filmində isə milli musiqi
mədəniyyətinin böyük simaları – Üzeyir
Hacıbəyov, Hüseynqulu Sarabski, Şövkət
Məmmədova, Bülbül, Cabbar Qaryağdı, Qurban
Pirimov və başqalarının fəaliyyəti
işıqlandırılıb. Filmdə Şərqdə ilk
olaraq– Üzeyir Hacıbəyovun "Leyli və
Məcnun", R.Quliyevin xüsusi olaraq Bakı
üçün bəstələdiyi "Şahsənəm"
operalarından fraqmentlər göstərilib.
Azərbaycan kino musiqisinin
keyfiyyətcə yeni mərhələsi eyni zamanda milli bəstəkarlıq
məktəbinin iki böyük nümayəndəsi – Qara
Qarayev və Tofiq Quliyevin adı ilə bağlıdır. Hər iki
bəstəkarın kino musiqisi sahəsində ilk
sınaqları 40–cı illərə aiddir. Belə ki, Qara Qarayevin müxtəlif janrlı
kinofilmlərə yazdığı musiqi yüksək
bədii məziyyətləri, dramaturji vüsəti, parlaq
ümumiləşdirici təsir gücü, əsl simfonik
mahiyyətilə fərqlənib. Tofiq Quliyevin kino
sahəsindəki çoxşaxəli fəaliyyətinə
gəlincə, bəstəkarın dillər əzbəri olan
ən populyar mahnıları "Bəxtiyar", "Qızmar
günəş altında", "Telefonçu qız",
"Onu bağışlamaq olarmı?", "Ögey
ana", "Nəsimi" və "Qayınana" kimi bu
gün də sevilərək izlənilən filmlərə
yazılan musiqilər olub. Milli kinoya xüsusi
töhfələr verən, öz bəstələrilə
filmin dinamikliyinin və təbiiliyinə marağın
artırılmasında Rauf Hacıyev, Fikrət Əmirov, Arif
Məlikov, Emin Sabitoğlu, Aqşin Əlizadə və Polad
Bülbüloğlunu nümunə göstərmək
kifayətdir. Ümumiyyətlə, Azərbaycan
kinosunun musiqi tərtibatı işinə milli
bəstəkarlıq məktəbinin demək olar ki,
bütün tanınmış nümayəndələri
cəlb olunub. Azərbaycan kinosunun
bəlkə də yeganə qüsursuz cəhəti onun kino
musiqisidir. Digər tərəfdən, kino
üçün bəstələnən musiqilər
dövrün dəyişikliyilə də ayaqlaşmaq
məcburiyyətindədir. Çünki
ümumi musiqi dəyişikliyi, kino musiqisinə də
sirayət edir.
Yeni Azərbaycan.- 2008.- 2 avqust.- S. 11.