Mirzəbəyli İ.
Qarabağ
folkloru ümumtürk mədəniyyətinin ən zəngin
nümunələrindəndir
Rusiya
Federasiyasının Tümen vilayətində yaşayan
soydaşımız Sahib Alıcanov 22 iyul Mətbuat Günü
münasibəti ilə bu sətirlərin müəllifinə
göndərdiyi məktubda bir neçə məqamdan söz
açmaqla yanaşı, Qarabağ folkloru haqqında ona
məlumat göndərməyimizi də xahiş edirdi: “Mən
bilirəm, Qarabağ folkloru Azərbaycan və ümumtürk
mədəniyyətinin bir parçasıdır. Ancaq
buradakı dostlarımızla söhbət zamanı mən
Qarabağ folklorunun daha zəngin olduğunu
söyləmişəm. Əminəm ki, mənə bu
arqumentimi sübut etməkdə yardımçı
olacaqsınız”.
Sahib müəllimin işğal altında olan
torpaqlarımız barədə belə canıyananlıqla,
milli təəssübkeşlik və yurd sevgisi ilə
danışmasını alqışlayırıq. Ona
lazım olan ədəbiyyatı göndərəcəyik.
Hələlik isə qəzet vasitəsiylə bu
sətirləri ünvanlayırıq. Bir neçə il
əvvəl Avropa rəsmilərinə yazdığım bu
fikirlər qəzet məqaləsi deyil, sadəcə, milli
təəssübkeşlik hissi ilə qələmə
alınmış məktubdur.
Hörmətli Avropa
rəsmiləri – siyasətçilər, diplomatlar, deputatlar,
ekspertlər və həqiqəti söyləməyi sevən
adi avropalılar! Biz bu məktubla sizə 50 milyonluq bir xalqın
son iki əsrdə yaşadığı acı bir tarix
haqqında böyük həqiqəti – ilk baxışda
kiçik görünən, ancaq milli
dəyərləndirmə baxımından
möhtəşəm olan bir həqiqəti çatdırmaq
istəyirik. Söhbət ondan gedir ki, Ermənistan
Respublikasının öz himayədarlarının
köməyi ilə Azərbaycan ərazilərinin 20 faizini
işğal etməsi, eləcə də monoetnik dövlət
yaratmaq məqsədi ilə azərbaycanlıların indi
Ermənistan adlanan ölkənin ərazilərindən
çıxarılması nəticəsində digər maddi
və mənəvi dəyərlərimiz kimi folklorumuz da
qəsb edilmiş, işğal altına alınmış,
məhv olmaq təhlükəsi ilə üzləşmişdir.
İşğal
edilmiş Dağlıq Qarabağ və ona bitişik
ərazilərdə qalan folklorumuz haqqında həyəcan
təbili çalmaq hər bir azərbaycanlının
mənəvi borcudur. Həmin ərazilərdəki folklorumuza
şəbihlər (dini mövzuda təşkil edilən xalq
teatrıdır ki, həmin teatrlardan birinə tamaşa
edən Aleksandr Düma heyrətə gəldiyini
gizlədə bilməmişdi – “Savadsız xalq artisti əsl
müharibə səhnəsini necə də təsirli
yaratdı?”), kilimarası oyunları (Ağdam,
Kəlbəcər və Laçında el
şənliklərində artistlər kilimin arasında
gizlənərək maral və ya dəvə fiquru yaradır,
yeni ildən ruzi-bərəkət arzulayırdılar),
çovkan və cıdır yarışları
(təsadüfi deyil ki, şimallı-cənublu bütün
Qafqazda Cıdır meydanı təkcə Azərbaycanın
Şuşa şəhərində mövcuddur və
Qarabağ atları bütün dünyada məşhurdur),
muğam (böyük rus şairi Mixail Lermontov Azərbaycanda
qarabağlılardan ibarət üçlüyün
ifasında müğama tamaşa edərkən
ağlamış, “sözünü başa düşə
bilməsəm də, o, öz səsi və hissləri ilə
necə böyük dərddən, qəmdən
danışdı” – deyə ifaçıya yazığı
gəldiyini söyləmişdi) və nəhayət,
aşıq musiqisi (bütün Şərqin ən
böyük və yeganə müəllifli bayatı
yaradıcısı olan Sarı Aşığın
məzarı işğal olunmuş Laçının
Güləbird kəndində, təkcə haqq
aşığı və böyük söz
sənətkarı kimi deyil, eləcə də müdrik bir mütəfəkkir
kimi tarixə düşmüş Aşıq
Şəmşirin məzarı isə düşmən
tapdağında olan Kəlbəcərin Ağdaban
kəndindədir) – daxildir.
Bütün bunlar işğalda qalan torpaqlardakı folklorumuzun
hamısı deyil. Lətifələr, müdrik pritçalar,
nağıllar, dastanlar, xalq ənənələri (Qarabağ
toyları bütün Şərqdə adla tanınır),
şikəstə yaradıcılığı, təsnif
qoşmaq, bir nəfərin beş-altı musiqi alətində
ifa etməsi, deyişmələr, qıfılbənd söyləmələri,
tostlar söylənilməsi (böyük Ukrayna şairi
İvan Draç yazırdı ki, sən demə,
məclisdə tost söyləməyin özü də bir
mədəniyyət nümunəsi imiş. Bir
şuşalı məclisdə 14 sağlıq dedi və
sağlıqların hərəsi bir əsərin mövzusu
idi) və başqa qeyri-maddi mədəniyyət nümunələrimiz
artıq 15 ildir ki, düşmən işğalındadır.
Qarabağa iddia edən
ermənilərin heç olmazsa bir nəfəri “Qarabağ
şikəstəsi”ni nə zamansa ifa edibmi və ya ifa edə
bilərmi? Əsla yox. Çünki Qarabağın
torpağı, daşı, havası, suyu kimi
şikəstəsi də bizimdir. Çünki ermənilər
bu torpağa gələndə özləri ilə
şikəstə, muğam yaradıcılığı deyil,
fitnə-fəsad “yaradıcılığı”
gətirmişdilər. Ancaq azərbaycanlıların 7 ritmik
(zərb) muğamlarından biri olan “Qarabağ
şikəstəsi”ni nəinki qarabağlılar, hətta
təbrizlilər, gəncəlilər, şəkililər,
bakılılar da çox böyük ustalıqla ifa
edirlər. Təsadüfi deyil ki, Qarabağ folklorunun
mühüm tərkib hissələridən olan “Qarabağ
şikəstəsi”ndən (ağır tempdə, “Segah”
üstündə, dörddə-iki
ölçüsündə ifa edilir) Üzeyir bəy
Hacıbəyov “Əsli və Kərəm”, Müslüm
Maqomayev “Şah İsmayıl”, Zülfüqar Hacıbəyov
“Aşıq Qərib”, Qliyer isə “Şahsənəm”
operalarında istifadə etmişlər. Deyilənə
görə, “Kəsmə şikəstə”, “Simayi
şəms” və “Arazbarı” ritmik muğamları da
Azərbaycanın digər ərazilərində deyil,
bilavasitə Qarabağda yaranmışdır. Qarabağda
və eləcə də bütün Azərbaycanda mövcud
olan 7 əsas muğam dəstgahının – muğam
biliciləri həmin dəstgahları bu şəkildə
sıralayırlar – “Rast”, “Şur”, “Segah”, “Çahargah”,
“Bayatı-Şiraz”, “Şüştər” və “Humayun” –
heç olmasa birini nə zamansa bir erməni oxuyubmu? Əsla
yox. Necə də ifa etsin? Kim özgənin musiqisini həmin
musiqi sahibinin özü kimi ifa edə bilər? Ancaq diqqət
yetirin, Hacı Hüsü, Cabbar Qaryağdıoğlu,
Məşədi İsi, İslam Abdullayev, Keçəçioğlu
Məhəmməd, Məşədi Məmməd
Fərzəliyev, Bülbül, Seyid Şuşinski,
Bülbülcan, Zülfü Adıgözəlov, Xan Şuşinski,
Sara Qədimova, Arif Babayev, Qədir Rüstəmov,
Səxavət Məmmədov, Mənsum İbrahimov və
digər onlarla ustad muğam ifaçılarının
hamısı Qarabağ torpağının
yetişdirmələridir. Hatta Qarabağda “Segah İslam”,
“Zabul Qasım”, “Haşım Segahı” kimi şərti adlar
formalaşmışdır. Təsadüfi deyil ki, müasir
Azərbaycan tarının atası kimi qəbul edilən
böyük sənətkar Sadıq Əsəd oğlu –
Sadıqcan da Qarabağda doğulub böyümüş,
özünə və tarına dünya şöhrəti
qazandırmışdır.
Qarabağ Azərbaycan
ərazisində Kiçik Qafqaz dağlarından başlayaraq
Kür və Araz çayları arasındakı ərazini
əhatə edir. Bütün Şərqdə məşhur
olan “Arazbarı” ritmik muğamı da məhz burada –
Qarabağın Araz sahilində yerləşən Arazbar
kəndində yaranmışdır. Adı tarixi
mənbələrdə hələ 12-ci əsrdən
başlayaraq çəkilən Qarabağ bu gün dünya
tarixində ən hörmətli bir ünvan kimi
yaşayır. Çünki Avrasiyadakı ən qədim insan
məskənlərindən biri məhz burada – Füzuli
rayonundakı “Azıx” mağarasında aşkar edilmişdir.
Bu qədimlik Qarabağ folklorunda da özünü
açıq şəkildə göstərir. Bu diyarın
görkəmli şair və yazıçıları –
Qasım bəy Zakir, Nəcəf bəy Vəzirov,
Əbdürrəhim bəy Haqverdiyev, Firudin bəy
Köçərli, Üzeyir və Ceyhun Hacıbəyovlar,
Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov
və digər mütəfəkkirlər öz
yaradıcılıqlarında Qarabağ folklorundan kifayət
qədər bəhrələnmişlər. Dahi Azərbaycan
bəstəkarı Üzeyir bəy Hacıbəyov Qarabağ
folklorunu yüksək qiymətləndirərək söyləmişdir
ki, bu folklor o qədər zəngindir ki, biz ondan yazılı
sənət nümunələrində istifadə etdikcə o,
daha da çoxalır, artır, tükənməz olur.
Məqamdan istifadə
edərək qeyd etmək istəyirik ki, erməni
işğalı nəticəsində bizim təkcə
folklorumuz deyil, elə saysız qədər
maddi-mədəniyyət nümunələrimiz də
düşmən tapdağı altında qalmışdır.
Təkcə İrəvanda və Zəngibasarda
azərbaycanlılara məxsus 830 məscid, həmçinin
qəbiristanlıqlar məhv edilmişdir.
Ümumiyyətlə, Ermənistan dövləti
tərəfindən işğal edilmiş
ərazilərimizdə yüzlərlə tarixi-mədəni
abidə, 100 mindən artıq tarixi əhəmiyyətli
eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan
kitabxanalar, 808 klub müəssisəsi, 8 mədəniyyət
və istirahət parkı, 85 musiqi məktəbi, 100 mindən
çox mebel və avadanlıq, 5640 musiqi aləti, 481
kinoqurğu və sair varidat qalmışdır. Qeyd edək
ki, bu rəqəmlər təkcə mədəniyyət
sahəsini əhatə edir. Səhiyyə, təhsil, idman
müəssisələri, fabrik-zavodlar, iqtisadi
əhəmiyyətli varidatlar isə xüsusi hesablama
tələb edir.
Çox
təəssüf və təəccüblə qeyd edirik ki,
dünya birliyi bu haqsızlığı və
həyasızlığı hələ də aradan qaldıra
bilmir. Bütün beynəlxalq təşkilatların
rəsmiləri “Azərbaycanın ərazi
bütövlüyü bərpa edilməlidir” –
bəyanatını verməklə kifayətlənirlər.
Ortada isə konkret heç bir nəticə yoxdur.
Birləşmiş Millətlər Təşkilatı
Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884
nömrəli qətnamələrinə Ermənistan rəhbərliyi
tərəfindən məhəl qoyulmaması dünya
ictimaiyyətini qətiyyən narahat etmir. ATƏT-in, İslam
Konfransı Təşkilatının, Avropa
Şurasının və digər beynəlxalq
təşkilatların Ermənistandan Azərbaycan
Respublikasının ərazi bütövlüyünə
və suverenliyinə hörmət edilməsini tələb
edən çoxsaylı qərar və qətnamələr
qəbul etməsi də tarixi faktdır. Çox
təəssüf ki, həmin sənədlərin heç biri
icra edilmir. Amma dünya belə qalmayacaq. Azərbaycan Prezidenti
İlham Əliyevin yeritdiyi siyasət haqq-ədaləti
bərpa edəcəkdir.
Sonda qeyd edək ki, xain
düşmənin işğal etdiyi Azərbaycan
torpağındakı folklorumuz düşmən istilasında
olsa da qətiyyən azalmır, tükənmir. Çünki
folklor xalq yaradıcılığıdır və murdar
siyasətçilərin monoetnik dövlət yaratmaq
üçün Ermənistandan qovduğu soydaşlarımız
kimi Qarabağdan məcburi şəkildə
köçkün düşmüş
vətəndaşlarımız da özlərində
zəngin folklor xəzinəmizi yaşadırlar. Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın Qarabağ folklorunun
qorunması, inkişaf etdirilməsi və gələcək
nəsillərə çatdırılması
üçün atdığı addımlar təkcə
qarabağlılar tərəfindən deyil, eləcə də
bütün soydaşlarımız tərəfindən
böyük rəğbətlə qarşılanır.
Mehriban xanımın təşəbbüsü ilə
hazırlanıb ərsəyə gətirilmiş “Qarabağ
xanəndələri” albom-kitabı milli-mənəvi
sərvətlərimizin qorunub saxlanılmasına çox
böyük töhfədir.
Xalqımızın
qeyri-maddi mədəni irsinin mühüm tərkib hissəsi
olan Qarabağ folkloruna bədnam qonşuların haram əli,
çirkin niyyəti müdaxilə etsə də, bu təmiz
sərvət heç zaman öz böyüklüyünü
və ülviliyini itirməyəcəkdir. Çünki
Qarabağ folkloru Azərbaycan xalqının damarında,
qanında, qan yaddaşında yaşayır. Çünki Qarabağ folkloru ümumazərbaycan,
ümumtürk mədəniyyətinin
ən zəngin nümunələrindəndir.
Xalq qəzeti.- 2008.- 10 avqust.- S. 6.