Hüseynov A.

 

Azərbaycan musiqisinin bəzəyi olan mahnıları kimlər təqdim edir

 

Azərbaycan xalqının musiqi dünyasının bəzəyi, söz yox ki, xalq mahnılarıdır. Mahnı xalqımızın şeir və muğamlarımızın ölməzliyinə söykənən həyatilik rəmzidir. Mahnılarımız xalqımızın kədərli və şən günlərində ona arxa duran, onu ovunduran və işıqlı gələcəyə səsləyən incəsənət növüdür. Mahnını hamı sevir və özünəməxsus tərzdə qavrayır. Mahnı insana həyatverici qüvvə təsiri göstərir, xalqımızın əsrlərin yadigarı olan mahnıları qəlblərə sirayət edən ruhverici təranələri ilə sərhəd bilməyən zaman və məkan anlamında həm də insanı fəlsəfi düşüncələrə daldırır, son nəticədə onda xoş ovqat yaranmasına yardımçı olur. Ötən dövrlərdə xalqımızın əkinçi nəğmələri, cütçü nəğmələri, çoban nəğmələri, ovçu nəğmələri, ipəkçi nəğmələri, balıqçı nəğmələri, mövsüm nəğmələri, şirni, xonça və nişantaxdı nəğmələri, xınayaxdı və gəlinaparma nəğmələri, uşaq nəğmələri və s. dəbdə idi. Adətən onları müvafiq mərasimlərdə oxuyurdular. İndi isə həmin mahnılar yoxdur, bəzi radio və televiziya kanallarında səsdən məhrum ifaçılara geniş meydan verilməsi əsl Azərbaycan mahnılarını az qala aradan çıxarmışdır. Elə bir mühit yaranıb ki, səsini kompüterdə köklətməyən, ona metallıq, lətafət verdirməyən "müğənni" canlı efirdə müxtəlif bəhanələrlə oxumaqdan imtina edir. Xalqın mənəvi aləmini zənginləşdirən, onu aliləşdirən əsl mahnılara bir o qədər də yer verilmir. Sovetlər vaxtında radio və televiziya kanallarının hər birinin bədii qiymətləndirmə komissiyası vardı. Həmin komissiyalar bu və ya digər əsəri hərtərəfli müzakirə etmədən ifasına icazə vermirdi. Bu səbəbdən də səsləri özlərinə xoş gələnlər teleekranlara yol tapmırdılar. Belə komissiyaların ziyanlı xüsusiyyətləri də vardı. Məsələn, ali konservatoriya təhsili olmayan böyük istedadlar üçün də istisna yox idi. Ələkbər Tağıyev, Bəhram Nəsibov kimi anadangəlmə bəstəkarlara "həvəskar bəstəkar" adı qoymuşdular, xalq arasında sevilə-sevilə dinlənilən "həvəskar bəstəkar" mahnıları teleradio efirində xalq mahnıları kimi təqdim olunurdu. Böyük xanəndə Cabbar Qaryağdıoğlunun, bənzərsiz səs sahibi Xan Şuşinskinin də bəstələdikləri mahnılar xalq mahnıları kimi təqdim olunurdu.
Cabbar Qaryağdıoğlunun topladığı 300-dən artıq xalq mahnısı Azərbaycanda musiqi ifaçılığının inkişafında böyük rol oynamış, opera və operettalarda yaradıcılıqla istifadə olunmuşdur. Onun özünün bəstələdiyi 30-dan artıq mahnısı Üzeyir bəy Hacıbəyov, Müslüm Maqomayev və Səid Rüstəmov tərəfindən nota alınmışdır. Bu mahnıları axtarıb araya çıxaran xeyirxah musiqiçiyə ümid bəsləyirik.
Ölməz xanəndənin vaxtilə İrəvan toylarının birində bədahətən bəstələdiyi "İrəvanda xal qalmadı" mahnısı, çox şükürlər olsun ki, radio və televiziya dalğalarında onun əsl müəllifinin adı çəkilməklə ifa
olunmağa başlanmışdır. Bəzi çoxbilmişlərin mahnının mətninə iradları da arabir səslənir. Deyirlər ki, "İrəvanda xal qalmadı" yox, "xan qalmadı" oxunmalıdır. Onu da deyirlər ki, guya İrəvanda bir qənirsiz gözələ vurulmuş xanlar öz arzularına çatmadıqlarından məhəbbət aşiqinə çevrilərək həyatlarını həmin gözəlin yolunda qurban veriblər. Bu fikir son dərəcə əsassızdır. Mahnının meydana gəlməsi barədə biz yazmışıq. Görünür ki, dəqiqlik naminə mahnının sözlərini bir daha təkrar etməyə ehtiyac var.

 

İrəvanda xal qalmadı,
O xal nə xaldır üzə düzdürmüsən?
De görüm nə xaldır qoşa düzdürmüsən?
Daha məndə can qalmadı,
O xal nə xaldır üzə düzdürmüsən?
De görüm nə xaldır qoşa düzdürmüsən?
Xal mənim,
Yar mənim.
İxtiyar mənim.
Xalqa nə borcdur üzə düzdürmüşəm?!
Yarım deyibdir, qoşa düzdürmüşəm.

 

Bir daha xatırladaq ki, sözləri də Cabbar Qaryağdıoğlunun olan bu mahnı İrəvanda toy zamanı gəlinin atasının təkidi ilə meydana gəlmişdir.

Səs xəzinəmizin əvəzsiz nümayəndəsi olan Xan Şuşinski də mahnı ifaçılığında və mahnı bəstəçiliyində önəmli yer tutan sənətkar olmuşdur. Dahi Üzeyir bəyin məhz onun səsinə yazdığı "Qaragöz" mahnısı indiyədək konsert salonlarının bəzəyidir. Bu mahnının əvvəlinci və axırıncı kişi ifaçısı Xan Şuşinski özü olmuşdur. Qadına xitabən yazılmış bu mahnı gözəl tembrli, ürəyəyatımlı, çox geniş diapazonlu səs tələb etdiyindən kişi xanəndələr bu mahnını oxumaqdan vaz keçmişlər. Bu ağır ifaçılıq yükünü öz boynuna unudulmaz Sara xanım Qədimova götürmüş və müəllifin yazdığı zil tonallıqda çox gözəl oxumuşdu. "Məni gəl məzəmmət eyləmə, gözəl yar" nəqərat yerində müğənni xanımın təkrarən zilə çəkməsi dinləyicidə məftunluq yaradırdı. Bunu ancaq Sara xanım edə bilirdi. Ona görə ki, mikrofonsuz və kompütersiz səsi buna imkan verirdi. Yeri gəlmişkən onu da deməliyik ki, öz pərdəsində oxunmayan mahnı dinləyicini riqqətə gətirmir. Məsələn, Qədir Rüstəmova qədər çoxları "Sona bülbüllər" xalq mahnısını oxumuşdular, amma öz tonallığında oxumadıqlarından mahnının gözəl çağırışları dinləyiciləri biganə qoymuşdu. Qədir Rüstəmovun mərhum tarzən Əhsən Dadaşovun ansamblının müşayiəti ilə oxuduğu "Sona bülbüllər" mahnısı və arada elədiyi muğam ayağı dinləyici qəlbinə dərhal yol tapdığından furor yaratdı. Ona görə ki, müğənni bu mahnını böyük çılğınlıqla səsləndirirdi, ürək yanğısı ilə vurduğu qırıq-qırıq zəngulələri müğənninin iliklərinə işləyir, ah-naləsi dinləyicinin də ovqatına hakim kəsilirdi. Mahnıdan doymaq olmurdu. Teleekranların qonağı olan qadın müğənnilər bəzən "Qaragöz" mahnısını öz pərdəsində oxumayanda mahnı çox adiləşir və özünün bədii təsir qüvvəsini tamam itirir. Fikirləşirsən ki, səsləri kompüterdə köklənəndən sonra oxumaq cəsarəti çatanların dövranı çoxmu çəkəcək? Nə üçün səs imkanlarının azlığını bilənlər kompüter texnikasının gücü ilə əlçatmaz mahnılara girişməkdən xəcalət çəkmirlər?! Səssiz müğənnilərin böyük sürətlə artımı dünyanın hər yerində müşahidə olunur. Hətta bir vaxtlar Moskvanın kütləvi informasiya vasitələrində "Oxuyana səs lazımdırmı?" məsələsi müzakirə mövzusuna çevrilmişdi. Elə çıxır ki, Azərbaycan estrada mühitində oxumaq eşqində olanlara səs lazım deyildir. Doğrudan da səsgücləndiricilər, kompüter oyunbazlıqları şəraitində səsə ifa imkanları verəndən sonra fonoqramlarla oxuyub toylara qazanc dalınca getməkdən yaxşı nə ola bilər? Səssiz müğənnilər, görünür ki, böyük cəsarət sahibləridir. Ona görə ki, fikirləşmirlər ki, əgər birdən elektrik enerjisi kəsilsə nə edərlər?

Yenə də qayıdaq Xan Şuşinskinin mahnı bəstəçiliyinə.
Xan Şuşinskinin həm də istedadlı bəstəkar olması faktı bəlkə də çoxlarına məlum deyildir. Məlumat xatirinə deyək ki, Xan əmi onlarla mahnı müəllifidir. "Alma almaya bənzər", "Əlində sazın qurbanı", "Şuşanın dağları", "Ay gözəl", "Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", "Ay qəşəng ceyran", "Ölürəm, ay ceyran bala", "Qəmərim" mahnıları dediklərimizə misal göstərilə bilər. Azərbaycan vokal sənətində özünün layiqli qiymətini almamış tibb xadimi Zəhra xanım Rəhimovanın oxuyub qrammofon valına yazdırdığı "Ölürəm, ay ceyran bala" mahnısı öz emosionallığı ilə yaddaşlara yaxşı həkk olunmuşdu. Məlumat üçün deyək ki, Zəhra xanım Rəhimovanın ifa qabiliyyəti Üzeyir bəyin diqqətini çəkdiyindən onun konservatoriyanın vokal sinfində oxumasını məsləhət görmüşdü. Üzeyir bəyin düzgün seçimi sayəsində dünya musiqi salonlarının bəzəyi ola biləcək qaltanlı, geniş diapazonlu və ifa qabiliyyətli metso-soprano xalqın sevimlisinə çevrilmişdi. Üzeyir bəyin yazıb tamamlaya bilmədiyi eyniadlı operadan "Firuzənin ariyası"nı onun kimi möhtəşəmliklə oxuyan olmamışdır. Zəhra xanımın boğaz xırdalıqları ilə gözəllik verdiyi mahnılar və romanslar Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin qızıl fondunda qalmaqdadır.

Xan əminin "Qəmərim" mahnısı onun layiqli davamçısı Arif Babayevin ifasında çox xoşagələn səslənməkdədir.Yaxşı olar ki, görkəmli müğənnilərimizin bəstələri xalq mahnısı adı ilə yox, öz adları ilə təqdim olunsun.

Azərbaycan sirayətedici mahnılar ölkəsidir. Bizim qədimlərdən gələrək daim mükəmməlləşən muğamlarımıza söykənən həmişəyaşar mahnılar yaranmışdır. Dahi Üzeyir bəyin əsasını qoyduğu professional milli musiqi məktəbinin istedadlı nümayəndələri - Asəf Zeynallı, Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Şəfiqə Axundova, Ədilə Hüseynzadə, Ağabacı Rzayeva, Hökumə Nəcəfova, Hacı Xanməmmədov və bir çox başqaları Azərbaycanda mahnı və romans janrının inkişafında böyük məharət göstərmişlər. Onların yazdıqları əsərlər müasir ritmikanın və milli motivlərin uğurlu sintezinə və ən başlıcası, muğam dəryasının böyük gücünə söykəndiyindən dinləyicilərin musiqi aləminə birdəfəlik daxil olmuşdur. Mahnılarımızın zəngin melodikası onları hər dəfə dinləyən musiqisevərlərdə müsbət emosiyalar yaratmaqdadır. Bu səbəbdən də xalq mahnılarımız dünya musiqi meridianlarında bütün möhtəşəmliyi ilə səslənməkdədir. Xalq artisti Səyavuş Kəriminin Norveçin xor kollektivləri ilə birlikdə Azərbaycan ifaçılarının xalq mahnılarımızı səsləndirmələri sayəsində əməyi yüksək qiymətləndirilməlidir. Xor ifaçılığının yüksək zirvədə dayandığı Norveçdə Azərbaycan melodiyaları Allah dərgahından gələn sakitləşdirici xoş musiqi kimi qəlblərə sirayət edir.

Təcrübə göstərir ki, muğamın sirlərinə bələd olmayanların ərsəyə gətirdikləri mahnılar səs yığınından ibarət olur, mahnı təsiri bağışlamır və adamda ancaq etinasızlıq ovqatı yaradır. Hazırda telekanalların, demək olar ki, hamısında həndəsi silsilə ilə artan "bəstəkarların" mahnıları və səssiz "müğənnilərin" ifaları dinləyicini lap bezdirir. Hətta sir-sifətlərində də heç bir yaddaqalan cizgi olmayan belə müğənnilər təşəxxüslə hansısa proyekt üzərində işlədiklərindən, adları musiqi aləmində heç kimə tanış olmayan "bəstəkar" və "şairlə" birgə zəhmətlərindən danışırlar. "Təzə" mahnılar dinləyicilərin, demək olar ki, çoxunu yorur. Xüsusilə özəl telekanallarda bu sayaq "sənətçilərin" firavan həyat sürməsi məqamlarına geniş yer verilir. İstedaddan məhrum belələri nədənsə həmişə avtomobillərinin sükanı arxasında oturaraq intervü verirlər. Bəzən də onların azğınlıq dərəcəsinə çatmış ifadələrini eşidəndə adamda apatiya yaranır. Hətta mahnının sözlərini düz oxumaq iqtidarında olmayan belələri ("sev ki, sevən mərd olar, sevməyən namərd olar" sətrindəki "sev ki" sözünü "sevgi sevən" kimi oxuyurlar) ildə bir neçə rəng çalarında minik avtomobili aldıqlarından danışırlar. Günah onlarda deyil, onları toylara çağırıb böyük miqdarda pul verənlərdədir. Təsəvvür edin ki, toya gəlib yarım saat fonoqram ifası təqdim edənlər bir alimin yarım ildə ala bilmədiyi miqdarda para ilə mükafatlandırılırlar.
Xalqımızın əsl sənətkarları təşəxxüslü olmamışlar. Onlar həmişə xalqın içində püxtələşmişlər. Xalq artistimiz Əlibaba Məmmədov bənzərsiz ifaçı olduğu kimi, bənzərsiz də bəstəkardır. Əsl muğam ustadı olan bu ifaçının 100-dən artıq bəstəsi vardır və bu bəstələr dinləyicilərdə həmişə xoş ovqat yaradır. Ona görə ki, musiqi qabiliyyəti aşıb-daşan müğənnimizin hər bir melodiya cümləsi muğamdan yaranıb, muğam da ki, bir növ, can dərmanıdır. Vaxtilə bu müqtədir sənətkarın da bəstələri xalq mahnısı kimi təqdim olunurdu. Yuxarıda dediyim kimi, ali musiqi təhsili olmayanlara efir yasağı qoyulmuşdu. İndi, şükürlər olsun ki, əsl istedadların əsərləri onların öz adları ilə verilir. İndiyədək Əlibaba Məmmədovun hansı bir kanalda, yaxud məclisdə "öz proyektləri" üzərində lovğa-lovğa danışmasını heç kim eşitməyib. Çünki əsl sənətkarı xalq özü tərifləməlidir.

Çox da qədim olmayan zamanlarda unudulmaz sənətçilərimiz - Xan Şuşinski, Seyid Şuşinski, Əbülfət Əliyev, Şövkət xanım, Sara xanım, Tükəzban İsmayılova, Mütəllim Mütəllimov və başqaları filarmoniya səhnəsində düzənlənən konsertlərdə mikrofonsuz-filansız oxuyurdular. Filarmoniyanın yay estradasında da mikrofon qoyulmurdu. Ona görə ki, onlar əsl ifaçılar idi, gözəl tembrli və geniş diapazonlu gur səsləri vardı. Azərbaycan Dövlət Filarmoniyasında hər axşam müğənnilərimizin konsertləri anşlaqla keçirdi. Muğam xiridarları və ümumiyyətlə musiqi biliciləri konsertdən sonra da indiki Vahid bağında yığışıb aldıqları təəssüratı bir-birləri ilə bölüşürdülər. Artıq neçə illərdir filarmoniya, demək olar ki, fəaliyyətsiz qalıb. Keçmişlərdə SSRİ məkanının ən güclü ifaçıları və simfonik orkestr kollektivləri bu mədəniyyət ocağında konsertlər verirdilər. Bakı ən musiqili şəhər sayılırdı. Bəs indi hansı səbəbdən filarmoniya sükuta qərq olub? (Bəzən kimlərinsə heç bir iz qoymayan konsertlərini nəzərə almırıq).
Hər bir sahədə olduğu kimi, musiqi yaradıcılığında da istedad böyük qüvvədir. Son vaxtlarda keçirilən muğam müsabiqələrində böyük istedadlar meydana gəlib. Onların mahnı yaradıcılığında öz sözlərini deyəcəkləri vaxt reallığa çevrilmişdir. Bu çox sevindiricidir. Çünki möhkəm muğam dayaqları üstündə ucaldılmış möhtəşəm mahnı qəsrimiz ölməzlik rəmzidir.

 

Azərbaycan.- 2008.- 17 avqust.- S. 3.