Samirə

 

Musiqiçilərimiz ciddi almanları da valeh etdilər

 

Son 9 il ərzində Almaniyada hər il baş tutan "Yang.Euro. Classic" festivalı çərçivəsində Azərbaycanın gənclərdən ibarət "Yeni filarmoniya" simfonik orkestrinin konserti baş tutub. Dirijor Fuad İbrahimovun rəhbərliyi altında fəaliyyət göstərən kollektivin "Yang.Euro.Classic" festivalına dəvət edilməsi təsadüfi deyil - bu musiqi bayramının əsas məqsədi müxtəlif ölkələrdən olan gənc musiqiçilərin vasitəsilə həmin ölkələrin mədəniyyəti ilə tanış olmaqdır. Festivalın konsert proqramı dünya mədəniyyətinin parlaq nümunələrindən, həmçinin gənc bəstəkarların bəstələrindən tərtib edilir. Bu bəstələr növbəti festivalın proqramına daxil edilməkdən ötrü müsabiqə seçimindən keçir. Bu il belə bəstələr sırasına çinli bəstəkar Ye Çio Xinin "Əks-səda" əsəri daxil edildi. Musiqiçilərimizin konserti məhz bu əsərlə açıldı. Builki festivalın qalibi isə türkiyəli gənc bəstəkar Əhməd Altımelin əsəri olub. Azərbaycanlı musiqiçilər Elmir Mirzəyevin "İllüminasiya-2008" əsəri ilə müsabiqə proqramında iştirak ediblər. Bundan savayı, Mosartın fortepiano ilə orkestr üçün 20 nömrəli konserti (solist Rüstəm Zeynalov), F.Şubertin "Natamam simfoniya" Q.Qarayevin "Don Kixot" baletindən simfonik qravürləri ifa olunub. Musiqiçilərimizin çıxışları böyük uğurla keçib, dinləyicilər gənc pianoçu R.Zeynalovun ifasını ayaq üstə alqışlayıblar. Gənc dirijor Fuad İbrahimovun ustalığını qiymətləndirən dinləyicilərin "na bis" sədaları altında F.Əmirovun "Azərbaycan kapriççiosu"nu da ifa edən musiqiçilərimiz festivalın Azərbaycan musiqisinə ayrılmış gününü layiqli uğurla başa vurublar. Almaniya KİV-i musiqiçilərimizin çıxışlarını festivalın ən parlaq epizodlarından biri adlandırıb. Fuad İbrahimovu isə böyük ümidlər verən gənc musiqiçilərdən biri kimi qeyd ediblər.

 

Həftə içi.- 2008.- 23-25 avqust.- S. 8.