Kanadada Azərbaycan muğamı bayramı
Toronto Kral
Konservatoriyasının professoru Atis Bankasın
başçılıq etdiyi Beynəlxalq Niaqara musiqi
festivalının rəhbərliyi hər il Niaqarada Azərbaycan
muğamı günləri keçirməyi qərara
almışdır. Dünyada, o cümlədən Şimali
Amerikada Azərbaycan incəsənətinə marağın
artmasından irəli gələn bu qərarın həyata
keçirilməsinə Heydər Əliyev Fondu yaxından
kömək göstərir.
Avqustun
13-də Kanadada “Şərq Qərbdə, Qərb
Şərqdə, musiqi isə dünyada sülhün
carçısıdır” yaradıcılıq layihəsi
çərçivəsində “İpək yolunun
sərvəti” devizi altında Azərbaycan muğamı
günləri keçiriləcəkdir.
Bu tədbir
Şərq ilə Qərb arasında mədəni dialoqun
yaradılmasında böyük xidmətləri olan
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin Niaqara İncəsənət Mərkəzində
ucaldılmış büstü önünə güllər
qoyulması ilə başlanacaqdır. Musiqi bayramının
birinci günü kanadalılar Sahib Paşazadə, Toğrul
Əsədullayev və Bəyimxanım Mirzəyevadan
ibarət muğam üçlüyünün və baş
dirijor İsmayıl Hacıyevin idarəsi ilə “İpək
yolu” kamera orkestrinin birgə çıxışını
dinləyəcəklər. Konsertdə Azərbaycan
muğamlarından parçalar və xalq mahnıları
səslənəcəkdir.
Azərbaycan muğamı günlərində doğma
diyarımızdan çox-çox uzaqlarda Azərbaycan musiqisi
səslənəcək, o cümlədən
fəlsəfə elmləri doktoru Şərif Cəlalinin
görkəmli Azərbaycan şərqşünası Aida
xanım İmanquliyevanın həyatı və elmi
fəaliyyətindən bəhs edən kitabının
motivləri əsasında bəstəkar İsmayıl
Hacıyevin yazdığı və Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevaya həsr olunmuş
“Sülh qızılgülü” musiqili-simfonik
dilogiyasının premyerası olacaqdır. Ölkəmizin
birinci xanımının səmərəli fəaliyyəti
sayəsində xalqımızın zəngin mədəni irsi
dünyada daha yaxından tanınır, məhz onun
sayəsində Azərbaycan mədəniyyətinin ən
yaxşı maddi və mənəvi nümunələrinin
qorunub saxlanması və yayılması istiqamətində
mühüm layihələr həyata keçirilir.
Azərbaycan xalqının bənzərsiz musiqi
sənətinə həsr olunmuş muğam
günlərində dünyanın görkəmli
musiqiçilərinin, məsələn, Moskva
Konservatoriyasının professoru Nina Koqanın iştirakı
ilə konsertlər olacaqdır. Belə konsertlərdən biri
isə “Azərbaycanın qədim ənənələri”
adlanacaqdır.
Kanadada
Azərbaycan muğamı bayramının sonunda Niaqara
şəlaləsinin yaxınlığındakı
səhnədə təşkil ediləcək böyük
muğam konserti şübhəsiz ki, Şərq ilə
Qərbin mənəvi yaxınlığının daha bir
sübutuna çevriləcəkdir.
Xalq qəzeti.- 2008.- 12 avqust.- S. 6.