Qaliboğlu E.
Şərq musiqisinin
peyğəmbəri
"Cabbar Qaryağdıoğlunun
yaradıcılığı mənəvi sərvətimizin
mirvarisidir"
Zəngin
Azərbaycan musiqisinin daim yaşarı olmasında
şübhəsiz, muğamat xüsusi rol oynayır. Muğamat ümumşərq
mənəvi sərvəti
olsa da, onun yaradılmasında Azərbacan Türklərinin
müstəsna xidmətləri
danılmazdır. İnsan
ruhunun muğamatda şöbələr vasitəsilə
- pillə-pillə kamiliyə yüksəlməsi
və həqiqətə
yetməsini rəmzi şəkildə ifadə
edən bu əsrarəngiz musiqini çağdaş dövrdə daha təkmil, türk ruhunu bəşəri səviyyədə yaşadan,
təsdiq edən də məhz Azərbaycandır. Təsadüfi deyil ki, dünya
musiqi mədəniyyətində
ayrıca "Azərbaycan
muğamları" anlayışı,
Azərbaycan muğamlarının
əvəzsizliyi barədə
qərblilərin ciddi
etirafları, həmçinin
muğamı özündə
yaşadan digər millətlərdən olan şərqlilərin çılğın
məmnunluqları var.
Muğamatı
oxumaqla muğamı yaratmaq arasındakı fərqi arif oxucu
gözəl anlayır. Bununla belə,
muğamatı özünəməxsus
oxumaq da yerə-göyə sığmayan fitrət işi istəyir. İndi çoxları deyir ki, heç
olmasa, muğamlarımızı
olduğu kimi qoruyub saxlayaq. Bu gün muğamata
əlavələrin, improvizasiyaların
dəbləşdiyi bir
zamanda muğamın biçimcə toxunulmaz olmasını anlamaq son dərəcə gərəkli və xəlqi işdir... Azərbaycan muğam sənətinin bizə bəlli olan ünlü səslərindən
biri tərəddüdsüz
olaraq Cabbar Qaryağdıoğludur. Cabbar
Qaryağdıoğluda orijinal
xanəndəlik vardı.
Onun qocalıqda belə ara vermədən,
böyük bir ağrıyla oxuması insanın texniki səs imkanları yox, ruhani, zaman
səddini aşan imkanları haqqında təsəvvür yaradır.
Dərinə varanda indi gözəl, bəzəkli səs çoxunda var, amma bu səslərin
ilahi olduğunu düşünmək belə
olmur. Burada səsdəki ağrı ümumən insaniliyin ifadəsi demək olur. Buradaca məşhur heykəltəraş,
Cabbar Qaryağdıoğlunun
qardaşı oğlu
Cəlal Qaryağdının
vaxtilə danışdığı
bir məqamı xatırlayıram: o, söhbətlərində nəsillərinin
"Qaryağdı" adlanmasını
belə xatırlayardı.
Cabbar Qaryağdıoğlunun
atası İsmayıl
uşaqkən tez-tez soyuq havada bayıra
qaçdığı üçün
evdəkilər narahat
olub "Ay İsmayıl, keç içəri, qar yağdı" - deyərmişlər.
O "qar yağdı",
bu "qar yağdı"; sonradan bu ayama uşağın
adı olub: hamı başlayıb İsmayılı "Qaryağdı"
çağırmağa.
"Qaryağdı" soyunun
adını əvvəlcə
Cabbar Qaryağdıoğlu,
sonra isə Cəlal Qaryağdı məşhurlaşdırıb. Həmişə Cəlal Qaryağdı inamla deyərdi ki, bizdən sonrakılar da Qaryağdı olacaq.
Bu
qənaətləri tanınmış
araşdırmaçı, mərhum Firidun Şuşinskinin
yenicə işıq üzü görmüş
"Şərq musiqisinin peyğəmbəri" kitabı
üstə düşünərkən yazıram. Kitabı tərtib edən,
nəşrə hazırayan,
ön sözün müəllifi Aslan Kənan, məsləhətçi
tarix elmləri doktoru Ataxan Paşayev, redaktoru isə Maarif Teymurdur.
Aslan Kənan
ilk öncə kitabın müəlifi Firidun Şuşinski
haqqında ətraflı bilgi verir. 1949-cu ildə o vaxtkı Azərbaycan
Dövlət Universitetinin
tələbəsi olan
Firidun Şuşinski arxivdə Stalinin Nərimanova məktubuna rast gəlir, heyrətlənərək bu
barədə, ümumiyyətlə
isə Nərimanova o dövrdə münasibət barədə soruşur; professorlar ona cavab verməyərək susurlar. Belədə Şuşinski Mircəfər
Bağırova məktub
yazır, Bağırov
onu çağırır,
xeyli söhbət edir. Onu bu
hərəkətinə görə
universitetdən qovurlar,
lakin Bağırov biləndən sonra yenidən bərpa olunur...
A.Kənan onun
Şuşa ilə bağlı araşdırma işi
haqqında yazır: "Şəxsi pulu hesabına
ayrı-ayrı şəxslərdən musiqi tariximizdən
bəhs edən sənədlər alan, gecə-gündüz
gərginliklə işləyən, hər cür
çətinliklərə sinə gərən Firidun bəy
bu əsərə görə onu gələcəkdə
nə gözləyəcəyini düşünmürdü. Nəhayət, 1968-ci ildə "Şuşa" əsərini
geniş, əhatəli
işləyib oxucuların
müzakirəsinə verir...
F.Şuşinski və
onun kitabının məsələsi MK-nın
bürosuna çıxarılır,
əsər və onun müəllifi sərt tənqidə məruz qalır... Bu kitabın çapını gözləyən
tədqiqatçıya əsərin
yeni nəşrin görmək qismət olmur. Yalnız musiqişünasın ölümündən
sonra əsər oğlu Məhəmmədin
təşəbbüsü ilə nəşr olunur. F.Şuşinski yazırdı: ""Şuşa"
kitabının üstündə
başım nələr
çəkmədi. O zaman
mən ermənilərin
əlindən 3 ay Şuşaya gedə bilmədim. Küçədə,
hər yerdə məni daşa basırdılar. Dəfələrlə
evimin küçə
qapısını və
pəncərələrini sındırdılar,
telefon xəttimi kəsdilər. Bir neçə dəfə sui-qəsd də
etdilər. Məni aradan götürmək üçün başıma
6 milyon manat pul qoymuşdular".
"Ön
söz" yazarı inanır ki, F.Şuşinskinin irsi
geniş araşdırmaya cəlb olunacaq. Kitabın girişində vaxtilə mərhum bəstəkar, xalq artisti, profesor
Süleyman Ələsgərovun
Cabbar Qaryağdıoğluya
həsr olunmuş əsərə yazdığı
rəy də dərc edilib: "Qaryağdıoğlu 70 il
Şərq musiqisindən
hekayətlər söyləyib,
onlarca mahnı və təsniflər bəstələyib. Böyük xanəndə
həmçinin muğamların
ifaçılıq üsullarında
çox dəyişikliklər
edib, islahatlar keçirib. 70 il o, yorulmaq bilmədən
Azərbaycan musiqisini dünyanın çox ölkələrində təbliğ
edib, milli musiqimizi yad təsirlərdən qoruyub.
Cəsarətlə demək
olar ki, Azərbaycan vokal sənəti tarixində bu məharətdə, bu qeyrətdə oxuyan ikinci bir
xanəndəni təsəvvür
etmək qeyri-mümkündür.
Dünya vokal məktəbi tarixində heç bir müğənni 70 il oxumayıb. O, 84 yaşına
kimi tarın Do kökündə oxuyub, bir dəfə
də olsun, Si kökündə ifa etməyib. Bu, ifaçılıq aləmində ağlagəlməz
cəsarət, məharət
və möcüzə
idi".
Kitabda məşhur xanəndə Cabbar Qaryağdıoğlunun yaradıcı
obrazı bütünlüklə
açılır. Onun
xanəndəlik məharəti
haqqında danışan
Firidun Şuşinski yazır: "Azərbaycan
musiqisi tarixində yeni bir mərhələnin
açılması Cabbar
Qaryağdıoğlunun adı
ilə bağlıdır.
Biz Cabbar Qaryağdıoğlunu böyük
xanəndə, məşhur
musiqi xadimi və vokal sənətinin
ən görkəmli nümayəndələrindən biri kimi tanıyırıq.
O, oxuduğu muğam və mahnıları xalqdan alaraq həmin mahnıları özünün incə səsi və ifaçılıq məharəti
ilə bəzəyərək
yenidən xalqa verib. Cabbar Qaryağdıoğlunun
yaradıcılığı mənəvi sərvətimizin
mirvarisidir".
Xalq cəbhəsi.- 2008.- 27 avqust.- S. 14.