Xan Şuşinskinin qızı
Bəyimxanım Verdiyeva: "Ermənilər Mircəfər
Bağırovla Xan Şuşinskinin arasını
vurublarmış"
İstedadın da qanla, genlə nəsildən
nəslə keçdiyi artıq qəbul olunub. Biz də isə buna sübut etməyə
lüzum yoxdur, ona görə ki, yüzlərlə sübut
var. Hamısı da göz qabağında. Yəni indi
müxtəlif sənət sahələrində
müvəfəqiyyətlə çalışan istedadlı
sənət adamlarının əksəriyyəti bir vaxtlar
bütün dünyaya səs salan korifey
sənətkarların övladlarıdır. Bu üzdən
istedadın atadan övlada keçdiyini söyləmək
olar. Amma gəlin, görək məşhurların
övladları bununla razılaşırlarmı? Valideynlərini
necə xatırlayırlar? Axı, indi az qala sitayiş
etdiyimiz dühaları övladlarından yaxşı kim
tanıyar? Bu rubrikada məqsədimiz ömrünü
millətin inkişafına sərf edən dahiləri yad
etmək, onları indiki nəslə tanıtdırmaq və
sevdirmək, tanıyanlara isə nəsə deməkdir.
"Atalar və oğullar" rubrikasının bu
dəfəki qonağı muğam sənətinin
görkəmli nümayəndəsi Xan Şuşinskinin
qızı Bəyimxanım Verdiyevadır.
Ağa oğlu necə xan oldu?
- Atam 1901-ci ildə Şuşa şəhərində
anadan olub. Əsl adı
İsfəndiyar Aslan ağa oğlu Cavanşir olan atam
Qarabağın əsasını qoyan Pənahəli xan
Cavanşirin nəslindəndir. Babam Aslan ağa Xurşudbanu
Natəvanla əmiuşağıdır. Aslan ağanın
evində tez-tez musiqi məclisləri qurulduğundan, atamda
musiqiyə böyük həvəs yaranır. Atam
deyirdi ki, səsi o qədər zil imiş ki, ona evdə
oxumağa imkan vermirlərmiş. Babam o dövrün
məşhur xanəndələrindən İslam
Abdullayevlə (Segah İslam) dostluq edirmiş və ondan
xahiş edir ki, muğam sənətini öyrənsin deyə,
atamı da özü ilə musiqi məclislərinə
aparsın. İslam Abdullayev də
atamın səsinə qulaq asandan sonra atamı böyük
məmnuniyyətlə yanına şəyird
götürür. 12-13 yaşlarından atam başlayır
İslam Abdullayevlə musiqi məclislərində iştirak
etməyə. Və o dövrdə bir məclisə 4-5
məşhur xanəndəni dəvət edirlərmiş
deyə, atam həmçinin Cabbar Qaryağdıoğlu və
digər ustad xanəndələrlə bir
məclislərdə iştirak edir. Artıq 18-19
yaşlarında atam məşhur xanəndələrdən
sayılırmış. Azərbaycanda Sovet hakimiyyəti
qurulandan sonra digər bəylər və xanlar kimi, babamın
da var-dövləti əlindən alınır. Babamın
erməni nökərləri onun evini yandırırlar.
Şuşanın Ballıca kəndi Aslan ağanın
mülkiyyətində imiş. Atamın bütün qohum-əqrabası
İrana, Türkiyəyə mühacirət etməyə
məcbur olub. Bu yaxınlarda mən internetdə Qarabağ
xanlarının nəsil şəcərəsi haqqında
məlumatlara baxarkən öyrəndim ki, bizim nəslin
nümayəndələrinə demək olar ki, dünyanın
hər yerində rast gəlmək olar. Mənim həyat
yoldaşım, 1980-ci ildə Amerikada qastrolda olarkən bir
nəfər ağlaya-ağlaya yaxınlaşıb ona
demişdi ki, Cavanşirlər nəslindəndir. Atam
özü 1943-cü ildə İranda qastrolda olanda bibisi
uşaqları, əmizadələri onunla
görüşməyə gəliblər. Atamın
dayısı Fransada Sarbona Universitetini bitirib qayıdanda onu
həbs etdilər. Yazıq evlənmək
üçün vətənə qayıdıbmış.
Nədi, nədi Sarbona Universitetində oxuyub, xan
nəslindəndir. Nə isə,
var-dövlətləri əllərindən çıxandan
sonra ailənin bütün qayğıları atamın
üzərinə düşür. Ona görə
də atam İslam Abdullayevin xeyir-duasını alandan sonra
müstəqil şəkildə xanəndəlik etməyə
başlayır. Ondan əvvəl də
məclislərin birində qramafonda cənubi
azərbaycanlı bir məşhur xanəndə olub,
Əbülhəsən xan Azər İqbal Soltan, onun valına
qulaq asırlarmış. İslam Abdullayev
İqbal xanın "Kürd-Şahnaz"ına qulaq asandan
sonra soruşub ki, "İsfəndiyar, sən də belə
oxuya bilərsənmi". Atam
"Kürd-Şahnaz"ı oxuyandan sonra bütün
məclis əhli onu alqışlayıb və İslam
Adullayev deyib ki, "Əbülhəsən xan İqbal
cənubun xanıdır, sənsə şimalın. Bu gündən sənin adını Xan qoydum".
Atam ömrünün son illərində tez-tez
təkrar edirdi ki, ona "Xan" adının verilməsi
bəlkə də təsadüf deyilmiş. Yoxsa,
heç kim onun Qarabağ xanlarının
nəslindən olduğunu bilməyəcəkdi. Necə ki,
əmim Allahyar uzun illər atamla birlikdə
çalışıb, dövrünün məşhur
tarzənlərindən olub, amma indi onu heç kim
xatırlamır.
- Xan nəslindən olması və "Xan" adı
sonradan atanıza problem yaratmayıb ki?
- Əslində, "Xan
Şuşinski" adı atamı 37-ci ilin repressiyasından
qoruyub. "Şuşinski" soyadını da
o Polşada qramafon valı yazdırarkən götürüb.
Çünki o dövrdə adlı-sanlı
xanəndələr öz səslərini Polşada vala
yazdırırlarmış. Atamdan orada
hansı şəhərdə doğulduğunu soruşublar, o
da "
Xan əmi niyə Məcnun olmadı?
- Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və
digər böyük ustadların sağlığında Xan
Şuşinskinin gənc olmasına baxmayaraq,
məşhurlaşması və rəqabətə
dözməsi diqqətçəkəndir...
- Atam heç vaxt ustadlarla rəqabət aparmayıb. Ömrünün sonuna kimi onların adını
hörmətlə çəkib. O, deyirdi ki,
"muğam elə böyük bir dəryadır ki, mən
ondan balaca bir cam götürmüşəm". İndiki
gənc xanəndələr isə bir az
tanınan kimi müəllimlərini saymırlar. O heç
vaxt ustadlarla rəqabət aparmayıb. 1943-cü
ildə Cabbar Qaryağdıoğlu ilə atam birlikdə
konsertdə iştirak edib. Həmin konsert
əsl müəllim-tələbə dueti olub. Konsertin sonunda Cabbar Qaryağdıoğlu əlini
atamın çiyninə vurub deyib ki, "mən səni
sınağa çəkirdim, sən sınaqdan əsl
tələbə kimi uğurla çıxdın".
- Xan Şuşinski boy-buxunlu, gözəgəlimli adam olub. Nə üçün
Opera və Balet Teatrında çalışmayıb?
- Yzeyir bəy atamın xətrini çox
istəyirmiş. Özü
danışırdı ki, Yzeyir bəy çox
istəyirmiş ki, atam "Leyli və Məcnun"da
Məcnunu oynasın. Lakin atam deyib ki,
"Yzeyir bəy, mən üzümə ənlik-kirşan
vurub özgəsinin arvadını qucaqlaya
bilmərəm". Aktyorluq etmək
istəməyib.
- Xan Şuşinskinin övladlarının gec olması,
gec evlənməsi ilə bağlıdır, yoxsa başqa
səbəblər var?
- Atam anamdan əvvəl bir dəfə evli olub. Lakin birinci həyat yoldaşından uzun
müddət övladı olmayıb. Əsl
azərbaycanlı kişisi kimi ailəsinə sadiq olduğuna
görə yenidən evlənmək istəmirmiş. O
boyda şan-şöhrətə malik, xarici
görünüşcə çox gözəl olması imkan
verirdi ki, yenidən evlənsin. Lakin o həyat
yoldaşına sonadək sadiq olub. Axırda
birinci arvadı xəstələnib və biləndə ki,
vəziyyəti ürəkaçan deyil, atamı
məcburən özü evləndirib. Deyib
ki, "mən neçə illər səni övlad
üzünə həsrət qoydum, özüm səni
evləndirəcəyəm". İkinci
evliliyindən 3 qızı, bir oğlu dünyaya gəlib.
- Nə üçün övladlarından Xan
Şuşinskinin sənətini davam etdirən olmadı? Bəlkə özü istəməyib?
- Bilirsinizmi, bizim ailədə bütün
uşaqların səsi olub. Hətta bizim
övladlarımızın da gözəl səsləri var.
Tərifləmək olmasın, mən özüm bütün
muğamları və əruzu bilirəm. Lakin
atamız sənətin elə bir zirvəsində idi ki, biz ora
çata bilməzdik. Xan Şuşinskinin
övladı sənətdə ya heç olmasa onun kimi
olmalı, ya da ümumiyyətlə olmamalıdır.
Sonradan atamızın adına xələl
gəlməsin deyə, heç birimiz xanəndə
olmadıq. Əslində, atam özü də
istəyirdi ki, onun sənətini davam etdirək. Deyirdi ki,
kim istəsə, gəlib qavalı
götürə bilər. Lakin atamız bizim
üçün o qədər yüksək zirvədə olub
ki, utanmışıq.
- Yaşlı nəsil Xan Şuşinskinin baməzə
olduğunu deyir. Ailədə necə idi?
Xanzadələyi hiss olunurdumu?
- Atam ağır təbiətli idi. Az
danışırdı, lakin yerində tutuzdururdu. Uşaqla uşaq idi, böyüklə böyük.
Elə də tünd xasiyyətli deyildi. Lakin yeri gələndə elə söz deyirdi ki,
adamın min qatından keçirdi. Ailənin
ilk övladı olduğuma görə məni lap çox
istəyirdi, hətta mənə mahnı da yazıb. 1959-cu ildə Moskvada keçirilən dekada
birbaşa translasiya olunanda, mən atamı göstərib
"dədə" demişəm. Bu
mənim ilk sözüm olub. Qayıdıb
gələndən sonra atam "Qəşəng ceyran"
mahnısını mənə həsr etdi. Atam övladlarını heç vaxt incitməyib.
Nə də oğlan və qız övladı
arasında fərq qoymayıb. Qardaşım
ailənin tək oğul övladı olmasına baxmayaraq,
onunla bizim aramızda heç vaxt fərq qoymayıb. Mənə anasının, qardaşıma
atasının, bacımın birinə bacısının, o
birisinə də xalasının adını verib. Həmişə deyirdi ki, "kim deyə bilər
ki, əzizlərimi itirmişəm, mənim bütün
əzizlərim gözümün qabağındadır".
Mən uşaq yaşlarımdan atamın
hamı tərəfdən sevilməsinin şahidi olmuşam.
Atam bizim əlmizdən tutub bayram paradlarına
aparırdı, yolda hamı gəlib atamla hörmətlə
görüşürdü. Uşaq olsam
da, atamın şöhrəti ilə fəxr etmişəm.
- Nə üçün pedoqogika ilə məşğul
olmayıb?
- Atam ömürünün son illərində Asəf
Zeynallı adına Musiqi Texnikumunda
muğamdan dərs deyib. Rəhmətlik Vasif
Adıgözəlov atama dedi ki, "Xan əmi, gəl
bir sinif də sənin üçün açaq dərs
ver". Bizim evimiz də Asəf Zeynallı adına
Musiqi Texnikumuna yaxın olduğu üçün Vasif
müəllim deyirdi ki, "məktəbə
gəlməsən də olar, dərsləri evində
keçərsən". Onu da deyim ki, qəbul
imtahanlarında atam iştirak etmirdi, çox vaxt ən
zəiflərini atamın qrupuna yığırdılar.
Deyirdilər ki, "ən zəif
tələbə də olsa, Xan Şuşinski onu
yetişdirəcək". Çox vaxt
başqa müəllimlərin tələbələri bizim
evə dərs keçməyə gəlirdilər. Bundan başqa, atam filarmoniyanın nəzdində
"Muğam studiyası" açmışdı, orada
nəinki gənclər, hətta tanınmış xalq
artistləri gəlib atamdan dərs alırdılar. Atam gənclərə həmişə dəstək
verirdi. Heç vaxt onların
nöqsanlarını üzlərinə deməzdi. Bir dəfə dərslərin birində
tələbələrindən biri "Çahargah"
oxuyurdu. Atam ona dedi ki, "Bilmirəm, sən qavalın
dalında oturmusan, yoxsa səngərdə gizlənmisən. Özün də "Çahargah" oxuyursan,
qorxma diribaş oxu". Çox vaxt
deyirlər ki, Xan Şuşinski savadsız olub. Xeyr, əvvəla o bəy oğlu idi.
İkincisi də atam ərəb, fars
və türk dillərini mükəmməl bilirdi. Kirill əlifbasından başqa, o həm latın,
həm də ərəb əlifbasında yazıb-oxuyurdu.
Atamın böyük kitabxanası vardı, mütaliə
etməyi çox xoşlayırdı. Özü də atam
həm səsini qoruyardı, həm də özünə
diqqətli idi. Çox yağlı yeməzdi, bivaxt
yeməzdi. Deyirdi ki, bu səs xalqın malıdır, onu
qorumalıyam. Cavanlara da həmişə deyirdi ki,
"səsinizi qoruyun". Heyf ki, şəkəri vardı...
Ekspress.- 2008.- 16-18 avqust.-
S. 19.