Məhərrəmova T.

 

Azərbaycan musiqisinin atası

Qurban Pirimov hamı üçün nümunə idi

 

Onun sehirli tarında 70 il Gülablı bülbüllərinin səsi əks-səda vermişdi. Onun özü kimi qoca tarı da eyni eşq, eyni həvəslə səslənmiş, məclislərimizi bəzəyərək bizə füsunkar Şərq musiqisindən qəribə hekayətlər söyləmişdi. 70 il bir sinədə yurdumuza car olmuşdu onun tarının sədası. Cabbar Qaryağdının, Bülbülün, Xanın, İslamın xoş səsi vardı bu tarda. Böyük heyranlıq və məhəbbətlə andığımız ustad sənətkar həyatda olmasa da, ecazkar musiqisi qəlblərdə yurd salıb.

Uşaqlıqdan çal-çağırlı Şuşa toylarının əks-sədası ilə böyümüşdü. Hələ məktəbdə oxuyarkən Şuşada Hacı Hüsü, Məşədi İsi, Şahnaz Abbas kimi məşhur xanəndələr, Sadıqcan, Zeynal kimi tarzənlər məclislərdə və şəhərin səfalı yerlərində çıxış edirdilər. Şuşa bazarına zoğal, armud satmağa gedən balaca Qurban bu məşhur sənətkarları dinləməyə can atardı. Şuşanın musiqi həyatını görən və ona heyran olan balaca Qurban bir daha kəndə qayıtmaq istəmirdi. O, 13 yaşında ikən kəndi tərk edib, aşıq Abbasquluya qoşulub Şuşaya gedir, iki səbət də Gülablı armudu aparıb satır və özünə tar alır. Aşıq Abbasqulu Qurbanı tarzən Sadıqcanın yanına aparır. Onun iri əlləri, uzun barmaqları, güclü biləyi məşhur tarzənə yaxşı təsir bağışlayır. Sadıqcan xoşu gəldiyi oğlana az bir müddətdə muğamın zəngin yollarını öyrədir. 15 yaşlı gənc çox keçmir ki, bütün Qarabağda tanınmağa başlayır. O, Qarabağın kənd toylarında xanəndə Əkbər Xamuş oğlunu müşayiət edir. Sonralar məşhur xanəndə İslam Abdullayevlə tanış olaraq onun dəstəsinə qoşulur.

İllər keçir... Bir payız günü böyük xanəndə Cabbar Qaryağdıoğlu Gəncəyə toy məclisinə dəvət edilir. Gənc tarzən İslam Abdullayevlə birlikdə böyük xanəndənin görüşünə gəlir. Cabbar Qurbana bir qədər tar çaldırır. Çox xoşuna gəldiyindən İslamın razılığı ilə onu özü ilə Bakıya aparır.

Həmin vaxtdan musiqi sənətimizdə ilk üçlük - Cabbar Qaryağdıoğlu, Qurban Pirimov və Saşa Oqanezaşvilidən ibarət musiqi üçlüyü yaranır. Bu üçlük nəinki öz ölkəmizdə və Qafqazda, hətta bütün Orta Asiyada tanınmağa başlayır.

Bu məşhur sənətkarların dostluğu 20 ildən artıq davam edir.

Qurban Pirimov müşaiyət etdiyi məşhur xanəndələr arasında ən çox Xanı xoşlayır. Bir gün ondan soruşurlar:

- Qurban əmi, xanəndələr arasında Cabbardan sonra ən çox kimi müşayiət etmək arzusunda olmusan?

O, fikirləşmədən cavab verir:

- Ən əvvəl Zülfünü xoşlamışam.

Bir az fikrə gedib yenidən dillənir:

- Niyə, Mütəllim də pis deyil.

- Bəs Xan?

- Əşi, məni işə salmaq istəyirsiniz? Əvvəla, Xanın səsindən olmaz. Mən belə gözəl, şirin, nə təhər deyim, ipək kimi yumşaq səsi təkcə Hacı Hüsüdə eşitmişəm. Çox zərif, həm də güclü səsdir. Özü də rezin kimi, çəkdikcə uzanır. Nə olsun, həmişə məni yorur, oxumaq istəmir. Cabbara 4 saat "Mahur" çalmışam, yorulmamışam. Amma Xana cəmi otuz dəqiqə "Zabul" çalanda yoruluram.

- Niyə? - deyə soruşurlar.

Qurban əmi daha da ciddiləşib deyir:

- Xan bir balaca tənbəldir, özünə qıymır. Bir də onun evini qardaşı Allahyar yıxıb. Əşi, görmürsən o gün radioda danışıb deyir ki, "bu yaxınlarda gedəyəm Qarabağa, "Mahur" oxuyayam, "Şüştər" oxuyayam, "Mənsuriyyə" oxuyayam. Heç gör bu da sözdü. Əşi, bu hələ indən belə "Mənsuriyyə" oxuyacaq? Onda Cabbarın anası ölsün. 83 yaşında belə tarın "do" kökündə "Heyratı" oxuyardı".

Doğrudan da, onların ifa etdikləri "Heyratı" ayrı bir aləm imiş. Cabbarın vurduğu sürəkli zəngulələr dinləyəni heyran edirdi. Lakin bu xoş avazın dinləyicidə oyatdığı böyük təsiri qat-qat artıran və bu mahir ustadın oxusunu zənginləşdirən qüdrətli bir amil var idi. O da Qurban Pirimovun sədəfli tarından səslənən, onun mizrabından qopan səslər idi.

Həm də Cabbar kimi cəngavər bir xanəndəni müşayiət etmək hər tarzənin işi deyildi. Çünki Cabbar bir muğamı ən azı 3-4 saat oxuyardı. Hər tarzən də buna tab gətirməzdi. O, mərd və ləyaqətli insan duyğularını tərənnüm edirdi. Bu, həmin illər idi ki, ulu tarımızın başı bəlalar çəkir, ona qarşı hücumlar ara vermirdi.

Həmin iztirablı günləri qələmə almış M.Müşfiqin sevimli Dilbərinin gündəliyindən:

"Bir gün ustad tarzən Qurban Pirimov bizə halı çox pərişan gəldi. O öz kədərini büruzə vermək istəmirdisə də, biz bunu hiss edirdik. Müşfiq dedi:

- Qurban müəllim, halınız birtəhərdir, yoxsa qəlbinizə dəyən olub?

O, incik səslə cavab verdi:

- Yəqin, sən də eşitmiş olarsan, tarı bir musiqi aləti kimi qadağan etmək istəyirlər.

Müşfiq dostunun gileyinə acıdı və dərin fikrə getdi, haçandan-haçana üzünü ona tutub:

- Eşitmişəm, - dedi. - Sizə deyib qəlbinizi sıxmaq istəmirdim. Mən bu söhbəti eşidəndə ilk növbədə gözümdə siz canlandınız. Bəlkə bu hələ bir şayiədir. Kim bilir?! Axı xalqın sevdiyi bir musiqi alətini əlindən almaq onun sevincini əlindən alıb əvəzinə qəm badəsi içirtməyə bərabərdir. Müşfiq daxili həyacanını büruzə verməməyə çalışırdı. O, könlümüzü açmaq üçün qoca ustaddan tarı götürüb çalmasını xahiş etdi. Qurban müəllim tarı sinəsinə sıxdı. Tar dilə gəldi, inlədi. Mənə elə gəldi ki, tar nalə çəkir, ağlayır, hönkürür. Qurban Pirimov "Yetim segah"ı çalırdı. Sanki tar kimsəsizliyə atılacağını hiss edib fəryad çəkirdi.

Müşfiqin axıcı misraları oynaq tar səsinə qarışır. Bu əsrarəngiz melodiya duyğular şairini tanıyanların da, tanımayanların da qəlbinə dilmancsız yol tapır. Pərişan-pərişan oxuyan bu sehrli alət bizə keçmişindən danışır. "Papaqlı ataların", "çadralı anaların" köksündən qopan nalələr eşidilir, dərələr, təpələr çalxalanır, ləpələr danışır. Baharın, Seyidin qəzəli səslənir, gözəllik sirrinə vaqif olan şairlər bu səsdə təsəlli arayır.

Tarın qopardığı nalələr altında Müşfiq özünü çəkdiyi papirosun dumanlarına bürümüşdü. Sanki o da od tutub yanırdı. Mən birdən onu gördüm ki, Müşfiqin yanıqlı səsi Qurban tarının naləsinə qarışdı:

 

Oxu, tar, oxu, tar!

Səsindən ən lətif şeirlər dinləyim.

Oxu, tar, bir kadar

Nəğməni su kimi alışan ruhuma çiləyim".

 

Qurban Pirimov opera sənətimizin banisi Üzeyir bəyin ən yaxın dostlarından biri kimi opera sənətinin meydana gəlməsində böyük rol oynyıb. O, ilk Azərbaycan operası

"Leyli və Məcnun"da solist-tarzən kimi çıxış edib. Və həmin möhtəşəm hadisədən sonra Qurban Pirimovun ifaçılıq sənəti Azərbaycan opera sənəti ilə yaxından bağlı olub.

Zaqafqaziyada bir tarzən kimi şöhrət qazanmış Qurban Pirimov Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə "Sport-Rekord" firması tərəfindən Moskva, Kiyev və Varşava şəhərlərinə dəvət edilib. O, Varşavada olarkən Keçəçi oğlu Məhəmmədin, Davud Səfiyarovun, Kiyevdə isə Şəkili Ələsgərin, İslam Abdullayevin, Zabul Qasımın və Əkbər Xamuş oğlunun qrammofon valları üçün oxuduqları muğam, mahnı və təsnifləri tarda müşayiət etmişdi.

1938-ci ildə Moskvada keçirilən incəsənət dekadasında, habelə digər belə mötəbər sınaq mərasimlərində həmişə qalib çıxmış, ən yüksək mükafata layiq görülmüşdü. "Pravda" qəzetində çap edilən məqalələrin birində Qurban Pirimov

"Azərbaycan musiqisinin atası" adlandırılmış və onun böyük sənəti yüksək qiymətləndirilmişdi.

Qurban Pirimov sənətinə yüksək qiymət verməyi bacaran, onun qədrini bilən adam idi. Bəs bu böyük sənətkarın yaradıcılıqdan uzaq həyatı hansı notlar üzərində köklənmişdi?

Onu tanıyan insanların hamısı Qurban Pirimovun səmimi, gözəl insan olduğunu söyləyir, həm də çox zarafatcıl olmasını xatırlayırlar. Həmişə zarafatla tarzənlərə deyərmiş ki, birdən yolla gedəndə sizə daş atarlar, tez əllərinizi gizlədin. Bircə əllərinizi qoruyun. Qurban Pirimov haqlı idi. Məhz həmin əllər idi bizləri heyrətə salan, möcüzələr yaradan. Həmin əllərin sehrindən süzülən musiqi hər kəsin qəlbini fəth edə bilirdi. Ustadlarımız bu gün böyük sənətkarın yolunu davam etdirərək, öz sələflərini unutmağa qoymurlar. Ancaq Qurban Pirimovun öz sözləri ilə desək, "öyrənmək ustad olmaqda ümdə şərtdir. Amma gərək hər bir ustadın öz barmaqları olsun".

Görkəmli tarzən son dərəcə təmiz və səliqə ilə geyinər, tarına xüsusi qulluq edərdi. Çalmazdan qabaq əllərini mütləq sabunla yuyardı. Hətta uzaq yol gedəndə belə tarı heç kimə verməzdi. Qurban Pirimovun tarı, ondakı pərdələrin quruluşu başqa tarzənlərin tarına bənzəmirdi. Maraqlı burasıdır ki, başqaları onun tarını çala bilmirdilər. İstər musiqili məclislərdə, istərsə də səhnədə xanəndələrin hamısı Qurbanla oxumağa can atırdı. Qoca tarzən xanəndəni nəinki öz rəvan çalğısı ilə ruhlandırar, eyni zamanda dəstgahda xanəndəyə hər cür köməklik göstərərdi. O, özünü heç zaman öyməz, çoxbilən hesab etməz və sənətdə "mənəm-mənəm" deməzdi. O, olduqca təvazökar, mehriban, qayğıkeş bir insan kimi hamının hörmətini qazanmışdı. Qurban Pirimov gənc tarzənlərə həssaslıqla yanaşan, onların gələcəyi ilə maraqlanan gözəl müəllim idi. Övladlarının səmimi atası, gözəl ailə başçısı və xeyirxah insan - onun haqqında danışanların yekdil fikri belədir.

Onu çox zaman musiqimizin cəngavəri də adlandırırlar. Bu qəhrəman ordunun ondan sonra mübariz davamçıları var. O, ömrünün son günlərinədək sədəfli tarından ayrılmamışdı. 85 yaşında belə səhnəyə çıxanda dinləyicini qanadlandırardı. Bu yaşda iti barmaqlar işlətmək, gözəl mizrablar vurmaq musiqi tariximizdə böyük cəsarət idi.

Bu gün Qurban əminin ifasında radionun Qızıl Fondunda lent yazılarında əbədiləşən "Dəşti", "Bayatı-Qacar", "Çahargah", "Heyratı" və neçə-neçə əsrarəngiz muğamlar səslənəndə dinləyicini ofsunlayır, onu ən ülvi hisslər dünyasına səsləyir. Elə bir dünyaya ki, o dünyada hər şey Qurban əminin özü, əməlləri və çalğısı qədər saf və müqəddəsdir.

 

Kaspi.- 2008.- 28 avqust.- S. 11.