Bakı Uşaq Teatrının yeni layihəsi

 

30 Azərbaycan nağılı diskə köçürülür

 

Bakı Uşaq Teatrı yeni layihəsinin hazırlıqlarına başlayıb. Teatrın Azərbaycanda ilk dəfə həyata keçirdiyi nağıl tamaşalar silsiləsindən birinci nağıl üzərində tamamlanmaq üzrədir. Bu günlərdə "Məlikməmmədin nağılı" adlı tamaşaya təqdimat keçiriləcək. Bu barədə məlumat verən teatrın rəhbəri İntiqam Soltan layihəni uşaqları nağıllar aləminə yaxın etmək üçün həyata keçirdiklərini deyib: "Bu niyyətdəyik ki, uşaqlarımız milli nağıllarını yaxından bilsinlər, həm milli adət-ənənələrdən uzaq düşməsinlər. Bu nağıllar təbliğat yönümündə onlara yardımçı olacaq".

İ.Soltanın sözlərinə görə, tamaşaların disk şəklində buraxılması da nəzərdə tutulub. O bildirdi ki, hazırda "Göyçək Fatma"nın audio diski hazırlanır. "Ümumilikdə 30 Azərbaycan nağılının diskə salınması planlaşdırılıb. Audio-nağıl tamaşaların musiqi tərtibatçısı bəstəkar Vüqar Camalzadə ilə Mahir İbrahim, reyissoru İntiqam Soltan, mətn müəllifi isə Arzu Soltandır".

 

Kaspi.- 2008.- 23-25 avqust.- S. 16.