Qasımov O.

 

Almanlar Azərbaycan musiqisinə və sənətçilərinə heyran olmuşlar

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri XII Münhen opera sənəti festivalında çıxışlarını başa vuraraq avqustun 5-də Bakıya qayıtmışdır. İyulun 28-dən avqustun 4-dək baş tutan qastrol səfərində 55 nəfərlik heyət iştirak etmişdir. Yaradıcı qrupa teatrın direktoru, əməkdar incəsənət xadimi Akif Məlikov rəhbərlik etmişdir. Qastrol səfəri Mədəniyyət və Turizm Nazirliyinin yaxından dəstəyi ilə baş tutmuşdur. Nazirlik və şəxsən nazir Əbülfəs Qarayev kollektivin bu tədbirdə iştirakı və musiqiçilərimizin festivalda Azərbaycan mədəniyyətini layiqincə təmsil etməsi üçün əllərindən gələn hər şeyi etmişlər.

Münhen festivalı Avropanın ən mötəbər sənət festivallarından biri olub, dünyanın bir çox yaxın-uzaq ölkələrindən olan musiqiçiləri, vokalçı, dirijor və rejissorları bir araya gətirir. Bu il festivalda təkcə Avropa deyil, həm də ABŞ, Koreya və Latın Amerikasının müxtəlif ölkələrini təmsil edən mahir vokal ifaçıları iştirak edirdilər.
Bu il on ikinci dəfə keçiilən Münhen opera sənəti festivalının təşkilatçısı və rəhbəri Almaniyanın ən tanınmış və zəngin iş adamlarından biri – İmmlinq malikanəsinin sahibi Lüdviq Bauman, musiqi rəhbəri və baş dirijoru isə Korneliya Fon Kerssenbrokdur. Festivala Almaniyanın ən məşhur bank və şirkətləri sponsorluq edirdi. “MEGGLE” və dünya şöhrətli “Folsvagen” avtomobil şirkətləri bu festivalın əsas sponsorları idi.

Azərbaycanın akademik sənətini təmsil edən musiqi kollektivləri bu il dördüncü dəfə idi ki, festivalda iştirak edirdilər.

Qeyd etmək vacibdir ki, musiqiçilərimizin festivala dəvət və iştirakı Opera və Balet Teatrının direktoru Akif Məlikovun festivalın rəhbərləri cənab Bauman və xanım Kressenbrokla şəxsi dostluq və əməkdaşlıq əlaqələri sayəsində baş tutmuşdur.

Festival çox yüksək səviyyədə təşkil olunmuşdu. Hər cür şəraiti olan otel, müasir avtobuslar musiqiçilərimizin çalışması, istirahəti və rahatlığına xidmət edirdi. Festivalda iştirak etməklə yanaşı, səkkiz gün ərzində yaradıcı heyətin üzvləri boş vaxtlarında dünyanın ən gözəl şəhərlərindən olan Münhen və Zalsburqun tarixi yerlərinə səyahət etdilər.
Qastrol səfəri çərçivəsində simfonik orekstrimiz iyulun 30-da və avqustun 1-də C.Verdinin “Riqoletto” operasının iki tamaşasında iştirak etdi. Tamaşada əsas rollarda rumıniyalı Aleksandru Badea (Hersoq), koreyalı Col Çoy (Riqoletto) və sloveniyalı Petya İvanova (Cilda) çıxış edirdilər.

Hər iki tamaşa çox yüksək səviyyədə keçdi və xanım Korneliya Fon Kressenbrokun idarə etdiyi orkestrimiz bu tamaşalarda parlaq ifa nümayiş etdirdi. Elə tamaşanın əsas ifaçıları da musiqiçilərimizin müşayətini çox bəyəndilər. “Sizdən öncə biz Münhen Opera Teatrı orkestrinin müşayəti ilə çıxış edirdik. Həmin orkestrin tərkibinin daha geniş olmasına baxmayaraq, etiraf etməliyik ki, sizin orkestrin ifasını daha çox bəyəndik. Orkestrin səslənməsi, musiqiçilərinizin peşəkarlığı bizi heyran etdi”.

Almaniyanın əsas televiziya kanallarından biri “Riqoletto” operasının tamaşasını bütünlükdə nümayiş etdirdi. Tamaşadan öncə isə Azərbaycan Simfonik Orekstri haqqında geniş məlumat verildi.
Avqustun 3-də isə Azərbaycan Simfonik orkestri festivalın “Qrand Final” konsertində çıxış etdi. Anşlaqla keçən konsertdə biletlər bir ay öncədən bütünlüklə satılmışdı. Konsertdə Almaniyanın bir çox bölgələrindən,eləcədə Avstriyanın Zalsburq şəhərindən çoxlu sayda tamaşaçılar – musiqini başa düşən və yüksək qiymətləndirən kübar insanlar qatılmışdılar. Final konserti çoxsaylı KİV nümayəndləri və televiziya kanalları tərəfindən işıqlandırıldı. “Qrand final” konsertində dünyanın ən məşhur bəstəkarları – C.Verdinin “Aida”, “Don Karlos”, “Trubadur”, C.Puççinin “Toska”, “Boqema”, C.Rossinin “Sevilya bərbəri”, Maskainin “Kənd namusu” kimi populyar operalarından ariya və duetlər bir çox ölkələri təmsil edən vokalçıların – Aleksandru Badea (Rumıniya), Jaçek Janiçevski (Polşa), Petya İvanova (Sloveniya), Mişelina Kobaliani (Gürcüstan), Rafael Kovero (Peru), Berta Qranados (Meksika) və b. ifasında səsləndi.

Bu möhtəşəm konsertdə Azərbaycan musiqisinə də geniş yer verilmişdi. Festivalın iştirakçısı olan Azərbaycan Opera və Balet Teatrının soisti, əməkdar artist Əvəz Abdullayev final konsertində “Sevilya bərbəri”, “Traviata”, “Aida” kimi klassik operalardan ariya və dueti həm də Q.Qarayev və C.Hacıyevin “Vətən” operasından Mərdanın arisyasını yüksək peşəkarlıqla ifa etdi. Tamaşaçılar Opera və Balet Teatrının baş dirijoru, xalq artisti Cavanşir Cəfərovun idarə etdiyi orkestrin ifasında Qara Qarayevin, Polad Bülbüloğlunun musiqilərini böyük heyranlıqla dinlədilər. Çox önəmli idi ki, konsert məhz Azərbaycan musiqisi – Q.Qarayevin “Yeddi gözəl” baletindən valsla başa çatdı.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən aldığımız məlumata görə, cənab Bauman və xanım Kressenbrok konsertdən sonra Opera və Balet Teatrının direktoru Akif Məlikova musiqiçilərimizin parlaq çıxışlarına görə təşəkkürlərini bildirdilər və Simfonik Orekstrimizi 2009-cu ildə yenidən festivalda iştirak etmək üçün dəvət etdilər.

Heç şübhəsiz ki, Azərbaycanın akademik sənətini təmsil edən Simfonik Orkestrimiz və vokalçılarımızın Avropanın mərkəzində – mədəni cəhətdən çox inkişaf etmiş Almaniya kimi bir ölkədə, həm də klassik musiqini dərindən duyan və yüksək qiymətləndirən çoxsaylı alman tamaşaçıları qarşısında parlaq şəkildə çıxış etməsi bütünlükdə milli mədəniyyətimizin nailiyyəti və onun Avropa miqyasında özünü təsdiqi kimi dəyərləndirilə bilər.

 

Xalq qəzeti.- 2008.-10 avqust.- S. 6.