Məhərrəmova T.
"Bizim sənət
çətin olduğu üçün asanından
yapışırlar"
Zeynəb
Behbudova, müğənni: "Şövkət xanım
məni
sənətdən
uzaq düşməmək üçün toylara
getməyə qoymadı"
Onun ifasına
ən çox Muğam Teatrının keçirdiyi xatirə
gecələrində, konsertlərdə rast gəlmək olur.
Hər dəfə də qəlblərə nüfuz edən
həzin səsi ilə insanları məftun edir. Muğam
Teatrının solisti Zeynəb Behbudovanı, həmçinin
bu teatrın bünövrəsini qoyanlardan biri saymaq olar.
Çünki teatr yaranan gündən Zeynəb xanımın
səsi onun səhnəsindən eşidilir.
- Sizin
ifanızı ən çox Muğam Teatrında
keçirilən xatirə gecələrində görmək
olurdu. Amma son zamanlar efirdə göstərilən
konsertlərdə görünmürsünüz.
- Hazırda
məzuniyyətdəyik. Amma əvvəlki qaydada Muğam
Teatrında fəaliyyətimi davam etdirirəm. Bu teatr mənim doğma yerimdir. 1988-ci ildən Muğam Teatrında işləyirəm. Elə bil bura ata ocağımdır. Buradan müəyyən xatirə gecələrinə, dövlət konsertlərinə dəvət alıram. Sentyabr ayında teatrımızın 20 illik yubileyini qeyd edəcəyik.
- Siz düz 20 ildir ki, bu teatrda
çalışırsınız. Teatrın təkmilləşmə prosesi gözlərinizin qarşısında keçib. Çətin deyil?
-
Əlbəttə, çətin idi. Bir var hazır bir yerə
gedəsən, bir də var onun mətbəxinin yaranmasında
sən də kömək edəsən. Mən daha çox
çalışırdım. Şərq aləmində
cəmi iki Muğam Teatrının olduğunu
eşitmişdik. Belə bir teatr İraqda var idi,
Azərbaycanda isə yeni yaradılırdı. Bu,
bizimçün böyük məsuliyyət idi. Ona görə
teatrın bünövrəsini möhkəm qoymağa
çalışırdıq. Teatr yaranandan bir il sonra ilk
dəvətimiz Türkiyədən oldu. 1980-ci illərin
sonunda Türkiyəyə yalnız Zeynəb xanım,
Rəşid Behbudov kimi korifey sənətkarlarımız
gedə bilirdi. Biz Bakıda konsertlər verir və çox
ölkələrdən dəvətlər alırdıq. Milli
paltarda çıxış etməyimiz hamının
xoşuna gəlirdi. Bu, musiqi sənətimizdə yenilik idi.
- Musiqimizdə
həmişə nəsillər olub. Sizin oxumağa
başladığınız dövr də yeni bir nəsil -
Aybəniz Haşımova, Aygün Bayramova, Könül
Xasıyeva, Nuriyyə Hüseynova, rəhmətlik Xeyransa
Məmmədova kimi müğənniləri yetişdirdi.
Mənə elə gəlir ki, siz də daxil olmaqla bu
müğənnilər elə musiqimizdə adı hallanan
axırıncı nəsildir.
- Tamamilə
düz deyirsiniz. Bu gün sənətdə qalan da onlardır.
Bilirsiniz, o nəsil niyə musiqimizdə qaldı?
Çünki festivalda münsiflər heyəti
Şövkət Ələkbərova, Sara Qədimova, maestro
Niyazi, İslam Rzayev, Vasif Adıgözəlov kimi
sənətkarlar idi. Onlardan "5" qiymət alan yox,
"5+" alan keçirdi. Onlar əsl istedadları
seçirdilər. Ona görə də həmin adamlar bu
gün sənətdədir. Həmişə narahatlıqla
"bizdən sonra oxuyanlar sənətə
gəlmədi"- deyə düşünürdüm. Bu
yaxınlarda Arif Qazıyev yeni çəkmək istədiyi
filmlə bağlı bura uşaqlar dəvət
eləmişdi. Mən onların içərisində 4-5
tələbə gördüm və inanın ki, ürəyim
açıldı. Muğam müsabiqələrində də
istedadlar üzə çıxır. Demək, hələ
var...
- Heç o
barədə düşünürsünüzmü: nə
üçün musiqimizdə belə bir xaos yaranıb?
- Mən
müğənniyəm, özüm də həddindən
artıq vətənpərvərəm. İndiyə
qədər 30-a yaxın ölkədə olmuşam. Həmin
ölkələrin 5-6-sında işləmək
üçün dəvət almışam. Amma heç
birində qalmamışam. Vətənpərvər insan
sizcə bu barədə düşünməz? Çox
şeylər fikirləşirəm, heç bəzisini
dilə də gətirə bilmirəm. Bu sənəti elə
bil çox ucuzlaşdırıblar. Ona görə hamı
oxumaq istəyir. Elə bilirlər ki, çox asan
sənətdir. Əsl sənət olduğu kimi oxunsa, hamı
başa düşər ki, bu, çətin sənətdir.
Amma olduğu kimi oxunmur axı. Hamı asan yolla oxumaq
istəyir. Asan mahnılar bəstələnir. Qoy İslam
Rzayevin repertuarından bir mahnı götürüb oxusunlar,
görüm oxuya bilirlərmi?
- Belə
bayağılaşmanı görəndə hərdən
sənətdə olmağınızın
peşmançılığını çəkmirsiniz?
-
İnanın, hərdən fikirləşəndə, efirə
çıxıb onlarla bərabər oxumaq istəmirəm.
Mənə elə gəlir ki, mən də o
cərgəyə qoşuluram. Sonra fikirləşirəm ki,
yox, axı mən Şövkət xanımın, Vahid
Abdullayevin yadigarıyam. Nəyə görə dayanmalayam?
Çalışdığım qədər
aldığım dərsdən mən də kiməsə
ötürmək istəyirəm. Fikirləşirəm ki,
mənim öyrətdiyim də sabah kimisə
öyrədəcək. Amma mən hamını
yığıb öyrədə bilmərəm ki.
Sevinirəm ki, tələbələrim var. Onlara
muğamlarımızı, xalq mahnılarımızı
öyrədirəm.
- Bayaq
vətənpərvər olduğunuzu qeyd elədiniz.
Vətənpərvərliyiniz sizə nə qazandırıb
və nəyi əlinizdən alıb?
-
Açığını deyim, ölkəmizdə
mənə olduğum kimi qiymət verilmir. Ancaq görün bu
sənət mənimçün nə qədər əzizdir
ki, həvəsdən düşmürəm. Mən bu
sənətin fanatıyam. Toylara getmirəm. Bir sözlə,
sırf sənətlə məşğulam. Buna görə
Şövkət xanıma minnətdaram! O, məni
sənətdən uzaq düşməmək üçün
toylara getməyə qoymadı. Ancaq vətənpərvər
olmasaydım, dəvət olunmuş ölkələrdə
qalsaydım, həqiqətən də sənətdə
çox uğurlar qazanardım.
- Muğam
sənəti sizinçün nə deməkdir ki, ondan ayrı
düşə bilmirsiniz?
- İndi-indi
dərk edirəm ki, bu, həqiqətən də Allah
vergisidir. Allah bu sənəti mənim içərimə daxil
edib ki, bundan qopa bilmirəm. Sənətdə olmamaq,
səhnəsiz yaşamaq ağlıma belə gəlmir.
Elə bilirəm ki, həyata bir dəfə də
gəlsəm, yenə müğənni olardım. Qeyri-adi bir
şeydir: üç yaşında uşaq mahnı oxuya
bilər? Üç yaşında "Sən-sən"
mahnısını oxumuşam. Bu, uşaq üçün
Allah vergisidir. Ona görə bundan ayrıla bilmirəm. Bu
elə bir şeydir ki, onu dilə gətirib demək
mümkün deyil, ancaq o hisslərlə yaşayırsan.
- Bilmək
istərdim, bu gün səhnədə olmağınız sizi
nədən xilas edib?
- Çox
şeydən xilas edib. Elə vaxt olub ki, qəmli vaxtımda,
qəlbim dolanda oxuyub ağlamışam. İçimdəki
stresi oxumağımla çıxarmışam.
- Xaricdə
çox konsertlərdə çıxış etmisiniz.
Belə konsertlərdə Azərbaycan dinləyiciləri
ilə dilimizi başa düşməyən xalqlar arasında
hansı fərqi hiss edirsiniz?
- Çox ürəyimcə olan sual
verdiniz. Fərq çoxdur... Sizə düzünü
deyirəm: xaricdə konsert verəndə elə bil
Azərbaycanda, muğam olan ölkədə konsert verirəm. Azərbaycanda konsert verəndə isə elə bil
xaricdə oxuyuram. Xaricdə konsertdə
oxuyanda qürur hissi keçirirəm ki, millətimin,
dövlətimin belə bir sənəti var. Xarici
ölkələrin hamısında böyük alqışlar
eşitmişəm. Sizə təkcə bir misal deyim:
İsveçdə ayrı-ayrı
şəhərlərdə konsert verəndə hər
dəfə eyni qadını zalda qabaq sırada oturan
görürdüm. Axı bu qədər
şəhərləri gəzmək böyük xərc
və vaxt istəyir. Maraq məni boğdu.
Qadının özü ilə söhbət
elədim. Dedi ki, "Siz məni sənətinizlə
zəlil eləmisiniz. Mən həyatımın
ən gözəl günlərini yaşayıram". İnanın, heyrətdən donub qaldım. Mən xarici ölkələrdə oxuyanda zövq
alıram. Onlar musiqini duyurlar. Niyə belədir? Bilmirəm.
- Sənətin
ucuzlaşdığı bir zamanda sizcə nə itirirsiniz?
- Çox
şey itirirəm. Ona görə ki, yaşım ötür.
Xalqım məndən istifadə edə bilmir. Məndə
olan istedadı onlar üzə çıxara bilmirlər.
Mən bir daha doğulmayacağam axı. Bu həvəsi
məndə yaratsınlar, mən də daha yaxşı
çalışım. O vaxt səhnədə gitara
çalınanda aləm bir-birinə dəydi. Kamil Cəlilov
qaboy ifa edəndə də deyirdilər ki, bizim alət deyil.
Bəs niyə indi bizim sənətin içinə
bayağı musiqilər daxil olub? Niyə bütün
günü televiziyada türk mahnıları oxunur? Məgər
öz musiqimiz yoxdur? Mən çox fikirləşdikdən
sonra belə qərara gəlmişəm ki, bizim
sənətimiz çox çətin olduğu
üçün asanından yapışırlar. Mən
Türkiyədə olanda "Segah" oxudum, inanın
İzzətin, İbrahimin gözündən yaş
axırdı. Sonra da onların mahnılarını oxudum.
Demək istədim ki, bunu da bilirik, bunu da. Amma onlar bizim 1-2
mahnımızı ancaq bilirlər. Emel Sayından "bizim
hansı mahnımızı bilirsiniz?" - deyə
soruşanda təkcə "Reyhan" mahnısının
adını çəkdi. Onlar Zeynəb xanımı,
Şövkət xanımı və Rəşid Behbudovu tanıyırlar.
O biri müğənnilərimizin adını bilmirlər.
- Hər
birimizin daxilimizdə yaratdığımız bir dünya var.
Sizin dünyanız yalnız musiqidən ibarətdir?
- Mən
çox qapalı adamam. Özümə aid olan şeyləri
açıqlamağı sevmirəm. Mənim içimdə
öz dünyam var. Bir az dinə bağlı insanam. Namaz
qılıram. Həyatda Allahdan başqa heç nəyə
inanmıram. Mən bunu ilk dəfədir deyirəm. Mənim
dünyamda musiqi də var. Dini musiqilərə qulaq
asmağı sevirəm. O, mənim dünyamın
içindədir. Mən bu dünyanı bir
əyləncə, bir tamaşa səhnəsi sayıram. Burada
hamı rol oynayır, hamı obrazdadır.
Var-dövlətlərindən möhkəm yapışan
insanlar elə bilirlər ki, özləri ilə
götürüb aparacaqlar. Elə deyil. İnsan həyatda
çalışıb düzgün olmalı, dilinə yalan
söz gəlməməlidir.
- Vaxtilə
yaratdığınız "Tənha" ansamblı yenə
də fəaliyyət göstərirmi?
- Hazırda
ansamblın fəaliyyəti dayanıb. Sponsorun
müəyyən problemləri olduğundan hələ ansambla
vaxt ayıra bilmir. İnanıram ki, yaxın zamanlarda
fəaliyyətimizi yenə də bərpa edəcəyik.
Müəyyən planlarımız var. Yeni disk buraxdırmaq,
"Eşqim" mahnısına klip çəkdirmək
istəyirəm. İnşallah, istirahətdən sonra
fəaliyyətə başlayacağıq.
Kaspi.- 2008.- 6 avqust.- S. 11.