Sənətə dəxli olmayan
adamlar sənətdə
meydan oxuyurlar
Xalq
mahnılarımızın, təsnif və
muğamlarımızın yaranmasının, ilk
səslənmələrinin tarixi çox qədimdir. Onlar
qədirbilən insanlar tərəfindən qorunur,
təkcə ölkəmizdə deyil, dünyanın ən
ucqar diyarlarında səslənir. Yaxın günlərdə
Yaponiyadan qastrol səfərindən qayıdan xalq artisti,
görkəmli ifaçı, ustadlardan yadigar qalmış
ənənəni şərəflə davam etdirən Alim
Qasımov demişdir: "Bir daha şahidi oldum ki,
Azərbaycan musiqisi səslənəndə əcnəbi
dinləyicilər ona necə valeh olur, alqışlarla
qarşılayır, ayaq üstə dururlar". Bəs son
vaxtlar öz yurdumuzda, el-obamızda milli musiqiyə
qarşı münasibət necədir? Suallarımıza
Azərbaycan Bəstəkarlar İttifaqı İdarə
Heyətinin katibi, əməkdar incəsənət xadimi,
tanınan bəstəkar E.Mansurov cavab verdi:
- Milli musiqimizin
keçmişinə, bu gününə, sabahına
göstərilən diqqət, qayğı barəsində
fikriniz maraqlı olardı.
-Əgər Heydər
Əliyev Fondunun və onun rəhbərliyinin dəstəyi
olmasaydı, milli musiqimiz - muğamlarımız
itib-batmışdı. Təxminən 15 il əvvəl xalq
musiqilərimiz yalnız Azərbaycan radiosunda səslənirdi.
Həmin ifaçılar da çoxdan dünyasını
dəyişmişlər. Televiziya ekranlarına 3-5
nəfərdən başqa əksəriyyət zəif
ifaçılar çıxırdılar. Bir çox
perspektivli muğam ifaçıları isə toylarda,
restoranlarda ara mahnıları oxumaqla özlərinə
çörək pulu qazanırdılar. Hətta bəzi
ifaçılar muğamlarımızı restoranlarda, toylarda
rus dilində oxuyurdular. Bu isə musiqimizi süquta aparırdı.
Hazırda xalq mahnılarına, muğamlarımıza olan
doğma münasibət göz qabağındadır.
Keçirilən müsabiqələrdə gənc,
istedadlı ifaçılar üzə çıxıb.
Demək olar ki, milli musiqimiz bu gün intibah dövrünü
yaşayır.
- Klassik musiqi necə,
unudulmayıb ki?
-Əlbəttə yox!
Heydər Əliyev Fondunun rəhbərliyi tərəfindən
klassik və müasir sənətkarlarımızın kompakt
diskləri, müxtəlif nəşrləri işıq
üzü görüb. Klassik
ifaçılarımızın yubiley mərasimləri
keçirilir. Onların yaradıcılıq irsini,
adlarını tariximizdə qoruyub saxlayır.
- Estrada musiqimizin bugünkü vəziyyəti barədə
də fikrinizi bilmək istərdik.
- Bir zamanlar estrada
musiqimizin flaqmanları var idi. Tofiq Quliyev, Rauf Hacıyev və
başqaları estrada sənətinin önündə
gedirdilər. Bütün müsabiqələrdə, hər
hansı bir mübahisəli məsələdə onlara
müraciət olunurdu. Ötən əsrin 50-ci
illərindən 90-cı illərin əvvəllərinə
qədər Bakıda keçirilən estrada, rok, caz
müsabiqələrində əvəzolunmaz Tofiq Quliyev və
Rauf Hacıyev iştirak edirdilər. Onların
məsləhətinə, dəstəyinə ehtiyac duyulurdu.
Məhz buna görə də həmin dövrdə estrada
və caz musiqimiz uca zirvəyə yüksəlmişdi. Bu
gün isə bu sənətdə flaqman yoxdur. Düzdür,
estrada janrında yazıb-yaradan peşəkar
bəstəkarlarımız az da olsa, hələ var. Amma
onların əlində heç bir səlahiyyət yoxdur,
nə məsləhətlərini eşidən var, nə
də biliklərindən istifadə edən. Ona görə
də estrada musiqimiz günü-gündən uçuruma
doğru gedir. Çünki bu gün Azərbaycanda estrada
musiqisinin "flaqmanı" özəl televiziya və radio
kanallarının bu işdə səriştəsi olmayan
təmsilçiləridir. Həmin kanallarda
çıxış edənlər "dost" və
"düşmən" kateqoriyalarına ayrılır.
Televiziya kanallarının rəhbərlərinin kimdən
xoşu gəlirsə, kimə marağı varsa, onu da
efirə çıxarır, kimi gözü
götürmürsə, onu hər vasitə ilə
uzaqlaşdırır. Belə getsə, daha caz məkanında
Vaqif Mustafazadə və Rafiq Babayevin, estrada janrında isə
Tofiq Quliyev və Rauf Hacıyevin davamçıları
olmayacaq. Düzdür, oxuyub-çalanlar, yazıb-pozanlar
həddindən artıq çoxdur. Amma nə faydaE İfaçılar
bir çox müsabiqələrdə, telekanalların
müxtəlif şou proqramlarında iştirak edirlər.
Bütün bunlar yalnız şəxsi mənafe
xatirinədir. Amma əvvəlcə sənət, sonra isə
pul gəlməlidir.
Hazırda Azərbycanda
belə bir paradoks var - sənətə dəxli olmayan adamlar
sənətdə meydan oxuyurlar. Onların "reytinqi"
əsil sənətkarlardan çox-çox yüksək
sayılır. Mən Bəhrəm Mansurovun ailəsində
dünyaya göz açmışam, sovet dövründə
təhsil almışam, o vaxtdan bu günə kimi
yaradıcılıqla məşğulam. Evimizə
gələn Qurban Pirimov, Xan Şuşinski, Həqiqət
Rzayeva, Yavər Kələntərli, Zülfi
Adıgözəlov, Seyid Şuşinski, Fikrət Əmirov,
Sara Qədimova, Şövkət Ələkbərova,
Hacıbala Hüseynov, Əhsən Dadaşov, Hacı
Məmmədov və çox-çox başqalarından
eşitməmişəm ki desinlər: "Mən
sənətkaram". Amma indi elə bir vəziyyət
yaranır ki, vağzalda "tum" satanlar da özlərini
"sənətkar" adlandırırlar. Ən
eybəcər cəhət odur ki, camaat bütün işini-gücünü
atıb, televiziya qarşısında əyləşib,
maraqlı verilişlər əvəzinə, bir-birini
təhqir edən "sənətkar"lara baxır.
- Bunun
qarşısını necə almaq olar?
- Tez-tez
"keçmiş" sözünü işlədirəm
deyib, elə bilərlər ki, mən keçmişin
qalığıyam. Amma elə deyil. Keçmişdə
televiziya və radio, mətbuat üzərində senzura, bu
işi həyata keçirən qurum var idi. Düzdür, o
vaxtlar bu qurum sovet ideologiyasına xidmət edirdi. Artıq bu
gün nə Sovet İttifaqı var, nə də onun
ideologiyası. Fikrimcə, nəzarət bu gün
millətimizin əxlaqını və tərbiyəsini
qorumağa qadir yeganə vasitədir. Biz müstəqil,
demokratik dövlətik. Demokratik cəmiyyət nə
anarxiyanı, nə də xaosu təbliğ edir. Bu gün
televiziyalar millətimizin mədəni səviyyəsini
aşağı salır.
- Bəs musiqimizin
sabahını necə görürsünüz?
- Əvvəldə
dediyim kimi, Heydər Əliyev Fondunun rəhbərliyi xalq
musiqimizə qayğı göstərdi. Biz onun
bəhrəsini gördük. Düşünürəm ki,
əgər hamımız birgə həmin fonda kömək
etsək, musiqimizin digər sahələri, eləcə də
estrada və klassik janrlar inkişaf edəcək, yadigar qalan
ənənə yaşayacaq.
Azərbaycan.- 2008.- 8 avqust.- S. 7