Cəbrayılov R.
Heydər
Əliyev Fondu nəcib və xeyirxah fəaliyyəti
ilə cəmiyyətdə ümid və pənah
ünvanına çevrilmişdir
Mənəvi
meyar və ölçülərin aşınmaya məruz
qaldığı indiki qloballaşma əsrində
təkcə xalqların malik olduğu milli-mədəni irsin
deyil, bütövlükdə ümumbəşəri ideal və
dəyərlərin mənfi təzahürlərdən
qorunması vacib məsələ kimi önə
çıxmışdır. Hər bir qədim etnosun tarixi təkamül
prosesləri nəticəsində formalaşmış
mədəni, mənəvi dəyərlərinin
bədii-estetik baxışlarının,
düşüncə sisteminin,
adət-ənənələrinin hifz edilərək
gələcək nəsillərə ötürülməsi,
habelə cəmiyyətə
yüksək insani keyfiyyətlərin aşılanması da
müasir dövrün ictimai sifarişinə
çevrilmişdir. Heydər Əliyev Fondunun fəaliyyət
fəlsəfəsini də qlobal aspektdə yalnız bir ideya
və amal təşkil edir: insanlara təmənnasız
qayğı, cəmiyyətə xidmət!
Yarandığı
gündən xalqın mənəvi sərvətinin və
milli mədəniyyətinin sadiq keşikçisinə
çevrilmiş Heydər Əliyev Fondu, ilk
növbədə, ulu öndərin müdrikliyə
əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət
missiyasının əbədiyaşarlığını təmin
edən mühüm ideoloji-humanitar mərkəzdir. Qurumun başlıca
məqsədi ulu öndərin zəngin
dövlətçilik irsinin öyrənilməsinə və
təbliğinə xidmət edən irimiqyaslı
proqramları himayə etmək, xalqın rifahının
yüksəldilməsinə yönəlmiş faydalı
təşəbbüsləri dəstəkləmək, elm,
təhsil, mədəniyyət,
incəsənət, səhiyyə və idmanın
inkişafını təmin edən layihələrə
yardımçı olmaq, milli-mənəvi dəyərlərə
sadiq gənclərin yetişdirilməsinə
çalışmaq, respublikamızın nüfuzunu
artırmaq kimi strateji əhəmiyyətli
vəzifələrdən ibarətdir. Fond
ümummilli liderin milli ideyalarından çıxış
edərək ictimai həyatın müxtəlif
sahələrində fundamental layihələr həyata
keçirir, hər bir vətəndaşın zəruri
istək və arzularının
gerçəkləşməsinə, problemlərinin
həllinə maddi-mənəvi dəstək verir.
Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın çoxşaxəli
vətənpərvər fəaliyyəti məhz
bəşəriyyətin xilasına yönələn
milli-mənəvi idealların cəmiyyətdə daha
möhkəm əsaslarla intişar tapmasına, ictimai
şüura hakim kəsilməsinə yönəlmişdir. Bu xeyirxah missiya köməksizə əl
tutmaq, çarəsizdə ümid yaratmaq, bir sözlə,
insanlara səmimi diqqət və qayğı istəyindən
qaynaqlanır. Bəzən müxtəlif hakimiyyət
strukturlarının laqeydliyi, biganəliyi ilə
üzləşən, dərdinə əlac tapmayan
köməksiz insanlar sonuncu ümid qapısı kimi məhz
bu ünvana üz tuturlar.
Son 4 ildə
millət və dövlət maraqları baxımından
müstəsna əhəmiyyətə malik bir sıra
layihələri uğurla
gerçəkləşdirərək cəmiyyətdə
mərhəmət və xeyirxahlığın ali
ünvanına çevrilmiş Heydər Əliyev Fondunun
qarşıya qoyduğu hər bir xoş məram ilk
növbədə ulu öndərin ali ideallarını
özündə ehtiva edir. Şəxsiyyətə yüksək
hörmət, vətəndaşa həssas münasibət,
insanlara qayğı və təmənnasız xidmət
amalını prioritet seçmiş fond fəaliyyəti
ərzində həm də xalqın milli
varlığını özündə
yaşadan zəngin mənəvi-intellektual və mədəni
mülkiyyətin qorunması istiqamətində əzmkar
fəaliyyət göstərmişdir. Bu
baxımdan Azərbaycan mədəniyyətinin YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın timsalında özünə etibarlı hami
və xilaskar tapması mühüm məqam kimi
qiymətləndirilməlidir. "İndi, kütləvi
mədəniyyət stereotiplərinin hakim olduğu bir
şəraitdə, milli ənənələrin qorunub
saxlanılması, onlara qayğı ilə,
düşünülmüş münasibət
göstərilməsi son dərəcə vacibdir. YUNESKO-nun
çoxsaylı vəzifələrindən biri də
insanın mənəvi dünyasını qorumaqdır. Odur ki, planetimizdə məskunlaşmış
xalqlardan hər birinin milli "Mən"ini daha parlaq əks
etdirən qeyri-maddi irs incilərinin qorunması aktual
vəzifəyə çevrilir" - deyən Mehriban xanım
Əliyeva rəhbərlik etdiyi fondun fəaliyyətində bu
aktual və həssas məqamı dəqiqliklə
nəzərə alır. O, haqlı olaraq
hesab edir ki, Azərbaycan xalqının milli
mədəniyyətinin yabançı təsirlərdən
qorunması üçün, ilk növbədə,
milli-mənəvi və əxlaqi dəyərlərin
cəmiyyətdə tam bərqərar olmasına, habelə
ictimai şüurda daha möhkəm intişar tapmasına
çalışmaq lazımdır.
1995-ci ildə
"Azərbaycan Mədəniyyətinin Dostları" Fondunu
yaratmış Mehriban xanım Əliyeva hələ o
dövrdən məhz bu missiyanı qarşıya qoymuş,
yüksək təşəbbüskarlığı, fitri
idarəçilik keyfiyyətləri ilə milli
mədəniyyətimizin böhrandan qurtulmasına və
inkişafına yüksək töhfəsini vermişdir. Qədim
ənənələrə xas Azərbaycan xalqının maddi
və mənəvi mədəniyyət
nümunələrinin, incəsənətinin, folklorunun,
musiqisinin qorunması, eləcə də dünya miqyasında
təbliğ olunması məqsədilə 1996-cı ildən
"Azərbaycan-İrs" jurnalının nəşrə
başlaması da son
dərəcə təqdirəlayiq məqam kimi
xatırlanmalıdır. Azərbaycan, rus və
ingilis dillərində işıq üzü görən
jurnalda son 10 ildə mədəniyyətimizin, tarixi-milli
irsimizin qorunub saxlanılması və gələcək nəsillərə
ötürülməsi vacibliyi ilə bağlı
çoxsaylı məqalələr işıq üzü
görmüşdür. Azərbaycanın
mədəniyyəti və incəsənəti ilə
bağlı ən aktual problemlərin, böyük məzmun
yükünə malik materialların dərc edildiyi
"Azərbaycan-İrs" jurnalı ölkə
həqiqətlərinin beynəlxalq ictimaiyyətə
çatdırılması və təbliği işinə
də böyük dəstək olmuşdur.
Mədəniyyətə
qayğı tədbirləri sırasında Azərbaycanda
müğamın inkişafına göstərdiyi diqqət
də Heydər Əliyev Fondunun milli-mənəvi irsə
necə böyük həssaslıqla
yanaşdığını göstərir. Hələ 2005-ci ildə
Azərbaycan musiqisinin incilərindən olan muğamın
inkişafı və təbliği ilə bağlı ciddi
addımlar atılmış, fondun prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə görkəmli muğam
ustaları dəvət olunmaqla "dəyirmi masa"
keçirilmiş və Bakı şəhərində
Beynəlxalq Muğam
Mərkəzinin yaradılması qərara
alınmışdır. Muğam ustaları ilə
mütəmadi görüşlərdən,
məsləhətləşmələrdən sonra
Beynəlxalq Muğam Mərkəzinin layihəsi tərtib
edilmiş, Heydər Əliyev Fondunda onun təqdimatı
keçirilmişdir. Mərkəzin inşası
üçün münasib yer seçilmiş, YUNESKO-nun
Baş direktoru cənab Koişiro Matsuuranın iştirakı
ilə binanın təməli qoyulmuşdur.
Azərbaycan
muğam sənətinin inkişafı və qorunması
istiqamətində atılan növbəti addım
"Qarabağ xanəndələri" musiqi albomunun nəfis
şəkildə buraxılması və
"Gülüstan" sarayında onun təqdimat
mərasiminin keçirilməsidir. Tanınmış ifaçıların
iştirakı ilə ardıcıl olaraq muğam
axşamlarının təşkili də
sənətsevərlər, milli musiqi həvəskarları
tərəfindən dərin razılıq hissi ilə
qarşılanır, bu ənənə yüksək
dəyərləndirilir.
Fondun təşəbbüsü ilə Azərbaycanın
görkəmli yazıçı və pedaqoqu Abdulla Şaiqin
ev-muzeyində təmir-bərpa işləri
aparılmış və əsaslı təmirdən sonra
muzey yenidən fəaliyyətini davam etdirmişdir.
Bakının Əzizbəyov rayonundakı Mərdəkan
qəsəbəsində kütləvi kitabxanada bərpa
və digər işlər aparılmış, Pir
Həsən ziyarətgahı yenidən qurulmuşdur. Eyni
zamanda Gəncənin sonuncu xanı Cavad xanın qəbri
üzərində türbə ucaldılmış,
Həzrəti Zeynəb məscidində isə yenidənqurma
işləri aparılmışdır.
2005-ci ildə
Heydər Əliyev Fondunun dəstəyi ilə dahi
bəstəkar Üzeyir Hacıbəyovun 120 illik yubileyi və
Parisdə YUNESKO çərçivəsində
görkəmli kimyaçı-alim, akademik Yusif
Məmmədəliyevin 100 illiyi qeyd olunmuş, dünya
şöhrətli ifaçılar - xalqımızın
böyük dostu Mstislav Rostropoviç və xanımı
Qalina Vişnevskayanın 50 illik birgə fəaliyyətinə
həsr edilmiş albom və disklər
hazırlanmışdır.
İnkarolunmaz həqiqətdir ki,
Mehriban xanım Əliyevanın
YUNESKO-nun xoşməramlı səfiri
seçilməsindən sonra bu mötəbər beynəlxalq təşkilatla
Azərbaycan arasındakı münasibətlər yeni
mərhələyə qədəm qoymuşdur. Böyük imkanlara malik bu nüfuzlu beynəlxalq
təşkilatın diqqətinin ölkəmizin təhsil
problemlərinə cəlb olunması, təşkilatla
əməkdaşlıq şəraitində keçirilən
birgə tədbirlər yaxın gələcəkdə bu
əlaqələrin daha da intensivləşməsinə
geniş imkanlar açır. Təhsillə bağlı
qarşıya qoyulan əsas məqsəd Azərbaycanda bu
sahənin çağdaş dünyanın tələb etdiyi
səviyyəyə yüksəldilməsidir. Təhsilə
yönələn diqqət və qayğının
ölkənin gələcəyi baxımından nə
dərəcədə önəmli olduğunu bir daha qeyd
etməyə, yəqin ki, ehtiyac yoxdur. Elmin,
təhsilin inkişafı, yeni nəslin
təlim-tərbiyəsinin yüksək səviyyədə
qurulması, bu günün uşaqlarının sabahın
layiqli vətəndaşları kimi yetişməsi yolunda
konkret və məqsədyönlü işlər
görmək, ilk növbədə, həqiqi vətənpərvərlik
nümunəsidir. Heydər Əliyev Fondunun prezidenti kimi
Mehriban xanım Əliyevanın son dövrdə
atdığı addımlar, xüsusən də
təhsilə yönəltdiyi böyük diqqət onun
vətənpərvərliyinin və
xeyirxahlığının danılmaz sübutudur.
Heydər
Əliyev Fondunun təşəbbüsü ilə həyata
keçirilən, dövlət qurumlarının və
vətəndaş cəmiyyətinin bəzi
strukturlarının da dəstəklədiyi
"Yeniləşən Azərbaycana yeni məktəb"
layihəsi çərçivəsində 2005-2007-ci
illərdə 184 məktəb binası inşa olunaraq lazımi
avadanlıqlarla təchiz edilmişdir. Proqram çərçivəsində tikilən və
infrastrukturu yerli tələbata və imkana
uyğunlaşdırılan bu məktəblər müasir
avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani
vəsait və kompüter avadanlığı ilə
təchiz olunmuşdur. Heydər Əliyev Fondunun
fəaliyyət proqramına təhsil, səhiyyə
sahələri, uşaq evləri və internat
məktəblərin maddi-texniki təchizatı,
ictimaiyyətin bu prosesdə iştirakının
fəallaşdırılması sahəsində işlər
daxildir. Heydər Əliyev Fondunun hazırladığı
Bakı şəhərinin internat məktəbləri və
uşaq evləri üzrə proqram bu istiqamətdə
həyata keçirilən ən mühüm
tədbirlərdəndir. Proqrama uyğun olaraq, uşaq evləri
və internat məktəbləri haqqında məlumatlar
toplanaraq Heydər Əliyev Fondunda təhlil edilib və
bunların əsasında "Uşaq evlərinin və
internat məktəblərinin inkişafı" beşillik
proqramı hazırlanmışdır.
Cəsarətlə
demək olar ki, Heydər Əliyev Fondu kimsəsiz, valideyn
himayəsindən məhrum, fiziki imkanları məhdud,
habelə Ermənistanın Azərbaycana təcavüzü
nəticəsində qaçqın-köçkün
həyatı yaşayan uşaqlara qayğı
göstərmək baxımından bütün digər
qurumlar üçün layiqli örnəkdir. Fond tərəfindən
səhiyyə sahəsində həyata keçirilən
layihələrin arasında talassemiya ilə bağlı
tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə
belə xəstələrin sayı, onların vəziyyəti
ətraflı təhlil olunur, talassemiyanın müalicəsi
və profilaktikası üçün milli proqramlar hazırlanır.
Heydər
Əliyev Fondunun öz fəaliyyətində ümummilli
liderin humanist ideyalarını rəhbər tutaraq hər bir
vətəndaşın müraciətinə həssaslıqla
yanaşması ölkəmizdə fəaliyyət
göstərən digər qeyri-hökumət
təşkilatları, ümumilikdə bütün strukturlar
üçün də nümunə sayıla bilər. Genişmiqyaslı xeyriyyəçilik
fəaliyyətinə, nəcib və
tərəqqipərvər təşəbbüslərinə
görə 2004-cü ildə
YUNESKO-nun,
2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri
adına layiq görülən, 2007-ci ildə isə
"Qızıl ürək" beynəlxalq mükafatı,
Dünya Səhiyyə Təşkilatının İhsan
Doğramacı Ailə Sağlamlığı Fondunun
mükafatı, "Əsrlərin
xeyriyyəçiləri" Beynəlxalq Fondunun Yaqut Xaç
ordeni ilə təltif olunan Heydər Əliyev Fondunun prezidenti
üzərinə götürdüyü şərəfli
missiyanı layiqincə yerinə yetirir.
Mehriban
xanım Əliyevanın təşəbbüsü
əsasında 2007-ci ilin may ayında Milli Məclisdə
qəbul olunaraq dövlət başçısı
tərəfindən imzalanan və icrası başa çatan
amnistiya aktının cəmiyyətdə böyük
diqqət və hörmətlə qarşılanması da
təsadüfi deyildir. Ulu
öndərin humanist siyasətinə sədaqətin əyani
nümayişi olan bu amnistiya aktı ilk gündən onun
xatirəsinə ehtiramın ifadəsi kimi diqqəti
çəkmişdir. Azərbaycan parlamentarizmi
tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı
tərəfindən irəli sürülmüş və
qəbul edilərək geniş ictimai dəstək almış
bu amnistiya aktı böyük mənəvi-əxlaqi və
siyasi məzmun kəsb etmişdir. Amnistiya aktı
üç ay ərzində həyata keçirilərək
minlərlə insanı azadlığa qovuşdurmuş,
onların qayıtmasını həsrət və intizarla
gözləyən yaxınlarının, ailə
üzvlərinin hədsiz sevincinə səbəb olmuşdur.
Amnistiya aktı ümumilikdə 9 mindən artıq
şəxsi əhatə etmişdir.
Azərbaycanın
birinci xanımı respublikada xeyriyyəçilik
fəaliyyətinin genişlənməsi üçün
ardıcıl və sistemli iş aparır, iş
adamlarını bu yöndə fəallıq
göstərməyə çağırır. Mehriban xanım Əliyeva
haqlı olaraq vurğulayır ki, ölkəmizdə
xeyriyyəçilik üçün fəaliyyət
meydanı qeyri-məhduddur. Ən mühüm istiqamət
yenə də sosial imkanları məhdud olan əhali
qruplarına, yəni aztəminatlı vətəndaşlara,
əlillərə, yetimlərə, qaçqınlara və
məcburi köçkünlərə, təbii fəlakətlərdən və
texnogen qəzalardan zərər çəkmiş insanlara
müxtəlif şəkildə kömək etməkdir. Mehriban xanım Əliyeva eyni zamanda zəngin
mədəni ənənələrimizin qorunub saxlanması,
nadir tarixi və memarlıq abidələrinin mühafizəsi,
təbii mühitin qorunması, istedadlı gənclərə
dəstək, bədən tərbiyəsi və idmanın
inkişafına kömək məsələlərini
də xeyriyyəçilik fəaliyyətinin üstün
istiqamətlərinə aid edir. Onun qənaətincə,
xeyriyyəçi öz fəaliyyət istiqamətini
seçərkən bunu ictimai tələbata uyğunlaşdırmalı
və öz qüvvələrini ən kəskin, ümdə
problemlərin həlli üzərində
cəmləşdirməyi bacarmalıdır.
Heydər
Əliyev Fondunun prezidenti Azərbaycanda xeyriyyəçiliyin
inkişafına mane olan amilləri də vurğulamış,
bu sahədə təşəbbüskarlığın
lazımi səviyyədə olmadığını
təəssüflə qeyd etmişdir: "İndiki
dövrdə ölkəmizdə vətəndaş
cəmiyyətinə xas olan bəzi inkişaf
çətinliklərini də görməmək olmaz. Mən bəzən bu məsələnin ifrat
siyasiləşdirilməsini və
merkantilləşdirilməsini nəzərdə tuturam.
Belə hallar xeyriyyəçilik potensialının
reallaşdırılması imkanlarını xeyli
məhdudlaşdırır. Onu da vurğulamaq
istərdim ki, bizim biznes strukturlarının korporativ sosial
məsuliyyəti lazımi səviyyədə deyil, onlar
çox vaxt öz fəaliyyətlərinin sosial və ekoloji
nəticələrini nəzərə almır, sosial sahədə
həllini gözləyən problemlərə lazımınca
diqqət yetirmirlərEİctimai əxlaqa
xas olan bəzi naqisliklər - şəxsiyyətlərarası
etimadın, insanların bir-birinin kədərinə
şərik olması və təmənnasızlıq kimi
keyfiyyətlərin qıtlığı onların öz
vəsaitlərini, qüvvələrini və vaxtını
başqalarının naminə, bütövlükdə
cəmiyyətin naminə qurban verməyə
könüllü hazır olması ruhunun tam üzə
çıxmasına mane olur".
Həyata
keçirilən xeyirxah işlər Heydər Əliyev
ideyalarına sədaqətin, habelə bu gün vətən,
xalq naminə aparılan məqsədyönlü
siyasətə dəstək vermək istəyinin əməli
təzahürü olmaqla yanaşı, həm də fondun
cəmiyyətdə və ölkəmizdən xaricdə artan
nüfuzunun ifadəsidir. Son illərdə görülmüş
bütün bu işlər, qazanılmış uğurlar, ilk
növbədə, fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
xeyirxahlıq, humanizm, vətənsevərlik hisslərinə,
milli düşüncəyə söykənən
fəaliyyətinin, dünyanın tanınmış bir çox ictimai və
mədəniyyət xadimləri tərəfindən də
yüksək dəyərləndirilən intellektinin,
təşəbbüskarlığının, nüfuzunun,
təşkilatçılıq və idarəetmə
bacarığının bəhrəsidir.
Azərbaycan.- 2008.- 27avqust.-
S. 5.