"Mən 24 Qarabağ xanəndəsindən
biriyəm"
"Bir
az da gözləyirəm - əgər fəxri ad almasam, bu
sənəti atıb özümə başqa iş
tapacam"
Xanəndə
Sabir Abdullayevin Lent.az-a eksklüziv müsahibəsi
- Sabir müəllim, bir çox
xanəndələr efirə çıxmağa
üstünlük versələr də, siz buna o qədər
də meyl etmirsiniz. Səbəb nədir?
- Mən 24 Qarabağ
xanəndəsindən biriyəm.
Amma efirlərə üstünlük verməmişəm.
1982-ci ildən efirə
çıxıram. Mən
efirlərdə çıxış
edəndə heç
kim bilmirdi efir nədir. İlk dəfə 1986-cı ildə Lökbatan qəsəbəsində
Bakı musiqi məktəbləri arasında
ilk muğam sinfini mən açmışam. Həmin
vaxtdan başım tələbələrimə qarışdı.
Tələbələrimlə dünyanın 25 ölkəsində
olmuşam. Azərbaycanda
bizdən başqa uşaq kollektivləri arasında muğamlarımızı
dünyada təbliğ
edən görməmişəm.
- Sabir müəllim,
indiyədək neçə
tələbəniz olub?
- Sayını-hesabını bilmirəm.
Tələbələrimin sayı
çoxdur. Amma üzdə olanları var. 1988-ci ildən bu yana bütün
Azərbaycanda keçirilən
müsabiqələrdə mənim
tələbələrim birinci
yerdə olub.
"Muğam-2007" müsabiqəsinin qalibi Güllü Muradova, "Eurovision-2008"in
iştirakçısı Samir,
əməkdar artist, vokalist Samir Səfərov, Bahar Lətifqızı, Zülfiyyə
Məmmədova mənim
tələbələrim olub.
- Telekanallardan dəvətlər alırsınız?
- Dəvət edirlər, amma vaxt edib gedə
bilmirəm. Vaxt vardı AzTV-də o qədər
konsertlərim çəkilirdi.
Mənə deyirdilər
ki, AzTV-yə niyə gedirsən? Amma indi həmin adamlar özləri çıxıb bu kanalda çıxış
edirlər.
- Niyə hələ
də fəxri ad almamısınız?
- Nazirliyə təqdimatım gedib. Bir dəfə də təqdimatım verilmişdi, amma baxılmadı. Görək
indi nə olacaq. Deyəsən, Güllü Muradovanın birinci yerə çıxması ilə
əlaqədar mənə
fəxri ad verilməlidir. Mən gözümü açandan
dövlətə, mədəniyyətə
qulluq edirəm. Dünənki, aşağı
səviyyəli adamlar
fəxri ad alanda adama pis
təsir edir axı! Bunların əksəriyyəti mənim
gözümün qabağında
olub. Biri gedib toyda oxuyur,
əməkdar artist adını alır. Mənə baxan yoxdur.
- Belə çıxır
ki, müəllim kimi özünüzü bu sənətə qurban verməyinizə peşmansınız?
- Mən əvvəldən
bilsəydim, müəllim
olmazdım. Çünki
müəllimlik məni
bütün işlərimdən
ayırdı, özümə
gün ağlaya bilmədim. Beş baş ailə ilə bir otaqlı
evdə qalıram. Bir az da
gözləyirəm, əgər
ad almasam, bu sənəti atıb özümə başqa iş tapacam. Efirdə çıxıb elə adamlar danışır ki.
- Kimlər danışır?
- Hamı bilir
onlar kimlərdir. Mənim heç kimlə işim yoxdur. Amma demək
istəyirəm ki, hərə öz işi ilə məşğul olsa, yaxşı olar.
- Muğam ifaçıları
arasında paxıllıq
halları çoxdur?
- Muğam ifaçılığında
o qədər də xanəndə yoxdur ki, bir-birinin
paxıllığını çəkələr. Amma
muğam ifaçıları
arasında qısqanclıq
var. Bir adam dünyanı uzun müddət tutub gedə bilməz axı! Bizdən sonra da gələnlər var, bizdən qabaqkılar da var. Hamı bir-birinə yer verməlidir. Bir uşaq yetişdirirsən,
hamı sənə düşmən olur. Deyirlər, Sabir Abdullayevin tələbəsi
niyə birinci olmalıdır? Sabir Abdullayev işləyir də. Özü də bunu mənə
çox yaxın adamlar, neçə illər çörək
kəsdiyim dostlarım
edirlər. Üzdə
gülüb, arxamca danışırlar. Lazım
olanda hamısını
açıqlayacam. Adamın
adını heç bir dəfə çəkməzlər, yada
salmazlar?!
- Prezident təqaüdü
alırsınız?
- Xeyr, versələr,
heç ad istəmərəm.
- Muğam müsabiqəsində
tələbənizin birinci
yerə çıxması
müqabilində heç
bir mükafat almadınız?
- Heç nə
almadım. Bir idmançı qalib gələndə onun məşqçisinə də
mükafat verilir. Mənə heç nə düşmədi.
- Toylara gedirsiniz?
- Toy var
ki gedəm? Dəvət etsələr,
gedərəm. O qədər
cavan uşaqlar var, onları qoyub məni apararlar? Ara-sıra gedirəm, onda da öpüb
yola salırlar.
- Qardaşınız Cabir Abdullayev sizdən cəld tərpənib, efirlərdə
tez-tez görünür...
- Cabir bizdən
tez tərpəndi, öz reklamı ilə məşğul oldu. Düz edib, müəllimliyə baş qoşmadı. Mənim böyük qardaşım, rəhmətlik
Vahid Abdullayev 26 il Asəf Zeynallı
adına Musiqi Texnikumunda çalışdı.
İki xalq artisti, əməkdar artistlər yetişdirdi. O
da adsız öldü...
Ədalət.- 2008.- 5 avqust.- S. 4.