Məhərrəmova T.

 

Aktyor heç vaxt rola görə vuruşmamalıdır

 

Vüqar Məmmədəliyev: "Şan-şöhrətə çatmağın yolları ancaq işləməkdən keçir"

 

Bakı Kamera Teatrının kollektivi məzuniyyət dövrünü yaşayır. Aktyorlar yeni mövsümü səbirsizliklə gözləsələr də, teatrın bina probleminin hələ də çözülməməsi onları həvəsdən salır. Bununla belə, aktyorlar sənətə olan məhəbbətləri naminə bu çətinliyə yenə də dözəcəklərini deyirlər. Hər çətinliyin sonunda bir rahatlığın olduğuna əminliklərini gizlətmirlər. Gənc aktyor Vüqar Məmmədəliyev də kollektivin ümidlə yaşayan üzvlərindəndir.

 

- Səhnə fəaliyyətinizə Gənclər Teatrında başlamısınız. Necə oldu ki, həmin səhnəni Kamera Teatrına dəyişdiniz?

- Mən bu sənətə təsadüfən gəlməmişəm. Aktyorluğu uşaqlıqdan sevmişəm. 1993-cü ildə universitetə qəbul olaraq Gürşad Baxşıyevanın kursunda təhsil aldım. Hələ tələbə ikən Dövlət Gənclər Teatrında fəaliyyətə başladım. Hüseynağa Atakişiyev teatrda işləyən hər kəs üçün şərait yaradırdı. O, təzə gələn aktyoru yoxlamaq üçün əvvəl ona baş rolu həvalə edirdi. Əgər aktyor zəif idisə, o, arxa planda qalırdı, xoşuna gələn aktyor isə həmişə göz qabağında olurdu. İlk rolum "Məndən nigaran qalmayın" əsərində Oğul rolu oldu. Deyəsən, xoşuna gəlmişdi. Çünki ondan sonra mənə dalbadal rollar verirdi.

Gənclər Teatrında iki il çalışdım. Sonra maddi baxımdan çətinliklər olduğu üçün valideynlərimlə Rusiyaya köçdük. Bir ildən çox müddətə sənətdən uzaqlaşdım. Yenidən Azərbaycana qayıdandan sonra İlham Namiq Kamalın Miniatür Teatrında çalışmağa başladım. Maddi baxımdan çətinlik çox idi. Özəl teatr özü-özünü dolandırmalıdır. Dövlət teatrına isə dövlət qayğısı var. Sonra qrup yoldaşım İlkin Mehdiyevin dəvətilə Kamera Teatrına gəldim. Həmin vaxt Kamera Teatrında hazırlanan "Şeyx Sənan" tamaşasına aktyor lazım idi. Cənnət xanım məni teatra sınaq müddəti olmadan qəbul elədi və "Şeyx Sənan" faciəsində Şeyx Mərvan rolunu mənə həvalə etdi. O vaxtdan bəri bu teatrda mənə bir neçə rol tapşırılıb. Kamera Teatrında ən çox xoşuma gələn cəhət işgüzarlıqdır. Elə teatrlar var ki, adı var, amma orada iş yoxdur. Kamera Teatrında isə mütəmadi iş gedir. Aktyor bu kollektivdə inkişafa doğru getdiyini hiss edir.

- Siz Rusiyaya maliyyə çətinliyi üzündən getmişdiniz. Qayıdıb gələndən sonra da teatrlarda maliyyə cəhətdən yaxşılığa doğru heç nə dəyişməmişdi. Maraqlıdır, niyə yenidən özünüzü bu "bataqlığa" saldınız?

- Bu "bataqlıq" mənə çox əzizdir. Rusiyada olduğum bir ili sənətsiz yaşadım. Ancaq belə yaşamağın çox çətin olduğunu başa düşdüm. Qürbət eldə olarkən müxtəlif kasetlərə qulaq asır, filmlərə baxırdım. "Belə bir şey məndə də olub" - deyə ürəyimdən bir ağrı, sızıltı keçirdi. Bu sənətə görə gözlərim də dolub, ağlamışam da. Atam məni bu işdən çəkindirməyə çalışırdı. Amma məndə bir xasiyyət var - əgər hansısa məqsədimə nail olmaq istəyirəmsə, gec və ya tez, fərqi yoxdur, ona mütləq çatıram. İstəmədiyim şeyə isə heç vaxt can atmıram.

- Bilmək olarmı, nail olmaq istədiyiniz arzular sırasında teatrla bağlı nələr var?

- Nəyi nəzərdə tutduğunuzu başa düşdüm. Sözün açığı, burada mənə həvalə olunan rollardan narazı deyiləm. Epizodik, orta və yaxşı səviyyədə olan rollarım çoxdur. Mənim aləmimdə aktyor heç vaxt rola görə vuruşmamalıdır. Aktyor heç vaxt qarşısına məqsəd qoymamalıdır ki, mən mütləq baş rolu oynamalıyam. Aktyorun böyüklüyü ondadır ki, o, epizodik rol oynasın və həmin rolda da peşəkarlığı görünsün. Baş rolda oynamaq böyük məsuliyyətdir. Çünki bütün komandanı arxanca aparmalısan. Mən bu məsuliyyətdən də qaçmıram. Sadəcə olaraq, başa düşürəm ki, aktyor ona həvalə olunan hər bir rolun öhdəsindən gəlməlidir. Bununla belə, oynamaq istədiyim rollar var. Mənə elə gəlir ki, həmin əsərlər nə vaxtsa bu teatrda qoyulacaq və həmin tamaşalarda oynamaq mənə də qismət olacaq.

- Sirr deyilsə, nəyi oynamaq istərdiniz?

- Fridrix Şillerin "Qaçaqlar" əsərində Frans Moor rolunu oynamaq istərdim. Onun monoloqu heç zaman beynimdən çıxmır. İnstituta qəbul olanda da həmin monoloqu hazırlamışdım. İmtahan vaxtı rəhmətlik Həsən Turabov məndən hansı monoloqu hazırladığımı soruşanda "Qaçaqlar" əsərindən Frans Moorun monoloqunu hazırladığımı dedim. Vaxtilə həmin rolu Həsən Turabov özü oynayıb. Həsən Turabov nədənsə monoloqu söyləməyimə razılıq vermədi. Bu, çox xarakterik obrazdır. Mən ümumiyyətlə, xarakterik rolları xoşlayıram. Məhəbbət qəhrəmanı rollarından həmişə qaçıram. Bu teatrda mənə "Məkr və məhəbbət" əsərində Ferdinad rolu həvalə olunmuşdu. Məşq elədik, tamaşanın reyissoru İrina Perlova razı qaldı. Ancaq İrina Perlovaya yaxınlaşıb rolu oynamaq istəmədiyimi bildirdim. Özümdən asılı deyil, belə obraza uyğunlaşa bilmirəm. Düzdür, lazım olsa uyğunlaşaram, ancaq ürəyimcə olmayanda istədiyim kimi alınmır.

- Dediniz ki, xarakterik rolları oynamağı xoşlayırsınız. Təbiətinizlə oynadığınız rollar arasında hansısa uyğunluq varmı?

- Məni tanıyanlar bilir ki, xaraktercə qəliz adam deyiləm. Mənə elə gəlir ki, hər bir insanın iki cildi var: biri mülayim, ürəyi yanan, digəri isə hər şeyə qarşı laqeydlik qiyafəsi. Mən heç vaxt ikinci xüsusiyyətə can atmıram. Kimsə məni buna məcbur edəndə bircə kəlmə söz deyirəm. Sənətə qarşı məhəbbətimdə də laqeydlik yoxdur. Çünki bu mənim həyatımdır. Müəllimim Gürşad xanım Baxşıyevanın: "Əgər teatrda işləmək istəyirsənsə, gərək poladdan başın, mal ürəyi kimi qəlbin ola" sözlərini heç vaxt yaddan çıxarmıram. Çünki teatrda aktyorlar, reyissorlar arasında müxtəlif hadisələr olur. Gərək bütün gördüklərinə qarşı laqeyd olmağı bacarasan. Aktyorun əsas işi məşq və səhnəyə çıxıb rolu oynamaqdır.

- Teatra gəldiyiniz illərdəki arzularınızla bugünkü reallıq arasında çoxmu fərqlər var?

- Düzdür, arzular çoxdur, ancaq onları sadəcə arzulamaq yox, can atmaq lazımdır. Hələ mənim həyat və sənət taleyimdə çatmadığım bir arzu olmayıb. Ailəm, övladlarım var. Ailən olandan sonra sənətə qarşı fikrin də dəyişir. Daha çox məsuliyyət hiss edirsən. Düzdür, indi bu sənətdə müəyyən çətinliklər mövcuddur, ancaq mən ümidlə yaşayıram. Mənə elə gəlir ki, hər şey düzələcək. Dost-tanış hamısı bu sənəti nə üçün seçdiyimi yaxşı bilir. Bəzən: "Bu sənətdə pul yoxdur, necə işləyirsən?" - deyə maraqlanırlar. Cavab verirəm ki, pul hər bir sənətdə var, ancaq heç zaman pulun arxasınca qaçmaq lazım deyil. Elə etmək lazımdır ki, pul sənin dalınca qaçsın. Başını aşağı salıb öz işinlə düzgün qaydada məşğul olsan, pul özü gəlib səni tapacaq. Bir az da səbr eləmək lazımdır. Mən şan-şöhrət həvəskarı deyiləm. Sadəcə olaraq, hər insanın içində şan-şöhrətli olmaq hissi var.

- Özlüyünüzdə necə başa düşürsünüz, şöhrətə çatmağın yolları asandırmı?

- Azərbaycan teatrına xidmət edən çox gözəl aktyorlar var. Sadəcə, həyat onları bir az sıxma-boğmaya salır və səhnədən uzaqlaşmağa başlayırlar. Mən hardasa o gəncləri qınamıram. Bir az dözümlü olmaq lazımdır. Məncə, şan-şöhrətə çatmağın yolları ancaq işləməkdən keçir. İşlədinsə, qiymətləndirəcəklər. Bir də tamaşaçılar səni sevəcək. Tamaşaçı qiymətləndirəndən sonra səni dövlət də qiymətləndirəcək. Dövlət tərəfindən müəyyən qayğılar da bundan sonra yaranacaq.

- Kamera Teatrı demək olar ki, ən çox festivallara qatılan və uğur qazanan kollektivdir. Sizin də həmin uğurlarda imzanız varmı?

- Moskvada keçirilən "Melixov baharı" festivalında iştirak etmişəm. Həmin festivalda oynadığımız Çexovun "Albalı bağı" tamaşasındakı rol tamaşaçılar tərəfindən bəyənilsə də, mənim üçün hələ tam açılmayıb. Çünki Çexov dramaturgiyası çox dərindir. Daha sonra Ukraynada keçirilən teatr festivalında Xalq artisti İrina Perlovanın quruluşunda Sofoklun "Şah Edip" əsəri ilə çıxış etmişik. Tamaşanı Azərbaycan dilində oynamağımıza baxmayaraq, tamaşaçılar çox maraqla izləyirdilər. Onlar sona qədər tamaşaya baxdılar. Dili başa düşməsələr də, onlara maraqlı idi və hər pərdənin sonunda alqışlayırdılar. Festival bizimçün yaddaqalan oldu. Şah Edip rolunun ifaçısı İlqar Cahangirov "Ən yaxşı kişi roluna görə" nominasiyasına layiq görüldü. İnşallah, bu mövsümdə də festivalda iştirak edəcəyik.

- Builki teatr mövsümünü özünüz üçün uğurlu hesab edirsiniz?

- Hər bir yeni tamaşa, teatrın hər yeni mövsümü aktyor üçün bayramdır. Əlbəttə, bu mövsüm də uğurlu oldu. Bir sıra tamaşalarda mənə sonradan rollar həvalə olundu. Ancaq mövsümün sona çatmasını, teatrın bağlanmasını çox təəssüf hissi ilə qarşılayıram. Teatrın bina problemi həll olunandan sonra isə yəqin ki, tamaşalarımız daha uğurlu keçəcək.

 

Kaspi.- 2008.- 13 avqust.- S. 11.