Kanadada Azərbaycan muğamına həsr olunmuş tədbir keçirilmişdir

 

Kanadanın Niaqara-on-de-Leyke şəhərində keçirilən Niaqara Beynəlxalq kamera musiqisi festivalı çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan muğamına həsr edilmiş təqdimat və konsert olmuşdur.

Ölkəmizin Kanadadakı müvəqqəti işlər vəkili F.Şəfiyev Azərbaycan xalqının zəngin mədəni irsinin nümunələrindən olan muğamın dünyaya tanıdılması sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü mühüm işlərdən danışmışdır.

Sonra tamaşaçılara Azərbaycan tarixi və incəsənəti haqqında qısametrajlı film göstərilmişdir.

Amerikalı muğam ifaçısı Cefri Verbok tədbirdə çıxışında demişdir ki, muğam onun üçün yalnız musiqi yox, eyni zamanda, mənəvi yoldur.

Festivalda Kanada musiqiçiləri ilə yanaşı, “Muğam müsabiqəsi”nin qalibləri Bakıdan gəlmiş gənc sənətçilər – Bəyimxanım Mirzəyeva, Sahib Paşazadə və Toğrul Əsədullayev Niaqara Festivalının direktoru Atis Bankasın və tanınmış azərbaycanlı bəstəkar və diricor İsmayıl Hacıyevin rəhbərlik etdiyi Kanadanın İpək Yolu orkestrinin müşayiəti ilə çıxış etmişlər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunmuş “Dünyanın qızıl gülü” simfonik əsəri ifa edilmişdir.

Niaqara Festivalının nümayəndəsi Virciniya Meynprayz demişdir ki, “biz muğamın təbliğindəki xidmətlərinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı ”Dünyanın qızıl gülü" diplomu ilə təltif etmişik".

Tədbirin ikinci günü isə, Azərbaycan muğam üçlüyünün və kanadalı musiqiçilərin iştirakı ilə “İpək yolunda dayanacaq” adlı böyük konsert proqramı təşkil olunmuşdur. Konsertdə Üzeyir Hacıbəyovun, Tofiq Quliyevin mahnıları, “Qarabağ şikəstəsi” və digər musiqi əsərləri səslənmişdir.

Xatırladaq ki, bəstəkar İsmayıl Hacıyevin və festivalın rəhbəri Atis Bankasın səyi nəticəsində bu ölkədə artıq üçüncü ildir ki, Niaqara Festivalı çərçivəsində Azərbaycan musiqisi günləri keçirilir.

 

Xalq qəzeti.- 2008.- 17 avqust.- S. 6.